Mingəçevir şəhərinin və Yevlax
rayonunun inzibati ərazilərində icbari tibbi
sığortanın tətbiqinə dair pilot layihənin həyata
keçirilməsi ilə bağlı tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə səhiyyə xidmətlərini müasir tələblərə uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməklə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və icbari tibbi sığorta sisteminin tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq həyata keçirilsin.
2. Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) bu fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş pilot layihə başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra - Agentlik) tabeliyinə verilsin.
3. Müəyyən edilsin ki, pilot layihə başa çatanadək bu fərmanın 2-ci hissəsi ilə Agentliyin tabeliyinə verilən qurumlara münasibətdə:
3.1. maliyyələşdirmə, aktivlərin inventarizasiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsi, o cümlədən işçilərin işə götürülməsi, əmək müqavilələrinin bağlanması və xitamı, həkimlərin təkrar sertifikasiyası və digər səhiyyə işçilərinin attestasiyası Agentlik tərəfindən həyata keçirilir;
3.2. bu fərmanın 3.1-ci bəndində göstərilənlər istisna olmaqla, digər səlahiyyətlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.
4. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası bir ay müddətində:
4.1. Mingəçevir şəhərinin
və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi
sığortanın tətbiqinə dair pilot layihəni və
həmin pilot layihənin həyata keçirilməsi üzrə
tədbirlər planının layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
4.2. pilot layihənin
həyata keçirilməsi nəzərdə tutulan inzibati ərazilərdə
icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi
xidmətlərin siyahısı və tarifləri, habelə
sığorta haqqının məbləği ilə
bağlı təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
4.3. pilot layihənin
həyata keçirilməsi nəzərdə tutulan inzibati ərazilərdə
icbari tibbi sığortanın baza zərfi ilə əhatə
olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri
ilə bağlı təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
5.2. bu fərmanın 2-ci hissəsi ilə
Agentliyin tabeliyinə verilən qurumların balansında olan əmlakın
pilot layihə başa çatanadək Agentliyin istifadəsinə
verilməsini 10 (on) gün müddətində təmin etsin;
5.3. bu fərmanın
2-ci hissəsi ilə Agentliyin tabeliyinə verilən qurumlara Azərbaycan
Respublikasının 2017-ci il üçün dövlət
büdcəsində nəzərdə tutulacaq maliyyə vəsaitinin
2017-ci ilin hər rübü üzrə həmin rübün
birinci ayının 10-dək Agentliyə ayrılmasını
təmin etsin;
5.4. Azərbaycan Respublikasının
2017-ci il üçün dövlət büdcəsində
dövlət səhiyyə sisteminə daxil olan qurumların dərman
və tibb vasitələri ilə təminatı
üçün nəzərdə tutulacaq maliyyə vəsaitindən,
bu fərmanın 2-ci hissəsi ilə Agentliyin tabeliyinə
verilən qurumların son iki il ərzində dərman və
tibb vasitələri ilə təminatı üçün
faktiki orta illik büdcə xərcləri nəzərə
alınmaqla, tələb olunan illik vəsaitin 2017-ci ilin hər
rübü üzrə həmin rübün birinci
ayının 10-dək Agentliyə ayrılmasını təmin
etsin;
5.5. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını iki ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
5.6. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
5.7. bu fərmandan
irəli gələn digər məsələləri həll
etsin.
6. Agentlik:
6.1. 2017-ci il
yanvarın 1-dən pilot layihənin həyata keçirilməsini
təmin etsin;
6.2. “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə
uyğun olaraq, bu fərmanın 2-ci hissəsi ilə Agentliyin
tabeliyinə verilən qurumların təsisçisinin səlahiyyətlərini
həyata keçirsin;
6.3. bir ay müddətində:
6.3.1. bu fərmanın
2-ci hissəsi ilə Agentliyin tabeliyinə verilən qurumlar tərəfindən
həyata keçirilməsi mümkün olmayan icbari tibbi
sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin
və həmin tibbi xidmətləri göstərəcək
tibb müəssisələrinin siyahısı ilə
bağlı təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
6.3.2. icbari tibbi
sığortanın pilot layihə çərçivəsində
həyata keçirilməsi məqsədi ilə
aşağıdakıları əhatə edən elektron
portal yaratsın və onun fəaliyyətini təmin etsin:
1. icbari tibbi
sığortaya cəlb olunmaq üçün tələb
olunan sənədlərin siyahısı və icbari tibbi
sığortanın şərtləri barədə məlumat;
2. icbari tibbi
sığortaya cəlb olunan əhali, tibb müəssisələri
və tibb işçilərinə dair mərkəzləşdirilmiş
məlumat bazasının yaradılması;
3. əhalinin
sığortalanma prosesinin və qeydiyyatının elektron
qaydada həyata keçirilməsi;
4. icbari tibbi
sığorta çərçivəsində əhaliyə
göstərilən tibbi xidmətlərə dair vahid məlumat
bazasının yaradılması;
5. icbari tibbi
sığorta çərçivəsində tibb müəssisələri
tərəfindən göstərilən xidmətlər
üzrə maliyyələşmənin elektron qaydada
aparılması;
6. bu fərmanın
7.1-7.8-ci bəndlərində nəzərdə tutulmuş məlumatlara
dair bazanın yaradılması;
7. icbari tibbi
sığortaya dair tibbi statistikanın elektron qaydada
aparılması;
8. sığortalanma,
tibbi xidmətlərin həyata keçirilməsi və tibb
müəssisələrinə ödənişlər üzrə
elektron hesabatların hazırlanması, monitorinq və nəzarətin
aparılması.
7. Aşağıda qeyd olunan dövlət
orqanları pilot layihənin həyata keçirilməsini təmin
etmək məqsədi ilə Agentliyə bu fərmanla nəzərdə
tutulan hədlər daxilində məlumatlara real vaxt rejimində
çıxış imkanı yaradılmasını (bu
mümkün olmadıqda həmin məlumatların 2 (iki)
iş günü müddətində elektron
daşıyıcılarda təqdim edilməsini) təmin
etsinlər:
7.1. Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyi:
7.1.0. icbari tibbi
sığortaya cəlb olunan şəxslərin şəxsiyyətini
təsdiq edən sənəd üzrə məlumatlar;
7.2. Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
7.2.1. icbari tibbi
sığortaya cəlb olunan şəxsin iş yeri və gəlirləri
üzrə məlumatlar;
7.2.2. icbari tibbi
sığortaya cəlb olunan pensiyaçı və işləməyib
sosial müavinət alan şəxslər barədə məlumatlar;
7.2.3. icbari tibbi
sığortaya cəlb olunan “Məşğulluq haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz
statusu almış vətəndaşlar barədə məlumatlar;
7.2.4. icbari tibbi
sığortaya cəlb olunan ünvanlı dövlət sosial
yardımı alan şəxslər barədə məlumatlar;
7.3. Azərbaycan Respublikasının
Vergilər Nazirliyi:
7.3.1. icbari tibbi
sığortaya cəlb olunan fiziki şəxslərin, habelə
pilot layihədə iştirak edən hüquqi və fiziki
şəxslərin vergi ödəyicisinin eyniləşdirmə
nömrəsi barədə məlumatlar;
7.3.2. vergi
orqanları tərəfindən qəbul olunmuş gəlir
vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi
üzrə məlumatlar;
7.4. Azərbaycan Respublikasının
Təhsil Nazirliyi:
7.4.0. icbari tibbi
sığortaya cəlb olunan ali təhsil müəssisələrində
əyani təhsil alan tələbələr, o cümlədən
onların təhsil müəssisəsinə qəbul olunma və
təhsil müəssisəsini bitirmə tarixləri barədə
məlumatlar;
7.5. Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti:
7.5.0. icbari tibbi
sığortaya cəlb olunan Azərbaycan Respublikasında
müvəqqəti və ya daimi yaşamaq hüququ
almış şəxslər, onların məşğulluğu
və qeydiyyatı barədə məlumatlar;
7.6. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi:
7.6.1. pilot layihənin
həyata keçirilməsi nəzərdə tutulan inzibati ərazilərdə
qeydiyyatda olan şəxslərin ölüm faktının
qeydiyyata alınmasına dair məlumatlar;
7.6.2 pilot layihənin
həyata keçirilməsi nəzərdə tutulan inzibati ərazilərdə
doğum faktının qeydiyyata alınmasına dair məlumatlar;
7.7. Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi:
7.7.1. pilot layihədə
iştirak edən tibb müəssisələrinin adı,
ünvanı, göstərdikləri tibbi xidmətlər;
7.7.2. pilot layihədə
iştirak edən tibb müəssisələrində işləyən
həkimlər, orta tibb heyəti, texniki işçilər və
xidmət heyəti barədə məlumatlar (onların iş
yeri, vəzifəsi, ixtisası, sertifikasiya şəhadətnaməsinə
dair məlumatlar göstərilməklə);
7.7.3. pilot layihənin
həyata keçirilməsi nəzərdə tutulan inzibati ərazilərdə
səhiyyə sahəsində mövcud dövlət proqramları
ilə əhatə olunan şəxslər barədə məlumatlar,
o cümlədən şəxsin xəstəliyinin
növü və dövlət proqramı ilə əhatə
olunduğu müddət üzrə məlumatlar.
7.8. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi:
7.8.0. pilot layihənin
həyata keçirilməsi nəzərdə tutulan inzibati ərazilərdə
özəl tibb və əczaçılıq fəaliyyəti
ilə məşğul olan şəxslərə verilmiş
lisenziyalar üzrə məlumatlar.
8. Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyinə, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Vergilər
Nazirliyinə, Təhsil Nazirliyinə, Dövlət Miqrasiya Xidmətinə,
Ədliyyə Nazirliyinə, Səhiyyə Nazirliyinə və
İqtisadiyyat Nazirliyinə tapşırılsın ki, bu fərmanın
7.1-7.8-ci bəndlərində nəzərdə tutulan məlumatların
Agentliyə təqdim edilməsini təmin etsinlər.
9. Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi:
9.1. Agentliyin təklifləri əsasında,
bu fərmanın 2-ci hissəsi ilə Agentliyin tabeliyinə
verilən qurumların tibbi avadanlıqlarla təchiz
olunmasını Agentliklə razılaşdırmaqla 2017-ci
ilin 1-ci rübü ərzində təmin etsin;
9.2. dövlət
(tədbirlər) proqramları ilə əhatə olunan xəstəliklərlə
əlaqədar dərman təchizatını qanunvericiliyə əsasən
təmin etsin.
10. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi:
10.1. pilot layihənin
həyata keçirilməsi üçün Azərbaycan
Respublikasının 2016-cı il üçün dövlət
büdcəsinin 5-ci bölməsinin 6-cı köməkçi
bölməsinin 280000-ci maddəsindən səhiyyə sahəsində
islahatlar üçün nəzərdə tutulmuş 10 000
000 (on milyon) manat vəsaitin 10 (on) gün müddətində
Agentliyə ayrılmasını təmin etsin;
10.2. Azərbaycan Respublikasının
2017-ci il üçün dövlət
büdcəsinin layihəsinin 5-ci bölməsinin 6-cı
köməkçi bölməsinin 250000-ci maddəsindən səhiyyə
sahəsinə aid olan digər tədbirlər
üçün nəzərdə tutulmuş 20 000 000 (iyirmi
milyon) manat vəsaitin dövlət büdcəsi təsdiq
olunduqdan sonra 2017-ci ilin yanvar ayı ərzində Agentliyə
ayrılmasını təmin etsin.
11. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların bu fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
12. Bütün mərkəzi icra
hakimiyyəti orqanlarına, aidiyyəti dövlət
qurumlarına, Mingəçevir və Yevlax şəhər
icra hakimiyyətlərinə tapşırılsın ki, bu fərmandan
irəli gələn vəzifələrin icrası ilə
bağlı Agentliyə zəruri kömək göstərilməsini
təmin etsinlər.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 noyabr 2016-cı il
Azərbaycan.-
2016.- 1 dekabr.- S. 2.