“Qafqazda dini tolerantlıq ənənələri
və Azərbaycanın multikulturalizm modeli” beynəlxalq
konfransının iştirakçılarına
Hörmətli
konfrans iştirakçıları!
Sizi
- Qafqaz Xalqları Ali Dini Şurasının beynəlxalq
konfransının iştirakçılarını ürəkdən
salamlayır, ən səmimi arzu və diləklərimi yetirirəm.
Bölgəmizdə
tarixən müxtəlif xalqlar arasında möhkəm tolerant
ənənələr, qarşılıqlı hörmət və
etimada əsaslanan mehriban qonşuluq, dostluq və əməkdaşlıq
mövcud olmuşdur. Belə münasibətlərin təşəkkülündə
və inkişafında ümumbəşəri dəyərlərin
daşıyıcısı kimi islam dini müstəsna rol
oynamışdır.
Hazırda
qloballaşan dünyada mürəkkəb ictimai-siyasi proseslər
yaşanır, etnik-dini zəmində münaqişələr,
irqi ayrı-seçkilik, dini ekstremizm və islamofobiya kimi
arzuolunmaz təzahürlər müşahidə edilir. Beynəlxalq
təhlükəsizliyi və insanların əmin-amanlığını
təhdid edən bu cür hallara qarşı səmavi dinlərin
sülh, mərhəmət, şəfqət və həmrəylik
çağırışlarına, sivilizasiyalararası
dialoqa və əməkdaşlığa ciddi ehtiyac vardır.
Bu baxımdan dünyada örnək model kimi qəbul edilən
Azərbaycan multikulturalizmi və tolerantlıq ənənələri
ilə bağlı mövzuların konfransda müzakirəsi
böyük elmi, ictimai və siyasi məna daşıyır.
Biz
Azərbaycanda tarixi-mənəvi irsin, etnik-mədəni
müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına və
daha da inkişaf etdirilməsinə dövlət siyasəti səviyyəsində
xüsusi önəm verir, dövlət-din münasibətlərinin
tənzimlənməsində milli-tarixi ənənəyə və
beynəlxalq hüquqi normalara əsaslanırıq. Sizlər də
təmsil etdiyiniz respublikalarda eyni fəaliyyəti fədakarlıqla
həyata keçirirsiniz. Ümumi və doğma evimiz olan
Qafqazda davamlı sülhün, əmin-amanlığın bərqərar
olmasında, bəşəri dəyərlərin, islam dininin əsl
mahiyyətinin təbliği və təşviqində, yad dini
cərəyanların və zərərli təsirlərin
vaxtında qarşısının alınmasında Sizin kimi
din xadimlərinin rolu böyükdür.
Qafqaz
Xalqları Ali Dini Şurası üzvlərinin ülvi məqsədlər
naminə mənəvi tellərlə bir qurumda birləşməsinin
günümüz üçün xüsusi əhəmiyyəti
vardır. Bu işdə əməyi olan hər bir şəxsin,
qurumun rəhbəri Qafqaz Müsəlmanları İdarəsi
sədrinin fəaliyyətini təqdirəlayiq hesab etmək
olar. Əmin olduğumu bildirirəm ki, zəruri və aktual
bir mövzuya həsr olunmuş beynəlxalq toplantınız
anlaşma və həmrəylik ruhunda keçəcək,
xalqlarımız, ölkələrimiz arasında dostluq və
qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə
öz töhfəsini verəcəkdir.
Bu nəcib
işinizdə Sizə uğurlar, cansağlığı və
səadət arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 dekabr
2016-cı il.
Azərbaycan.- 2016.- 2 dekabr.- S.2.