İstedadlı uşaqlara dövlət
qayğısı
Belə uşaqlar üçün
xüsusi inkişaf
proqramlarının hazırlanması ənənəyə çevrilib
İstedad sonradan qazanılmır, insanın özü ilə doğulur. Elə uşaqlar olur ki, zamanında bu istedadı inkişaf etdirə bilmir. Fitri istedad onun daxilində, ürəyinin bir küncündə dəfn olunur. Əlbəttə, bu, insana hər zaman ağrı verir. Bəzi hallarda isə valideynlərin, müəllimlərin onlara qayğı göstərməməsi səbəbindən istedad cilalanıb üzə çıxa bilmir.
Ancaq istedadı ilə kifayət qədər tanınan və dəyərləndirilən uşaqlar da var. Azərbaycan tarixən istedadlar diyarıdır. Onlar təbii ki, ailə, cəmiyyət, təhsil müəssisələri, həm də dövlətimiz tərəfindən lazımi səviyyədə qayğı ilə əhatə olunurlar.
Xüsusi istedadı olan uşaqların öz bacarıqlarını inkişaf etdirməsi üçün təhsil müəssisələri, yaradıcılıq mərkəzləri fəaliyyət göstərir. Əsas və önəmli faktlardan biri budur ki, Azərbaycanda insan kapitalının inkişafı, uşaqların müasir bilik və bacarıqlara yiyələnməsinin reallaşdırılması prioritet istiqamətlər sırasında mühüm yer tutur. Bu məsələ ilə bağlı xüsusi inkişaf proqramlarının hazırlanması diqqət mərkəzində saxlanılır və müvafiq tədbirlər həyata keçirilməkdədir.
Ümummilli lider Heydər Əliyevin 1999-cu il iyulun 29-da imzaladığı fərmanla təsdiq olunan “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı”nda bir sıra nazirliklərə istedadlı uşaqların üzə çıxarılması üçün fərdi tədris proqramlarının hazırlanması mühüm vəzifə kimi qarşıya qoyulmuşdu.
Prezident İlham Əliyevin “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” imzaladığı sərəncam istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şərait yaratmış oldu.
“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nda qeyd edilir ki, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi ötən əsrin 70-ci illərindən etibarən diqqət mərkəzində olub, bu vacib iş sahəsinin mühüm prioritetlərdən biri kimi irəli sürülərək reallaşdırılması istiqamətində ciddi addımlar atılıb: “Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra, xüsusən 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verilmiş, bunlarla bərabər, ölkənin təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiya olunmasına geniş imkanlar açılmış, istedadlı uşaq və gənclərə diqqət və qayğının artırılması ölkə Konstitusiyasında təsbit edilərək, təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir”.
Son illər Azərbaycanda istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə yeni tipli tədris müəssisələrinin şəbəkəsi xeyli genişləndirilmiş, lisey və gimnaziyalarda təhsilin məzmununun müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni tədris plan və proqramları hazırlanaraq tətbiq edilməyə başlanmış, pedaqoji kadr heyətinin tərkibi ilbəil yaxşılaşdırılmışdır.
Bütün bunlarla yanaşı, respublikada xüsusi istedad və qabiliyyətə malik olan uşaq və gənclərlə işin təşkili sahəsində bir sıra həlli vacib problemlər hələ də qalmaqdadır. Təhsil mütəxəssisləri bu problemləri belə təsnifatlandırır: istedadlı uşaq və gənclərin inkişaf perspektivlərini müəyyənləşdirən sosial-psixoloji tədqiqatların istənilən səviyyədə aparılması, istedadlı uşaq və gənclərin aşkara çıxarılması sahəsində elmi-pedaqoji və psixoloji cəhətdən əsaslandırılmış ardıcıl sistemin, səmərəli fəaliyyət mexanizminin yaradılması, ümumtəhsil məktəblərində məktəb psixoloqu kadrlarına ehtiyacın ödənilməsi, pedaqoji ali və orta ixtisas məktəblərində müəllimlik peşəsinə hazırlanan tələbələrə, istedadlı uşaqlarla iş sahəsində nəzəri biliklərin, xüsusi metodikaların aşılanması vacib şərtlərdəndir.
Dövlət proqramının əsas məqsədi də məhz respublikanın ümumtəhsil müəssisələrində mövcud istedad potensialını vaxtında müəyyənləşdirib, onun inkişafını təmin etmək üçün xüsusi tədbirlər həyata keçirməkdən, ölkə ictimaiyyətinin diqqətini bu vacib məsələnin həllində yaxından iştiraka yönəltməkdən, istedadlı uşaq və gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarətdir.
Proqramda istedadlı uşaqların xüsusi təhsil müəssisələrində, lisey və gimnaziyalarda təhsil alması, olimpiadalarda iştirakı, xüsusi istedada və qabiliyyətə malik uşaqlar, o cümlədən olimpiada qalibləri üçün imtiyazların müəyyənləşdirilməsi, habelə onların müəllimlərinin əməyinin stimullaşdırılması sahəsində əlavə tədbirlərin həyata keçirilməsi, pedaqoji ali və orta ixtisas məktəblərində tələbələrin istedadlı uşaq və gənclərlə iş metodikasına yiyələnməsinin təmin ediləcəyi xüsusi vurğulanır.
Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda bildirilir ki, təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə, onların zehninin erkən yaş dövründən inkişafı diqqət mərkəzində saxlanmalıdır.
Sənəddə göstərilir ki, beynəlxalq təcrübədə təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən biri təhsil kurikulumlarının ölkənin sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri ilə sıx əlaqələndirilməsindən ibarətdir
Uşaqların istedadının üzə çıxarılmasının bir sıra formaları mövcuddur. Bu təlimləri irəli sürən mütəxəssislərin fikrinə əsaslansaq deyə bilərik ki, belə təlim forması müxtəlif yaş qruplarına aid olan istedadlı uşaqların təlim prosesində dövri olaraq müəyyən müddətə qruplaşdırılmasını nəzərdə tutur. Bu, istedadlı uşaqların öz yaşıdları və yaşca onlardan fərqlənən digər qabiliyyətlilərlə ünsiyyətdə olmalarına, eyni sahədə istedadı olan uşaqlarla özlərini müqayisə etməyə, öz vəziyyətlərini qiymətləndirməyə və s. imkan verir.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.-
2016.- 8 dekabr.- S.7.