Azərbaycanla Bosniya və
Hersoqovina arasında siyasi əlaqələr yüksək səviyyədədir
Dekabrın
2-də Milli Məclisin sədri Oqtay Əsədov Bosniya və
Herseqovinanın xarici işlər naziri İqor
Çrnadakın başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclisin sədri bu səfərin iki dost ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini söyləyib. Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu deyən Oqtay Əsədov xalqlarımız arasında oxşar cəhətlərin olduğunu qeyd edib.
Söhbət zamanı iki ölkə arasında siyasi və humanitar əlaqələrin hazırkı vəziyyətinin məmnunluq doğurduğu qeyd olunub.
Milli Məclisin sədri Bosniya və Herseqovina Parlamenti (Parlament Məclisinin Xalqlar Palatası) tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə əlaqədar "Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması" adlı Qətnamənin qəbuluna görə təşəkkür edib.
Sədr parlamentlərarası əlaqələrin inkişaf etdiyini söyləyib, əlaqələrimizin daha da möhkəmlənməsində hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının rolunu yüksək qiymətləndirib. O, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıb, bu istiqamətdə müəyyən işlərin görüldüyünü, biznes forumların təşkil edildiyini bildirib. Sədr, həmçinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji layihələri barədə də qonaqlara məlumat verib.
Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ölkələrimiz arasında yaxın dostluq münasibətlərinin mövcud olduğunu deyib. O, bütün sahələrdə əlaqələrin daha da inkişafı üçün geniş potensialın olduğunu qeyd edib. İqor Çrnadak bildirib ki, münasibətlərin bu cür sıx olmasının əsas səbəbi xalqlarımızın bir-birinə yaxın olması və mövcud oxşar cəhətləridir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir
mübadiləsi aparılıb.
Azərbaycan.- 2016.- 3 dekabr.- S.4.