Azərbaycanın
hərbi potensialı güclənir
Milli təhlükəsizliyin və
müdafiə qabiliyyətinin təmin edilməsi 2017-ci il dövlət büdcəsi xərclərinin
prioritet istiqamətlərindəndir
Güclü ordu Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradır.
Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləş-dirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir.
Azərbaycan Ordusuna diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında göstərir. Hələ 2003-cü ildə “Azərbaycan Ordusunun hərbi xərcləri işğalçı Ermənistanın dövlət büdcəsindən çox olmalıdır” deyən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu vədini də əməli surətdə gerçəkləşdirmişdir. Dövlət başçısı orduda islahatların davam etdirilməsini, daha müasir metodlara üstünlük verilməsini, Silahlı Qüvvələrin gücləndirilməsini, döyüş hazırlığının müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirib. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb və Silahlı Qüvvələrə ayrılmış vəsait Ermənistanın dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi 2017-ci il dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindəndir. Müdafiə xərclərinə 2017-ci il dövlət büdcəsi xərclərinin 16,7 faizi həcmində vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 2,9 faiz çoxdur.
Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnika və döyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Hərbi təyinatlı məhsullar istehsal edən hərbi sənayenin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada istehsal edilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir. Prezident İlham Əliyev ölkəmizin müdafiə potensialının qüdrətlənməsi istiqamətində ötən müddətdə böyük işlər həyata keçirmişdir. Ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca orduya ayrılan vəsaitin həcmi də buna adekvat olaraq yüksəldilir. Azərbaycan tərəfi açıq bəyan edib ki, sülh danışıqları nəticə verməzsə, münaqişə hərb yolu ilə həll ediləcək.
Cari il aprelin əvvəllərindən başlayaraq cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələri ağır hərbi texnika vasitəsilə təmas xəttində təxribat xarakterli hərəkətlər edərək danışıqlar prosesini pozmaq niyyətlərini göstərdilər. Düşmən təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində cavab tədbirləri görüldü. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən azad olundu.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə adlandırılan yüksəklik də bölmələrimizin nəzarəti altına keçdi. Aprelin 5-də Azərbaycan tərəfi sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verdi. Azərbaycanın Müdafiə Nazirliyi bir daha bəyan etdi ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə, düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaq. Ordumuzun düşmən təxribatının qarşısını alaraq əks-hücumla 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ən qısa zamanda düşmən təxribatının qarşısının qətiyyətlə alınması və Silahlı Qüvvələrimizin sürətlə irəliləməsi Ermənistan başda olmaqla, onun himayədarlarını da təşvişə saldı. Azərbaycan Ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası ətrafına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk qrupunu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi İrəvana təzyiq göstərməyə vadar etdi.
Apreldə baş verən hadisələr bir sıra reallıqları da üzə çıxardı. İlk növbədə məlum oldu ki, Azərbaycan xalqının milli maraqlarını daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarəti ilə seçilən güclü siyasi lideri, rəhbəri var! Ali Baş Komandanın düşmənin hərbi təxribatlarının qarşısının alınması və layiqli cavabının verilməsi ilə bağlı əmrləri ordumuzun böyük ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, xalqımızın böyük dəstəyi ilə qarşılandı.
Prezident İlham Əliyev bu yaxınlarda cəbhə bölgəsinə səfəri zamanı bildirib: “Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir.
Güclü orduların
reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri
vardır. Ordumuzun döyüş
qabiliyyəti yüksək səviyyədədir, günbəgün
artır. Ordumuzda nizam-intizam
hökm sürür. Ordumuzun maddi-texniki təminatı
ən yüksək səviyyədədir. Biz
son illər ərzində milyardlarla
dollar dəyərində ən müasir silah-sursat, hərbi
texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha
göstərdi. Aprel döyüşlərindən
sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər
görülür, vəsait
ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə
və dəqiqliyə
malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır”.
Azərbaycan xalqının böyük
dəstəyini hiss edən
Silahlı Qüvvələrimiz
son illərin ilk irimiqyaslı
hərbi əməliyyatlarında
yüksək taktiki və strateji hazırlıq səviyyəsi
və işğal altında olan torpaqlarımızı azad
etmək əzmini nümayiş etdirərək
daha bir sınaqdan üzüağ
çıxdı. İndiki
dövr üçün
qarşıya qoyulmuş
məqsədin reallaşdığını,
müəyyən geosiyasi
amilləri, habelə müxtəlif ölkə
və təşkilatların
rəhbərlərinin çoxsaylı
çağırışlarını nəzərə alan
ölkə rəhbərliyi
atəşkəsin dayandırılmasına
qərar versə də, dördgünlük
müharibə ərzində
xalqımız həsrətində
olduğu qələbənin
şirinliyini daddı.
Güclü Azərbaycan Ordusu
düşmən təxribatının
qarşısını qətiyyətlə
aldı və erməni qüvvələri
böyük itkilər
verərək geri çəkilmək məcburiyyətində
qaldı. Ordumuz təmas
xəttində üstünlüyü
tamamilə ələ
alaraq döyüş
mövqelərimizi daha
da möhkəmləndirdi.
Prezident
İlham Əliyev cəbhə bölgəsində
olarkən Ermənistan
rəhbərliyini aprel
döyüşlərindən düzgün nəticə
çıxarmağa çağırıb:
“Lələtəpə əməliyyatı
bizim qəhrəmanlıq
rəmzimizdir. Lələtəpə tarixə düşdü.
Əgər erməni silahlı
qüvvələri aprel
döyüşlərindən düzgün nəticə
çıxarmasalar, gələcəkdə
Lələtəpə əməliyyatı
kimi bir çox uğurlu əməliyyatlar olacaqdır.
Ermənistanın siyasi rəhbərliyi,
nəhayət, dərk
etməlidir ki, işğalçılıq hərəkətləri
onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir.
Bizim güclü potensialımız
və güclü ordumuz var. Biz ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə
- bax burada düşmənlə üz-üzə
dayanan oğullarımızla
fəxr edirik”.
Bu gün hər
bir vətəndaş
əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
altında üzərinə
düşən məsuliyyətli
missiyanın öhdəsindən
layiqincə gəlməyə,
torpaqlarımızı düşmən
işğalından azad
etməyə tam qadirdir.
Elnur HACALIYEV,
Azərbaycan.- 2016.- 4 dekabr.- S. 1, 7.