“Sarılar–Qarabağ atının izi ilə” filmi Bilik Fondunda nümayiş olunub

 

07 Dekabr 2016

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində yerli filmlərin nümayişinə başlanıb. Məqsəd mədəniyyətlərin dialoqu şəraitində Azərbaycan mədəni irsinin təbliği, tarixi-sənədli və bədii filmlərin nümayişi və müzakirəsinin təşkilidir.

Dekabrın 7-də Bilik Fondunda bu silsilədən ilkin olaraq “Sarılar–Qarabağ atının izi ilə” sənədli filmi nümayiş olunub.

Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbirdə müxtəlif ali təhsil ocaqlarının yerlixarici tələbələri, Bilik Fondunun Könüllülər Birliyinin üzvləri, alimlər iştirak ediblər.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev əhalinin maarifləndirməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mədəniyyət amilinin mühüm rolunu diqqətə çatdırıb. Bildirilib ki, fondun maarifləndirici layihələri təkcə Azərbaycan tarixi, ədəbiyyatı, müxtəlif elm sahələri ilə bağlı tədbirlərin, mühazirə və konfransların keçirilməsi ilə məhdudlaşmır, həm də mütəmadi olaraq ayrı-ayrı məkanlarda mədəni-kütləvi tədbirlər təşkil edilir.

Filmin icraçı prodüseri Nadir Əliyev Qarabağ atlarını Azərbaycanın sərvəti kimi dəyərləndirib, belə tədbirlərin mədəni irsimizin təbliğində əhəmiyyətindən danışıb.

Tarix elmləri doktoru, professor Həcər Verdiyeva filmdə işıqlandırılan tarixi məqamların sənədli üslubda geniş kütlələrə çatdırılmasını Azərbaycan tarixinin təbliği və tanıdılmasında vacib addım kimi dəyərləndirib.

Tədbirdə iştirak edən xarici ölkə vətəndaşları filmdən aldıqları təəssüratları bölüşüblər.

“Sarılar–Qarabağ atının izi ilə” sənədli filmi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və “BP Azərbaycan” şirkətinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Almaniyanın “Studio Tor 1” Filmproduktion şirkəti tərəfindən istehsal edilib.

Çəkilişləri Azərbaycan, İngiltərə, İsveçrə və Almaniyada aparılan “Sarılar–Qarabağ atının izi ilə” sənədli filminin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.

 

Azərbaycan.- 2016.- 8 dekabr.- S.7.