Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatı yeni inzibati binada fəaliyyət göstərəcək
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva dekabrın 3-də Yeni Azərbaycan
Partiyası (YAP) Tərtər rayon təşkilatının
yeni inzibati binasının açılışında
iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə tanış oldu.
Məlumat verildi ki, binanın inşasına 2014-cü ildə başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Binanın foyesində “Rəşadətli Azərbaycan Ordusu” fotostendi quraşdırılıb. Fotostenddə erməni işğalçılarının təxribatları zamanı dinc əhaliyə, onların əmlakına, həmçinin təsərrüfatlarına dəyən ziyanı əks etdirən fotolar var. Stenddəki fotolar aprel döyüşlərində düşmənə layiqli cavab verən Azərbaycan Ordusunun qüdrətini, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin bu hadisələr zamanı xalqın və ordunun yanında olduğunu, onlara dəstəyini nümayiş etdirir.
Məlumat verildi ki, binanın
ümumi sahəsi 510 kvadratmetrdir. İkimərtəbəli
binada 50 yerlik iclas zalı, iş və
texniki otaqlar yaradılıb. Təşkilatın qadınlar şurasının
və gənclər birliyinin fəaliyyəti üçün binada hər cür şərait var.
Yeni Azərbaycan
Partiyası Tərtər
rayon təşkilatının 5875 üzvü var. Onların
3121-ni qadınlar, 1449-nu
isə gənclər təşkil edir. Partiyanın üzvləri
rayonun ictimai-siyasi həyatında fəal iştirak edərək Tərtərin sosial-iqtisadi
inkişafı istiqamətində
icra olunan layihələrin reallaşmasına
töhfə verirlər.
YAP-ın proqramında irəli sürülmüş əsas vəzifələr
dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
demokratik, hüquqi,
dünyəvi dövlətin qurulması, vətəndaşların
dinc və firavan həyatının
təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən
müstəqil dövlətçilik, qanunçuluq,
azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş
həmrəyliyi və sosial ədalət
prinsipləri YAP-ın qarşısında duran
vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq
mahiyyətcə Azərbaycanın siyasi
gələcəyinin də ideya
bazasını şərtləndirmiş olur.
Azərbaycan.- 2016.- 4 dekabr.- S. 3.