Şəhidlik
zirvəsinə ucalanlar əbədiyyət
qazanırlar
Atası Məmməd kişi heç ağlına da gətirməzdi ki, böyük arzularla böyüdüb boya-başa çatdırdığı oğlu Elvin nə vaxtsa uca zirvələrdə dalğalanan üçrəngli Azərbaycan bayrağına bükülüb kəndə şəhid kimi gətiriləcək. O bayrağa ki, onun uğrunda sayı bilinməyən igid qanı tökülüb.
Elvin Namazov 1990-cı ildə dünyaya göz açanda Qazaxın Yuxarı Salahlı kəndinin sayılıb-seçilən sakinlərindən olan Məmməd kişinin sevinci yerə-göyə sığmırdı. Kənd sakinləri onu təbrik edəndə o, zarafatla: “Qarabağımızı yağı düşməndən azad edəcək daha bir igid oğul dünyaya gəldi”, - deyirdi.
Qazax rayonu Ermənistanla həmsərhəd olduğundan Elvinin tez-tez eşitdiyi silah səsləri digər gənclər kimi, onda da düşmənə qarşı nifrət hissi oyadırdı. Həmyaşıdları ilə söhbətlərində hərbçi olmaq arzusundan danışırdı. Nəhayət, 2007-ci ildə orta məktəbi bitirəndə tərəddüd etmədən sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verdi. İmtahanlardan uğurla keçərək məktəbin kursantı oldu. 2012-ci ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirdikdən sonra hərbi xidmətə yollandı. Elvin Namazov hərbin sirlərinə daha mükəmməl yiyələnmək üçün 2013-cü ildə Silahlı Qüvvələrimizin Təlim və Tədris Mərkəzində bir illik kursu da uğurla bitirdi və baş leytenant rütbəsi ilə Müdafiə Nazirliyinin xüsusi təyinatlılardan ibarət “N” saylı hərbi hissəsinə kəşfiyyat komandiri vəzifəsinə təyin edildi.
...Məmməd kişi kənddə böyük toy məclisi qurmuşdu. Dost-tanış, qohum-əqrəba gözaydınlığına gəlmişdi. Ata-ananın sevinci hədsiz idi. Toydan 10 ay da keçdi. Elvin tez-tez ailəsinə baş çəkər, təmas xəttində ermənilərin törətdikləri təxribatlardan, Azərbaycan Ordusunun bunun qarşısını necə mətinliklə almasından danışardı.
2016-cı ilin aprel
ayının əvvəli
idi. Ailə üzvləri onun
yolunu gözləyirdi.
Lakin ermənilərin Tərtər
istiqamətində vəziyyəti
gərginləşdirmələri onun ailəsində də narahatlıq yaratdı. Onlar təmas xəttindəki vəziyyəti
televiziya vasitəsilə
öyrənirdilər. Qəfil eşitdikləri
xəbər hamını
sarsıtdı. Elvin Namazov aprel ayının
2-də Tərtər istiqamətində
erməni təxribatının
qarşısının alınması
zamanı gedən ağır döyüşlərdə
qəhrəmancasına həlak
oldu, şəhidlik zirvəsinə ucaldı.
Elvinin atası Məmməd Namazov söhbət zamanı dedi ki, o, döyüşqabağı
mənə zəng etdi. Dedi ki,
ata, hər şey yaxşıdır:
“Bir zirvə var, oranı tezliklə ermənilərdən
alacağıq. Bax onda sizinlə görüşə
üzüağ gələcəyəm”.
Doğrudur, həmin zirvə alındı. Lakin Elvin və onun kimi
neçə igid oğlumuzun qanı bahasına...
Onun üçrəngli Azərbaycan
bayrağına bükülmüş
cənazəsini qarşılamaq
üçün minlərlə
rayon sakini gəlmişdi.
Rayon rəhbərliyinin, onun xidmət etdiyi hərbi hissə komandirlərinin, eləcə də rayon ictimaiyyəti nümayəndələrinin
iştirakı ilə
Elvin uğrunda canından
keçdiyi torpağa
- Qazaxın Yuxarı Salahlı kənd qəbiristanlığına tapşırıldı.
Dəfn mərasimində çıxış
edən hərbçi
yoldaşları dedilər
ki, xüsusi təyinatlı kəşfiyyat
komandiri olan Elvin Namazov həmin gün 12 saat dayanmadan düşmənlə
döyüşdü. 2 kəşfiyyat qrupunu
mühasirədən xilas
etdi. Düşmənin iki tankını
partladıb, çoxlu
sayda düşməni
məhv etdi.
Elvin Namazovun xidməti
dövlət başçısı
tərəfindən yüksək
qiymətləndirilərək “İgidliyə görə”
medalı ilə təltif olundu. Medal ölümündən
sonra may ayının
23-də şəhidin ailə
üzvlərinə təqdim
edildi. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun iştirakı
ilə keçirilən
təqdimetmə mərasimində
torpaqlarımızın düşməndən
azad ediləcəyinə
və şəhidlərimizin
qanının yerdə
qalmayacağına əminlik
ifadə olundu.
Aprel döyüşlərində
Qazax rayonu üç şəhid verib. Rayon rəhbərliyi digər şəhidlər
kimi, onların da adlarının əbədiləşdirilməsi üçün müxtəlif
işlər həyata
keçirib. Aprel döyüşlərində
şəhid olmuş kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun və əsgər Orxan Əliyevin adlarını əbədiləşdirmək
üçün Qazax
şəhərinin mərkəzində
üç bulaq kompleksi inşa edilmiş, “Qarabağa doğru” adlı sənədli film çəkilmiş
və təqdimatı
keçirilmişdir.
Elvin Namazov yaşasaydı, 26 yaşı tamam olacaqdı. Lakin vətən sevgisi onu şəhidlik zirvəsinə ucaltdı. Qəhrəmanlığı isə onu əbədiyaşar etdi.
Sabir ƏLİYEV,
Azərbaycan.- 2016.- 1 dekabr.- S.8.