XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya
və İnformasiya Texnologiyaları sərgisində
dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edir
Prezident İlham Əliyev sərgi ilə
tanış olub
Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - “Bakutel-2016” ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verdi.
Bildirildi ki, sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edir. Builki sərgidə 9 ölkə - Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland, Sloveniya, Türkiyə və Xorvatiya mili stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edir. Sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 30 faizini təşkil edir.
Dövlətimizin başçısına Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumların və müəssisələrin stendlərinin cəmləşdiyi ümumi pavilyon barədə məlumat verildi. Qeyd edildi ki, 2012-ci ildən fəaliyyətə başlayan “Elektron hökumət” portalı artıq özündə 89 qurumun elektron xidmətlərini birləşdirir. Hazırda portal vasitəsilə 418 növ elektron xidmət göstərilir. İndiyə qədər “Elektron hökumət” portalı vasitəsilə müraciət edənlərin sayı 34 milyonu ötüb. Ümumi xidmətlərə müraciət sayının 46 faizi bu ilin 11 ayında qeydə alınıb. Gündəlik müraciətlərin sayı isə 50 mindən çoxdur. Artıq mobil telefon vasitəsilə də portalda olan xidmətlərdən istifadə etmək mümkündür. Portalın elektron ödəmə sistemi də yaradılıb. Bu günədək 100 mindən artıq “elektron imza” istifadəyə verilib və yaxın müddətdə hər bir vətəndaşa təqdim ediləcək yeni nəsil şəxsiyyət vəsiqəsi elektron imza sertifikatı ilə təmin olunacaq.
Sonra Prezident İlham Əliyevə ölkəmizə məxsus ilk regional Data Mərkəzi barədə məlumat verildi.
Bildirildi ki, TIER III beynəlxalq sertifikatlı müasir dünya standartlarına cavab verən yeni yaradılmış “bulud” texnologiyası əsasında regionda ilk olan Data Mərkəzi artıq istismara tam hazırdır. Mərkəzin istifadəyə verilməsini şərtləndirən sertifikatlaşdırma prosesi uğurla tamamlanıb. Data Mərkəzi Azərbaycanda İKT sahəsinin inkişafını, həm də ölkənin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək, innovasiyaya şərait yaradacaq və dövrümüzün ən müasir texnologiyası hesab olunan bulud texnologiyalarının dövlət və özəl sektora inteqrasiyasına təkan verəcək.
Burada rabitə və telekommunikasiya sahəsində həyata keçirilən işlər barədə də geniş məlumat verilir.
Qeyd olundu ki, respublika üzrə magistral və lokal şəbəkənin müasir standartlarla yenidən qurulması üçün “Milli genişzolaqlı şəbəkə” layihəsinin icrasına başlanıb. Layihə çərçivəsində 8 min 150 kilometr magistral və 70 min kilometrə qədər abunə xətlərinin çəkilməsi və nəticədə 1600-dək yaşayış məntəqəsinin yeni nəsil İP şəbəkəsinə qoşulması planlaşdırılır ki, bu da hər kəsin genişzolaqlı internet xidmətlərindən istifadə edə bilməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.
Yeni yaradılan “Şəbəkə” xidmət mərkəzlərinin stendində məlumat verildi ki, rabitə xidmətlərinin bir mərkəzdən göstərilməsi məqsədilə ilk olaraq Bakı şəhərində çoxfunksiyalı xidmət mərkəzlərinin qurulması üzrə işlərə başlanılıb. Bu şəbəkə vasitəsilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən bütün xidmətlərin vahid mərkəzdən göstərilməsi planlaşdırılır ki, bununla da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən istifadəsinə geniş imkanlar yaradılacaq, həmin xidmətlərdən istifadə zamanı vaxt itkisinin qarşısı alınacaq.
Sonra dövlətimizin başçısına innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara göstərilən dəstək və yaradılan şərait barədə məlumat verildi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi qrant müsabiqələrinə ümumilikdə 600-ə yaxın innovativ və tətbiqi elmi-texniki layihə təqdim olunub ki, onlardan da 100-nə qrant ayrılıb. Qrant alan startapçıların bir çoxu sərgidə öz məhsul və xidmətlərini təqdim edirlər.
“Azerkosmos” ASC-nin stendi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, ölkəmizin ilk telekommunikasiya peyki olan “Azerspace-1” üzərindən 44 televiziya və 14 radio kanalı yayımlanır. 2013-cü ilin iyunundan etibarən kommersiya fəaliyyətinə başlayan “Azerspace-1” vasitəsilə dünyanın 18 ölkəsindəki müştəri bazası ilə peykin tutumlarının 75 faizinin ödənişli əsaslarla satışına nail olunub. Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın yerüstü avadanlığı Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində quraşdırılıb. Yeni yerüstü stansiya peykdən təsvirlərin daha sürətli və etibarlı şəkildə birbaşa alınmasını mümkün edib. Bu ilin sentyabrından “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” peyki də tamamilə yerli mütəxəssislər tərəfindən idarə olunur. Artıq ölkəmizdəki bir sıra dövlət orqanları və özəl qurumlar ilə peyk təsvirlərinin satışına dair müqavilələr imzalanıb, yerli bazarla yanaşı, xaricdə satışların artırılması məqsədilə intensiv danışıqlar aparılır. Bildirildi ki, ikinci telekommunikasiya peyki “Azerspace-2”nin SSL şirkəti tərəfindən istehsalı və “Ariannespace” şirkəti tərəfindən orbitə çıxarılması üzrə müqavilələr imzalanıb.
Prezident İlham Əliyev “Azərpoçt”un stendinə də baxdı. Bu qurumun 2 ofisi “Şəbəkə” üçün rekonstruksiya edilib və bu mərkəzlərdə istifadə olunan bütün proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb. Telekommunikasiya və poçt xidmətlərindən başqa, aviabiletlərin satışının təşkilinin də nəzərdə tutulduğu bu mərkəzlərdə vətəndaşlara yüksək xidmət göstərilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi ilə tanışlıq zamanı dövlətimizin başçısına daxili və xarici işıqlanma üçün texnologiya əsasında LED lampalarının yandırılması, pilot layihələrin həyata keçirilməsi, işıq parametrlərinin, həmçinin marketinq parametrlərinin təyin edilməsi, ayda 1500-2000 LED lampası hazırlamağa imkan verən istehsal sahəsinin yaradılması, Azərbaycanda və xüsusən Bakı şəhərində işıqlanma sistemlərində istifadə olunan mövcud lampaların işıq korpuslarını dəyişmədən daha qənaətcil və ekoloji təmiz LED işıqlanma sistemləri ilə əvəzlənməsi istiqamətində görüləcək işlər barədə məlumat verildi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yerli startapçılar tərəfindən hazırlanan məhsullara da baxdılar. “Made in Azerbaijan” brendi altında İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçıların yaratdıqları oyunlar ölkəmizdə və xaricdə uğur qazanan, yüksək keyfiyyətli qrafik oyunlardır. Bu məhsullar arasında Bakı Treki və müxtəlif səviyyəli innovativ oyunlar maraqla qarşılanır.
Dövlətimizin başçısı sərgidə İranın stendi ilə də tanış oldu. İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Prezident İlham Əliyevə sərgidə iştirak edən şirkətlər və onların məhsulları barədə məlumat verdi. Bildirildi ki, burada İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə 8 şirkət iştirak edir. Bu şirkətlər mobil və stasionar telefonlar, internet xidmətləri, həmçinin İKT avadanlıqları üçün müxtəlif qurğular təqdim edirlər. Stenddə, həmçinin İKT ilə bağlı digər məhsullar da nümayiş olunur.
Sərginin iştirakçıları
arasında Fransa da var. Fransanın stendində üç şirkətlə yanaşı,
Bakı-Fransız Liseyi,
Azərbaycanda Fransız
İnstitutu, UFAZ Azərbaycan-Fransız
Universiteti təmsil olunur. Fransanın şirkətləri əsasən bir çox sahələrdə,
o cümlədən biznes
sahəsində kompleks
təhlükəsizlik həlləri
təklif edirlər.
Bundan başqa, burada Wi-Fi modem və rouminq aparatları, bu qurğularda tətbiq edilən zənglərin şifrələnməsi sistemi
nümayiş olunur.
Fransız şirkətləri arasında dünya miqyasında enerjinin idarəolunması üzrə
ixtisaslaşan şirkətlər
də var.
Türkiyə “Bakutel-2016”da da geniş təmsil
olunur. Türkiyə Respublikasının Nəqliyyat,
Dənizçilik və
Kommunikasiya Nazirliyinin dəstəyi ilə burada ümumilikdə dörd şirkət öz məhsullarını
təqdim edir. Onların arasında mobil rabitə sahəsində ixtisaslaşmış
Türkcell və Vodofon, sabit şəbəkə və
fiberoptik sahədə
ixtisaslaşmış Türk
Telecom və peyk xidmətləri sahəsində
ixtisaslaşmış TürkSat
var. Qardaş ölkənin
şirkətlərinin təqdim
etdiyi məhsullar və xidmətlər beynəlxalq tələblər
səviyyəsində olmaqla,
həmçinin İKT təhlükəsizliyinə
də cavab verir. Sərgidə iştirak etməklə
Türkiyənin şirkətləri
əldə olunan nailiyyətləri də geniş auditoriyaya çatdırmaq imkanı
qazanırlar.
Belarusun Rabitə və İnformasiyalaşdırma Nazirliyinin
dəstəyi ilə bu ölkədən yeddi şirkət sərgiyə qatılıb. Belarusun
rabitə və informasiyalaşdırma naziri
Sergey Popkov bildirib ki, bu şirkətlər
ölkəsinin telekommunikasiya
bazarında lider olmaqla telekommunikasiya avadanlıqlarının istehsalı,
rabitə şəbəkələrinin
layihələndirilməsi, poçt, elektron rabitə və informasiya texnologiyalarını
təqdim etməklə
məşğuldurlar. Belarus
bu sərgiyə böyük maraq göstərir.
Niderland sərgidə
beş şirkətlə
təmsil olunur. Burada kənd təsərrüfatının
idarəedilməsi sistemləri,
“Asan xidmət” və digər Azərbaycan şirkətləri
ilə həyata keçirilən elektron sağlamlıq layihəsi,
texnopark, nəqliyyat, daşımalar, logistika xidmətləri nümayiş
olunur. Bundan başqa, Krallığın
stendində Azərbaycan-Niderland
Biznes Şəbəkəsi
də təqdim edilir.
Dövlətimizin başçısı sərgidə
İtaliyanın stendinə
də baxdı. Burada “İT Azercom”
Azərbaycan-İtaliya Ticarət
Palatasının dəstəyi
ilə 3 şirkət
iştirak edir. Onlar İKT sahəsində innovativ məhsullarını və
xidmətlərini təklif
edirlər. Onların arasında
İT, memarlıq, dizayn,
işıqlandırma, lazer
kartric xidmətləri
var. İtaliyanın sərgidə
iştirak edən şirkətləri öz
sahələrində tam ixtisaslaşmış
nüfuzlu qurumlardır.
Sloveniya isə sərgidə iki şirkətlə təmsil olunur. Burada İKT vasitələri,
ölçmə avadanlıqları,
o cümlədən “İskratel”
şirkətinin təqdim
etdiyi proqram təminatı, optik genişzolaqlı kabel, şəhərlərarası və
şəhərdaxili kommutasiya
xidmətləri nümayiş
olunur.
“Bakutel-2016”da Avstriyanın
dörd şirkəti
iştirak edir. Bu ölkənin stendində şirkətlərin müxtəlif
məhsulları və
xidmətləri, o cümlədən
avtodayanacaq avadanlıqları,
avtonəqliyyat vasitələrinin
qeydiyyat nömrələrini
oxuyan sistemlər, habelə rabitə texnologiyaları nümayiş
etdirilir.
Sərgiyə maraq göstərən ölkələrdən biri
də Xorvatiyadır. Bu ölkə sərgiyə
5 şirkətlə qatılıb.
Şirkətlər burada öz
innovativ məhsullarını
təqdim edirlər.
Onların arasında İKT təhlükəsizliyi ilə
bağlı həllər,
həmçinin korporativ
xidmətlərin yaradılması
və dəstəklənməsi
var.
Dövlətimizin başçısı Çinin
“Huawei” şirkətinin
stendinə də baxdı. Çinin sənaye
və informasiya texnologiyaları nazirinin müavini Zin Şubo dövlətimizin başçısına şirkətin
fəaliyyəti və
məhsulları barədə
məlumat verdi.
“Huawei” hər il olduğu
kimi, budəfəki sərgidə də geniş təmsil olunur. Yüksək texnoloji məhsullar
istehsal edən “Huawei” dünyanın ən böyük 100 şirkətindən biridir.
Şirkətin bir çox
ölkələrdə, o cümlədən
Azərbaycanda nümayəndəliyi
fəaliyyət göstərir.
“Huawei” artıq
15 ildir ki, Azərbaycanda öz xidmətlərini təklif
edir. Onlar əsasən internet operatoru və korporativ xidmətlərdir.
Şirkət ölkəmizin aparıcı
mobil operatorları ilə əməkdaşlıq
edir. “Huawei”in
məhsulları arasında
planşet, mobil telefon, şəbəkə,
informasiya-kommunikasiya texnologiyaları
avadanlığı və
stasionar kameralar da sərgilənir. Ölkəmizdə “Huawei-Azərbaycan” adı ilə fəaliyyət göstərən
şirkət sərgidə
“Mənim gözəl
Azərbaycanım” layihəsini
də təqdim edir.
Sərgidə “Microsoft”un Azərbaycan üzrə Milli Planı da təqdim
olunur. Şirkətin burada iştirakının
əsas məqsədi
də korporasiyanın
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasına əsasən
hazırladığı Azərbaycan
üzrə Milli Planını geniş kütləyə nümayiş
etdirməkdən ibarətdir.
“Microsoft”un Milli Planının əsas komponentlərinə
ölkədə innovasiya
sahəsinin inkişafı,
müəssisələrin iqtisadi
səmərəliliyinin artırılması
və təhsil sisteminin transformasiyası daxildir.
Sərgidə ilk dəfə iştirak edənlər arasında Rusiyanın Baltik Enerji Şirkəti də var. Şirkətin stendində baza stansiyalarının elektrik
təminatı üçün
qurğular, akkumulyatorlar,
dizel-generator avadanlıqları
nümayiş olunur. Şirkətin məhsulları arasında,
həmçinin neft-qaz
və metallurgiya sənayelərində istifadə
olunan qurğular, alternativ və bərpaolunan enerji əldə edilməsi üçün panellər
var.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Baku Ekspo Mərkəzinin” foyesində
ölkədə rabitə
və poçt sahəsinin ayrı-ayrı
dövrlərini əks
etdirən foto-qalereyaya
baxdılar. Builki sərgi Azərbaycanda
telefon rabitəsinin yaradılmasının 135 illik
yubileyi ilə eyni vaxta təsadüf
edir. Sərgidə Azərbaycanın rabitə və poçt işçilərinin
fəaliyyətini əks
etdirən fotolar maraqla qarşılanır.
Azərbaycan
2016.- 1 dekabr.- S.1, 2.