Elm haqqında
Azərbaycan Respublikasının
Qanunu
Bu Qanun Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci və 10-cu bəndlərinə uyğun olaraq, Azərbaycan
Respublikasında elmi fəaliyyətin təşkili, idarə
edilməsi və inkişafı sahəsində dövlət
siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin
məqsədlərini, elmi fəaliyyət subyektlərinin
hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi
mexanizmlərini, elmi nailiyyətlərin
stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi
əsaslarını müəyyən edir.
Bu Qanun
ölkənin siyasi, iqtisadi, sosial və mədəni
inkişafının təmin edilməsi, hər bir Azərbaycan
Respublikası vətəndaşının rifahının və
elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə
yiyələnməsi və dünyanı dərk etmək kimi
təbii və mənəvi ehtiyaclarının ödənilməsində
elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu
Qanunda istifadə olunan anlayışlar aşağıdakı
mənaları ifadə edir:
1.0.1. alim - elmi dərəcəsi və elmi əsərləri
olan tədqiqatçı;
1.0.2.
assistent - elmi köməkçi və ya elmi vəzifə;
1.0.3. eksperimental tədqiqatlar - elmi araşdırmalar
nəticəsində və ya əməli təcrübə əsasında
əldə olunmuş biliklərə əsaslanan, insan həyatı
və sağlamlığının qorunması, yeni istehsal
prosesi, material, məhsul, qurğu, xidmət və idarəetmə
sistemlərinin yaradılması və onların təkmilləşdirilməsi
məqsədilə aparılan tədqiqat;
1.0.4. elm - hadisələrin və gerçəkliyin
mahiyyəti haqqında obyektiv biliklərin və
informasiyaların əldə edilməsi, toplanması, sistemləşdirilməsi,
işlənməsi, yayılması və tətbiqindən
ibarət olan insan fəaliyyəti sahəsi;
1.0.5. elmi ekspertiza - elmi işin, elmi-texniki fəaliyyətin
elmi, texniki və ictimai-siyasi tələblərə
uyğunluğunun müəyyən edilməsi, rəyləndirilməsi
və qiymətləndirilməsi;
1.0.6. elmi ekspertizanın subyektləri -
ekspertizanın sifarişçiləri, icraçıları
(dövlət idarəetmə orqanları, ictimai və beynəlxalq
təşkilatlar), hüquqi və fiziki şəxslər
(ekspertlər) və digər iştirakçılar;
1.0.7. elmi ekspertizanın obyektləri - elmi və
elmi-texniki fəaliyyətinin yoxlanılması nəticəsinə
uyğun informasiyalar, bu informasiyaları özündə əks
etdirən sənədlər, fiziki predmetlər və digər
maddi məlumat daşıyıcıları;
1.0.8. elmi etika - elmi, elmi-texniki və elmi-pedaqoji fəaliyyət
sahəsində çalışan elmi işçilərin,
müstəqil elmi araşdırmalarla məşğul olan digər
şəxslərin elmi ictimaiyyət tərəfindən qəbul
edilmiş davranış normalarının, prinsiplərinin və
əxlaq qaydalarının məcmusu;
1.0.9. elmi fəaliyyət - elmi biliklərin əldə
edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş
elmi tədqiqat və yaradıcılıq prosesi;
1.0.10. elmi fəaliyyətin istiqamətləri -
fundamental, tətbiqi və eksperimental tədqiqatların
aparılması, elmi tədqiqatların nəticələrinin
ekspertizası, tətbiqi, aprobasiyası və yüksəkixtisaslı
elmi kadrların hazırlanması;
1.0.11. elmi fəaliyyət subyektləri - elmi fəaliyyətlə
məşğul olan hüquqi və fiziki şəxslər,
onların ictimai birlikləri, həmçinin elmi fəaliyyətin
iştirakçıları;
1.0.12. elmin və elmi fəaliyyətin növləri -
fundamental, tətbiqi və eksperimental (məzmununa görə);
təbiət, texniki, humanitar və ictimai (predmetinə görə);
akademik, empirik, innovativ, nəzəri və tətbiqi (istiqamətinə
görə);
1.0.13. elmi innovasiya- elmi fəaliyyətin məzmun və
vasitələrinin (tədqiqat metodları, üsulları və
digər), elmi nəticə və məhsulların, həmçinin
onların tətbiqi texnologiyalarının və istifadə
üsullarının yenilik xarakterinə malik olması;
1.0.14. elmi innovasiya fəaliyyəti - elmi tədqiqatlar
əsasında formalaşan, idarəetmə sisteminin təkmilləşdirilməsini
və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin
edən mütərəqqi xarakterli yeniliklərin və əqli
mülkiyyət obyektlərinin (elmi nəticələr,
ixtiralar, kəşflər, sistemlər, orijinal texnologiyalar,
brendlər, ticarət və əmtəə nişanları və
digər) yaradılmasına və onların tətbiq edilməsinə
yönəlmiş fəaliyyət;
1.0.15. elm və innovasiya fondları - elmi tədqiqatların
qrant şəklində məqsədli maliyyələşdirilməsini
həyata keçirən qeyri-kommersiya statuslu hüquqi şəxs;
1.0.16. elmi innovasiya subyektləri - əsas
funksiyaları və təyinatı mütərəqqi
xarakterli yeniliklər yaratmaq və reallaşdırmaqdan ibarət
olan hüquqi və fiziki şəxslər;
1.0.17. elmi iş - elmi nəticə əldə etmək
məqsədilə aparılan sistemli tədqiqat;
1.0.18. elmi işçi - elmi və elmi-texniki fəaliyyətlə
peşəkar məşğul olan tədqiqatçı və
ya seçkili vəzifə;
1.0.19. elmi məhsul (elmi nəticə) - elmi və
elmi-texniki fəaliyyətin tətbiqi üçün nəzərdə
tutulan, konkret informasiya daşıyıcısında əks
olunan, maddi və ictimai dəyərə malik nəticə
(yeni biliklər, texniki həllər, işləmələr və
digər);
1.0.20. elmi məhsullar və xidmətlər bazarı
- elmi fəaliyyətin nəticələrinin və məhsullarının
mübadiləsi prosesində yaranan münasibətlər
sistemi və onların reallaşdırıldığı
xüsusi bazar;
1.0.21.
elmi məktəb - uzunmüddətli dövr ərzində
formalaşan özünəməxsus elmi baxışlara, ənənələr
və dəyərlər sisteminə malik olan, elmin müəyyən
istiqaməti üzrə yeni biliklər yaratmaq, yaymaq,
ötürmək və tətbiq etmək funksiyalarını
yerinə yetirən, yaradıcıları və
davamçıları ilə tanınan,
özünüinkişaf qabiliyyətli elmi fəaliyyət
subyekti;
1.0.22. elmi müəssisə və təşkilat -
elm və elmi-texniki fəaliyyətlə məşğul olan,
elmlə təhsilin vəhdətini təmin edən hüquqi
şəxs;
1.0.23. elmi plagiat - müəllifini, götürülmə
mənbəyini göstərmədən başqasının əsərlərini,
elmi kəşf və ixtirasını, səmərələşdirici
təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək,
yaxud özününkü kimi təqdim etmək;
1.0.24. elmi tədqiqat institutu - əsas fəaliyyəti
fundamental və tətbiqi elmi tədqiqatlar və eksperimental
araşdırmaların aparılmasından ibarət olan elmi
müəssisə;
1.0.25.
elm-təhsil və innovasiya kompleksi (klaster) - elmtutumlu məhsulların
istehsalını və satışını həyata
keçirmək məqsədilə fundamental və tətbiqi
tədqiqatları, təcrübi-konstruktor işləmələrini,
təhsil və sahibkarlıq fəaliyyətini özündə
birləşdirən innovasiya strukturu;
1.0.26. elmi yaradıcılıq - bilavasitə elmi tədqiqat,
elmi-texniki, elmi-təcrübi və elmi innovasiya prosesi;
1.0.27. fundamental elmi tədqiqatlar - təbiətin və
cəmiyyətin quruluşu və inkişafı haqqında
yeni biliklərin əldə edilməsinə yönəlmiş
nəzəri və təcrübi elmi tədqiqatlar;
1.0.28. impakt faktor - dövri elmi nəşrin reytinqini
müəyyən edən təsir göstəricisi;
1.0.29. istinad indeksi - tədqiqatçının elmi əsərlərinə
edilən istinadların sayı ilə müəyyən edilən
göstərici;
1.0.30. milli innovasiya sistemi - ölkə hüdudunda
elmi bilik və texnologiyaların istehsalı və kommersiya və
ya qeyri-kommersiya əsasında reallaşdırılması ilə
məşğul olan təşkilatların məcmusu;
1.0.31. nostrifikasiya və təkrar attestasiya - xarici
ölkədə alınmış elmi dərəcə və
ya elmi adlar haqqında sənədlərin ekvivalentliyinin müəyyən
edilməsi və tanınması proseduru;
1.0.32. rəsmi opponent - dissertasiyanın
aktuallığını, elmi yeniliyinin orijinallıq dərəcəsini
və əhəmiyyətini qiymətləndirmək məqsədilə
dissertasiya şurası tərəfindən təyin edilən
və müvafiq elmi dərəcəyə malik olan şəxs;
1.0.33. texnoloji inkubator - innovasiya fəaliyyəti
subyektlərinə elmi, istehsal, kadr, hüquqi, marketinq, lizinq, məsləhət
və digər xidmətlərin təqdim edilməsini təmin
edən hüquqi şəxs;
1.0.34. texnopark - yeni texnologiyaların
yaradılmasını və mənimsənilməsini,
müasir avadanlıq, cihaz və qurğuların
istehsalını və onların kommersiya əsasında reallaşdırılmasını
kompleks şəkildə həyata keçirən qabaqcıl
texnologiyalara malik struktur (ərazi) və ya hüquqi şəxs;
1.0.35.
texnopolis - elmtutumlu yeni texnologiyaların və yüksək
texniki səviyyəli məhsulların işlənib
hazırlanması və istehsalata tətbiq edilməsi məqsədilə yaradılan çoxprofilli,
inkişaf etmiş sənaye sahələrinə və
infrastruktura, elmi tədqiqat və təhsil komplekslərinə,
“beyin mərkəzləri”nə, zavodlara, firma və şirkətlərə,
geniş və xüsusi güzəştli şəraitin
yaradıldığı əraziyə malik olan elm-sənaye
kompleksi və ya sənaye şəhərciyi;
1.0.36. tədqiqatçı - elmi-nəzəri və
elmi-texniki tədqiqatlar aparan, bilikləri inkişaf etdirən
və elmi tədqiqat layihələrində iştirak edən
ali təhsilli şəxs;
1.0.37. tədqiqat universiteti - elmi fəaliyyətlə
tədris prosesinin real inteqrasiyası əsasında elm və təhsil
fəaliyyətini eyni dərəcədə səmərəli
həyata keçirən, qabaqcıl elmi tədqiqatlar aparan,
keyfiyyətli tədris mühitini təmin edən, yüksək
elmi və elmi-pedaqoji kadr potensialına malik olan ali təhsil
müəssisəsi və ya elm-təhsil mərkəzi;
1.0.38. tətbiqi elmi tədqiqatlar- əsasən praktik
məqsədlərin həyata keçirilməsi və konkret
məsələlərin həlli üçün yeni biliklərin
əldə edilməsi və tətbiqini nəzərdə
tutan elmi tədqiqatlar;
1.0.39. yüksəkixtisaslı elmi kadr - fəlsəfə
doktoru və ya elmlər doktoru elmi dərəcəsinə
malik olan şəxs;
1.0.40. ali attestasiya orqanı - yüksəkixtisaslı
elmi və elmi-pedaqoji kadrların attestasiyası məqsədilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qurum.
Maddə 2. Elm haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
2.1. Elm
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan
Respublikasının elmi fəaliyyət üzrə münasibətləri
nəzərdə tutan digər qanunvericilik aktlarından və
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
2.2. Elm
haqqında Azərbaycan Respublikası qanunvericiliyinin əsas məqsədi
elmi fəaliyyətlə məşğul olan subyektlərin
konstitusiya hüquqlarının təmin edilməsi,
qorunması və elm sahəsində mövcud olan münasibətlərin
tənzimlənməsinin təşkilati-hüquqi
bazasının yaradılmasından ibarətdir.
Maddə 3. Elmi fəaliyyət sahəsində dövlət siyasətinin
prinsipləri, məqsədləri və prioritetləri
3.1. Elmi fəaliyyət
sahəsində dövlət siyasətinin əsas prinsipləri
aşağıdakılardır:
3.1.1. elmi yaradıcılıq və tədqiqat
azadlığı (sərbəstliyi);
3.1.2. azərbaycanşünaslıq istiqamətində
aparılan tədqiqatların
aparıcılığının təmin edilməsi;
3.1.3. elmi etikanın qorunması;
3.1.4. elmin ictimai həyata inteqrasiyası;
3.1.5. elmin və elmi-innovasiya fəaliyyətinin
prioritetliyi;
3.1.6. sağlam rəqabətin təmin edilməsi;
3.1.7. beynəlxalq səviyyəyə uyğunluq;
3.1.8. elmi nəticələrin şəffaflığı
və ictimaiyyətə açıqlığı;
3.1.9. elm, təhsil və iqtisadiyyatın vəhdəti;
3.1.10. əqli mülkiyyət hüququnun qorunması;
3.1.11. dünya elm məkanına inteqrasiya.
3.2. Elm
sahəsində dövlət siyasətinin əsas məqsədləri
aşağıdakılardır:
3.2.1. elmin davamlı və sistemli
inkişafının təmin edilməsi;
3.2.2. elmi fəaliyyətin institusional sisteminin və
maliyyələşdirilmə mexanizmlərinin dünya
standartlarına uyğunlaşdırılması;
3.2.3. cəmiyyət həyatının bütün
istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli
istifadənin təmin edilməsi;
3.2.4. elmin maddi-texniki bazasının və
infrastrukturunun modernləşdirilməsi;
3.2.5. elm, təhsil, iqtisadiyyat və cəmiyyətin
qarşılıqlı münasibətlərində inteqrativ
bağlılığın və dialektik vəhdətin təmin
edilməsi;
3.2.6. ölkə üzrə elmi məktəblərin
yaradılması, qorunması və inkişafının
stimullaşdırılması;
3.2.7. elmi araşdırmaların, o cümlədən
fundamental və tətbiqi tədqiqatların əsas istiqamətlərinin
müəyyən edilməsi və inkişafının
stimullaşdırılması;
3.2.8. elm sahəsində beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsi və Azərbaycan Respublikasının
elmi-texniki siyasətinin dünya elmi məkanında layiqincə
təmsil olunması və təbliğ edilməsi;
3.2.9. elm sahəsində çalışan və
elmi fəaliyyətlə məşğul olan elmi
işçilərin maddi rifahının və sosial təminatının
yüksəldilməsi.
3.3. Elm
sahəsində dövlət siyasətinin əsas prioritetləri
aşağıdakılardır:
3.3.1. Azərbaycan
xalqının etnogenezinin, tarixi, dili, ədəbiyyatı, incəsənəti
və mədəniyyətinin, milli-mənəvi dəyərlərinin,
maddi və mədəni irsinin, iqtisadi, fəlsəfi,
hüquqi və ictimai-siyasi fikrin təkamülü prosesinin və
inkişaf mərhələlərinin hərtərəfli tədqiqi;
3.3.2. Azərbaycançılıq
ideologiyasının elmi-nəzəri əsaslarının tədqiqi;
3.3.3. ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni
inkişafında, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsində,
müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin
təmin edilməsində, demokratik-hüquqi dövlət
quruculuğunda, milli mənafelərin qorunmasında, elmi-texniki
tərəqqinin sürətləndirilməsində elmin
rolunun gücləndirilməsi;
3.3.4. multikulturalizm təliminin elmi əsaslarının
öyrənilməsi, cəmiyyət həyatındakı
rolunun və əhəmiyyətinin tədqiq edilib ümumiləşdirilməsi;
3.3.5.
dini-mənəvi dəyərlərin, dinlərarası dialoq və
tolerantlıq təcrübəsinin mahiyyətinin və əhəmiyyətinin
tədqiq edilməsi və elmi şəkildə ictimaiyyətə
çatdırılması;
3.3.6. Azərbaycanın
təbii ehtiyatlarının geoloji, coğrafi, ekoloji və
iqtisadi cəhətdən qiymətləndirilməsi;
3.3.7. müxtəlif elm sahələri üzrə
ekspedisiyaların və çöl təcrübələrinin
keçirilməsi, onların nəticələrinin təhlil
edilib dəyərləndirilməsi;
3.3.8. ölkənin karbohidrogen ehtiyatlarının
qiymətləndirilməsi, neft, neft-kimya sənayesi sahələrinin
və qeyri-neft sektorunun inkişafı, modernləşdirilməsi
və şaxələndirilməsi problemlərinin öyrənilməsi;
3.3.9. milli demoqrafik inkişaf proseslərinin, məskunlaşma
və sosial inkişaf problemlərinin tədqiqi;
3.3.10. Azərbaycan
Respublikasının davamlı və dayanıqlı inkişaf
problemlərinin və inkişaf modelinin iqtisadi, sosial, fəlsəfi
və hüquqi əsaslarının sistemli tədqiq
olunması;
3.3.11. biliklərə əsaslanan intellektual cəmiyyətin
və iqtisadiyyatın formalaşdırılması problemlərinin
tədqiqi;
3.3.12. elmtutumlu istehsal sahələri və alternativ
enerji mənbələri, nano, bio, genotexnologiyalar,
informasiya-kommunikasiya texnologiyaları və digər yüksək
texnologiyalar sahəsində tədqiqatların
aparılması;
3.3.13. kosmosun tədqiqi və bununla bağlı olan
digər elm sahələri üzrə fundamental və tətbiqi
tədqiqatların genişləndirilməsi;
3.3.14. elmi kadr hazırlığının səmərəliliyinin
yüksəldilməsi və ölkənin elm və innovasiya
potensialının gücləndirilməsi.
3.4. Elmin
inkişaf prioritetlərinin zənginləşdirilməsi
aşağıdakı istiqamətlərdə həyata
keçirilir:
3.4.1. nəzəri-metodoloji
tədqiqatların praktiki təcrübə əsasında dəyərləndirilməsi;
3.4.2. elmin inkişafının ölkənin
sosial-siyasi, iqtisadi və mədəni tərəqqisinin
strateji məqsədlərinə xidmət etməsinə nail
olunması;
3.4.3. elm sahələri üzrə elmi tədqiqatların
inteqrativ xarakterinin formalaşdırılması;
3.4.4. elmi innovasiya tipli tədqiqatların
üstün mövqeyinin ayrı-ayrı elmi istiqamətlərin
qarşılıqlı əlaqəsi əsasında yeni elmi nəticələrin
əldə olunmasının təmin edilməsi.
Maddə 4. Elmi innovasiya sahəsində dövlət siyasətinin əsas
istiqamətləri
4.1.
Dövlət elmi innovasiya fəaliyyətini həyata
keçirən bütün müəssisə və təşkilatlar
üçün bərabər şərait yaradır və
onların fəaliyyətini stimullaşdırır.
4.2. Elmi
innovasiya sahəsində dövlət siyasəti
aşağıdakı istiqamətlərdə
reallaşdırılır:
4.2.1. dövlət innovasiya sisteminin
formalaşdırılması və onun inkişafının
strateji istiqamətlərinin müəyyən edilməsi;
4.2.2. innovasiya layihələrinin maliyyələşdirilməsi,
investisiyaların cəlb edilməsi və təşviqi
üzrə əlverişli şəraitin yaradılması və
müvafiq təşkilati işlərin görülməsi;
4.2.3. elmi innovasiya subyektlərinin - inteqrativ elm, təhsil
və sahibkarlıq mərkəzlərinin (zonaların),
texnopolislərin, elmi texnologiya parklarının, texnoloji
inkubatorların, innovasiya fondlarının, innovasiyalar üzrə
məlumat informasiya bankının yaradılması və
inkişaf etdirilməsi;
4.2.4. rəqabətqabiliyyətli, yüksək
texnologiyalara əsaslanan istehsal sahələrinin
yaradılmasında iştirak etməklə zəmanətli
satış bazarlarının təmin edilməsi və xarici
bazarlara çıxışının həvəsləndirilməsi
və himayə edilməsi;
4.2.5. inkişaf etmiş ölkələrin biliklərə
əsaslanan, innovativ xarakterli inkişaf təcrübəsi və
problemlərinin öyrənilməsi, ölkənin inkişaf
strategiyasının hazırlanmasında və
reallaşdırılmasında onlardan istifadə edilməsi.
Maddə 5. Elmin inkişafı üzrə məqsədli proqramlar
5.1. Azərbaycan Respublikasında elmin inkişafına
dair məqsədli proqramlar elmin prioritet istiqamətləri
üzrə dövlət siyasətinin yerinə yetirilməsi məqsədilə
hazırlanır və həyata keçirilir.
5.2. Elmin
inkişafı üzrə məqsədli proqramlar elmin konkret
sahələri və prioritetləri üzrə yeni biliklərin,
texnologiyaların və konkret elmi-praktiki nəticələrin əldə
edilməsi və onların cəmiyyət həyatında tətbiqini
nəzərdə tutur.
5.3.
Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən
elmin inkişafı üzrə məqsədli proqramlar və
ayrı-ayrı fundamental və tətbiqi elmi tədqiqat layihələri
(hərbi məqsədlər üçün nəzərdə
tutulan layihələr istisna olmaqla) müsabiqə yolu ilə
müəyyən edilir.
Maddə 6. Elmi fəaliyyət sahəsində dövlətin vəzifələri
6.0. Elmi fəaliyyət
sahəsində dövlətin vəzifələri
aşağıdakılardır:
6.0.1. elmin inkişafına dair vahid dövlət siyasətinin
formalaşdırılması və həyata keçirilməsi;
6.0.2. elmin inkişaf strategiyası və
konsepsiyasının hazırlanması;
6.0.3. elmin prioritet inkişaf sahələrinin və
istiqamətlərinin müəyyən edilməsi, həmin
istiqamətlər üzrə dövlət proqramlarının
və layihələrinin hazırlanması və həyata
keçirilməsi;
6.0.4. regionların kompleks iqtisadi, sosial və mədəni
inkişaf proqramlarının hazırlanması və elmi cəhətdən
əsaslandırılması; regionlarda elmi fəaliyyətin
inkişafı üçün müvafiq infrastrukturun və
digər zəruri şəraitin yaradılması;
6.0.5. ölkənin milli təhlükəsizliyi və
müdafiə qabiliyyətinin yüksəldilməsi ilə
bağlı olan elmi fəaliyyət sahələrinin himayə
edilməsi;
6.0.6. elmi fəaliyyət subyektləri
üçün azad, ədalətli, bərabərhüquqlu,
sağlam və keyfiyyətli elmi fəaliyyət mühitinin
yaradılması, elmi qabiliyyəti olan hər bir vətəndaşa
elmlə məşğul olmaq, elmi səviyyəsini yüksəltmək
və yaradıcılığını təkmilləşdirmək
üçün şəraitin yaradılması;
6.0.7. Azərbaycanşünaslıq
istiqamətində aparılan tədqiqatların prioritetliyinin
və həyata keçirilməsinin təmin edilməsi;
6.0.8. Azərbaycan
xalqının özünəməxsusluğunun, milli və mənəvi
dəyərlərinin qorunması, möhkəmləndirilməsi
və inkişaf etdirilməsi, Azərbaycan tarixinin, mədəniyyətinin,
maddi və mədəni irsin, abidələrin və Azərbaycan
xalqının etnogenezinin öyrənilməsinə xüsusi
diqqət yetirilməsinin təmin edilməsi;
6.0.9. elmi
fəaliyyətin cəmiyyətin və iqtisadiyyatın
inkişafına istiqamətləndirilməsi, onun
açıqlığının, dünya elmi məkanına
inteqrasiyasının təmin edilməsi, ölkədə
biliklər cəmiyyətinin və biliklərə əsaslanan
iqtisadiyyatın yaradılmasında və möhkəmləndirilməsində,
davamlı, dayanıqlı, dinamik və rəqabətqabiliyyətli
inkişafın təmin edilməsində elmin prioritet rolunun
müəyyən edilməsi;
6.0.10. elmi fəaliyyətin səmərəli təşkili,
idarə edilməsi və inkişafına, maddi-texniki baza, infrastruktur,
avadanlıqlar, yüksəkixtisaslı elmi kadrlar, informasiya və
digər zəruri vasitələrlə təmin olunmasına
şəraitin yaradılması;
6.0.11. müdafiə təyinatlı elmi-istehsal, təcrübi-konstruktor,
layihə-konstruktor, təcrübi-sınaq və layihə-texnoloji
müəssisələrin inkişafının və elmi
potensialının yüksəldilməsinin prioritetliyinin təmin
edilməsi;
6.0.12. təhsilin fasiləsizliyi prinsipinə və “Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan
Respublikasının və xarici ölkələrin ali təhsil
müəssisələrinin və elmi müəssisələrin
və təşkilatların magistratura (rezidentura) və
doktoranturalarında əyani təhsil alanlara hərbi xidmətdən
möhlət hüququnun təmin edilməsi;
6.0.13. yüksəkixtisaslı elmi kadr
hazırlığının və elmin nailiyyətlərinin
stimullaşdırılması, ölkənin maliyyə-iqtisadi
imkanlarına uyğun olaraq elmi işçilərin, o cümlədən
gənc alimlərin sosial müdafiəsinin
yaxşılaşdırılması;
6.0.14. yüksək elmi səviyyəsi və praktik əhəmiyyəti
olan, müstəqil dövlətçiliyin və milli-mənəvi
dəyərlərin inkişaf etdirilməsinə imkan yaradan,
ölkənin iqtisadi inkişafına kömək edən, yeni
texnologiyaların tətbiqi yolu ilə mühüm irəliləyişə
səbəb olan elmi tədqiqat işlərinin dəstəklənməsi
və mükafatlandırılması;
6.0.15.
elmi fəaliyyət sahəsinə investisiyaların, o cümlədən
xarici investisiyaların cəlb edilməsi üçün əlverişli
investisiya mühitinin yaradılması və bu məqsədlə
sərmayəçilərə “İnvestisiya fəaliyyəti
haqqında” və “Xarici investisiyanın qorunması
haqqında” Azərbaycan Respublikasının qanunları ilə
müəyyən edilmiş qaydada güzəştlərin
verilməsi;
6.0.16. müxtəlif elm sahələri üzrə
çöl təcrübələrinin və
ekspedisiyaların təşkili və onların işinə nəzarətin
təmin edilməsi;
6.0.17. elm sahəsinin inkişafına ayrılan
dövlət büdcə vəsaitlərinin həcminin və
qrantların məbləğinin müəyyən edilməsi
və bu vəsaitlərdən səmərəli istifadə
olunmasına dövlət nəzarətinin təmin edilməsi;
6.0.18. fundamental, tətbiqi və innovasiya xarakterli tədqiqatların
və digər elmi tədbirlərin qrant şəklində məqsədli
maliyyələşdirilməsi;
6.0.19. müxtəlif statuslu dövlət elmi müəssisə
və təşkilatlarının, təhsil qurumlarının
yaradılması;
6.0.20. əqli mülkiyyət hüququnun
qorunmasının təmin edilməsi;
6.0.21. elmi nəticələrin və məhsulların
mənimsənilməsi halları üzrə məsuliyyətin
müəyyən edilməsi;
6.0.22. əqli mülkiyyət hüquqlarının təmin
edilməsinə nail olmaq;
6.0.23. elmi işçilərin sosial müdafiəsinin
təmin edilməsi, o cümlədən elm sahəsində
xidmətləri olan görkəmli elm xadimlərinə
xüsusi qayğı göstərilməsi və onların elmi
fəaliyyətləri üçün lazımi şərait
yaradılması;
6.0.24. elmi müəssisə və təşkilatların
akkreditasiyasının, elmi işçilərin, mütəxəssislərin
və elmi xidmət sahəsi işçilərinin
attestasiyasının təmin edilməsi;
6.0.25. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə və bu Qanuna uyğun
olaraq, xarici ölkələrin elmi dərəcə və elmi
adlar haqqında sənədlərinin tanınması və bərabər
tutulması;
6.0.26. elmi fəaliyyətin informasiya təminatının
və informasiya resurslarına çıxışın və
statistik məlumat sisteminin yaradılmasının təmin
edilməsi;
6.0.27. dövlət orqanları, elmi müəssisə,
təşkilat və ali təhsil müəssisələrinin
və fəaliyyətinin əlaqələndirilməsi;
6.0.28. elmi dərəcələrin və elmi
adların, o cümlədən onları təsdiq edən vahid
formalı dövlət sənədlərinin verilmə
qaydalarının müəyyən edilməsi;
6.0.29. elmi fəaliyyət subyektlərinin haqsız rəqabətdən
müdafiə edilməsi;
6.0.30. elmi nəticələrin və müasir
texnologiyaların tətbiqinə şərait
yaradılması;
6.0.31. elmi kadr tələbatının müəyyən
olunması, dövlət sifarişi əsasında elmi və
elmi-pedaqoji kadrların hazırlanması, stajkeçmə və
ixtisasartırmanın təmin edilməsi;
6.0.32. humanizmə, insan həyatına və cəmiyyətin
sabitliyinə zidd olan, ölkənin milli təhlükəsizliyinin
və ekoloji tarazlığın pozulmasına səbəb ola
bilən elmi texnologiyaların hazırlanmasının və tətbiqinin
qarşısının alınması;
6.0.33. elmi fəaliyyət sahəsində beynəlxalq
əməkdaşlığın inkişaf etdirilməsi və
Azərbaycan Respublikasının elm sahəsi üzrə tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş öhdəliklərinin yerinə
yetirilməsi;
6.0.34. beynəlxalq müqavilələrin icrasında
ölkənin elmi potensialından istifadə edilməsinə
üstünlük verilməsi;
6.0.35. elm sahəsində ölkədə
toplanmış təcrübəyə, mövcud elmi ənənələrə,
dayanıqlı inkişaf proseslərinə uyğun olaraq elmi
fəaliyyətin milli və müasir inkişaf modelinin
formalaşdırılması;
6.0.36. elmi fəaliyyət sahəsində
proqnozlaşdırma, nəzarət, əlaqələndirmə
qaydalarının, ekspertiza və təchizat normativlərinin
müəyyənləşdirilməsi.
2-ci fəsil
ELMİ FƏALİYYƏTİN
SUBYEKTLƏRİ
Maddə 7. Elmi fəaliyyətin subyektləri və
iştirakçıları
7.1. Elmi fəaliyyətin
subyektləri aşağıdakı hüquqi və fiziki
şəxslərdir:
7.1.1. alimlər, tədqiqatçılar, elmi
işçilər, elmi-pedaqoji kadrlar və elmi xidmət sahəsinin
işçiləri;
7.1.2. elmi fəaliyyətin
təşkili, idarə edilməsi və ekspertizası ilə
məşğul olan dövlət orqanları;
7.1.3. elmi müəssisə
və təşkilatlar, ali təhsil müəssisələri,
təsis sənədlərində elmi fəaliyyət nəzərdə
tutulan ictimai birliklər və digər hüquqi şəxslər;
7.2. Elmi fəaliyyətin
iştirakçıları - elmi işçilər,
investorlar, sifarişçilər, sponsorlar, əqli mülkiyyət
hüququnun sahibləri, ekspertlər, eləcə də elmi fəaliyyət
sahələrini şəhadətnamə, sertifikat, lisenziya-patent,
standartlaşma, metrologiya, proqram, metodiki, təşkilati və
texniki cəhətdən təmin etmək hüququ əldə
edən fiziki və hüquqi şəxslərdir.
7.3. Elmi fəaliyyətin
subyektləri və iştirakçıları ilə digər
hüquqi və fiziki şəxslər arasında münasibətlər
Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
bu Qanun və tərəflər arasında bağlanmış
müqavilələrlə müəyyən edilir.
Maddə 8. Elmi işçilərin vəzifələri, ixtisas səviyyələri
və işə qəbul edilməsi
8.1. Elmi
işçinin magistr elmi-ixtisas dərəcəsinə və
ya ona bərabər tutulan ali təhsilə
malik olması zəruridir.
8.2. Elmi
müəssisə və təşkilatlarda
aşağıdakı elmi işçi vəzifələri
müəyyən edilir:
8.2.1. kiçik elmi işçi, elmi işçi,
böyük elmi işçi, aparıcı elmi işçi,
baş elmi işçi;
8.2.2. konstruktor, aparıcı konstruktor, baş
konstruktor;
8.2.3. mühəndis, aparıcı mühəndis,
baş mühəndis;
8.2.4. texnoloq, aparıcı texnoloq, baş texnoloq;
8.2.5. assistent.
8.3. Elmi dərəcəsi
olan və öz elmi ixtisası üzrə işləməyən,
lakin elmi fəaliyyətini davam etdirən şəxslər də
elmi işçilərə bərabər tutulur.
8.4. Elmi
işçinin ixtisas səviyyəsini müəyyən edən
əsas göstəricilər aşağıdakılardır:
8.4.1. magistratura (rezidentura) və ona bərabər
tutulan ali təhsil;
8.4.2. xüsusi elmi hazırlıq (doktorantura,
adyunktura, dissertantura);
8.4.3. elmi dərəcə (elm sahələri üzrə
fəlsəfə doktoru və elmlər doktoru);
8.4.4. elmi ad (dosent, professor);
8.4.5. elmi rütbə (müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi elmi təşkilatın
həqiqi, müxbir, xarici və fəxri üzvü);
8.4.6. elmi nailiyyətlərinə görə dövlət
və beynəlxalq elmi təşkilatlar tərəfindən
verilən fəxri ad və titullar;
8.4.7. yerinə yetirilmiş elmi tədqiqat və təcrübi-axtarış
işləri, müəlliflik hüququ və ya patent
hüququ ilə qorunan əqli mülkiyyət obyektlərinin
qeydiyyatı haqqında şəhadətnamələr;
8.4.8. çap olunmuş elmi əsərləri,
xüsusi təsir göstəricisinə (impakt faktoruna) malik
olan və istinad indeksli elmi jurnallarda nəşr olunan elmi məqalələr;
8.4.9. fəaliyyət göstərdiyi elm sahəsi
üzrə yüksək elmi nüfuzu olan mütəxəssislərin
rəyi.
8.5. Elmi
işçilər elmi müəssisə və təşkilatın
və ya ali təhsil müəssisəsinin
elmi şurasında seçilir. Elmi
işçinin müsabiqə yolu ilə seçilməsi
qaydaları elmi müəssisə və təşkilatın
nizamnaməsi (əsasnaməsi) ilə tənzimlənir.
8.6. Elmi
işçilərin işə qəbulu Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə
müəyyən edilmiş qaydada müsabiqə yolu ilə həyata
keçirilir.
8.7.
Müsabiqə yolu ilə tutulan və vəzifədə olma
müddəti məhdudlaşdırılan elmi vəzifəyə
təyin edilən elmi işçi ilə işəgötürən
arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq müddətli əmək müqaviləsi
bağlanılır.
8.8.
Doktoranturanı və magistraturanı (rezidenturanı) müvəffəqiyyətlə
bitirən gənc mütəxəssislər müvafiq elmi vəzifəyə
müsabiqədənkənar (sonradan müsabiqədə
iştirak etmək şərtilə) təyin olunurlar.
Maddə 9. Elmi müəssisə və təşkilatın mütəxəssisi,
elmi xidmət sahəsinin işçisi
9.1. Elmi
müəssisə və təşkilatın mütəxəssisi
ali və ya orta ixtisas təhsilinə
(subbakalavr ixtisas dərəcəsi) malik olan, elmi müəssisə
və ya təşkilatda çalışan, elmi nəticələrin
əldə edilməsi və həyata keçirilməsinə
xidmət edən şəxsdir.
9.2. Elmi
xidmət sahəsinin işçisi elmi müəssisə və
təşkilatın elmi fəaliyyəti üçün
şəraitin yaradılmasında iştirak edən şəxsdir.
9.3. Elmi
müəssisə və təşkilatın mütəxəssisinin
və elmi xidmət sahəsi işçisinin işə qəbulu
qaydaları, hüquq və vəzifələri Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə, bu
Qanuna və elmi müəssisə və təşkilatın
nizamnaməsinə uyğun olaraq müəyyən edilir.
Maddə 10. Elmi müəssisələr və təşkilatlar
10.1. Azərbaycan Respublikasında mülkiyyət
növünə görə dövlət, bələdiyyə
və xüsusi, təşkilati-hüquqi formasına görə
isə publik, kommersiya və qeyri-kommersiya elmi müəssisə
və təşkilatları fəaliyyət göstərir.
10.2.
Dövlət mülkiyyət növündən və təşkilati-hüquqi
formasından asılı olmayaraq bütün elmi müəssisə
və təşkilatların inkişafına dəstək
verir.
10.3. Elmi
müəssisə və təşkilatların hüquq və
vəzifələri, fəaliyyəti, yenidən təşkili
və ləğvi qaydaları Azərbaycan
Respublikasının Mülki Məcəlləsi və “Publik
hüquqi şəxslər haqqında” Azərbaycan
Respublikasının Qanunu, bu Qanun və elmi müəssisə
və təşkilatların nizamnaməsi ilə tənzimlənir.
10.4. Elmi
müəssisə və təşkilatlara
aşağıdakılar aiddir:
10.4.1. dövlət ali elmi təşkilatı;
10.4.2. elmi tədqiqat institutu (elmi fəaliyyətlə
məşğul olan qurumlar, sahə elmi tədqiqat
institutları, bölmələr, laboratoriyalar və digər);
10.4.3. ali təhsil müəssisəsinin elmi qurumları;
10.4.4. elmi mərkəzlər;
10.4.5. təcrübi-konstruktor,
layihə
-konstruktor,
təcrübi-istehsal, layihə-texnoloji müəssisələr;
10.4.6. elmi işçilərin ictimai qurumları.
10.5. Elmi
müəssisə və təşkilatın nizamnaməsində
aşağıdakılar nəzərdə tutulur:
10.5.1. müəssisə və ya təşkilatın
adı, hüquqi ünvanı, təşkilati-hüquqi
forması və strukturu;
10.5.2. elmi fəaliyyətin əsas istiqamətləri
və digər fəaliyyət növləri;
10.5.3. müəssisənin və ya təşkilatın
idarə edilmə sistemi və onun fəaliyyətinə nəzarət
qaydaları;
10.5.4. müəssisə və ya təşkilatın,
eləcə də onun işçilərinin hüquq və vəzifələri;
10.5.5. müəssisə və ya təşkilat rəhbərinin
seçilmə və ya təyin edilmə qaydaları;
10.5.6. elmi və ya elmi-texniki şura və onun təşkili
qaydaları;
10.5.7. maliyyələşdirilmə mənbələri;
10.5.8. əməyin ödənilməsi qaydaları;
10.5.9. yenidən təşkili və ləğvi
qaydaları;
10.5.10. struktur bölmələrin və müvəqqəti
elmi kollektivlərin yaradılması, fəaliyyəti, yenidən
təşkili və ləğvi qaydaları;
10.5.11. müəssisənin və ya təşkilatın
fəaliyyət xüsusiyyətləri ilə bağlı
müddəalar.
10.6. Elmi
müəssisə və təşkilatlar elmi tədqiqat və
təcrübi-istehsalat bazasını inkişaf etdirmək,
müasir tələblərə cavab verən infrastruktur
yaratmaq məqsədilə xarici
hüquqi və fiziki şəxslərlə əməkdaşlıq
etmək, Azərbaycan Respublikasının qanunlarına və
öz nizamnamələrinə zidd olmayan fəaliyyət
növləri ilə məşğul olmaq hüququna malikdir.
10.7.
Dövlət elmi müəssisəsi və təşkilatı
əmlak, o cümlədən torpaq sahələri üzərində
istifadə hüququna malikdir.
Maddə 11. Dövlət ali elmi təşkilatı
11.1.
Dövlət ali elmi təşkilatı Azərbaycan
Respublikasında elmin inkişafını təşkil və təmin
edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata
keçirən, ölkə üzrə elmi müəssisələrin
və təşkilatların və ali təhsil müəssisələrinin
elmi tədqiqat fəaliyyətini əlaqələndirən və
istiqamətləndirən, elmi-texniki fəaliyyət sahəsində
Azərbaycan Respublikasını xarici ölkələrdə təmsil
edən, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi elmi təşkilatdır.
11.2. Dövlət ali elmi təşkilatı öz tərkibinə
seçilən üzvlərini (həqiqi, müxbir, fəxri,
xarici üzvləri və fəxri doktorları), tabeliyində
olan elmi müəssisə və təşkilatlarında
çalışan elmi işçiləri, mütəxəssisləri
və elmi xidmət, sosial xidmət sahəsi işçilərini
birləşdirir.
11.3. Dövlət ali elmi təşkilatının
strukturunda elmin müxtəlif sahələri üzrə
fundamental, tətbiqi və elmi innovasiya xarakterli tədqiqatları
həyata keçirən elmi müəssisələr və təşkilatlar
fəaliyyət göstərir.
11.4.
Dövlət ali elmi təşkilatı elmin və hərtərəfli
elmi-texniki inkişafın təmin edilməsi məqsədi ilə
elmi tədqiqat və istehsalat müəssisələri, elmi mərkəzlər,
təhsil qurumları, elmi texnoloji parklar, müvəqqəti
elmi birlik və kollektivlər, beynəlxalq laboratoriyalar
yaradır və onların səmərəli fəaliyyətini
təmin edir.
11.5. Dövlət ali elmi təşkilatında ölkənin
elmi kadr potensialını inkişaf etdirmək
üçün elmlər doktoru, fəlsəfə doktoru və
magistr hazırlığı üzrə yüksəkixtisaslı
mütəxəssislərin hazırlanması həyata
keçirilir.
11.6. Dövlət ali elmi təşkilatı elmin müxtəlif
sahələri üzrə ölkə ərazisində və
xaricdə çöl təcrübələri və elmi
ekspedisiyalar təşkil edir, ekspedisiya və çöl təcrübələrinin
işinə nəzarət edir, çöl təcrübələrinin
və ekspedisiyaların nəticələrinə dair hesabatlar
hazırlayır.
11.7. Dövlət ali elmi təşkilatının idarə
edilməsi, hüquqları və vəzifələri nizamnaməsi
ilə müəyyən olunur. Dövlət ali
elmi təşkilatının nizamnaməsi ümumi
yığıncağında qəbul olunur və müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
11.8.
Dövlət ali elmi təşkilatının ali
idarəetmə orqanı onun həqiqi, müxbir və xarici
üzvlərindən ibarət ümumi
yığıncağıdır. Ümumi
yığıncağın sessiyaları arasındakı
dövrdə dövlət ali elmi təşkilatının
fəaliyyəti ilə bağlı məsələləri
dövlət ali elmi təşkilatının rəyasət
heyəti həll edir.
11.9.
Dövlət ali elmi təşkilatının “Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması, icrası və ləğv edilməsi
qaydaları haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, elm sahəsində beynəlxalq
münasibətlərdə Azərbaycan Respublikasını təmsil
etmək, ölkələrarası elmi mübadilə
proqramlarında, beynəlxalq qrant layihələrində və
müsabiqələrində iştirak etmək,
qarşılıqlı elmi əlaqələrə dair əməkdaşlıq
müqavilələri imzalamaq, digər ölkələrin
akademiyalarına, ona bərabər tutulan qurumlarına
seçilmək üçün təkliflər irəli
sürmək hüququ vardır.
11.10. Dövlət ali elmi təşkilatı dövlət
büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər,
kreditlər və qrantlar, ianələr, bu Qanuna uyğun
olaraq, innovasiya, sahibkarlıq və digər fəaliyyət sahələrindən
daxilolmalar hesabına maliyyələşir.
11.11. Dövlət ali elmi təşkilatının elmi
innovasiya fəaliyyəti ilə və fəaliyyət istiqamətlərinə
uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq hüququ vardır.
11.12. Dövlət ali elmi təşkilatında dövlət
büdcəsinin vəsaiti və cəlb edilmiş investisiyalar
hesabına yerinə yetirilən elmi tədqiqatlar əsasında
yaradılan maddi dəyərlər (qurğular, binalar,
avadanlıqlar və digərləri) müəlliflik
hüquqları təmin edilməklə, dövlətə məxsusdur.
Maddə 12. Ali təhsil müəssisəsi
12.1. Ali təhsil
müəssisəsi tədris prosesi ilə elmi fəaliyyətin
vəhdətini təmin edən elmi fəaliyyət subyekti
olmaqla, fakültələr, kafedralar, elmi kitabxanalar,
laboratoriyalar, mərkəzlər, elmi tədqiqat institutları
və digər elmi strukturların bazasında elmin müxtəlif
sahələri və istiqamətləri üzrə fundamental,
nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi tədqiqatlar
aparır, yüksəkixtisaslı elmi və elmi-pedaqoji
kadrların hazırlanmasını həyata keçirir.
12.2. Ali təhsil
müəssisəsinin elmi tədqiqat fəaliyyəti tədris
prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, təsisçinin
vəsaitləri, öz vəsaitləri, qrantlar, müxtəlif
fondlardan alınan vəsaitlər və digər qanuni mənbələr
hesabına həyata keçirilir.
12.3. Ali təhsil
müəssisəsi və onların elmi və elmi-pedaqoji
işçiləri Azərbaycan Respublikası ərazisində
istifadədə olan elmi laboratoriyaların xidmətlərindən
istifadə etmək, dövlət büdcəsinin vəsaitləri
hesabına maliyyələşdirilən elmi və elmi-texniki
müsabiqələrdə, layihə və proqramlarda
iştirak etmək üçün bərabər hüquqlara
malikdirlər.
12.4. Ali təhsil
müəssisəsi təlim və tədris proseslərinə
elmi müəssisə və təşkilatlarda
çalışan elmi işçiləri və mütəxəssisləri,
o cümlədən xarici ölkələrdən təcrübəli
mütəxəssisləri cəlb etmək və tədris
prosesinə müasir elmi və elmi-texniki nailiyyətləri sərbəst
tətbiq etmək hüququna malikdir.
12.5. Ali təhsil
müəssisəsində elmlər doktoru, fəlsəfə
doktoru və magistratura üzrə kadr hazırlığı
həyata keçirilir. Fəlsəfə doktoru və elmlər
doktoru üzrə tamamlanmış müstəqil elmi tədqiqat
işinin (dissertasiyanın) müdafiə olunmasına görə
ali attestasiya orqanı tərəfindən
elmi dərəcələr verilir.
12.6.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi tələblərə cavab verən ali
təhsil müəssisələrinə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən “Tədqiqat universiteti” statusu
verilir.
12.7. Tədqiqat
universitetinin əsas vəzifələri
aşağıdakılardan ibarətdir:
12.7.1. təhsilverənlərin və təhsilalanların
elmi tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə
elm və təhsilin inteqrasiyasını təmin etmək;
12.7.2. magistratura (rezidentura) təhsilinin, yüksəkixtisaslı
elmi kadr hazırlığı proqramlarının inkişaf
etmiş sistemini formalaşdırmaq;
12.7.3. fundamental və tətbiqi elmi tədqiqatları
həyata keçirmək, yüksək texnologiyalara əsaslanan
elmtutumlu sahələrin rəqabətqabiliyyətli kadr və
elmi-informasiya təminatını həyata keçirmək.
12.8. Tədqiqat
universitetinin elmi işçiləri “Normativ hüquqi aktlar
haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa
uyğun olaraq, dövlət proqramlarının
hazırlanmasına, layihələrin elmi
araşdırılmasına və ekspertizasının
keçirilməsinə cəlb edilirlər.
12.9. Tədqiqat
universiteti statusu əldə edən ali təhsil
müəssisəsinin nəzdində fəaliyyət göstərən
elmi tədqiqat strukturlarının baza xərclərinin maliyyələşdirilməsi
bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulduğu
qaydada həyata keçirilir.
12.10. Ali
təhsil müəssisələrinin elmi və elmi-pedaqoji
işçiləri elmi fəaliyyətlə məşğul
olurlar.
12.11. Ali
təhsil müəssisələrində aparılmış
elmi tədqiqat işlərinin nəticələri istehsalatda və
tədris prosesində istifadə edilir. Təhsilin
inkişafı ilə bağlı elmi araşdırmalar təhsil
və pedaqoji fikir tarixinin öyrənilməsinə, tədris
prosesinin müasir metodlarla qurulmasına, yeni texnologiyaların
tətbiq edilməsinə xidmət edir.
12.12. Ali
təhsil müəssisələrində aparılan elmi tədqiqat
işlərinin nəticələri professor-müəllim heyətinin
vəzifələrə seçilməsində və təyin
olunmasında nəzərə alınır.
12.13. Ali
təhsil müəssisəsinin elmi işçilərinin
statusu müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi elmi təşkilatın elmi müəssisə və təşkilatlarında
çalışan elmi işçilərin statusuna bərabər
tutulur.
Maddə 13. Elmi tədqiqat institutu
13.1. Elmin
müxtəlif sahələri üzrə bilavasitə
fundamental və tətbiqi tədqiqatlar həyata keçirən
elmi tədqiqat institutu müstəqil və ya müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın,
ali təhsil müəssisəsinin və
digər qurumların nəzdində fəaliyyət göstərir.
13.2. Elmi
tədqiqat institutunun əsas hüquqları və vəzifələri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
olunmuş nizamnaməsi ilə müəyyən olunur.
13.3. Elmi
tədqiqat institutunun ali idarəetmə
orqanı onun elmi şurasıdır. Elmi şura
aşağıdakı funksiyaları yerinə yetirir:
13.3.1. elmi tədqiqat institutunun strukturunu müəyyən
edir, səlahiyyətli orqanlar qarşısında vəsatət
qaldırır;
13.3.2. elmi tədqiqat institutunun strateji inkişaf vəzifələrini
və hədəflərini müəyyənləşdirir;
13.3.3. elmi inkişaf ilə bağlı müxtəlif
problemlərin müzakirəsini keçirir, tövsiyələr
hazırlayır;
13.3.4. elmi tədqiqat müəssisəsinin fəaliyyətinin
illik hesabatını və ayrı-ayrı sahələr
üzrə yerinə yetirilən elmi tədqiqat işlərinin
nəticələrini müzakirə edir və qiymətləndirir;
13.3.5. elmi işçilərin fəaliyyətinin
stimullaşdırılması üçün qərarlar qəbul
edir;
13.3.6. elmi işçilərin attestasiyasını və
işə qəbulu üzrə müsabiqələrin
keçirilməsini təşkil edir;
13.3.7. hər il öz iş planını və
reqlamentini təsdiq edir;
13.3.8. yüksəkixtisaslı elmi kadrların
hazırlanması və əlavə təhsili sahəsində
qərarlar qəbul edir;
13.3.9. ali attestasiya
orqanı qarşısında elmi adlar verilməsinə dair vəsatət
qaldırır;
13.3.10. elmi tədqiqat institutunun nizamnaməsində nəzərdə
tutulmuş digər vəzifələri həyata keçirir.
13.4.
Dövlət elmi tədqiqat institutunun və ali
təhsil müəssisələrinin elmi qurumlarının
elmi şurası təcrübəli və yüksəkixtisaslı
elmi və inzibati işçilərdən, eləcə də
elmi tədqiqat institutunun nizamnaməsinə uyğun olaraq məqsəd
və vəzifələrinin həyata keçirilməsində
maraqlı olan digər qurumların nümayəndələrindən
ibarət olmaqla 3 (üç) il müddətinə
formalaşdırılır.
13.5. Elmi
tədqiqat institutunun müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti
növləri ilə məşğul olmaq hüququ vardır.
Maddə 14. Elmi mərkəzlər
14.1. Elmi
mərkəzlər - elmin inkişafının prioritet istiqamətləri
üzrə elmi və elmi innovasiya fəaliyyətinin əlaqələndirilməsini
təmin edən, inzibati-funksional və ya funksional müstəqilliyə
malik olan (ölkə, regional, akademik, elmi-innovasiya,
elmi-istehsalat, elmi-metodik, elmi-təcrübi və digər) elmi
tədqiqat müəssisəsidir.
14.2. Elmi
müəssisə və təşkilatlar və ali təhsil müəssisələri elmi fəaliyyətin
əlaqələndirilməsi, maddi, texniki, maliyyə və
kadr ehtiyatlarından səmərəli istifadə olunması,
vahid texnoloji prosesin (elmi tədqiqatın nəticələrinin
istehsalata tətbiqinə qədər) təmin edilməsi məqsədilə
hüquqi şəxs statusunda elmi mərkəzlər yarada bilərlər.
14.3. Elmi
mərkəzlər elmi və elmi-texniki tədqiqatların təşkilini
müxtəlif elm, təhsil, istehsal, biznes, xidmət və digər
sahələrin kooperasiyası əsasında həyata
keçirə bilər.
14.4. Elmi
fəaliyyət sahəsində əhəmiyyətli nailiyyətlər
əldə edən, beynəlxalq səviyyədə
tanınan, yüksəkixtisaslı elmi kadr potensialına, zəruri
maddi-texniki bazaya və infrastruktura malik olan elmi müəssisə
və təşkilatlara “Elmi mərkəz” statusu müvafiq
icra hakimiyyəti orqanı tərəfindən verilir.
Maddə 15. Təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal,
layihə-texnoloji müəssisələr
15.1. Təcrübi-konstruktor
müəssisəsi (bürosu) elmi tədqiqat işlərinin nəticələrini
texniki, mühəndis, laboratoriya sınaqları səviyyəsinə
çatdırmaqla onların istehsalatda tətbiqini təmin
edir. Bu tipli müəssisələr məhsulun
nümunələrini və istehsal üçün zəruri
olan texniki sənədlərin hazırlanmasını təmin
edir.
15.2. Layihə-texnoloji
müəssisələrin (büroların) əsas fəaliyyəti
elmi tədqiqat işləri, biznes planları və investisiya
layihələrinin əsaslandırılması mərhələsində
innovasiya xarakterli işləmələrin kompleks layihələndirilməsini
həyata keçirməklə onların tətbiqini təmin
etməkdən ibarətdir.
15.3. Təcrübi-konstruktor,
layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji
müəssisələr müstəqil və ya elmi müəssisə
və təşkilatların, ali təhsil müəssisələrinin,
habelə müxtəlif qurumların nəzdində fəaliyyət göstərir.
15.4.
Hüquqi və fiziki şəxslər sahəvi, regional, ərazi
və digər istiqamətlər üzrə mühüm əhəmiyyət
kəsb edən elmi və ya elmi-texniki problemlərin tədqiqi
məqsədilə bu Qanuna uyğun olaraq müstəqil təcrübi-konstruktor,
layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji
müəssisə və ya tədqiqat laboratoriyaları yarada
bilərlər.
Maddə 16. Elmi işçilərin ictimai birlikləri və digər
elmi fəaliyyət subyektləri
16.1. Elmi
işçilər elmi nəticələrin şərhi və
təbliği, müxtəlif elmi problemlərin tədqiqi, elmi
işçilərin peşə hüquqlarının
qorunması və sosial müdafiəsinin gücləndirilməsi
məqsədi ilə “Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq
könüllülük əsasında ictimai birliklər və
fondlar yarada bilərlər.
16.2. Elmi
işçilərin ictimai birlikləri və fondlar elmi fəaliyyətin
əlaqələndirilməsi, təşkili və
stimullaşdırılmasında iştirak edir.
16.3.
Dövlət orqanları elmi işçilərin ictimai birliklərini
müxtəlif problemlərin həlli ilə bağlı layihələrinin
tərtib olunmasına, ekspertizasına, elmi maarifləndirmə,
habelə müsabiqə əsasında maliyyələşdirilən
elmi proqram və layihələrin hazırlanmasına, elmi
müəssisələrin akkreditasiyası və elmi
işçilərin attestasiyası proseslərinə cəlb
edə bilər.
16.4. Elmi
işçilərin ictimai birliklərinin elmi tədqiqatların
aparılmasını sifariş vermək, təşkil etmək
və elmi fəaliyyətin nəticələrinə görə
mükafatlandırmaq hüququ vardır.
16.5. Digər
elmi fəaliyyət subyektlərinə əsas fəaliyyəti
elmi və elmi-texniki yaradıcılıq olmayan hüquqi şəxslər
aid edilir və onlar öz tərkibində elmi və
elmi-innovasiya fəaliyyətini həyata keçirən
müxtəlif struktur bölmələri yarada bilərlər.
3-cü fəsil
YÜKSƏKİXTİSASLI ELMİ
KADR HAZIRLIĞI SAHƏSİNDƏ DÖVLƏT
SİYASƏTİ
Maddə 17. Yüksəkixtisaslı elmi kadrların hazırlanması
17.1.
Yüksəkixtisaslı elmi kadrların hazırlanması
ölkədə elmi, elmi-texniki və intellektual potensialın
artırılmasını, elmi yaradıcılığın
inkişafını və elmi biliklərin
yayılmasını təmin edir.
17.2. Elmi
və elmi-pedaqoji fəaliyyətlə məşğul olan
şəxsin, bu Qanunun 9.1-ci maddəsi nəzərə
alınmaqla, magistr elmi-ixtisas dərəcəsinə və ya
ona bərabər tutulan ali təhsilə
malik olması zəruridir.
17.3.
Yüksəkixtisaslı elmi kadrların hazırlanması
doktoranturalarda (hərbi təhsil müəssisələrində
adyunktura) fəlsəfə doktoru və elmlər doktoru
proqramları üzrə həyata keçirilir. Doktoranturada tamamlanmış elmi tədqiqat işi -
dissertasiya yerinə yetirilməli və müdafiə edilməlidir.
17.4.
Doktorantura yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr
potensialına, zəruri maddi-texniki bazaya və müvafiq
infrastruktura malik olan elmi müəssisə və təşkilatlarda
və ali təhsil müəssisələrində
yaradılır.
17.5.
Doktoranturanın yaradılması, doktoranturaya qəbul, o
cümlədən dissertant kimi təhkim olunma qaydaları, təhsilalma
formaları və təhsil müddəti bu Qanun və “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilir.
17.6.
Doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı
olmayan şəxslərin qəbulu Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə, bu Qanuna və “Təhsil haqqında” Azərbaycan
Respublikası Qanununa uyğun olaraq həyata keçirilir.
17.7. Azərbaycan Respublikasında yüksəkixtisaslı
elmi kadrların hazırlanması dövlət sifarişi və
ya ödənişli əsaslarla həyata keçirilir.
17.8.
Dövlət sifarişi üzrə yüksəkixtisaslı
elmi kadrların hazırlanması dövlət büdcəsinin
vəsaiti hesabına maliyyələşdirilir. Xarici ölkələrin
ali təhsil müəssisələrində
və elmi mərkəzlərində yüksəkixtisaslı
elmi kadr hazırlığı dövlət büdcəsinin vəsaiti
hesabına dövlət sifarişi ilə və ödənişli
əsaslarla həyata keçirilir.
Maddə 18. Elmi dərəcələr və elmi adlar
18.1. Azərbaycan
Respublikasında elmi dərəcələr elmi müəssisələrdə
və ali təhsil müəssisələrində
ali attestasiya orqanı tərəfindən yaradılan
dissertasiya şurasının vəsatəti, elmi adlar isə
elmi müəssisələrin, ali təhsil müəssisələrinin
elmi şuralarının vəsatəti əsasında ali
attestasiya orqanı tərəfindən verilir.
18.2. Azərbaycan
Respublikasında elmi dərəcələrin və elmi
adların verilməsi qaydaları və şərtləri bu
Qanuna və “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
18.3. Azərbaycan
Respublikasında elmi müəssisələrdə və ali təhsil müəssisələrində mədəniyyət,
incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi
və idman sahəsində uzun müddət qüsursuz
çalışan və əhəmiyyətli nailiyyətlər
əldə edən, lakin elmi dərəcəsi olmayan elmi və
pedaqoji kadrlara müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada dosent və professor elmi adları
verilir.
18.4. Elmi
müəssisələr və ali təhsil
müəssisələri fəxri professor (fəxri doktor)
adı vermək hüququna malikdir. Fəxri professor (fəxri
doktor) adının verilməsi qaydaları və şərtləri
elmi müəssisə və ali təhsil
müəssisəsinin nizamnaməsi ilə müəyyən
olunur.
18.5. Elmi
dərəcələr və elmi adlar ömürlük
verilir. Elmi dərəcələrdən və
elmi adlardan məhrumetmə elmi etikanın, müdafiə
prosedurunun pozulduğu və plagiat faktının aşkar
edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada həyata keçirilir.
Maddə 19. Dissertasiya şurası
19.1.
Dissertasiya şurası vahid sistem əsasında, uyğun
ixtisaslar üzrə daimi elmi araşdırmalar aparan, yüksəkixtisaslı
elmi kadr potensialına malik olan elmi müəssisələrdə
və ali təhsil müəssisələrində
yaradılır.
19.2.
Dissertasiya şurasının yaradılması və fəaliyyəti
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
19.3.
Dissertasiya şurası olmayan ixtisaslar üzrə birdəfəlik
dissertasiya şuraları yaradıla bilər. Birdəfəlik
dissertasiya şurası müvafiq elm sahələri üzrə
fəaliyyət göstərən dissertasiya
şurasının bazasında və ya ayrıca yaradılan
birdəfəlik şurada bir və ya bir neçə
dissertasiyanın müdafiəsi üçün nəzərdə
tutulur.
19.4.
Dissertasiya şurasına təqdim edilən dissertasiya işləri
üzrə rəsmi opponentlik haqqı ödənilən əmək
fəaliyyətinə aid edilir və iddiaçının
doktorantı və ya dissertantı olduğu elmi müəssisə
və ali təhsil müəssisəsi tərəfindən
ödənilir.
19.5.
Dissertasiya işinin elmi rəhbəri (elmi məsləhətçisi),
rəsmi opponentlər, aparıcı təşkilat və
dissertasiya şurasının üzvləri dissertasiya
şurasına təqdim edilmiş və müdafiə
olunmuş dissertasiya işinin keyfiyyətinin və elmi
yeniliyinin zəruri tələblərə uyğunluğuna
görə cavabdehdirlər.
Maddə 20. Elmi dərəcələr və elmi adlar haqqında
dövlət sənədi
20.1. Azərbaycan
Respublikasında elmi müəssisənin və ali
təhsil müəssisəsinin doktoranturasını
(dissertantlığını) müvəffəqiyyətlə
bitirən və elmi dərəcəyə layiq görülən
müvafiq elm sahəsi üzrə fəlsəfə
doktorlarına və elmlər doktorlarına vahid formalı
dövlət sənədi - diplom verilir.
20.2. Elmi
müəssisənin və ali təhsil
müəssisəsinin vəsatəti əsasında ali
attestasiya orqanı tərəfindən verilmiş elmi adlara
dair attestatlar həmin müəssisənin elmi və
elmi-pedaqoji kadrlarına aid edilməklə, ölkə ərazisində
fəaliyyət göstərən bütün idarə, müəssisə
və təşkilatlarda tanınır.
20.3. Elmi
dərəcələr və elmi adlar haqqında dövlət
sənədinin verilməsi qaydaları və şərtləri
bu Qanuna, “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa və digər müvafiq
qanunvericilik aktlarına əsasən müəyyən edilir.
20.4.
Xarici ölkələrdə verilmiş elmi dərəcə və
elmi adlara dair sənədlərin tanınması müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
nostrifikasiya və ya təkrar attestasiya əsasında həyata
keçirilir.
4-cü fəsil
ELMİ FƏALİYYƏT
SAHƏSİNİN İDARƏ EDİLMƏSİ
Maddə 21. Elmi müəssisə və təşkilatların idarə
edilməsi
21.1. Təşkilati-hüquqi
formasından və mülkiyyət növündən
asılı olmayaraq, elmi müəssisə və təşkilatlar
bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə
edilir.
21.2. Elmi
müəssisə və təşkilatların idarə edilməsi
aşkarlıq, şəffaflıq, özünüidarə və
elmi yaradıcılıq azadlığı prinsipləri əsasında
həyata keçirilir.
21.3. Elmi
müəssisə və təşkilatlar idarəetmə fəaliyyətini
demokratik əsaslarla həyata keçirmək məqsədilə
özünüidarə orqanları (elmi şura, əlaqələndirici
və himayədarlar şuraları və digər) yaradır. Bu orqanların formalaşdırılması
qaydaları və səlahiyyətləri elmi müəssisə
və təşkilatın nizamnaməsi ilə müəyyən
edilir.
21.4. Elmi
müəssisə və təşkilatların ali
idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura elmi fəaliyyətin bütün istiqamətləri
üzrə həyata keçirilən işləri və
onların nəticələrini müzakirə edir, müvafiq
qərarlar qəbul edir, gələcək inkişaf
planlarını hazırlayır və təsdiq edir.
21.5.
Dövlət elmi müəssisə və təşkilatının
rəhbəri elmi müəssisə və təşkilatın
nizamnaməsinə uyğun olaraq seçilir və ya təyin
edilir.
21.6. Bələdiyyə
və özəl elmi müəssisə və ya təşkilatın
rəhbəri onların təsisçiləri tərəfindən
elmi müəssisə və təşkilatın nizamnaməsinə
uyğun olaraq seçilir və ya təyin edilir.
21.7. Təsisçisi
(təsisçiləri) əcnəbilər, vətəndaşlığı
olmayan şəxslər və ya xarici hüquqi şəxslər
olan elmi müəssisə və təşkilatların elmi
işçilərinin yarıdan çoxunu Azərbaycan
Respublikasının vətəndaşları təşkil etməlidir.
21.8. Təsisçisi
(təsisçiləri) əcnəbilər, vətəndaşlığı
olmayan şəxslər və ya xarici hüquqi şəxslər,
o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin
51 faizindən çoxu əcnəbilərə, vətəndaşlığı
olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə
məxsus elmi müəssisə və təşkilatın rəhbərinin
müavini Azərbaycan Respublikasının vətəndaşı
olmalıdır.
Maddə 22. Elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi
22.1. Elmi
müəssisələrin və ali təhsil
müəssisələrinin elmi tədqiqat fəaliyyətini
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi elmi təşkilat əlaqələndirir və istiqamətləndirir.
22.2. Elmi
müəssisə və təşkilatların həyata
keçirdiyi elmi tədqiqat işlərinin əlaqələndirilməsini
təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən Azərbaycan Respublikası Elmi Tədqiqatların
Əlaqələndirilməsi Şurası yaradılır.
22.3. Elmi
Tədqiqatların Əlaqələndirilməsi
Şurasının əsas vəzifəsi ölkədə
aparılan elmi tədqiqat işlərinin əlaqələndirilməsi
və təkrarçılığın aradan
qaldırılması, müxtəlif elmi strukturların birgə
elmi tədqiqatlara cəlb edilməsi, fundamental və tətbiqi
tədqiqatların, sahələrarası elmi-texniki
proqramların həyata keçirilməsinə nəzarətin
təmin edilməsi, onların nəticəliliyinin və səmərəliliyinin
yüksəldilməsindən ibarətdir.
22.4. Elmi Tədqiqatların Əlaqələndirilməsi
Şurasının fəaliyyəti müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilən əsasnaməyə
uyğun həyata keçirilir.
22.5. Elmi Tədqiqatların Əlaqələndirilməsi
Şurası öz tərkibində elmin əsas istiqamətləri
əsasında elmi problemlər üzrə elmi şuraları
yaradır.
Elmi problemlər üzrə elmi şuraların tərkibi
müvafiq istiqamətlər üzrə fəaliyyət
göstərən elmi müəssisə və təşkilatların
və ali təhsil müəssisələrinin
yüksəkixtisaslı elmi kadrlarından
formalaşdırılır.
22.6. Elmi
problemlər üzrə elmi şuralarda konkret istiqamətlər
üzrə dissertasiya mövzuları müzakirə edilərək
təsdiq edilir, həmin istiqamətlərin aktual hesab edilən
məsələləri müzakirəyə
çıxarılır və qərarlar qəbul olunur. Elmi Tədqiqatların Əlaqələndirilməsi
Şurası ictimai əsaslarla fəaliyyət göstərir.
Maddə 23. Elm, təhsil və iqtisadiyyatın inteqrasiyası
23.1. Elm,
təhsil və iqtisadiyyatın inteqrasiyası elmin təhsil
sahəsi və innovasiyayönümlü istehsalat mühiti ilə
vəhdətinin təmin edilməsi məqsədilə həyata
keçirilir.
23.2. Elm,
təhsil və iqtisadiyyatın inteqrasiyası biliklərə əsaslanan
cəmiyyətin və iqtisadiyyatın yaradılmasına, rəqabətqabiliyyətli
istehsal sahələrinin formalaşmasına və
inkişafına xidmət edir.
23.3. Azərbaycan
Respublikasında elm, təhsil və iqtisadiyyatın
inteqrasiyası aşağıdakı istiqamətlər
üzrə həyata keçirilir:
23.3.1. ölkə ərazisində fəaliyyət
göstərən elmi müəssisələrin və təşkilatların,
ali təhsil müəssisələrinin elmtutumlu istehsal sahələri
və sahibkarlığın birləşməsi əsasında
klasterlərin, xüsusi zonaların, texnopolislərin
yaradılması;
23.3.2. ali təhsil müəssisəsinin müəllim,
tələbə, magistr və doktorantlarının elmi tədqiqat
fəaliyyətinə, elmi müəssisə və təşkilatların
elmi və elmi-texniki kadrlarının müxtəlif formalarda tədris,
tədris-metodiki, elmi tədqiqat, təcrübi-axtarış
işlərinə, magistratura (rezidentura) və doktorantura
proqramlarına fəal cəlb edilməsi;
23.3.3. elmi müəssisə və təşkilatların
ali təhsil müəssisələri ilə birgə elm-tədqiqat
mərkəzlərinin, kafedraların, laboratoriyaların, elmi
texnologiya parklarının, texnoinkubatorların və tədris
klinikalarının yaradılması.
23.4. Elmi
müəssisə və təşkilatlar və ali təhsil müəssisələri
sifarişlər əsasında birgə elmi tədqiqatlar
aparmaq, layihə və proqramlar hazırlamaq, məsləhət
və bu Qanuna uyğun olaraq digər xidmətlər göstərmək
hüququna malikdir.
Maddə 24. Elmi fəaliyyətin tənzimlənməsi və elmi
müəssisənin akkreditasiyası
24.1. Azərbaycan
Respublikasında elmi fəaliyyət bu Qanunda müəyyən
edilmiş prinsiplərə, elmi müəssisələrin və
ali təhsil müəssisəsinin elmi fəaliyyəti
eyni zamanda onların nizamnamələrinə uyğun olaraq tənzimlənir.
24.2.
Ölkənin təhlükəsizliyi, vətəndaşların
sağlamlığı və ətraf mühit
üçün ciddi təhlükə törədə bilən,
milli-mənəvi dəyərlərə, xalqın tarixinə
xələl gətirən elmi tədqiqatların
aparılmasına və ya bu cür elmi nəticələrdən
istifadə olunmasına yol verilmir.
24.3.
Xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin
Azərbaycan Respublikası ərazisində elmi və elmi-texniki
fəaliyyətinə onların Azərbaycan Respublikasında
dövlət qeydiyyatına alındığı halda yol
verilir.
24.4. Elmi
müəssisələrin akkreditasiyası qaydasını
müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Elmi müəssisələrin akkreditasiyası qurumu
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilən əsasnaməyə uyğun olaraq ictimai əsaslarla
fəaliyyət göstərir.
24.5. Elmi
müəssisələrin akkreditasiyası elmi fəaliyyətin
təşkili və idarə edilməsinin, elmi müəssisələrin
maddi-texniki bazasının və infrastrukturunun, elmi
proqramların, elmi tədqiqatların nəticələrinin və
səmərəliliyinin, kadr potensialının, maliyyə
resurslarının normativ hüquqi aktların tələblərinə
uyğunluğunun müəyyən edilməsi məqsədilə
aparılır.
24.6.
Akkreditasiyadan keçən elmi müəssisələrə
akkreditasiya haqqında şəhadətnamə verilir. Akkreditasiyadan
keçə bilməyən elmi müəssisə 3
(üç) il müddətinə təkrar
akkreditasiyadan keçmək hüququna malikdir. Akkreditasiyadan
keçməmək haqqında qərar yalnız məhkəmə
tərəfindən ləğv edilə və ya dəyişdirilə
bilər.
24.7. Elmi
müəssisələr dünya elmi məkanında
tanınmaq və reytinqini yüksəltmək məqsədilə
beynəlxalq akkreditasiyadan keçmək hüququna malikdir.
Maddə 25. Elmi işçilərin, mütəxəssislərin və
elmi xidmət sahəsi işçilərinin attestasiyası
25.1. Elmi
işçilərin attestasiyası elmi müəssisə və
təşkilatlarda aşağıdakı məqsədlərlə
aparılır:
25.1.1. elmi işçilərin peşəkarlıq səviyyəsinin
yoxlanılması;
25.1.2. elmi işçilərin tutduğu vəzifəyə
uyğunluğunun müəyyən edilməsi;
25.1.3. elmi işçilərin qabiliyyətindən
istifadə edilməsi perspektivlərinin aşkar edilməsi və
onların peşəkarlıq səviyyələrinin yüksəldilməsinin
stimullaşdırılması;
25.1.4. elmi işçinin ixtisasının, peşə
hazırlığının yüksəldilməsi
üçün müvafiq tələblərin müəyyən
edilməsi.
25.2. Elmi
işçilərin attestasiyası hər 5 (beş)
ildən bir müddətdə aparılır.
25.3. Elmi
müəssisə və təşkilatların elmi
işçilərinin, mütəxəssislərinin və
elmi xidmət sahəsi işçilərinin attestasiyası
elmi müəssisə və təşkilatların elmi
şuralarının qərarı ilə yaradılan attestasiya
komissiyaları tərəfindən həyata keçirilir.
25.4. Elmi
işçilərin, mütəxəssislərin və elmi
xidmət sahəsi işçilərinin attestasiyası
qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi
ilə müəyyən edilir.
25.5. Elmi
işçilərin, mütəxəssislərin və elmi
xidmət sahəsinin işçilərinin
attestasiyasının nəticələri yalnız məhkəmənin
qərarı ilə ləğv edilə və ya dəyişdirilə
bilər.
Maddə 26. Elmi fəaliyyətin informasiya təminatı
26.1. Elmi
fəaliyyətin subyektləri əldə olunması qanunla məhdudlaşdırılan
informasiya istisna olmaqla, “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, elmi və elmi-texniki informasiyalara sərbəst
çıxış əldə etmək, informasiya mübadiləsini
həyata keçirmək hüququna malikdirlər.
26.2.
Dövlət elmi informasiyanın toplanılmasını, təhlilini,
saxlanılmasını və yayılmasını həyata
keçirən informasiya mərkəzlərinin, fondların və
sistemlərinin yaradılmasına, elmi fəaliyyət subyektlərinin
elm, texnika və innovasiya sahəsində beynəlxalq informasiya
fondları və mərkəzləri ilə əlaqəsinin
qurulmasına, elmi nəticələrin çap olunmasına,
nüfuzlu xarici elmi jurnallar, kitab və digər elmi-texniki
materialların əldə edilməsinə şərait
yaradır.
26.3.
Dövlət elmi irsin toplanılması, saxlanılması,
sistemləşdirilməsi və qorunması məqsədilə
elmi arxivlərin müasir tələblərə uyğun
maddi-texniki baza və infrastrukturunun yaradılmasını təmin
edir və arxiv mənbələrindən, əldə
olunması qanunla məhdudlaşdırılan informasiya
qorunmaqla, istifadə olunmasına təminat verir.
26.4.
Dövlət elmi müəssisə və təşkilatlarının
ləğv edilməsi və ya yenidən təşkili
zamanı onların malik olduğu elmi informasiya bankı Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən
edilmiş qaydada elmi müəssisə və təşkilatın
hüquqi varisinə verilir.
Maddə 27. Elmi və elmi-texniki fəaliyyətin ekspertizası
27.1. Elmi
və elmi-texniki fəaliyyətin ekspertizası ekspertiza obyektlərinin
elmi və elmi-texniki səviyyəsinin tədqiqi, təhlili,
yoxlanılması və qiymətləndirilməsi, bu obyektlər
haqqında müvafiq qərarların qəbul edilməsinin əsaslandırılması
üçün ekspert rəylərinin hazırlanması və
rəsmiləşdirilməsi məqsədilə həyata
keçirilir.
27.2. Elmi
və elmi-texniki fəaliyyətin ekspertizası bu sahədə
təcrübəsi olan ixtisaslı ekspert təşkilatları
və fiziki şəxslər (ekspertlər) tərəfindən aparılır.
27.3. Elmi
və elmi-texniki fəaliyyətin ekspertizası
aşağıdakı hallarda aparılır:
27.3.1. elmi fəaliyyət sahəsində dövlət
siyasəti və elmin inkişafının prioritet istiqamətləri
müəyyən edildikdə;
27.3.2. dövlət büdcəsinin vəsaitləri
hesabına maliyyələşdirilən elmi proqram və layihələr
hazırlandıqda;
27.3.3. elmi proqram və layihələrdə iştirak
etmək üçün müsabiqələr keçirildikdə;
27.3.4. ekspertiza obyektinin (elmi tədqiqat işlərinin,
elmi proqram və layihələrin, elmi əsərlərin,
elmi-metodik vəsaitlərin və digər) müasir
elmi-texniki, texnoloji biliklər və tələblər səviyyəsinə
uyğunluğu və onların iqtisadi
faydalılığı qiymətləndirildikdə;
27.3.5. ekspertiza obyekti olan proqram, layihə və təkliflərin
reallaşdırılmasının elmi-texniki, sosial-iqtisadi və
ekoloji nəticələrinin proqnozlaşdırılması və
istehsalata tətbiqinin elmi cəhətdən əsaslandırılmasında;
27.3.6. ekspertiza obyektinin dövlət maraqlarına
uyğunluğunun, ekoloji, texnoloji və ictimai təhlükəsizliyinin
qiymətləndirilməsində;
27.3.7. mövcud elmi-texniki potensialdan istifadənin təhlili
və səmərəliliyinin qiymətləndirilməsində;
27.3.8. elmi dərəcələr və elmi adlar almaq
üçün təqdim edilmiş dissertasiyaların, elmi əsərlərin,
tədris və elmi-metodiki vəsaitlərin müvafiq tələblərə
uyğunluğunun müəyyən edilməsində;
27.3.9. xarici ölkələrdə verilmiş elmi dərəcə
və elmi adlar haqqında sənədlərin tanınması
(nostrifikasiyası) və ya təkrar attestasiyası
keçirildikdə;
27.3.10. elmi əsərlərin, mühüm elmi nəticələrin
dövlət mükafatlarına və ya beynəlxalq
mükafatlara təqdim olunması;
27.3.11. müvafiq icra hakimiyyəti orqanlarının və
ya məhkəmənin qərarı olduqda.
27.4. Elmi
dərəcələr və elmi adlar almaq üçün təqdim
edilmiş dissertasiyaların və sənədlərin, eləcə
də xarici ölkələrdə verilmiş elmi dərəcə
və elmi adlar haqqında sənədlərin ekspertizası bu
Qanuna və “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq ali attestasiya
orqanı tərəfindən aparılır.
27.5. Elmi
və elmi-texniki fəaliyyətin ekspertizasının nəticələrində
maraqlı olan fiziki və ya hüquqi şəxsin ekspertizada
iştirak etməsinə yol verilmir.
27.6. Elmi
və elmi-texniki fəaliyyətin ekspertizasının nəticələri,
əldə olunması qanunla məhdudlaşdırılan
informasiya qorunmaqla, ictimaiyyətə açıqlanır və
internet resurslarında yerləşdirilir.
Maddə 28. Elmi fəaliyyətin nəticələrindən istifadə
28.1. Elmi
nəticələrin və elmi məhsulun istifadəsi, elmi,
elmi-texniki, mühəndis-məsləhət və digər
xidmətlərin göstərilməsi, o cümlədən
birgə elmi fəaliyyət və gəlirin bölünməsi
elmi müəssisə və təşkilatlarla
sifarişçilər və ya elmi fəaliyyətin nəticələrinin
istehlakçıları arasında bağlanan müqavilələrlə
müəyyən edilir.
28.2. Elmi
müəssisələrə və təşkilatlara, tədqiqat
universitetlərinə fundamental, tətbiqi və eksperimental tədqiqatların
yerinə yetirilməsi məqsədilə sifarişlər
verilə bilər.
28.3.
Sifarişlər əsasında yerinə yetirilən elmi tədqiqatlar
kommersiya və ya qeyri-kommersiya şərtlərinə
uyğun həyata keçirilir və sifarişçi ilə
elmi fəaliyyət subyekti arasında bağlanılan müqavilələrə
əsasən tənzimlənir.
28.4.
Dövlət sifarişləri üzrə yerinə yetirilən
elmi tədqiqatların nəticələri müəlliflik
hüquqları təmin edilməklə, dövlətə məxsusdur.
28.5. Elmi
fəaliyyətdən alınan nəticələrə
sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan
Respublikasının Mülki Məcəlləsi və tərəflər
arasında bağlanmış müqavilələrə əsasən
müəyyən edilir.
28.6.
Dövlət büdcəsinin vəsaitləri hesabına həyata
keçirilən elmi işlərin nəticələri, əqli
mülkiyyət hüququnun, informasiyanın qorunmasını tənzimləyən
normativ hüquqi aktlara zidd deyildirsə, ictimaiyyətə
açıqlanır və internet resurslarında yerləşdirilir.
28.7. Elmin
nailiyyətlərindən istifadə edilməklə
yaradılan istehsal və digər obyektlərin təhlükəsizliyi,
o cümlədən ekoloji təhlükəsizliyi, iqtisadi və
sosial əhəmiyyəti barədə ictimaiyyətə əvvəlcədən
məlumat verilir.
Maddə 29. Elmi etika və əqli mülkiyyət hüququnun
qorunması
29.1. Azərbaycan
Respublikasında əqli mülkiyyət hüququnun
qorunması “Patent haqqında”, “Müəlliflik hüququ və
əlaqəli hüquqlar haqqında”, “Əqli mülkiyyət
hüquqlarının təminatı və piratlığa
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının qanunları və bu Qanunla tənzimlənir.
29.2. Elmi
etika və elmi nəticələrlə bağlı
hüquqların pozulması hallarına
aşağıdakılar aiddir:
29.2.1. nəticənin tədqiqat prosesinə uyğun
gəlməməsi;
29.2.2. alınan nəticənin əsassız olaraq dəyişdirilməsi
və ya təhrif edilməsi;
29.2.3. özgəsinə məxsus mətnin, əsərin,
elmi məhsulun müəllifin icazəsi olmadan və ya
yazılı istinad vermədən istifadəsi;
29.2.4. dublikatlaşdırma və ya eyni mətnin digər
adla təkrar nəşri;
29.2.5. müəlliflərin dəyişdirilməsi və
ya şərikli müəlliflik hüququnun pozulması;
29.2.6. müəlliflik hüququnun pozulması - elmi
plagiat;
29.2.7. elmi əsərdən, ixtira, faydalı model və
sənaye nümunəsindən qeyri-kommersiya məqsədləri
üçün gəlirsiz istifadə halları istisna olmaqla,
icazəsiz istifadə.
29.3. Elmi
etikaya riayət edilməlidir. Əqli mülkiyyət
hüquqlarını pozma cinayət, inzibati və mülki məsuliyyətə
səbəb olur.
Maddə 30. Dövlət elmi müəssisələrinin
özəlləşdirilməsi
30.1.
Dövlət elmi müəssisələri müvafiq icra
hakimiyyəti orqanının qərarı əsasında,
profilini saxlamaq şərti ilə özəlləşdirilməyə
açıq elan oluna bilər.
30.2.
Fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar
aparan dövlət elmi müəssisələri özəlləşdirilə
bilməz.
5-ci fəsil
ELMİ
İŞÇİLƏRİN HÜQUQLARI,
VƏZİFƏLƏRİ VƏ SOSİAL
MÜDAFİƏSİ
Maddə 31. Elmi işçilərin hüquqları
31.1. Elmi
işçilərin hüquqları
aşağıdakılardır:
31.1.1. elmi nəticələrin müəllifi olmaq, əqli
mülkiyyət hüquqlarının tanınması və
qorunması üçün vəsatət qaldırmaq;
31.1.2. müəllifi və ya hüquqi sahibi olduğu
elmi nəticələrin tətbiqindən gəlir əldə
etmək və müəllif qonorarı almaq;
31.1.3. elmi fəaliyyətin obyektiv qiymətləndirilməsinə
nail olmaq, mükafatlar almaq, imtiyazlardan istifadə etmək;
31.1.4. elmi nəticələrə əsaslanaraq elmi dərəcə
və elmi ad almaq üçün müraciət etmək;
31.1.5. elmi konfrans və simpoziumlarda, qurultay və
seminarlarda, digər kollektiv müzakirələrdə
iştirak etmək;
31.1.6. elmi tədqiqatların dövlət büdcəsinin
vəsaitləri və digər qanuni mənbələr
hesabına maliyyələşdirilməsi üzrə
müsabiqələrdə iştirak etmək;
31.1.7. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq, beynəlxalq
elmi əməkdaşlıqda iştirak etmək (xarici ölkələrdə
təcrübə keçmək, elmi nəticələri dərc
etdirmək, birgə elmi tədqiqatlar aparmaq və digər);
31.1.8. insana, cəmiyyətə və ətraf
mühitə mənfi təsir göstərən elmi tədqiqatlarda
iştirak etməkdən əsaslandırılmış şəkildə
imtina etmək;
31.1.9. birgə elmi fəaliyyət barədə
müqavilə bağlamaq;
31.1.10. elmi ixtisas səviyyəsini artırmaq və
müsabiqələrdə iştirak etmək;
31.1.11. ödənişli yaradıcılıq məzuniyyətindən
istifadə etmək;
31.1.12. elmi tədqiqatların aparılması
üçün normal iş şəraiti ilə təmin
olunmaq;
31.1.13. həmkarlar ittifaqlarında, assosiasiyalarda və
digər ictimai birliklərdə təmsil olunmaq;
31.1.14. pedaqoji fəaliyyətlə məşğul
olmaq;
31.1.15. işlədiyi elmi müəssisə və təşkilatın
tədqiqat istiqamətləri çərçivəsində
və özünün elmi maraqlarına uyğun olaraq sərbəst
tədqiqat istiqaməti və metodu seçmək;
31.1.16. qrant almaq və gəlir əldə etmək;
31.1.17. proqram və layihələrin elmi
ekspertizasının aparılmasında, sosial-iqtisadi nəticələrin
proqnozlaşdırılmasında və qiymətləndirilməsində
iştirak etmək;
31.1.18.
“İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, elmi nəticələr
haqqında informasiya əldə etmək, əldə
olunması qanunla məhdudlaşdırılan informasiya istisna
olmaqla, elmi nəticələr haqqında ictimaiyyəti məlumatlandırmaq;
31.1.19. elmi müəssisə və təşkilatlarda
vəzifə tutmaq, seçkili vəzifələrə
seçmək və seçilmək;
31.1.20. bu Qanuna uyğun olaraq digər hüquqları həyata
keçirmək.
31.2. Elmi
işçilərin hüquqları Azərbaycan
Respublikasının Əmək Məcəlləsi, bu Qanun,
elmi müəssisə və təşkilatların nizamnaməsi
və işəgötürənlə elmi işçi
arasında bağlanmış əmək müqaviləsi ilə
müəyyən edilir.
Maddə 32. Elmi işçilərin vəzifələri
32.1. Elmi
işçilərin vəzifələri
aşağıdakılardır:
32.1.1. elmi fəaliyyət sahəsində dövlət
siyasətinin həyata keçirilməsində iştirak etmək;
32.1.2. Azərbaycançılıq
ideyalarını təbliğ etmək, milli-mənəvi və
ümumbəşəri dəyərləri, milli ənənələri
dəstəkləmək və inkişaf etdirmək;
32.1.3. elmi fəaliyyəti həyata keçirərkən
dövlət mənafeyini qorumaq, insanların hüquq və
azadlıqlarına, onların həyatına və
sağlamlığına, habelə ətraf mühitə zərər
vurmamaq;
32.1.4. elmi bilikləri və ölkənin
sosial-iqtisadi və ictimai-mədəni həyatında baş
verən prosesləri və əldə edilən nəticələri
elmi cəhətdən əsaslandıraraq təhlil və təbliğ
etmək;
32.1.5. elmi proqram və layihələrin, elmi nəticələrin,
eksperimental tədqiqatların ekspertizasını obyektiv həyata
keçirmək;
32.1.6. elmi etikaya riayət etmək, plagiata yol verməmək,
yaradıcı, ləyaqətli, məsuliyyətli, müstəqil
və təşəbbüskar olmaq;
32.1.7. daim öz elmi səviyyəsini, bilik və təcrübəsini
yüksəltmək, elmi araşdırmalara yaradıcı
(kreativ) yanaşmaq, innovasiyaları dəstəkləmək,
elmi məqalələr nəşr etdirmək;
32.1.8. attestasiyadan keçmək;
32.1.9. məxfi qrif altında yerinə yetirilən elmi
işlərin mövzu və nəticələrini yaymamaq;
32.1.10. bu Qanuna uyğun olaraq digər vəzifələri
yerinə yetirmək.
32.2. Elmi
işçilərin vəzifələri Azərbaycan
Respublikasının Əmək Məcəlləsi, bu Qanun,
elmi müəssisə və təşkilatların nizamnaməsi
və işəgötürənlə elmi işçi
arasında bağlanmış əmək müqaviləsi ilə
müəyyən edilir.
Maddə 33. Elmi işçilərin sosial müdafiəsi və elmi
fəaliyyətin stimullaşdırılması
33.1.
Dövlət elmin inkişafı, elmi məktəblərin
yaradılması, elmi biliklərin yayılması və
tanıdılması, elmi işçilərin əməyinin
stimullaşdırılması, yaradıcı gənclərin
elmi fəaliyyətə fəal cəlb edilməsi məqsədilə
müxtəlif sosial həvəsləndirmə vasitələrindən
və mexanizmlərindən istifadə olunmasını təmin
edir.
33.2.
Dövlət beynəlxalq və ölkə əhəmiyyətli
elmi forumların, konfrans və simpoziumların, müsabiqələrin,
bilik yarışlarının, olimpiadaların və digər
elmi tədbirlərin, eləcə də tarix, ədəbiyyat
və incəsənət sahəsində nominasiyaların və
təqdimatların təşkilinə şərait yaradır.
33.3.
Dövlət elmi müəssisələrində və təşkilatlarında,
ali təhsil müəssisələrində
çalışan elmi işçilərin vəzifə
(tarif) maaşları və əməkhaqqı onların funksional
vəzifələri, peşə xüsusiyyətləri, elmi dərəcəsi,
elmi adları və iş stajı nəzərə
alınmaqla təyin edilir.
33.4. Elmi
kollektivlərin müvəqqəti üzvləri olan elmi
işçilərin əməyinin ödənilməsi əmək
müqaviləsi əsasında həyata keçirilir.
33.5. Azərbaycan
Respublikasının elmi müəssisə və təşkilatlarında,
ali təhsil
müəssisələrində çalışan əcnəbi alimlərə və tədqiqatçılara əməkhaqqı
əmək müqavilələri əsasında müəyyən
edilir.
33.6. Elmi
işçilərin funksional vəzifələrindən kənar
yerinə yetirdikləri elmi, tədris və təşkilati
işlərin haqqı sifarişçi tərəfindən
ödənilir.
33.7.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi elmi təşkilatın həqiqi və müxbir üzvlərinə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunan məbləğdə aylıq rütbə
maaşları verilir.
33.8. Elmi
və elmi-pedaqoji fəaliyyət sahəsində
çalışan elmi dərəcəsi və elmi adı
olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə
və elmi adlara görə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunan məbləğdə
əlavələr ödənilir.
33.9.
Dövlət mənzil şəraitinin
yaxşılaşdırılmasına ehtiyacı olan elmi
işçilərin, o cümlədən gənc alimlərin
mənzil və ya torpaq sahəsi ilə təmin olunması və
güzəştli ipoteka kreditlərindən istifadə etməsi
üçün şərait yaradır.
33.10.
Dövlət doktorantların təhsil haqlarının və təhsillə
bağlı digər xərclərinin ödənilməsinə
uzunmüddətli və güzəştli kreditlər verilməsini
təmin edir və təhsilalanın əmək fəaliyyətinə
başladıqdan sonra kredit borclarını ödəmə
mexanizmini müəyyənləşdirir və həyata
keçirilməsinə şərait yaradır.
33.11.
Dövlət elmi tədqiqat, təcrübi-sınaq işlərinin
aparılması, xarici ölkələrin nüfuzlu universitetlərində
və elmi mərkəzlərində doktorantura təhsilinin
maliyyələşdirilməsi, ixtisasartırma, stajkeçmə,
beynəlxalq təcrübənin öyrənilməsi və
digər məqsədlər üçün qrantlar
ayrılmasını təmin edir.
33.12. Elmi
müəssisələrdə və ali təhsil
müəssisələrində çalışan elmi
işçilərə və doktorantlara Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq ödənişli yaradıcılıq məzuniyyəti
verilir.
33.13. Elmi
müəssisələr və ali təhsil
müəssisələri büdcədənkənar vəsaitləri
hesabına elmi işçilərin və digər əməkdaşların
əməkhaqlarına əlavələr və sosial təminatlar
(tibbi xidmət, istirahət və digər) müəyyən
etmək hüququna malikdir.
33.14. Elm
sahəsində göstərdikləri xidmətlərə və
əldə etdikləri yüksək nailiyyətlərə
görə elmi işçilərə fərdi təqaüdlər,
müavinətlər, dövlət mükafatları, dövlət
təltifləri, fəxri adlar, elmi müəssisə və təşkilatların
təsis etdiyi mükafatlar və fəxri fərmanlar verilir.
33.15. Təsir
gücünə (impakt faktoruna) malik olan, istinad indeksli
jurnallarda çap olunan hər bir elmi məqaləyə
görə müəllifə (müəlliflərə)
işlədiyi elmi müəssisə və təşkilatın
və ya ali təhsil müəssisəsinin,
eləcə də elm və innovasiya fondlarının vəsaitləri
hesabına birdəfəlik mükafat (qonorar) verilir. Bu
jurnalların siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən hər il
dövri mətbuatda dərc edilir və internet resurslarında
yerləşdirilir.
33.16. Elmi
əsərlərinə beynəlxalq miqyasda daha çox istinad
edilən müəlliflər çalışdığı
müəssisə tərəfindən daxili imkanlar hesabına
peşəkar fəaliyyət və xidmətlərinə
görə mükafatlandırılır.
6-cı fəsil
ELMİ FƏALİYYƏTİN
İQTİSADİYYATI
Maddə 34. Elmi fəaliyyətin maliyyələşdirilməsi
34.1. Elmi
və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi
dövlət büdcəsinin vəsaiti, elmi fəaliyyət
subyektlərinin öz vəsaitləri, dövlət
fondlarının vəsaitləri, kreditlər, qrantlar, ianələr
və digər qanuni mənbələr hesabına həyata
keçirilir.
34.2. Elmi
və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi
elmi müəssisə və təşkilatların beynəlxalq
təşkilatlardan, maliyyə qurumlarından və fondlardan
müqavilə, müsabiqə və qrantlar əsasında cəlb
etdikləri, həmçinin elmi məhsul və xidmətlərin
satışından daxil olan vəsaitlər hesabına da həyata
keçirilə bilər.
34.3. Elmi
fəaliyyətin maliyyələşdirilməsi
üçün dövlət büdcəsindən ayrılan
vəsaitlər elmi fəaliyyətin davamlı
inkişafını, mövcud elmi potensialın qorunması və
inkişaf etdirilməsini, dövlət maraqları əsasında
ictimai-siyasi, milli-mənəvi, sosial-iqtisadi və elmi-texniki
problemlərin tədqiqini (həllini) və qarşıya
qoyulan digər vəzifələrin həyata keçirilməsini
təmin edir.
34.4.
Dövlət büdcəsi hesabına elmi və elmi-texniki fəaliyyətin
maliyyələşdirilməsi aşağıdakı
formalarda həyata keçirilir:
34.4.1. baza maliyyələşdirilməsi;
34.4.2. proqram məqsədli maliyyələşdirmə;
34.4.3. qrant maliyyələşdirilməsi.
34.5. Elmi
və elmi-texniki fəaliyyətin subyektləri ilə
müvafiq icra hakimiyyəti orqanları, aidiyyəti qurumlar
arasında elmi və elmi-texniki layihə, qrant və ya
proqramların reallaşdırılması üzrə
münasibətlər müqavilə əsasında tənzimlənir
və bu müqavilələrin icra müddəti üç
ildən çox olmamalıdır.
34.6. Elmi
müəssisə və təşkilatlar əldə etdikləri
büdcədənkənar vəsaitlərdən maddi-texniki
bazanın gücləndirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi,
işçilərin maddi həvəsləndirilməsi və
digər məqsədlər üçün sərbəst
istifadə etmək hüququna malikdir.
Maddə 35. Elmi fəaliyyətin baza maliyyələşdirilməsi
35.1. Elmi
fəaliyyətin baza maliyyələşdirilməsinin subyektləri
dövlət elmi müəssisə və təşkilatları,
dövlət ali təhsil müəssisələrinin
elmi tədqiqat institutları və laboratoriyaları, elmi fəaliyyət
üzrə dövlət sifarişlərini yerinə yetirən
digər elmi müəssisələrdir.
35.2. Baza
maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə
və təşkilatların siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
35.3. Baza
maliyyələşdirilməsi fundamental elmi tədqiqatların,
dövlət əhəmiyyətli, o cümlədən milli təhlükəsizlik
və müdafiə əhəmiyyətli elmi tədqiqatların
aparılmasını,
mühüm elmi
obyektlərin qorunmasını, yüksəkixtisaslı
elmi kadrların hazırlanmasını təmin edir.
35.4. Baza
maliyyələşdirilməsi dövlət elmi müəssisə
və təşkilatlarının, dövlət ali təhsil
müəssisələrinin elmi tədqiqat institutları və
laboratoriyalarının əmlakının, o cümlədən
binaların saxlanılması, elmi infrastrukturların
inkişafı, müasir avadanlıqlar və digər zəruri
vasitələrlə təchiz olunması, elmi işçilərin,
inzibati və xidməti heyətin əməyinin ödənilməsi,
elmi tədqiqatların nəticələrinin nəşri və
yayılması, elmi-texniki fəaliyyətin informasiya təminatı
üzrə xərclərini əhatə edir.
Maddə 36. Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi
36.1. Elmi
fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi
strateji cəhətdən vacib olan dövlət əhəmiyyətli
elmi işlərin aparılmasına yönəldilməklə
müsabiqə əsasında və ya müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə müsabiqədənkənar
qaydada həyata keçirilir.
36.2.
Mülkiyyət növündən asılı olmayaraq
bütün elmi fəaliyyət subyektləri və onların
müvafiq strukturları proqram məqsədli maliyyələşdirmə
üzrə müsabiqədə iştirak zamanı bərabər
hüquqlara malikdir.
36.3. Elmi
fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi
üzrə müsabiqələrin keçirilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir və onların nəticələri
haqqında məlumatlar dövri mətbuatda və səlahiyyətli
orqanların internet resurslarında yerləşdirilir.
36.4. Məqsədli
elmi və ya elmi-texniki proqramlar üzrə müsabiqənin
qalibləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yaradılan ekspert komissiyaları tərəfindən müəyyən
edilir və müsabiqəni elan edən tərəfindən təsdiq
edilir.
36.5. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
irəli gələrək, beynəlxalq və sahələrarası
müqavilələr əsasında formalaşan və həyata
keçirilən məqsədli elmi proqramların maliyyələşdirilməsi
iştirak qaydasında və tərəflər
üçün nəzərdə tutulan pay
bölgüsünə uyğun olaraq həyata keçirilir.
36.6.
Konkret elmi proqram və layihələrin məqsədli maliyyələşdirilməsi
baza maliyyələşdirilməsi ilə əlaqələndirilmiş
formada həyata keçirilir.
Maddə 37. Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi
37.1. Qrant
maliyyələşdirilməsi elmi tədqiqatların
stimullaşdırılması və səmərəliliyinin
artırılması, elmi-texniki potensialın səviyyəsinin,
elmi müəssisə və təşkilatların və ali təhsil müəssisələrinin, eləcə
də alim və tədqiqatçıların rəqabət
qabiliyyətinin yüksəldilməsi məqsədilə həyata
keçirilir.
37.2.
Dövlət vəsaiti hesabına qrant maliyyələşdirilməsinin
əsas istiqamətləri və həcmi elmin
inkişafının prioritet istiqamətlərinə uyğun
olaraq müəyyən edilir.
37.3. Qrant
almış elmi müəssisə və təşkilatların,
layihə rəhbərlərinin layihələrin idarə edilməsində
müstəsna hüquqları təmin edilir.
37.4. Elmi
fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə
müsabiqələrin keçirilməsi qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir və onların nəticələri haqqında məlumatlar
dövri mətbuatda və internet resurslarında yerləşdirilir.
37.5.
Dövlət elmi müəssisələri beynəlxalq təşkilatlardan,
fondlar və digər maliyyə qurumlarından, elmi-texniki məhsul
və xidmətlər bazarlarından müsabiqə və
müqavilələr əsasında cəlb etdikləri
qrantlara görə məsuliyyət daşıyır.
Maddə 38. Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti
38.1. Elmi
müəssisələrin və ali təhsil
müəssisələrinin elmi qurumları iqtisadi və sosial
səmərə əldə etmək məqsədi ilə elmi
tədqiqat və təcrübə-konstruktor işləri
hesabına və onların nəticələrinin tətbiqi əsasında
yeni və ya təkmilləşdirilmiş məhsullar əldə
etmək, texnoloji prosesləri yenidən qurmaq və istiqamətləndirmək
- innovasiya fəaliyyəti ilə məşğul olmaq
hüququna malikdirlər.
38.2. Elmi
müəssisələrin və ali təhsil
müəssisələrinin elmi işçilərinin və
mütəxəssislərinin innovasiya fəaliyyətinin nəticələri
elmi ekspertizadan keçirilir və innovasiya fəaliyyətinin
daşıyıcısı olan şəxs
stimullaşdırılır.
38.3. Elmi
müəssisələrin innovasiya fəaliyyəti ölkədə
elmlə istehsalat sahələrinin, elmi işçilərlə
sahibkarlıq subyektlərinin əlaqələrinin möhkəmləndirilməsinə
və elmtutumlu layihələrin işlənib
hazırlanmasına, rəqabətqabiliyyətli elmi-texnoloji
inkişafın təmin olunmasına xidmət edir.
38.4.
Dövlət elmi müəssisələrin və təşkilatların
innovasiya və istehsal fəaliyyətinin genişləndirilməsi
məqsədi ilə yerli və xarici investisiyaların cəlb
edilməsinə əlverişli şərait yaradır.
38.5. Elmi
müəssisələrin və ali təhsil
müəssisələrinin elmi işçiləri və
mütəxəssisləri ölkə daxilində və xarici
ölkələrdə elmi innovasiya və elmi fəaliyyət
məqsədli sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq hüququna malikdirlər.
38.6. Elmi
müəssisələrdə və ali təhsil
müəssisələrində ölkədə rəqabətqabiliyyətli
inkişafın formalaşdırılması məqsədi ilə
innovasiya təşəbbüsləri əsasında yüksək
texnologiyalara əsaslanan təcrübə-sınaq xarakterli sənaye
müəssisələri, təsərrüfat sahələri,
alternativ enerji stansiyaları, elmi-informasiya, texnoloji və
ekspertiza mərkəzləri yaradıla bilər.
38.7. Elmi
işçilər elmi informasiya, innovasiya və elmi ekspertiza
xidməti ilə məşğul olurlar.
38.8. Elmi
müəssisələrin və ali təhsil
müəssisəsinin elmi işçilərinin və mütəxəssislərinin
öz səmərəliləşdirici təkliflərini,
ixtiralarını və patentlərini bazara, auksiona
çıxarmaq, müsabiqələrə təqdim etmək,
istehsalatda tətbiq edilmək üçün müqavilələr
bağlamaq hüququ vardır.
38.9. Elmi
müəssisələrin və ali təhsil
müəssisələrinin işçiləri
çalışdıqları təşkilatın istehsalat və
digər sahələrində elmi fəaliyyət məqsədli
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq
hüququna malikdirlər.
38.10. Elmi
tədqiqat işlərinin nəticələrinin, səmərələşdirici
təkliflərin, ixtiraların istehsalata tətbiqindən əldə olunan gəlirlərdən,
müqaviləyə uyğun olaraq, elmi müəssisələrə
və elmi işçilərə haqq ödənilir.
38.11. Elmi
tədqiqatların nəticələrinin, səmərələşdirici
təkliflərin və ixtiraların tətbiqinə görə
fərqlənən, elmin inkişafına dəstək verən
müəssisə və təşkilatların fəaliyyəti
təbliğ edilir.
38.12. Azərbaycan
Respublikasında elmi araşdırmaların keyfiyyətini və
səmərəliliyini yüksəltmək, ölkənin elmi
potensialını və innovasiya imkanlarını genişləndirmək,
alim və tədqiqatçıların elmi fəaliyyətlərini
stimullaşdırmaq, beynəlxalq təcrübəni öyrənmək,
müxtəlif elmi tədbirlərin təşkili üzrə
layihələri dəstəkləmək məqsədi ilə
elm, təhsil və innovasiya fondları yaradıla bilər.
38.13. Elm
və innovasiya fondları elmi müəssisə və təşkilatlar və
elmi fəaliyyətlə məşğul olan digər
hüquqi və fiziki şəxslər tərəfindən təqdim
edilən mühüm dövlət və cəmiyyət əhəmiyyətli
fundamental, tətbiqi və innovasiya xarakterli elmi proqram və
layihələrin ünvanlı maliyyələşdirilməsini
həyata keçirir.
38.14. Elm
və innovasiya fondlarının maliyyələşdirilməsi
mənbələri, proqram və layihələrin seçilməsi,
ekspertizası, müsabiqələrin təşkili,
qrantların alınması və vəsaitlərindən
istifadə olunması qaydaları həmin fondların nizamnaməsi
ilə müəyyən edilir.
38.15. Elmi
müəssisələrdə və ali təhsil
müəssisələrinin elmi qurumlarında
çalışan elmi işçilərin elmi innovasiya və
elmi fəaliyyət məqsədli sahibkarlıq fəaliyyətinin
nəticələri onların vəzifəyə seçilməsində
və ya təyin olunmasında nəzərə alınır.
38.16. Elmi
müəssisə və təşkilatlar, elm və innovasiya
fondları (eləcə də xarici tərəfdaşların
birgə müqavilələri əsasında) Azərbaycan
Respublikasına elmi tədqiqatlar aparmaq və qrant layihələrində
istifadə olunmaq məqsədi ilə elmi avadanlıq, cihaz, qurğu,
dəzgah, reaktiv və elmi fəaliyyət məqsədli digər
vasitələrin gətirilməsi zamanı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş güzəşt və imtiyazlardan istifadə edirlər.
7-ci fəsil
YEKUN MÜDDƏALAR
Maddə 39. Elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq
39.1. Elm sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
39.2. Elmi fəaliyyətin subyektləri dövriyyəsi qanunla qadağan olunmayan elmi nəticələrin və elmi məhsulların ölkə daxilində və xarici bazarlarda alqı-satqısını sərbəst həyata keçirmək hüququna malikdir.
39.3. Elmi fəaliyyətin subyektləri xarici ölkələrin elm və təhsil müəssisələri, beynəlxalq təşkilatlar və fondlarla əlaqələr yaradır, əməkdaşlıq haqqında müqavilələr bağlayır, elm sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına üzv olur, beynəlxalq elmi və elmi-texniki proqram və layihələrdə iştirak edir.
39.4. Elmi fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq beynəlxalq səviyyəli birgə layihələrin hazırlanması, fundamental və tətbiqi elmi tədqiqatların və layihə-konstruktor işlərinin təşkili, elmi-praktik forum, konfrans, simpozium, seminar, dəyirmi masa və digər elmi tədbirlərin keçirilməsi, magistr, doktorant, müəllim və elmi işçilərin mübadiləsi, müəlliflik hüququnun qorunması tədbirləri ilə həyata keçirilir.
39.5. Elmi müəssisə və təşkilatlar beynəlxalq əməkdaşlığı genişləndirmək və elmi fəaliyyətin keyfiyyətini yüksəltmək məqsədi ilə xarici tərəfdaşlarla ölkə daxilində və xarici dövlətlərdə müştərək struktur bölmələri (elmi mərkəzlər, filiallar, laboratoriyalar, texnoparklar və digər) yaratmaq hüququna malikdir.
39.6. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında doktorantura səviyyəsində təhsil alması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə elm və təhsil müəssisələri ilə bağlanan müqavilələr əsasında həyata keçirilir.
39.7. Elm sahəsinin inkişafına və elmi tədqiqatlara xarici investisiya qoyuluşu “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Maddə 40.
Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyun 2016-cı il
Azərbaycan 2016.- 11 avqust.- S.7, 8,
9.