Belarus Azərbaycanın təcrübəsindən istifadə edəcək

 

Aleksandr Lukaşenko Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son illərdə bütün sahələrdə çox böyük inkişafa nail olduğunu bəyan etdi

 

Azərbaycan ilə Belarus arasındakı münasibətlər istər ölkələrimizin sosialist sisteminə daxil olduğu dövrdə, istərsə də müasir mərhələdə ənənəvi dostluq xarakteri daşıyıb. Hər iki respublika dövlət müstəqilliyi qazandıqdan sonra əlaqələrin bütün sahələrdə inkişafı üçün daha real imkanlar yarandı.

Ölkələrimiz arasında əlaqələrin inkişafına ciddi təkan verən mühüm siyasi təsir amillərindən biri Belarusun Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olmasıdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Belarus ilə əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi.

Azərbaycan və Belarus aparıcı Avropa strukturlarında yaxından əməkdaşlıq edir, müxtəlif məsələlərdə bir-birinə dəstək verirlər. Ölkə başçılarının qarşılıqlı səfərləri iki ölkənin əməkdaşlığı üçün daha böyük potensialın olduğunu üzə çıxardı. Səfərlər çərçivəsində imzalanan bir sıra sazişlər iqtisadi əməkdaşlıq baxımından geniş imkanlar açdı.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu günlərdə ölkəmizə rəsmi səfəri də iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyini göstərdi. Bu səfər bir daha təsdiqlədi ki, iki dövlətin mövqeyi bir çox regional və beynəlxalq məsələlərdə üst-üstə düşür. Prezident İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında keçirilən görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadihumanitar sahələrdə inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. Bu sırada Azərbaycan Respublikası PrezidentininBelarus Respublikası Prezidentinin Birgə Bəyanatı, “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq Proqramının icrası üzrə Tədbirlər Planı”, “Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Belarus Respublikasının Milli Dövlət Teleradio Kompaniyası arasında əməkdaşlıq haqqında Sazişi, “Qəbələ Rayon İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Qrodno şəhəri (Belarus Respublikası) arasında regionlararası əlaqələrin qurulması haqqında Sazişi, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair Sazişi misal göstərmək olar. 2025-ci ilədək Azərbaycan və Belarus arasında aqrosənaye kompleksi sahəsində əməkdaşlıq üzrə Kompleks Proqramının imzalanması da çox əhəmiyyətli sənəd oldu. Səfər çərçivəsində iki ölkənin təhsil sahəsində 2016-2020-ci illər üzrə əməkdaşlıq üzrə inkişaf proqramı, gömrük komitələri, eləcə də bədən tərbiyəsi və idman sahəsində 2017-2018-ci illər üçün əməkdaşlıq proqramları da təsdiq edildi.

Belarus Prezidentinin ölkəmizə rəsmi səfəri zamanı imzalanmış sənədlər iqtisadi əməkdaşlığın gücləndirilməsinə, tərəfdaşlıq və dostluq prinsiplərinə söykənir. Səfər zamanı imzalanmış müxtəlif razılaşmalar iqtisadi əməkdaşlıq tellərinin daha da möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Xatırladaq ki, 25 mart 2004-cü il tarixindən Azərbaycan ilə Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya fəaliyyət göstərir. Ticari-iqtisadi əlaqələrin genişlənməsinin göstəricisi olan əmtəə dövriyyəsinin meyarı da ildən-ilə artmaqdadır. Əmtəə dövriyyəsinin həcminin növbəti ildə 700 milyon dollara çatdırılması nəzərdə tutulub. Azərbaycana Belarusun 250-dən çox müəssisəsinin məhsulları göndərilir. Əməkdaşlığın kooperasiya forması fəal inkişaf edir. Ölkəmizdə “Belarus” markalı traktorlar, yük avtomobilləri, avtokranlar, liftlər, işıq-diod texnologiyaları əsasında işləyən optik cihazlarlampalar yığılması üzrə istehsal sahələri yaradılmışdır. İstehsalat kooperasiyası sahəsində Belarus-Azərbaycan əməkdaşlığının lideri Gəncə Avtomobil Zavodudur. Gəncə Avtomobil Zavodunda MTZ Belarus traktorlarının, Minskdəki MSKT avtozavodunun texnikasının istehsalı üzrə müştərək layihə yüksək nəticələr verir.

Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlıq əlaqələrini belə xarakterizə edib: “Ölkələrimiz arasında çox yaxın, etimada əsaslanan münasibətlər formalaşıb. Biz həmişə bir-birimizi dəstəkləyirik, bizi maraqlandıran, narahat edən məsələləri səmimi müzakirə edirik. Biz bir-birimizi, necə deyərlər, dəfələrlə sınamışıq. Biz bir-birimiz, həmçinin bütün ölkələr üçün də etibarlı tərəfdaşlarıq. Zənnimcə, bu da Belarusu və Azərbaycanı yaxınlaşdırır. Çünki ölkələrimiz prinsipial siyasətə və sağlam münasibətlərə görə beynəlxalq aləmdə haqlı olaraq nüfuz qazanıblar.

Əlbəttə, münasibətlərimizin böyük bir bloku iqtisadi məsələlərlə bağlıdır. Münasibətlərin formalaşması, xüsusən Azərbaycanda yaradılmış birgə istehsalatlar bizi sevindirir. Lakin qarşılıqlı ticarətin səviyyəsi, əlbəttə, bizi sevindirə bilməz. Bu gün biz əməkdaşlığın diapazonunu, nomenklaturunu necə genişləndirmək, əmtəə dövriyyəsini necə artırmaq barədə sizinlə fikir mübadiləsi apardıq. Bunun üçün çox yaxşı potensial var. Biz işi düzgün təşkil etməklə çox qısa müddətdə qarşılıqlı ixracı artıra bilərik. Biz həm də hərbi-texniki komplekslə bağlı məsələlərdə əməkdaşlıq edirik, burada da çox yaxşı təcrübə, nəticələr və gələcək planlar var. Beynəlxalq təşkilatlarda biz həmişə bir-birimizi dəstəkləyirik və əminəm ki, bundan sonra da dəstəkləyəcəyik. Belarusun timsalında bizim çox etibarlı tərəfdaşımız və dostumuz var”.

Son illərin təcrübəsi təsdiq edir ki, dövlətlər arasında əlverişli ticari-iqtisadiinvestisiya mühitinin formalaşdırılması bir çox dünya ölkələrinin rastlaşdığı qlobal maliyyə böhranının mənfi nəticələrinin qarşısını almağa da imkan yaradır. Bu baxımdan Belarus və Azərbaycanın əməkdaşlıq təcrübəsi yaxşı nümunə ola bilər. Rəsmi Minskin Cənubi Qafqazın ən aparıcı ölkəsi olan Azərbaycana münasibətində etimadinam getdikcə möhkəmlənir. Prezident Aleksandr Lukaşenkonun Bakıya rəsmi səfəri həm də ikitərəfli münasibətlərin genişlənməsində mövcud potensialdan daha səmərəli istifadənin zəruriliyini ön plana çıxardı. Belarus və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın dərinləşdirilməsini zəruri edən başlıca amillərdən biri də məhz ölkələrimiz arasında tarixən formalaşmış iqtisadi əlaqələrdir. Bu sahədə də əldə olunan nəticələr onu deməyə əsas verir ki, iki ölkə arasında münasibətlər bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir.

Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son illərdə bütün sahələrdə çox böyük inkişafa nail olduğunu bildirib: “Bizim nümayəndə heyətini bu gözəl şəhərə - son vaxtlar praktiki olaraq ən müasir səviyyəyə çatdırdığınız şəhərə dəvət etdiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Mən artıq demişəm ki, buraya tez-tez gələndə gördüyüm hər şeyə həsəd aparıram. Sizin yaratdıqlarınıza həsəd aparıram və bu, çox vaxt məni bizim həll etməli olduğumuz problemlərdən yayındırır. Afərin sizə. Sizin gördüyünüz bütün işlər ciddi şəkildə öyrənilməyə və bizim vətənimizdə həyata keçirilməyə layiqdir. Bunlar ömürlük qalan abidələrdir. Xırda şeyləri xalqlar unudur, amma bunlar hamısı qalır. Sizin etdiklərinizi biz məmnuniyyətlə sizdən öyrənəcəyik”.

Ölkələrimiz və xalqlarımız arasında humanitar sahədə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Mübadilə proqramları vətəndaşlar, elm, mədəniyyət və təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə kömək etmişdir. Həmin tədbirlərin uğurla nəticələnməsi xalqların tarixi talelərinin yaxınlığını, mədəniyyətlərin dialoqunda varisliyin saxlanılmasına səy göstərildiyini bir daha təsdiq etmişdir. Bu təşəbbüslər dövlət səviyyəsində humanitar sahədə əməkdaşlıq proqramı ilə dəstəklənir. Proqram həm qarşılıqlı əlaqələrin ənənəvi formalarını, həm də incəsənət, elm və təhsil, informasiya və gənclər siyasəti sahələrində əməkdaşlığın yeni istiqamətlərini nəzərdə tutur.

Beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Azərbaycan-Belarus əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı deməyə əsas verir ki, bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 2 dekabr.- S. 1.