Cənubi Qafqazın ən böyük, müasir və keyfiyyətli bərpa-müalicə mərkəzi

 

Prezident İlham Əliyevin qayğısı nəticəsində əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiya və cəmiyyətə inteqrasiya imkanları ildən-ilə genişlənir

 

Ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biri də əlilliyi olan şəxslərin etibarlı sosial müdafiə sistemi ilə əhatə edilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyasına, ictimai həyatda fəal iştirak imkanlarına malik olmasına şərait yaradılmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursu bu sahədə tədbirlərin ildən-ilə güclənməsi, əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması yönündə mühüm addımların atılması ilə müşahidə edilir.

Keçən ilcari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 539 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub. 2015-ci ilin dekabr ayında isə Azərbaycan Prezidentinin iştirakı ilə 132 mənzilli yaşayış binası gözdən əlillərə təqdim edilib. Dövlət başçısının sərəncamları ilə 2014-2015-ci illərdə 1933 nəfər, cari ilin noyabr ayında 130 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-LİFAN” markalı minik avtomobili verilib. Ümumilikdə indiyədək 5900 nəfərə yaxın əlilin və onlara bərabər tutulan şəxsin dövlət büdcəsi hesabına avtomobillə təminatı həyata keçirilib.

Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası dövlət tərəfindən daim xüsusi qayğı ilə əhatə olunan sahələrdən biridir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu təbəqədən olan şəxslər üçün ölkəmizin bütün ərazisini əhatə edən 15 bərpa-müalicə müəssisəsi, o cümlədən Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən yaradılmış xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi fəaliyyət göstərir. Tibbi-sosial reabilitasiya yönündə görülən işlərin davamı kimi cari ilin yanvar-oktyabr aylarında nazirliyin qeyd olunan müəssisələrində 19400 nəfərdən çox əlilliyi olan şəxsə bərpa-müalicə, protez-ortopedik xidmətlər göstərilib.

Əlilliyi olan şəxslərin ölkə daxilində bərpa-müalicə xidmətləri ilə təminatı ildən-ilə gücləndirilməklə yanaşı, onların xarici ölkələrdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili sahəsində də mühüm tədbirlər görülür. Bu tədbirlərin davamı olaraq keçən ilcari ilin ötən dövründə 400 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaqlar xaricə, səmərəli fizioterapevtik bərpa-müalicə üsullarının tətbiq edildiyi müəssisələrə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Eyni zamanda nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində 2 mindən çox uşağa reabilitasiyayönümlü sosial xidmətlər göstərilir ki, onların əksər qismini sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir.

Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı respublikada tibbi-sosial reabilitasiya sisteminin maddi-texniki bazasının gücləndirilməsi və müasir tələblərə uyğun qurulması istiqamətində mühüm tədbirlərin gerçəkləşdirilməsinə şərait yaradıb. 2015-ci ilin sentyabrında dövlət başçısının iştirakı ilə əsaslı yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi də ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiya potensiallarının reallaşdırılmasına xidmət edən müasir və səmərəli bərpa-müalicə sisteminin formalaşdığını göstərir.

Respublika Əlillərin Bərpa Mərkəzi 1986-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasına daim artan dövlət qayğısı bu mərkəzin də maddi-texniki bazasının güclənməsi, fəaliyyətinin təkmilləşdirilməsi ilə müşahidə olunub. 1994-cü ildə mərkəz üçün dördmərtəbəli korpus tikilib. 1998-ci ildə müəssisə üçün əlavə olaraq funksional diaqnostika şöbəsi yaradılıb. Sosial cəhətdən həssas qruplara, o cümlədən əlilliyi olan insanlara daim xüsusi diqqət və qayğı göstərən Azərbaycan Prezidentinin tapşırıqları əsasında bərpa-müalicə infrastrukturunun təkmilləşdirilməsi yönündə növbəti mühüm addımlar atılıb. Respublika Əlillərin Bərpa Mərkəzinin ən müasir tələblər səviyyəsində yenidən qurulması da bu sahədə görülən işlərdən biridir.

Hazırda mərkəz 18 yaşdan yuxarı əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahəsində Cənubi Qafqaz regionunda analoqu olmayan, ən yüksək səviyyədə bərpa-müalicə şəraitinin yaradıldığı nümunəvi bir müəssisədir.

Mərkəzdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş Qarabağ müharibəsi əlillərinə, 20 Yanvar, Çernobıl, Əfqanıstan hadisələri zamanı əlil olmuş vətəndaşlara və digər əlilliyi olan şəxslərə müasir tibbi-fizioterapevtik aparatlarla və səmərəli reabilitasiya üsulları ilə bərpa-müalicə xidməti göstərilir. Mərkəz tərəfindən il ərzində 1700 nəfərə yaxın əlilliyi olan şəxs bərpa-müalicə xidmətləri ilə təmin olunur.

Diaqnostik müayinə və müalicə işlərinin peşəkar səviyyədə aparılması üçün müasir tələblərə uyğun şəraitin mövcud olduğu müəssisədə fizioterapiyapsixoloji korreksiya, tibbi-sosial reabilitasiyafunksional diaqnostika şöbələri də əlilliyi olan şəxslərin istifadəsindədir. Əlilliyi olan şəxslər burada parafin vannaları, su ilə müalicə kabinetləri, hovuz, müalicəvi vannalar, müxtəlif duşlar, şarko sirkulyator, müalicə otaqları və fitobar, eləcə də müasir fizioterapiya aparatları, skelet dartması üçün traksion masa, müasir kineterapiya aparatları vasitəsilə fizioterapevtik bərpa-müalicə metodlarına cəlb edilirlər. Müəssisədə funksional diaqnostika şöbəsində xəstələrin düzgün diaqnostik müayinələrinin aparılmasına xidmət edən ən müasir avadanlıqlar var. Bərpa müalicəsi alanların yaşı və sağlamlıqları nəzərə alınmaqla onlar mədəni-kütləvi tədbirlərə, müalicə idmanına da cəlb olunur, aralarında sağlam həyat tərzinin təbliği işləri aparılır. Böyük idman zalı, əlavə məşğələ otaqları reabilitasiya baxımından xüsusi önəm kəsb edən yeni avadanlıq və qurğularla təmin olunub. Belə texniki avadanlıqlardan biri olan robot aparatlar vasitəsi ilə hərəkət funksiyası məhdud xəstələrin hərəkət etmələrinə imkan yaradılır.

Ümumilikdə mərkəzdə əlilliyi olan şəxslərin sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, tibbi, sosial, peşə diaqnostikasının və reabilitasiyasının həyata keçirilməsi, xəstəlikləri nəzərə alınmaqla bərpa müalicəsi alanların dietikrasional qidalanmasının təşkili, onların reabilitasiya potensialının reallaşdırılması üzrə fərdi reabilitasiya proqramlarının hazırlanması və icrası istiqamətində işlər aparılır.

Mərkəzin stasionar bölməsi 1, 2 və 3 nəfərlik palatalardan ibarətdir. Bölmədə həm stasionar müalicənin təşkili, müvafiq xidmətlərlə təmin olunmaları, həm də xəstələrin özlərini rahat hiss etmələri üçün lazımi şərait vardır. Burada bərpa-mülicə xidmətləri göstərilən əlilliyi olan şəxslərlə həmsöhbət oluruq. Birinci qrup Qarabağ müharibəsi əlili Famil İsayev bildirdi ki, ölkəmizdə əlilliyi olan şəxslər üçün müasir səviyyədə belə bir bərpa mərkəzinin fəaliyyət göstərməsi Azərbaycan Prezidenti İlham Əliyevin həmin insanlara böyük diqqət və qayğısının daha bir təzahürüdür: “Əvvəllər ağrılarım olurdu, bu reabilitasiya mərkəzində aparılan müalicə işi nəticəsində ağrılarım xeyli azalır”.

Quba rayonundan birinci qrup Qarabağ müharibəsi əlili Sahib Əhmədov göndəriş əsasında gələrək burada müalicə kursu keçdiyini dedi: “Sevinirəm ki, ölkəmizdə müasir səviyyədə belə bir bərpa mərkəzi varburada müasir tibbi-reabilitasiya avadanlıqları vasitəsilə səmərəli bərpa-müalicə işi aparılır. Bu mərkəzdə əlilliyi olan insanlar üçün yaradılan müalicə şəraitindən, göstərilən xidmətlərdən çox razıyıq və bütün bunlara görə Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk”.

Birinci qrup Qarabağ müharibəsi əlilləri Famil Nəsibov (Qazax rayonu) və Həsənqulu Quliyev (Oğuz rayonu), ikinci qrup Qarabağ müharibəsi əlilləri Nəsrəddin Qurbanov (Bakı şəhəri), Bakir Quliyev (Bakı şəhəri), Araz Tarıverdiyev (Qəbələ rayonu) bu mərkəzdə onların müalicəsi üçün yaradılan şəraitdən, həkimlərin onlara qayğıkeş münasibətindən, öz işlərini məsuliyyətlə yerinə yetirmələrindən, aparılan müalicələrin onların səhhətində müsbət dəyişikliklər yaratmasından razılıq ifadə etdilər.

Respublika Əlillərin Bərpa Mərkəzində zəngin kitabxanadan ibarət mütaliə otağı da əlilliyi olan şəxslərin istifadəsindədir. Onlar tez-tez bu kitabxanadan istifadə etməklə yanaşı, elektron kitabxana sistemindən də faydalanırlar. Mərkəzin həyətində əlilliyi olan insanların təmiz havada gəzintisi, xoş istirahəti üçün geniş yaşıllaşdırma, abadlıq işləri də aparılıb. Mərkəzdə onu da öyrəndik ki, burada çalışan tibbi personalın bilik və peşəkarlıq səviyyələrinin artırılması üçün onlar ölkə daxilində və xarici ölkələrdə təşkil olunan təkmilləşmə kurslarına cəlb edilir, tibbi-sosial reabilitasiya sahəsində dünyada mövcud olan qabaqcıl təcrübələri öyrənirlər.

Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası və ictimai həyatın bütün sahələrində iştirak etmələrinə şəraitin yaradılması istiqamətindəki tədbirlər göründüyü kimi geniş miqyaslı və uğurludur. Bu isə sosial dövlətin əsas üstünlüyüdür.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2016.- 3 dekabr.- S.1, 6.