Quba xalçaları dünya mədəniyyətinin
nadir inciləridir
Azərbaycan hələ qədimdən dünyanın diqqətini füsunkar təbiəti və sədaqətli insanları ilə özünə cəlb edib. Ən məşhur səyyahların gündəliklərində Azərbaycanın adına rast gəlinir, ölkəmizin nadir təbiət gözəlliklərindən, maddi mədəniyyət abidələrindən, təbii sərvətlərindən geniş söz açılır.
Bu gün dünya ictimaiyyətinin Azərbaycanda maraq dairəsinə daxil olan brendlərdən biri də Quba xalçalarıdır. Dövlət xadimləri, mədəniyyət nümayəndələri respublikamızla bağlı bütün söhbətlərində bu sənət nümunələri ilə maraqlanmış, onları hədiyyə kimi xüsusi hörmətlə qəbul etmişlər.
Quba xalçaçılıq məktəbi Qonaqkənd və Dəvəçi rayonları da daxil olmaqla 35-ə yaxın ornament kompozisiyanı özündə birləşdirir. Bu ərazi müxtəlif tayfaların məskunlaşdığı tarixi bölgədir. Bu, onun xalçaçılıq sənətində də özünü göstərir: geniş naxış rəngarəngliyi, bəzən qonşu kəndlərdə toxunmasına baxmayaraq, çeşnisi ilə fərqlənirlər. Onların ornamentlərinin əksəriyyəti coğrafi və bitki motivləri ilə xarakterizə olunur. Onlardan “Qırız”, “Qımıl”, “Qonaqkənd”, “Şahnəzərli” və digər xalçaları göstərmək olar. İlk baxışdan Quba xalçalarında ornamentin müxtəlif xüsusiyyətlərini görmək olar. Ancaq diqqətlə baxdıqdan sonra əmin olursan ki, kompozisiyanın bütün bəzəkləri vahid mənaya malikdir. Bu xalçalarda bütöv bir dövrün tarixini, insanların zövqünü və fikrinin dərinliklərini görmək mümkündür.
Quba xalça mərkəzi üç hissəyə - dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Dağlıq hissəyə - Qonaqkənd, Xası, Cimi, Afurca, Buduq, Cek, Salmansöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar. Dağətəyi hissədə xalça istehsalı - Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçidə, ovalıq hissədə isə Şabran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və başqa kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin Dərbənd ərazisində toxunan xalçalar da daxildir.
Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin sterilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır.
Azərbaycan neft-qaz ölkəsi olsa da, burada qeyri-neft sektorunun inkişafına diqqət genişdir. Bu gün böyük turizm ölkəsinə çevrilən Azərbaycana xaricilərin axını artmaqdadır. Unutmayaq ki, turist həm də mədəniyyət daşıyıcısıdır. Qubada formalaşan və Azərbaycan mədəniyyətinin tərkib hissəsi sayılan xalçaçılıq məktəbi qədim və orijinal xüsusiyyətləri ilə dünyanın hər yerində tanınır. Turistlərin ən çox maraqlandıqları sahələrdən biri də budur. Onların çoxu səfər zamanı xalça toxuyan insanlarla görüşür.
Onu da bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə hər il 5 may tarixi ölkəmizdə xalçaçıların peşə bayramı günü kimi qeyd ediləcəkdir. Belə diqqət və qayğı xalçaçılarımızın qarşısında yeni səhifələr açmağa imkan yaradacaq, yaxın zamanlarda bu sahənin inkişafı istiqamətində uğurlu addımlar atılacaqdır.
Akif ƏLİYEV,
Azərbaycan.-
2016.- 8 dekabr.- S.6.