KIVUNIM Amerika-İsrail akademik təşkilatının
nümayəndə heyəti ilk dəfə
Azərbaycana gəlib
ABŞ-ın aparıcı ali məktəblərinin yəhudi mənşəli tələbələrini birləşdirən KIVUNIM Amerika-İsrail akademik təşkilatının nümayəndə heyəti “Azərbaycan dünya üçün əsl multikulturalizm və tolerantlıq modelidir” layihəsi çərçivəsində dekabrın 5-də ilk dəfə Azərbaycana gəlib. Bu layihənin ideya müəllifi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin başçısı Arye Qutdur.
Onun sözlərinə görə, bir ay əvvəl KIVUNIM tələbələri qarşısında Azərbaycan haqqında üçsaatlıq mühazirə oxuyandan sonra ağlına “Azərbaycan dünya üçün əsl multikulturalizm və tolerantlıq modelidir” layihəsini həyata keçirmək və bu gözəl tələbələri Azərbaycana gətirmək ideyası gəlib. A.Qut vurğulayıb: “Mühazirəm çərçivəsində tələbələrə müasir Azərbaycanın islam dünyasında inkişaf və tərəqqi mayakı, həqiqi sivilizasiyalararası və konfessiyalararası dialoq, habelə multikulturalizm və tolerantlıq nümunəsi olmasından danışdım. Müasir və müstəqil Azərbaycan haqqında bu həqiqətləri yəhudi mənşəli amerikalı tələbələrə çatdırmaq mənim üçün vacib məsələ idi, çünki Amerika yəhudi diasporunun gələcək real və bacarıqlı liderləri onlardır. Mühazirəm böyük uğur qazandı, mən tələbələrin gözündə Azərbaycana maraq gördüm və ”Azərbaycan dünyanın əsl multikulturalizm və tolerantlıq modelidir” layihəsini həyata keçirməyi onlara təklif etdim. Çox şadam ki, buna nail oldum. Tanınmış KIVUNIM Amerika-İsrail akademik təşkilatının 50 tələbədən ibarət nümayəndə heyəti bu gün ilk dəfə Azərbaycana səfərə gəlib”.
A.Qut vurğulayıb ki, KIVUNIM Amerika-İsrail akademik təşkilatının əsas məqsədi Amerika yəhudi diasporunun gələcək liderlərinə daha geniş və dəqiq informasiya vermək, gənc liderlərin dünyaya daha real baxmalarına nail olmaqdır. A.Qut deyib: “Bundan əlavə, tələbələrə yəhudilərin tarixi və dini ənənələri barədə məlumat verilir. KIVUNIM-un əsas məqsədlərindən biri amerikalı tələbələri İsrail ilə, habelə yəhudi xalqına və İsrail Dövlətinə dostcasına səmimi yanaşan ölkələrlə tanış etməkdir. Məhz Azərbaycan haqqında üçsaatlıq mühazirəmdən sonra tələbələr və KIVUNIM-un rəhbərləri – Piter Hefen və Cey Liberman tərəfindən Amerika-İsrail akademik təşkilatının nümayəndə heyətinin “Odlar Yurdu”na ilk tarixi səfərini təşkil etmək barədə qərar qəbul edilib”.
Qeyd edək ki, Amerikanın
yəhudi diasporunun tələbə və gənc liderlərdən ibarət nümayəndə
heyətində ABŞ-ın
“University of Michigan”, “Emory University”, “University of Maryland”,
“Washington University in St. Louis”, “University of Illinois”, “SUNY
Binghamton”, “Colby College”, “Ithaca College”, “Columbia University”,
“University of California at Berkeley”, “McGill University” kimi
ali məktəblərinin
tələbələri təmsil
olunub.
Planlaşdırıldığına görə,
KIVUNIM Amerika-İsrail akademik
təşkilatının nümayəndə
heyəti siyasi və ictimai xadimlərlə görüşəcək,
Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında mütəxəssislərin
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi,
Xocalı qırğını
və soyqırımı,
Ermənistanın Azərbaycana
təcavüzü haqqında
mühazirələrini dinləyəcək,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
və “ADA” Universitetində
olacaq, Azərbaycanın
müsəlman, yəhudi
və xristian icmalarının liderləri
ilə görüşəcəklər.
Amerikalı tələbələr Şəhidlər xiyabanını
ziyarət edəcək,
paytaxt Bakının görməli yerləri ilə tanış
olacaqlar.
Nümayəndə heyəti Azərbaycanın
Quba rayonunda məşhur Qırmızı
Qəsəbəyə də
gedəcək.
Azərbaycan.- 2016.- 6 dekabr.- S. 5.