Bakıda “Xoşməramlı səfirlər” adlı miniatür kitabın təqdimatı olub
Dekabrın 3-də Miniatür Kitab Muzeyində “Xoşməramlı səfirlər” (“Goodwill Ambassadors”) miniatür kitabının təqdimatı keçirilib. Azərbaycan “Kitab” Cəmiyyəti tərəfindən ərsəyə gələn nəşr Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova rəhbəri olduğu muzeyin fəaliyyət istiqamətindən söz açıb.
Diqqətə çatdırılıb ki, dünyada ilk özəl Miniatür Kitab Muzeyinin ekspozisiyası miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Muzeydəki 38 şüşə vitrində dünyanın 66 ölkəsində nəşr edilmiş 5600-dən çox miniatür kitab sərgilənir. Vurğulanıb ki, muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyətini əks etdirən miniatür kitablar da vardır. Muzeydə, həmçinin Azərbaycanın ədəbiyyat, elm və incəsənət klassikləri də geniş təmsil olunub. Bundan əlavə, dini mövzuda kitablar, habelə xarici ölkələrin klassikası nümayiş etdirilir.
Daha sonra “Xoşməramlı səfirlər” kitabının məziyyətlərindən danışan Zərifə Salahova bildirib ki, nəşrin hazırlanması ideyası keçən ilin sonunda yaranıb. O, bu ideyanın ilk dəfə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi, tarix elmləri doktoru Dilarə Seyidzadə tərəfindən dəstəkləndiyini söyləyib. Qeyd edib ki, yeni nəşr UNESCO-nun yarandığı gündən elan edilmiş xoşməramlı səfirlərindən bəhs edir. Kitabda 68 xoşməramlı səfir haqqında məlumat yer alıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2004-cü ildən UNESCO-nun xoşməramlı səfiri olduğunu diqqətə çatdıran Zərifə Salahova nəşrdə Azərbaycanın birinci xanımı haqqında da dəyərli fikirlərin topladığını bildirib.
Z.Salahova deyib ki, ölçüsü 50x60 mm olan bu miniatür kitab 2016-cı ildə ingilis dilində Miniatür Kitab Muzeyi tərəfindən “İndigo” mətbəəsində 150 nüsxə tirajla çap edilib. Kitabın forzasında UNESCO-nun loqosu yer alıb. “Xoşməramlı səfirlər” miniatür kitabı 376 səhifədən ibarətdir. Kitaba 68 portret və 52 rəngli foto daxil edilib.
Tədbirdə çıxış edən Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva belə bir nəşrin ərsəyə gəlməsini yüksək qiymətləndirib. Yeni nəşrin dünya xalqlarının mədəni dəyərlərini birləşdirdiyinə toxunan diplomat deyib ki, nəşrdə iki məşhur argentinalının adının yer alması sevindirici olmaqla yanaşı, həm də çox təsirləndiricidir.
Vurğulayıb ki, bu gün Azərbaycan kiçik ölkə olmasına baxmayaraq UNESCO kimi beynəlxalq təşkilata dəyərli töhfələr verir. Belə nailiyyətlərin davamlı olmasını arzulayan diplomat kitabın nəşrində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə Miniatür Kitab Muzeyinin ulu öndər Heydər Əliyev tərəfindən yaradıldığını vurğulayıb. Deyib ki, Miniatür Kitab Muzeyi hər bir ölkəyə hörmətin təcəssüm olunduğu məkandır. Muzeyin fəaliyyətə başladığı gündən etibarən çoxlu işlər görüldüyünə diqqət çəkən natiq qeyd edib ki, Zərifə Salahova muzeyin rəhbəri kimi bir çox təşəbbüslərlə çıxış edərək onların həyata keçməsinə nail olub.
“Zərifə Salahova muzeyin filiallarını yaradır, kitab sərgilərini təşkil edir. Bu kitablar vasitəsilə bizim insanlıq xəzinəmiz dünyaya çatdırılır, milli mədəniyyətimiz təbliğ olunur”, - deyə Dilarə Seyidzadə vurğulayıb.
Bildirilib ki, bu yeni nəşr, həm də UNESCO-nun xoşməramlı səfirlərinə hörmət və ehtiramın göstəricisidir.
Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Əməkdar Jurnalist Elmira Əliyeva, Xalq Rəssamı Arif Hüseynov və digər çıxış edənlər kitabın əhəmiyyətindən söz açıblar.
Vurğulanıb ki, bu zəngin məlumatların
əks olunduğu unikal
kitabdır. Belə bir nəşrin ərsəyə
gəlməsinin özünəməxsus çətinliyi olduğunu söyləyən natiqlər bu sahədə zəhməti olan
hər kəsə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan.-
2016.- 4 dekabr.- S.7.