Səməd Vurğun obrazı Azərbaycan rəngkarlığında

 

Dünya və Azərbaycan ədəbiyyatı tarixində elə görkəmli ədiblər olub ki, rəssam və heykəltəraşlar onların portretlərini yaratmağı özlərinə həm mənəvi borc, həm də böyük fəxr biliblər. Ədəbiyyatın belə simalarından birixalq şairi Səməd Vurğundur. Anadan olmasının 110 illiyi ilə əlaqədar  şairin şəxsiyyəti, yaradıcılığı diqqət mərkəzindədir.

Xalq şairi təsviri sənət ustalarının da  əsərlərində  öz parlaq obrazını tapıb. Görkəmli fırça ustaları M.Abdullayev, O.Sadıqzadə, N.İsmayılov, D.Kazımov, T.Kərimov, H.Zeynalov, N.Polyakov və başqalarının rəngkarlıq əsərlərində böyük söz xiridarının yaddaqalan obrazı yaradılıb. Şairin yarıməsrlik ömrünün müxtəlif anlarına ayna tutan  fırça ustaları onun yaradıcı və insani yaşantılarına düşündürücü bədii görkəm veriblər.

Xalq rəssamı Mikayıl Abdullayevin çəkdiyi “Şairin gəncliyi”  tablosunda təsvir olunan kənd uşağının - Səmədin nikbin nəzərləri parlaq gələcəyə dikilib. Yağlı boya ilə işlənilmiş  “Səməd Vurğunun portretini Mikayıl Abdullayev hələ şairin sağlığında - 1944-cü ildə naturadan çəkib. Şair Şüvəlandakı bağında, tut ağacının altında yaradıcılıq prosesində təsvir edilib.

Şairin dillər əzbəri olanŞair, nə tez qocaldın sən”  misrası ilə başlayanqurtaran şeirini portret janrında canlandıran rəssam Nəcəfqulu İsmayılov sözün həqiqi mənasında alovlu vətənpərvər, xalq tərəfindən sevilən, bununla birlikdə 1937-1938-ci illərdə, habelə 1950-ci illərin əvvəllərində haqsız hücumlara məruz qalan və “tez qocalan şairin obrazını yaradıb.

Rəngkarlıqda Səməd Vurğun obrazı maraqlı olduğu qədər də ciddi və məsuliyyətli bir işdir. Rəngkarlıq söz sənətinin ifadəsi olmasa da,  portretlərin hər birindən  xalq şairinin xarakterik cizgiləri görünürsə, demək, rəssam da özünün lirik-epik, rənglər dünyasının poetikasına baş vura bildiyini təsdiqləyir. Bu mənada yaradılan hər portret canlı sənət əsəri kimi dəyərləndirilib.

 

Azərbaycan.- 2016.- 3 dekabr.- S.8.