Özünü maliyyələşdirən şəhər və rayonların sayı 5 dəfə artır

 

34 inzibati subyekt dövlətdən dotasiya almayacaq

 

Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi layihəsində diqqəti çəkən əsas məqamlardan biri dotasiya almayan şəhər və rayonların sayının artmasıdır. Bu məsələ daim Milli Məclisdə dövlət büdcəsinin müzakirələri zamanı qaldırılır, o cümlədən iqtisadçı ekspertlər tərəfindən regionların daxili imkanları hesabına özlərini maliyyələşdirmələrinin vacibliyi, büdcənin yükünün azaldılması vurğulanırdı. Xatırladaq ki, bu il və ötən il 7 şəhər və rayon dövlət büdcəsindən dotasiya almayıb. Gələn il isə belə şəhər və rayonların sayı 34-ə çatacaq.

 

İslahatlar bəhrəsini verir

 

Prezident İlham Əliyevin respublikamızın rayon və şəhərlərinin iqtisadi inkişafı üçün yorulmadan həyata keçirdiyi və tək bugünə deyil, gələcəyə hesablanmış tədbirlər, həmçinin bu kontekstdə hökumətin qarşısında qoyduğu vəzifələrin davamlı və uğurlu icrası artıq müsbət nəticələrini verməkdədir. Söhbət ilk növbədə məhz regionların inkişafı istiqamətində əldə olunan nailiyyətlərdən gedir.

Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri iqtisadiyyatda qazanılan uğurların miqyasını daha da genişləndirmək, o cümlədən regionları sosial-iqtisadi baxımdan inkişaf etdirməkdir. Bu hədəflərə çatmaq üçün isə regionlarda mövcud potensialdan istifadənin səmərəsini artırmaq, iqtisadiyyatın və sənayenin ayrı-ayrı sahələrinin, aqrar sektorun, turizmin tərəqqisini təmin etmək, bir sözlə, kompleks inkişafa nail olmaq əsas vəzifələrdir. Bu istiqamətdə həyata keçirilən hər bir dövlət proqramı regionların inkişafında yeni mərhələnin başlanğıcını qoyub, mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, kənd təsərrüfatının inkişafına yol açıb. Beləliklə, ötən 12 ildə ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilib, iqtisadiyyatın diversifikasiyası təmin olunub.

Xüsusilə qeyd etməliyik ki, əldə olunan uğurlar müxtəlif amillərlə yanaşı, sahibkarlığın dəstəklənməsi sayəsində mümkün olub. Ona görə bu gün Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi aydın hiss olunur. Bütövlükdə ötən 12 ildə sahibkarlığın inkişafına güzəştli şərtlərlə 1,7 milyard manatdan çox kredit verilib, Azərbaycana 200 milyard manat sərmayə qoyulub. Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni zavod və fabriklərin istifadəyə verilməsi sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır. Bu mənada indiyədək dotasiya almayan şəhər və rayonların siyahısına baxsaq, görərik ki, bu bölgələr daha çox sənayeləşmiş zonalardır. Məsələn, ölkədə fəaliyyət göstərən əsas sənaye müəssisələri Bakı, Sumqayıt və Mingəçevirdə cəmləşib.

O cümlədən, dövlətin aqrar sahənin inkişafına diqqəti davamlıdır. Odur ki, əldə olunan müsbət makroiqtisadi göstəricilərdə kənd təsərrüfatının öz payı var. Həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən edib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, vergilərdən azad edilmişlər. Fermersahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar ayırır. Bunların nəticəsi olaraq həyata keçirilən tədbirlər aqrar sahədə sahibkarlar üçün əlverişli fəaliyyət mühitinin yaradılmasına, fermerlərin dövlət qayğısı ilə əhatə olunmasına, onların gəlirinin artırılmasına və rəqabətədavamlı kənd təsərrüfatı məhsulları istehsalının artımına yol açıb. Abşeronda və İmişlidə isə sənaye sahələri ilə yanaşı, aqrar sferada da uğurlu nəticələr var. Təhlillər onu göstərir ki, bu rayonlardan toplanan vergilər onların öz büdcələrinin formalaşmasında əsas rol oynayır. Ona görə bu şəhər və rayonların artıq neçə ildir ki, dövlətin dotasiyasına ehtiyacı yoxdur.

 

Regionlar özləri bütün xərclərini ödəyə bilərlər

 

2 ildir dünya bazarlarında neftin qiymətinin ucuzlaşması və digər qlobal iqtisadi proseslərdən yaranan çətinliklər regionların daxili imkanlar hesabına maliyyələşməsini daha da aktuallaşdırır. Hələ 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyev bu barədə demişdi: “Hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir. Buna imkanlar var. Ancaq bizim əksər rayonlarımız dotasiya ilə yaşayır. Əvvəlki illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik. Böyük gəlirlərimiz var idibu dotasiyaları biz verirdik. Ancaqüçün bizim rayonlarımız dotasiya ilə işləməlidirlər? Bizim rayonlarımızın orta hesabla əhalisi o qədər də böyük deyil. Onlar özləri iqtisadi cəhətdən daha səmərəli işləsələr, bütün xərclərini bağlaya bilərlər”.

Məhz yeni iqtisadi şəraitlə əlaqədar hazırda qarşıda duran vəzifələrdən biri büdcə xərclərinin səmərəliliyinin artırılması və optimallaşdırılmasıdır. Bu sırada artıq neçə ildir ki, qarşıya qoyulan vəzifə şəhər və rayonların dövlət büdcəsindən maliyyələşməsinin azaldılması və tədricən dayandırılmasıdır.

Fərəhli haldır ki, gələn ilin dövlət büdcəsinin layihəsi ilə tanışlıq dotasiyadan imtina edən şəhər və rayonların sayının artdığını göstərir. Büdcə layihəsinə əsasən, 2017-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 9,9 faiz təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə 706,5 milyon manatya 91,2 faiz azdır. Beləliklə, yerli gəlirləri hesabına büdcəsini təmin edən rayon və şəhərlərin sayı təxminən 5 dəfə artıb. Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı, Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları da 2017-ci ildən xərclərini öz gəlirləri hesabına təmin edəcəklər.

Dotasiyanın azaldılması üçün istehsal sektorunun inkişafı lazımdır. Çünki şəhər və rayonların iqtisadi səmərəliliyinin artırılması son nəticədə onların büdcədən asılılığının azaldılmasına gətirib çıxarır, yerli gəlirlərin çoxalması dotasiyanın verilməsinin qarşısını alır. Gələn il üçün büdcədən dotasiya alan rayonların sayının xeyli azalması göstərir ki, bütün bölgələrin özünümaliyyələşdirmə prinsipləri əsasında yaşaması mümkündür. Bunun üçün sadəcə hər bir şəhər və rayon özünün potensial imkanlarından düzgün yararlanmalıdır. Əgər neçə ildir ki, İmişliAbşeron rayonları dotasiyadan imtina etməyə nail olubsa, digər rayonların da öz hesabına yaşaması tamamilə mümkündür. Neftin qiymətinin aşağı düşdüyü və xərclərin optimallaşdırılmasının vacib olduğu indiki şəraitdə isə rayonlar buna daha tez nail olmalıdırlar.

Azərbaycanın bütün şəhər və rayonlarının özünəməxsus iqtisadi potensialı, təbii imkanları, ən əsası, ölkədə əlverişli biznes mühiti var. Ona görə hər birinin dotasiyadan azad olması mümkündür. Təbii ki, bütün regionların dövlət büdcəsi dotasiyasından imtina etməsi üçün zaman lazımdır. Bu mənada mövcud iqtisadi siyasət imkan verir ki, bütün şəhər və rayonlarımız tam olaraq özünümaliyyələşdirmə sisteminə keçsin. Vaxtilə yalnız Bakının dotasiya almadığını, gələn il isə öz yerli xərcləri hesabına maliyyələşən şəhər və rayonların sayının 34-ə çatacağını nəzərə alsaq görərik ki, bu sahədə qarşıya qoyulan məqsədlər reallaşır.

Dotasiya almayacaq şəhər və rayonların sırasına daha 27-nin əlavə olunması ondan xəbər verir ki, regionlarda inkişaf davamlıdır. Məhz regional inkişaf strategiyasının uğurlu nəticələr verməsi büdcə dotasiyalarının həcmini azaldıb. Bu da, öz növbəsində, imkan verir ki, həmin vəsaitlər ölkənin inkişafı ilə bağlı digər istiqamətlərə yönəldilsin.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2016.- 1 dekrbar.- S. 1.