Müəllim, jurnalist
Müəllim ömrü yanar şama bənzəyir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev bu barədə söhbət düşəndə həmişə deyirdi: “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”. Bu şərəfli adın sahibləri gözlərinin nuru, qəlblərinin hərarəti ilə yetirmələrinin elm və təhsilə uzanan yoluna işıq salır, onların bilikli, savadlı, yaradıcı, vətənə və cəmiyyətə layiq insan olmalarına zəmin yaradırlar. Gənclər etimadı doğruldanda, həyatda uğurlar qazananda əməyinin bəhrəsini görən müəllimləri bundan zövq alır, mənən gəncləşirlər. Belə pedaqoqlardan söz düşəndə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri və məzunları böyük məmnuniyyətlə Azərbaycan mətbuatı tarixinin araşdırılmasında, elmi-nəzəri konsepsiyasının yaradılmasında və inkişafında xidmətləri olan Nəsir İmanquliyevi, Mir Cəlal Paşayevi, Nəriman Zeynalovu, Seyfulla Əliyevi, Nurəddin Babayevi, Famil Mehdini, Qulu Xəlilovu, Əliş Nəbilini, o cümlədən hazırda mətbuat tarixi kafedrasının müdiri, professor Şirməmməd Hüseynovu və başqalarını ehtiramla xatırlayırlar. Sevindirici haldır ki, bu dəyərli və unudulmaz müəllimlərin xoş ənənələri indi də yaşayır. Fakültədə bu ənənəni layiqincə davam etdirənlərdən və vaxtilə həmin müəllimlərlə çiyin-çiyinə çalışanlardan biri də jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti, filologiya elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mahmud Mahmudovdur.
Gəncliyində şeir və bədii-publisistik məqalələr yazan Mahmud müəllimi bu peşəyə gətirən jurnalistikaya olan böyük sevgisidir. 1936-cı ildə Salyanda dünyaya göz açmış, uşaqlığı, ilk gənclik illəri qanlı-qadalı Böyük Vətən müharibəsi illərinə təsadüf etdiyi üçün əmək fəaliyyətinə çox erkən başlamışdır. Yeniyetmə çağlarında təsərrüfat işlərinə əl yetirməklə yanaşı, boş vaxtlarında bədii yaradıcılıqla məşğul olur, dövri mətbuata məqalələr yazırdı. Bu həvəslə də M.Mahmudov 1964-cü ildə Bakı Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirir. Bir müddət Azərbaycan Sovet Ensiklopediyasında işləyir. “Mətbuatda ədəbiyyat məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 50 il əvvəl isə iş yerini vaxtilə ali təhsil aldığı BDU-ya dəyişir. Elmi biliyini və bacarığını yüksək səviyyəli jurnalist kadrların hazırlanmasına sərf edir. O vaxtdan indiyədək “Ədəbi redaktə”, “KİV-in dili və üslubu”, “Nəşriyyatda praktik iş” fənlərini tədris edir.
Mahmud Mahmudov yaradıcı qələm sahibi, bacarıqlı müəllimdir. Onun ömür salnaməsinin ən dəyərli və mənalı səhifələri tələbə auditoriyası ilə bağlıdır. Özünün dediyi kimi, alim yalnız elm yükünün daşıyıcısıdırsa, müəllim daha şərəfli bir yükü - elmin və təlim-tərbiyənin daşıyıcısıdır. O, gözəl pedaqoq, qayğıkeş və layiqli müəllimdir. Yeganə idealı tələbələrini elmli, savadlı qələm sahibi kimi görməkdir.
Mahmud müəllim həm də gözəl tədqiqatçıdır. O, bəzi dərs vəsaitlərinin, o cümlədən mətbuatın “İlin kitabı” kimi qiymətləndirdiyi “Ədəbi redaktənin elmi əsasları” və “Ədəbi redaktə: nəzəriyyə və təcrübə” adlı dərs vəsaitlərinin müəllifidir. Kitab həm də ana dilimizin saflığına, təmizliyinə xidmət edir. Yaxın dostu şair Əlağa Kürçaylının poeziyası, zəngin mənəvi aləmi barədə dolğun təsəvvür yaradan bədii-publisistik üslubda yazılmış “Çıxıram qəlbimin səyahətinə...” əsəri oxucular və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanıb.
Tanınmış alim və pedaqoqun “Mətbuat və ədəbi tənqid”, “Nəşriyyat işinin əsasları” (B.Axundovla birlikdə), “Nəşriyyat, poliqrafiya və jurnalistika terminləri izahlı lüğəti”
(B. Axundov və R. İmaməliyevlə müştərək) kitabları bu gün qəzet və jurnal redaksiyalarında çalışan hər bir yazarın mütəmadi istinad etdiyi mənbədir. Bu sanballı dərs vəsaiti elmi ictimaiyyət və dövri mətbuatda maraqla qarşılanaraq mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Təcrübəli jurnalistlər, yazıçılar və elm adamları yaxşı bilirlər ki, ədəbi redaktə incə zövq, dərin müşahidə, habelə yüksək peşəkarlıq tələb edir. Təsadüfi deyil ki, məhz bu keyfiyyətləri özündə birləşdirdiyinə görə qələm sahiblərinin çoxu Mahmud Mahmudovu öz kitablarının redaktoru görmək istəyirlər. Xatırladaq ki, mərhum yazıçı Əlibala Hacızadənin 10 cildliyini və Mərkəz Qacarın kitablarını yüksək səviyyədə redaktə edən Mahmud Mahmudovdur. O, “Ədəbi redaktə: nəzəriyyə və təcrübə” dərs vəsaitində göstərdiyi kimi, Mərkəz Qacarın “Sən” rədifli qoşmasını 12 variantda redaktə edib. Xoşa gələn cəhət odur ki, Mahmud müəllim həmin nüsxələri arxivində saxlayır, “Ədəbi redaktə” fənninin tədrisi zamanı onları əyani nümunə kimi tələbələrə göstərir.
Qeyd edək ki, BDU-da olan 17 fakültənin ümumi tərəfləri ilə yanaşı, onların hər birinin özünəməxsus fərqli cəhətləri var. Bu baxımdan jurnalistika fakültəsi iki əlamətinə görə daha çox seçilir. Əvvəla, qeyd etdiyimiz kimi, nəzəriyyə ilə təcrübə vəhdətdə götürülür, eyni zamanda elmi mülahizələrlə yanaşı, tələbələrə əməli vərdişlər də ardıcıl şəkildə aşılanır.
Ümumiyyətlə, Mahmud müəllim təcrübəli pedaqoq kimi əməkdaşı olduğu kafedranın adına və istiqamətinə uyğun olaraq tələbələrə elmi-nəzəri biliklərin yüksək səviyyədə aşılanması ilə yanaşı, onların əməli vərdişlərə yiyələnməsinə də ciddi fikir verir. Bu məqsədlə gənclərə müxtəlif mövzularda və janrlarda məqalələr yazdırır, müəllifləri həmin yazıların üzərində ədəbi redaktə baxımından dönə-dönə işlədir, çapına lazımi kömək göstərir. Bu məqsədlə onun tələbələrlə birlikdə “Azərbaycan” nəşriyyatına - oradakı ayrı-ayrı qəzet və jurnal redaksiyalarına mütəmadi gəlişi çoxlarına bəllidir. “Azərbaycan” nəşriyyatına növbəti gəlişi zamanı Mahmud müəllimlə dəhlizdə üzbəüz gəldik. 5-10 dəqiqənin ərzində kim yanımızdan keçirdisə, ayaq saxlayıb, əzizini görürmüş kimi onunla görüşüb hal-əhval tuturdu. Ürəyini boşalda-boşalda hər kəs kəlməsinin əvvəlində də, sonunda da: “Mahmud müəllim, necəsiz, mənə nə tapşırığınız? Canla-başla hazıram...”, deyirdi. Bu zaman Mahmud müəllimdən yarıciddi, yarızarafat soruşdum:
- Tələbələrinizlə bəyəm tez-tez görüşmürsünüz?
- Niyəki, onlar da sizin kimi çox istədiklərindən belə edirlər, - deyə qürurla əlavə etdi. - Bizim xoşbəxtliyimiz ondadır ki, peşə xüsusiyyəti ilə əlaqədar fakültənin müəllimləri tələbələrə mənən daha yaxındır. Məsələn, tarix, biologiya, fizika və s. fakültələrin məzunlarının sonradan müəllimlərlə görüşməsi təsadüfdən asılıdır. Ancaq bizim fakültədə müəllimlərlə keçmiş tələbələr ictimai-siyasi, mədəni-kütləvi tədbirlərdə tez-tez görüşürlər. Həmçinin müəllimlər müxtəlif redaksiyalara, nəşriyyatlara gedəndə mütəmadi olaraq onlarla qarşılaşır və bu zaman unudulmaz tələbəlik illəri göz önündə canlanır, keçmiş xatirələr sanki dilə gəlir.
Əhvali-ruhiyyəsinin xatirələrə köklənən siminə toxunaraq Mahmud müəllimdən soruşuruq ki, ömrün bu vədəsində onu ən çox sevindirən nədir?
- Həqiqəti bilmək istəyirsinizsə, tələbələrimin uğurları, eləcə də Bakıda, Azərbaycanın bölgələrindəki möhtəşəm quruculuq işləri. Ölkə rəhbərliyi tərəfindən elmə, təhsilə və dövri mətbuata göstərilən qayğı məni çox sevindirir. Azərbaycanın ali təhsil ocaqlarının flaqmanı sayılan Bakı Dövlət Universitetində dünya standartları səviyyəsində aparılan işlər, yaradılan əlverişli şərait buna bariz nümunədir.
Təcrübəli pedaqoq-nəzəriyyəçi, səriştəli müəllim kimi bir çox insani keyfiyyətlərə malik Mahmud Mahmudov həm də özünə qarşı tələbkar qələm sahibidir. İndiyədək 140-dan çox elmi məqaləsi və 16 kitabı işıq üzü görən Mahmud Mahmudovun respublikamızda böyük şöhrət qazanmış media mənsublarının yetişməsində bir müəllim kimi böyük zəhməti var. M.Mahmudov bu gün də gənclik enerjisi ilə yazıb yaradır. Hazırda “Müasir şəraitdə nəşriyyatçılıq fəaliyyəti” adlı dərs vəsaiti üzərində çalışır. Kitabda nəşriyyatçılıq tarixinin yaranma və inkişafına qısa nəzər salınır, müasir şəraitdə nəşriyyatçılıq işlərinin səciyyəvi xüsusiyyətləri araşdırılır, uğurlu və qüsurlu cəhətləri barədə elmi-nəzəri mənbələr praktik materiallar əsasında təhlil edilir. Bu dərs vəsaiti təkcə elmi-nəzəri mülahizələrin şərhi deyil, həm də əməli vərdişlərin tələbələrə aşılanması, səciyyəvi xüsusiyyətlərin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Ömrünün 50 ildən çoxunu jurnalist kadrların yetişdirilməsinə həsr edən M.Mahmudovun əməyi qədirşünaslıqla qiymətləndirilib. O, 18 fevral 2011-ci ildə “Jurnalist kadrlarının yetişdirilməsi sahəsindəki xüsusi xidmətlərinə, elmin, təhsilin inkişafındakı roluna görə” Bakı Dövlət Universitetinin Fəxri fərmanına, 24 fevral 2016-cı ildə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə və 80 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurasının diplomuna layiq görülüb.
Minlərlə insanın dərin hörmət və məhəbbətini qazanmış alim hər şeydən öncə əsl ziyalıdır. Bu, o deməkdir ki, Mahmud müəllim aydın və işıqlı adamdır. Onun tələbələrinə bəxş etdiyi nur mənəvi paklığından, intellektinin möhkəmliyindən, şəxsiyyətinin bütövlüyündən qidalanır. İndiyədək əldə etdiyi uğur və nailiyyətlərinin bünövrəsində isə gərgin zəhməti, işgüzarlığı, alim məhsuldarlığı durur.
Mahmud müəllim həm də nümunəvi ailə başçısıdır. Qızı Könül Rüstəmova həkimdir. Oğlu İsmayıl Mahmudov isə BDU-nu bitirib, uzun müddət inzibati orqanlarda çalışıb, polkovnik-leytenantdır. Nəvələri Fatimə 5-ci, Orxan 3-cü sinif şagirdidir.
Mahmud Mahmudov müdriklik yaşının ucalığındadır. Ömrünün yarım əsrdən çoxunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə həsr edən alimin, pedaqoqun tələbələrinin və fakültə müəllimlərinin təşəbbüsü ilə 80 yaşı təntənə ilə qeyd edilmişdir. O, bu gün də elmi-pedaqoji fəaliyyətini yüksək səviyyədə davam etdirir. Nəşriyyatçılıq və redaktənin sirlərini incəliklərinə qədər yetirmələrinə aşılayır. İnanırıq ki, ömrünün 80-ci payızını arxada qoyan Mahmud müəllim həyatının qalan hissəsini də böyük amallara, mənalı işlərə sərf edəcək.
Rəhman SALMANLI,
Azərbaycan