Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni güc
mərkəzi
Azərbaycan beynəlxalq miqyaslı tədbirlərə
yüksək səviyyədə evsahibliyi
edən ölkə kimi tanınır
Azərbaycan regionun davamlı inkişaf edən, müasirləşən dövlətinə çevrilib. Qlobal böhranın təsirlərinin qabarıq duyulduğu bir şəraitdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, infrastruktur layihələrinin həyata keçirilməsi uğurlu iqtisadi siyasətdən xəbər verir. Cəmiyyətin bütün sahələrindəki intibah meyilləri sosial-mədəni sferada da özünü qabarıq büruzə verir.
Prezident İlham Əliyevin müasir dünya reallıqlarını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı, respublikanı qısa zamanda bölgədə və bütövlükdə Avropa məkanında nüfuzlu dövlətə çevirməsi onun həm daxildə, həm də ölkə hüdudlarından kənarda ciddi siyasi dəstək almasına zəmin yaradıb. Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də böyük rəğbətlə qeyd edilir. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlir, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır.
Son illər nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi də ölkəmizin regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyini göstərir. Rəsmi Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsi Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynaması ilə şərtlənir. “Eurovision-2012” kimi möhtəşəm musiqi yarışmasının, “Bakı-2015” ilk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi ölkəmizin insan hüquqları və demokratikləşmə, habelə milli-etnik, dini tolerantlığın təmini sahəsində əldə etdiyi böyük nailiyyətləri göstərdi. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi həm də ölkəmizin son illər idmanın və bədən tərbiyəsinin, Olimpiya hərəkatının geniş vüsət aldığı ölkə olması ilə bağlıdır. Belə sanballı idman tədbirinin Azərbaycana həvalə edilməsi onu göstərir ki, respublikamız bütün sahələrdə, o cümlədən idmanda da tərəqqi dövrünü yaşayır.
Ötən illərdə olduğu kimi, 2016-cı ilin ötən 11 ayında da Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkəmizin dünya miqyasında rolunun artdığını göstərdi. Ölkəmizdə keçirilən forumlarda, konfranslarda iştirak etmək üçün Azərbaycanda səfərdə olan dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin dünyanı narahat edən qlobal problemləri paytaxtımızda müzakirə etmələri mühüm əhəmiyyət daşıyır. Şübhəsiz ki, bu mötəbər tədbirlərdə iştirak edən xarici dövlətlərin nümayəndələri öz ölkələrində Azərbaycan haqqında, burada gedən inkişafla bağlı geniş məlumat verirlər. Ölkəmizdə “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı, “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu, BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında VII Qlobal Forumu, Bakı Sərgi Mərkəzində XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisi, Azərbaycan-Rusiya-İran prezidentlərinin zirvə görüşü də keçirilib.
Sentyabrın 1-dən 14-dək Bakıda tarixin ən böyük Şahmat Olimpiadası keçirildi. Sayca 42-ci Ümumdünya Şahmat Olimpiadasında rekord sayda - 176 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə apardı. Bu barədə qərar 2012-ci ildə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olunmuşdu.
2016-cı il noyabrın 16-17-də Heydər Əliyev Fondunun və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) birgə təşkilatçılığı ilə “Xəbər agentlikləri üçün yeni çağırışlar” devizi altında keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində 5 qitəni, 80 ölkəni və dünyanın 130-dan çox aparıcı xəbər agentliyini təmsil edən 200 qonaq medianın aktual problemlərini müzakirə etdilər. Bakı şəhərində 130-dan artıq aparıcı informasiya agentliyinin və regional xəbər agentlikləri alyansları rəhbərlərinin iştirakı mühüm hadisə oldu.
Azərbaycanda təşkil olunan Avropa, dünya çempionatları da silsilə xarakter daşıyır. 2016-cı ildə ölkəmizdə “Formula-1” üzrə Avropa Qran-pri yarışları keçirildi. Bütün bunlar dünyada Azərbaycanın həm də mötəbər idman tədbirlərinin keçirildiyi məkan olduğunu bir daha nümayiş etdirdi. Təsadüfi deyil ki, 2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində federasiyaya üzv olan Milli Olimpiya komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. Tam səs çoxluğu ilə ölkəmizin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi barədə qərar qəbul edilib. 57 ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı “Həmrəylik bizim gücümüzdür” seçilib. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembank şəhərində keçirilmiş III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı İHİF-in bayrağı Azərbaycana verilmişdi.
IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın evsahibliyi etməsi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyası ilə müqavilə imzalanıb. IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə may ayında - Ramazan ayından əvvəl təşkil olunacaq. Yarışın proqramına 19-20 idman növü daxil ediləcək ki, bunlar da “Bakı-2015” I Avropa Oyunlarının proqramı ilə qismən də olsa üst-üstə düşəcək. IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika və zorxana kimi idman növləri üzrə yarışlar keçiriləcək. İdmançıların Atletlər kəndində yerləşdirilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bildirib: “Ölkəmizdə, bir qayda olaraq, beynəlxalq idman yarışları keçirilir. Biz bunu artıq neçə ildir müşahidə edirik. İldən-ilə bu yarışların sayı da artır və səviyyəsi də yüksəlir. Bu gün dünya, Avropa çempionatlarının Azərbaycanda keçirilməsi adi hala çevrilib. Əgər əvvəlki illərdə, xüsusilə 2000-ci illərin əvvəllərində hansısa gənclər və yaxud da yeniyetmələr arasında Avropa və ya dünya çempionatı keçirilirdisə və biz bundan fərəhlənirdiksə, bu gün dünya çempionatları, Avropa çempionatları, olimpiya oyunlarına təsnifat turnirləri, müxtəlif digər beynəlxalq yarışlar Azərbaycanda, demək olar ki, ildə bir neçə dəfə keçirilir. Bu, beynəlxalq idman aləmi tərəfindən bizə göstərilən böyük hörmətdir.
Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi Azərbaycanda idman sahəsində görülən işlərə çox yüksək qiymət verir. Bir məsələni də vurğulayırlar və siz də bunu yaxşı bilirsiniz ki, Azərbaycanda idmanla bağlı dövlət siyasəti aparılır. İdmana cavabdehlik daşıyan bütün qurumlar bir komanda kimi fəaliyyət göstərir və bizim uğurlarımızın təməlində məhz bu birlikdir. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar bir məqsədi güdür ki, Azərbaycanda idman inkişaf etsin, Azərbaycan idmançıları beynəlxalq yarışlarda həmişə yüksək pillələrdə olsunlar”.
Çoxsaylı idman tədbirləri, sərgilər, konfranslar, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təqdimatı artıq beynəlxalq ictimaiyyətə də ölkəmiz haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait yaradır. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərir.
Azərbaycanın beynəlxalq imici gündən-günə yüksəlir, dünya ictimaiyyəti respublikamızda həyata keçirilən islahatlar kursunun mahiyyəti ilə bağlı dolğun, hərtərəfli, obyektiv informasiya almaq imkanı qazanır. Bütün bunlar həm də bir sıra iqtisadi, siyasi və humanitar beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi məhz Bakı şəhərinə üstünlük verilməsi ilə nəticələnir. Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müs-bət imicin formalaşmasında rəsmi Bakının praqmatik xarici siyasəti az rol oynamır. Respublikada makroiqtisadi sabitliyin təmin olunması, demokratik-hüquqi islahatların uğurla davam etdirilməsi Azərbaycanın nüfuzunu daha da artırır.
Elnur HACALIYEV,
Azərbaycan.- 2016.- 7 dekabr.- S. 1