Kredit
büroları haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu
qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərinə
uyğun olaraq, Azərbaycan Respublikasında kredit
bürolarının yaradılmasının və fəaliyyətinin
hüquqi əsaslarını, kredit büroları tərəfindən
kredit tarixçələrinin formalaşdırılması və
məlumatdan istifadə prinsiplərini müəyyən
edir, kredit bürolarının, kredit tarixçəsi subyektlərinin,
məlumat təchizatçılarının və istifadəçilərinin
hüquq və vəzifələrini, eləcə də kredit
büroları üzərində nəzarət məsələlərini
tənzimləyir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə
1. Qanunun məqsədi
Bu qanunun məqsədi fiziki və
hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin
icrası barədə uzunmüddətli məlumat
bazasının formalaşdırılması yolu ilə maliyyə
xidmətlərinə çıxış imkanlarının
yaxşılaşdırılması, borc münasibətlərində
maliyyə intizamının möhkəmləndirilməsi və
ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə
dəstək verilməsidir.
Maddə
2. Bu qanunda istifadə olunan əsas
anlayışlar
2.0. Bu qanunda istifadə olunan
anlayışlar aşağıdakı mənaları
daşıyır:
2.0.1. kredit bürosu -
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq dövlət
qeydiyyatına alınmış və bu qanunun 6.1-ci və
6.2-ci maddələrində nəzərdə tutulmuş fəaliyyəti
həyata keçirən kommersiya hüquqi şəxsi;
2.0.2. kredit tarixçəsi
- məlumatların saxlandığı üsul və formadan
asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və
ödənilmiş borcları, borc öhdəliklərinin təminatı
ilə bağlı, habelə ödəmə qabiliyyətinin
və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi
üçün bu qanuna uyğun olaraq lazım olan digər məlumatların
məcmusu;
2.0.3. kredit tarixçəsinin
subyekti - barəsində kredit tarixçəsi
formalaşdırılan fiziki və ya hüquqi şəxs;
2.0.4. borc - verilmiş
kreditlər, açılmış kredit xətləri,
balansdan silinmiş kreditlər, qarantiya, zaminlik, uçota
alınmış veksellər, nisyə satılmış
malların dəyəri, lizinq və faktorinq əməliyyatları
nəticəsində yaranan borc;
2.0.5. kredit tarixçələrinin
məlumat bazası - “Fərdi məlumatlar haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə
cavab verən informasiya sistemlərinə əsaslanan kredit
bürosunun məlumat resursları;
2.0.6. kredit hesabatı -
bu qanunla icazə verilən məqsədlər və həcm
daxilində məlumat istifadəçilərinə kredit
tarixçəsindən verilən məlumat;
2.0.7. məlumat təchizatçısı
- kredit bürosunu məlumatlarla birbaşa və ya “Elektron
hökumət” portalı vasitəsi ilə təchiz edən bu
qanunun 12.1-12.3-cü maddələrində göstərilən
subyektlər;
2.0.8. məlumat istifadəçisi
- kredit bürosundan kredit hesabatlarını almaq hüququ olan
bu qanunun 13.2-ci maddəsində göstərilən subyektlər;
2.0.9. maliyyə
bazarlarına nəzarət orqanı - maliyyə bazarlarında
tənzimləmə və nəzarətin həyata
keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurum (bundan sonra - nəzarət
orqanı);
2.0.10. mərkəzləşdirilmiş
kredit reyestri - nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş
kredit reyestri;
2.0.11. pozitiv məlumat
- kredit tarixçəsi subyektinin borc öhdəliyinin
yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və
borc öhdəliklərinin icra intizamını müsbət
xarakterizə edən hər hansı məlumat;
2.0.12. neqativ məlumat
- kredit tarixçəsi subyektinin borc öhdəliyinin
yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və
borc öhdəliyinin icra intizamını mənfi xarakterizə
edən hər hansı məlumat.
Maddə
3. Kredit bürolarının fəaliyyətinin
hüquqi əsasları
Kredit bürolarının fəaliyyətinin
hüquqi əsaslarını Azərbaycan Respublikasının
Konstitusiyası, bu qanun, digər normativ hüquqi aktlar, nəzarət
orqanının normativ xarakterli aktları, habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr təşkil edir.
Maddə
4. Kredit tarixçələrinin
formalaşdırılması və onlardan istifadə prinsipləri
4.0. Kredit tarixçələrinin
formalaşdırılması və kredit tarixçələrinin
məlumat bazasından istifadə prinsipləri
aşağıdakılardır:
4.0.1. qanuni məqsədlərlə
formalaşdırılması və istifadə edilməsi;
4.0.2. kredit tarixçəsi
subyektinin razılığı (bu qanunun 14.0.1-ci və
14.0.2-ci maddələrində nəzərdə tutulmuş
hallarda);
4.0.3. şəxsi həyatın
toxunulmazlığı, hüquq və azadlıqların,
qanuni mənafelərin müdafiəsi;
4.0.4. məlumatın həcminin
istifadə məqsədlərinə adekvat olması;
4.0.5. məlumatın
düzgünlüyü və vaxtında yenilənməsi;
4.0.6. məlumat istifadəçiləri
arasında ayrı-seçkiliyə yol verilməməsi;
4.0.7. kredit tarixçələrinin
məlumat bazasının və müvafiq informasiya sistemlərinin
mühafizəsi;
4.0.8. qanunla qorunan məlumatların
konfidensiallığının təmin edilməsi;
4.0.9. “Fərdi məlumatlar haqqında” Azərbaycan
Respublikası Qanununun tələbləri nəzərə
alınmaqla kredit hesabatlarının transsərhəd
ötürülməsi.
2-ci fəsil
KREDİT
BÜROLARININ YARADILMASI VƏ FƏALİYYƏTİ.
KREDİT BÜROLARININ FƏALİYYƏTİNƏ
NƏZARƏT
Maddə
5. Kredit bürosunun yaradılması
5.1. Kredit büroları məhdud məsuliyyətli
cəmiyyət və ya səhmdar cəmiyyəti formasında
yaradılır.
5.2. Kredit bürosunun fəaliyyəti
üçün tələb olunan nizamnamə
kapitalının minimum məbləğini nəzarət
orqanı müəyyən edir.
5.3. Kredit bürosu qismində təsis edilən
hüquqi şəxsin nizamnamə kapitalı Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən
olunmuş qaydada ödənilir.
5.4. Kredit bürosunun informasiya sistemi “Fərdi
məlumatlar haqqında” Azərbaycan Respublikasının
Qanununda müəyyən olunmuş tələblərə cavab
verməlidir.
5.5. Kredit bürosunun fərdi məlumatların
informasiya ehtiyatlarının formalaşdırılması və
informasiya sistemlərinin yaradılması, onlara xidmət
göstərilməsi ilə bağlı fəaliyyəti
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq verilmiş lisenziya əsasında
həyata keçirilir.
5.6. Adında “kredit bürosu” sözlərini
yalnız bu qanun əsasında yaradılan və fəaliyyət
göstərən kommersiya təşkilatları və
onların birlikləri istifadə edə bilərlər.
5.7. Kredit bürosunun icra orqanının rəhbəri
(üzvləri) üçün peşə
yararlığı tələbləri nəzarət orqanı
tərəfindən müəyyən olunur.
5.8. Kredit bürosu bu qanunun 5.8.6-5.8.9-cu maddələrində
nəzərdə tutulmuş sənədlərdən sonuncusu
alındığı tarixdən sonrakı 5 gün ərzində
nəzarət orqanına məlumat üçün
aşağıdakı sənədləri təqdim etməlidir:
5.8.1. kredit bürosunun
dövlət qeydiyyatı haqqında sənədin və təsis
sənədlərinin notariat qaydasında və ya “İnzibati
icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində
müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;
5.8.2. tələb olunan
minimum nizamnamə kapitalının ödənilməsi barədə
sənədi;
5.8.3. kredit bürosunun
icra orqanının rəhbərinin (üzvlərinin) adı,
ünvanı barədə sənədlərin, nəzarət
orqanının müəyyən etdiyi peşə
yararlığı tələblərinə uyğunluğunu
təsdiq edən təhsil, əmək fəaliyyəti və
digər müvafiq sənədlərin notariat qaydasında və
ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada
təsdiq edilmiş surətləri;
5.8.4. kredit bürosunun
kommersiya strategiyasını, həyata keçiriləcək fəaliyyət
növlərini, göstəriləcək xidmətlərin həcmi,
əhatə dairəsini, təşkilati strukturunu, o cümlədən
daxili nəzarət sistemini, habelə ilk üç il
üçün maliyyə proqnozlarını (balans, mənfəət
və zərər haqqında hesabat) əks etdirən
biznes-planı;
5.8.5. kredit tarixçələrinin
məlumat bazasının təhlükəsizliyini, məxfiliyini
və tamlığını təmin etmək
üçün kredit bürosunun fəaliyyəti üzrə
daxili qaydaları və prosedurları, o cümlədən xidmət
haqqının müəyyən edilməsi siyasəti;
5.8.6. fərdi məlumatların
informasiya ehtiyatlarının formalaşdırılması və
informasiya sistemlərinin yaradılması, onlara xidmət
göstərilməsi üzrə lisenziyanın notariat
qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan
Respublikası Qanununun 9-cu maddəsində müəyyən
edilmiş qaydada təsdiq edilmiş surəti;
5.8.7. fərdi məlumatların
informasiya sistemlərinin dövlət qeydiyyatına
alınması barədə dövlət reyestrindən
çıxarışın notariat qaydasında və ya
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada
təsdiq edilmiş surəti;
5.8.8. fərdi məlumatların
informasiya sistemlərinin uyğunluq sertifikatının notariat
qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan
Respublikası Qanununun 9-cu maddəsində müəyyən
edilmiş qaydada təsdiq edilmiş surəti;
5.8.9. fərdi məlumatların
informasiya sistemlərinin və onların layihə sənədlərinin
dövlət ekspertizasından keçirilməsi haqqında məlumatı.
Maddə
6. Kredit bürosunun fəaliyyəti
6.1. Kredit bürosu kredit tarixçəsi
subyektinin kredit tarixçəsini təşkil edən məlumatları
toplayır, saxlayır, təhlil edir və kredit
hesabatlarını verir.
6.2. Bu qanunun 6.1-ci maddəsində nəzərdə
tutulmuş fəaliyyət növü ilə yanaşı
kredit bürosu aşağıdakı fəaliyyət növlərini
həyata keçirir:
6.2.1. kredit tarixçələrinin
tərtib edilməsi və onlardan istifadənin
avtomatlaşdırılması üçün xüsusi
proqram təminatının hazırlanması və realizə
edilməsi;
6.2.2. kredit
bürolarının fəaliyyətinə aid olan xüsusi ədəbiyyatın
və digər məlumat materiallarının realizə edilməsi;
6.2.3. kredit tarixçələrinin
tərtib edilməsi və onlardan istifadə ilə
bağlı məsləhət xidmətlərinin göstərilməsi;
6.2.4. kredit tarixçəsi
subyektlərinin ödəmə qabiliyyətinin və borc
öhdəliklərinin icra intizamının qiymətləndirilməsi
və kredit tarixçəsinin subyektlərinə fərdi
kredit reytinqlərinin verilməsi;
6.2.5. statistik tədqiqatların
aparılması;
6.2.6. kredit bürosunun əsas
fəaliyyətini dəstəkləyən digər fəaliyyət.
6.3. Kredit tarixçələrinin
formalaşdırılması və kredit hesabatlarının
verilməsi üzrə kredit bürosunun fəaliyyəti məlumat
təchizatçıları və məlumat istifadəçiləri
ilə (bu qanunun 12.3-cü maddəsində nəzərdə
tutulmuş məlumat təchizatçıları, 13.2.2-ci və
13.2.3-cü maddələrində nəzərdə tutulmuş
məlumat istifadəçiləri istisna olmaqla) bağlanan
müqavilələr əsasında həyata keçirilir.
Müqavilədə tərəflərin
qarşılıqlı hüquq və öhdəlikləri, o
cümlədən məlumat təchizatçısının
və məlumat istifadəçisinin bu qanunla nəzərdə
tutulmuş vəzifələri, təqdim edilən məlumatın
tərkibi və təqdimetmə müddətləri, kredit
hesabatının alınması üçün
sorğuların təqdim edilməsi və kredit
hesabatlarının verilməsi qaydası, habelə tərəflərin
məsuliyyəti öz əksini tapmalıdır.
6.4. Kredit bürosu rəsmi nəşrlərdə,
rəsmi informasiya resurslarında və digər rəsmi mənbələrdə
ümumi istifadə üçün açıq olan məlumatları
kredit tarixçəsinin subyektinə aid hissədə kredit
tarixçəsinə daxil edə bilər.
Maddə
7. Kredit bürolarının fəaliyyətinin
tənzimlənməsi və nəzarəti
7.1. Nəzarət orqanı kredit
bürolarının fəaliyyətinin tənzimlənməsi
və ona nəzarət sahəsində aşağıdakı
hüquqlara malikdir:
7.1.1. kredit
bürolarının fəaliyyəti ilə bağlı
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi hallarda normativ xarakterli aktları qəbul etmək;
7.1.2. qanunla müəyyən
edilmiş qaydada kredit bürolarının fəaliyyətini
yoxlamaq və onlara qarşı təsir tədbirlərini həyata
keçirmək;
7.1.3. kredit bürosunun
fəaliyyətinə dair hesabatları, o cümlədən
maliyyə hesabatlarını almaq və təhlil etmək.
7.2. Kredit bürosu fəaliyyəti barədə
hesabatı nəzarət orqanının müəyyən
etdiyi forma və qaydada ona təqdim edir.
7.3. Kredit büroları nəzarət
orqanına onun müəyyən etdiyi məbləğdə və
qaydada haqlar ödəyirlər.
Maddə
8. Kredit tarixçələrinin məlumat
bazasının qorunmasına dair tələblər
8.1. Kredit tarixçələrinin məlumat
bazası fərdi məlumatların mühafizəsinə dair
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi tələblərə cavab verməlidir.
8.2. Kredit bürosu kredit tarixçələrinin
məlumat bazasında məlumatın mühafizəsi və bu
bazaya hər hansı qanunsuz müdaxilənin
qarşısının alınması tədbirləri barədə
daxili qayda və prosedurlara malik olmalıdır.
8.3. Kredit tarixçələrinin məlumat
bazasında məlumatların toplanılması və işlənilməsi,
sorğuların verilməsi və icrası, ərizələrin
qeydiyyatının və baxılmasının nəticələri,
habelə sistemin idarə olunması və mühafizəsi ilə
bağlı əməliyyatlar barədə qeydlər
müvafiq nəzarət-audit jurnalına daxil edilir.
Maddə 9. Konfidensiallıq
9.1. Kredit bürosunun vəzifəli şəxsləri
və digər əməkdaşları xidməti vəzifələrinin
icrası ilə əlaqədar kredit tarixçələrinin
məlumat bazasında onlara məlum olan məlumatı
yalnız bu qanunla və digər qanunlarla müəyyən
edilmiş hallarda açıqlaya bilərlər.
9.2. Kredit bürosunun vəzifəli şəxsləri
və digər əməkdaşları kredit tarixçələrinin
məlumat bazasında onlara məlum olan məlumatın fəaliyyət
müddətlərində və işdən
çıxdıqdan sonra qanunsuz yayılmaması barədə
yazılı iltizam verməlidirlər.
9.3. Kredit tarixçələrini təşkil
edən məlumatın bu qanunla müəyyən edilmiş
qaydada təqdim edilməsi informasiyanın
konfidensiallığının pozulması hesab edilmir.
9.4. Nəzarət orqanı və onun əməkdaşları
xidməti vəzifələrini yerinə yetirərkən
kredit bürosunun fəaliyyəti ilə bağlı onlara məlum
olan məlumatın, o cümlədən kredit tarixçələrinin
məlumat bazasında olan məlumatın
konfidensiallığını fəaliyyət müddətlərində
və işdən çıxdıqdan sonra qanunla müəyyən
edilmiş qaydada qorumalıdırlar.
Maddə
10. Kredit tarixçələrini təşkil
edən məlumatın saxlanması
10.1. Kredit bürosu topladığı məlumatı
həmin məlumatda edilmiş son dəyişiklikdən sonra
10 il müddətində saxlayır və
həmin məlumatın istifadəçilərə verilməsini
təmin edir. Bu müddət başa
çatdıqdan sonra məlumat məhv edilir və ya kredit
tarixçəsi subyektinin razılığına əsasən
arxivləşdirilir.
10.2. Kredit tarixçəsinin subyekti neqativ
məlumatın bu qanunun 10.1-ci maddəsində göstərilən
müddətdən tez məhv olunmasını tələb edə
bilməz.
Maddə
11. Kredit bürolarının yenidən təşkili
və ləğvi
11.1 Kredit bürolarının yenidən təşkili
və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi
ilə müəyyən edilmiş qaydada həyata
keçirilir.
11.2. Yenidən təşkil edilən kredit
bürosunun məlumat bazası onun hüquq varisi olan başqa
kredit bürosuna təhvil verilir. Bu halda kredit tarixçələrinin
məlumat bazasını qəbul etmiş kredit bürosu kredit
tarixçələrini qəbul etdiyi gündən 10 iş
günü ərzində bu barədə məlumat təchizatçılarına
məlumat verməli və ölkə ərazisində
yayılan kütləvi informasiya vasitələrində elan dərc
etdirməlidir.
11.3. Kredit bürosu ləğv edildikdə,
yaxud yenidən təşkil edilən kredit bürosunun
hüquq varisi bu qanunun 5.1-5.5-ci və 5.7-ci maddələrinin tələblərinə
cavab vermədikdə, ləğv (yenidən təşkil) edilən
kredit bürosunun müəyyən etdiyi şərtlərlə
kredit tarixçələrinin məlumat bazası (bu qanunun
15.1.4-cü maddəsinə uyğun olaraq razılıq
verilmiş hissədə) fəaliyyətdə olan başqa
kredit bürosuna verilə bilər. Kredit
bürosunun kredit tarixçələrinin məlumat bazası
(onun müvafiq hissəsi) başqa kredit bürosuna verilmədikdə,
məlumat bazasından istifadə edilməsi (bu qanunun
15.1.4-cü maddəsi nəzərə alınmaqla), onun
saxlanması, yaxud məhv edilməsi barədə qərarı
nəzarət orqanı qəbul edir.
3-cü fəsil
KREDİT
TARİXÇƏLƏRİNİN VERİLƏNLƏR
BAZASININ FORMALAŞDIRILMASI VƏ ONDAN İSTİFADƏ
QAYDALARI
Maddə
12. Məlumat təchizatçıları
12.1. Kredit təşkilatları kredit
tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə
olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər.
12.2. Kredit tarixçələrini təşkil
edən məlumatı kredit bürolarına
aşağıdakılar təqdim edə bilərlər:
12.2.1. sığortaçılar,
təkrarsığortaçılar, lizinq müqaviləsinin
subyekti olan lizinq verən və faktorinq müqaviləsinin
subyekti olan faktorlar;
12.2.2. Azərbaycan Respublikasının Mərkəzi
Bankı (“Azərbaycan Respublikasının Mərkəzi
Bankı haqqında” Azərbaycan Respublikası Qanununun
33-cü, 54.3-cü və 54.3-1-ci maddələrində nəzərdə
tutulmuş hallarda);
12.2.3. nisyə mal
alqı-satqısı ilə məşğul olan hüquqi
şəxslər və hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslər;
12.2.4. mobil telefon
operatorları;
12.2.5. kommunal xidmətləri
(soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı,
qaz təminatı və istilik təchizatı) göstərən
müəssisələr;
12.2.6. kredit bürosunu
fərdi məlumatlarla təchiz edən digər subyektlər
(o cümlədən pozitiv məlumat verərkən bu qanunun
12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat
təchizatçıları).
12.3. Aşağıdakılar kredit
tarixçələrini təşkil edən neqativ məlumatı
bu qanunun 17.5-ci maddəsində müəyyən edilmiş
qaydada təqdim edirlər:
12.3.1. müvafiq icra
hakimiyyəti orqanı, məhkəmələr (Azərbaycan
Respublikasının İnzibati Prosessual Məcəlləsində
nəzərdə tutulmuş hallarda məhkəmə qərarının
icrası üzrə tədbirləri özləri
keçirdikdə), notariuslar və məcburi icra orqanları;
12.3.2. Azərbaycan Respublikasının Mərkəzi
Bankı, nəzarət orqanı və Milli Televiziya və
Radio Şurası (baxdıqları inzibati xətalar
haqqında işlər üzrə bu qanunun 16.1.10-cu və
16.1.11-ci maddələrində nəzərdə tutulmuş məlumatlar
barədə).
12.4. Məlumat təchizatçıları
aşağıdakı vəzifələri
daşıyırlar:
12.4.1. barəsində
neqativ və pozitiv məlumatlar təqdim ediləcək kredit
tarixçəsi subyektinin razılığını almaq (bu
qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş
məlumat təchizatçıları tərəfindən və
bu qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş
halda neqativ məlumatların təqdim edilmə halları
istisna olmaqla), onların saxlanmasını təmin etmək və
uçotunu aparmaq;
12.4.2. kredit tarixçəsinin
subyekti haqqında düzgün məlumat təqdim etmək;
12.4.3. kredit tarixçəsinin
subyektinə məlumatın təqdim ediləcəyi kredit
bürosu haqqında məlumatı (adı, ünvanı və
digər zəruri rekvizitləri) vermək (bu qanunun 12.3-cü
maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları
istisna olmaqla);
12.4.4. kredit tarixçəsinin
subyektinə kredit tarixçələri ilə bağlı
hüquqları barədə məlumatı yazılı şəkildə
təqdim etmək (bu qanunun 12.3-cü maddəsində nəzərdə
tutulmuş məlumat təchizatçıları istisna
olmaqla);
12.4.5. təqdim
edilmiş məlumatın kredit bürosunun və kredit
tarixçəsi subyektinin tələbi ilə
dürüstlüyünü yoxlamaq və müvafiq düzəlişlər
etmək;
12.4.6. bu qanunun 12.4.1-ci
maddəsinə uyğun olaraq kredit tarixçəsi subyektinin
razılığının alınması faktını
kredit bürosu üçün bu qanunun 15.7-ci maddəsində
müəyyən edilmiş qaydada təsdiq etmək;
12.4.7. bu qanunun
17.3-cü maddəsində nəzərdə tutulmuş halda
müvafiq məlumatı vaxtında kredit bürosuna təqdim
etmək.
12.5. Bu qanunun 12.1-ci və 12.2-ci maddələrində
nəzərdə tutulmuş məlumat təchizatçıları
kredit tarixçəsinin subyekti barədə neqativ (bu qanunun
23.2-ci maddəsində nəzərdə tutulmuş halda istisna
olmaqla) və pozitiv məlumatları onun
razılığını almaqla kredit bürosuna təqdim
edirlər. Bu qanunun 12.3-cü maddəsində nəzərdə
tutulmuş məlumat təchizatçıları kredit
tarixçəsinin subyekti barədə neqativ məlumatları
onun razılığını almadan “Elektron hökumət”
portalında yerləşdirirlər. Kredit
bürosu neqativ məlumatı qəbul etməyə borcludur.
Maddə
13. Məlumat istifadəçiləri
13.1. Məlumat istifadəçiləri (bu
qanunun 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə
tutulmuş məlumat istifadəçiləri istisna olmaqla)
kredit hesabatını yalnız onlarla kredit tarixçəsinin
subyekti arasında borc öhdəliyinin yaranması, dəyişdirilməsi
və borc öhdəliyi ilə bağlı digər
münasibətlərin tənzimlənməsi zamanı ödəmə
qabiliyyətinin və borc öhdəliklərinin icra
intizamının qiymətləndirilməsi məqsədilə
istifadə edə bilərlər.
13.2. Kredit bürosundan kredit
hesabatlarını almaq hüququna aşağıdakılar
malikdir:
13.2.1. bu qanunun 12.1-ci və
12.2-ci maddələrində nəzərdə tutulmuş məlumat
təchizatçıları;
13.2.2. kredit tarixçəsinin
subyekti;
13.2.3. müvafiq qanunla
müəyyən edilmiş hallarda və qaydada məhkəmə,
istintaq və təhqiqat orqanları, məcburi icra orqanı, əməliyyat-axtarış
fəaliyyətinin subyektləri, nəzarət orqanı (kredit
tarixçəsi subyektinin nəzarət orqanına daxil
olmuş şikayətin araşdırılması
üçün), notariuslar (borc müqavilələrin, vəsiyyətnamələrin
təsdiqi və vərəsəlik işləri üzrə),
kredit tarixçəsi subyektinin vərəsələri (varisləri).
13.3. Bu qanunun 13.2.2-ci (bu qanunun 21.2-ci və
21.3-cü maddələri nəzərə alınmaqla) və
13.2.3-cü maddələrində nəzərdə tutulmuş
məlumat istifadəçiləri istisna olmaqla, digər məlumat
istifadəçisi aşağıdakı vəzifələri
daşıyır:
13.3.1. kredit
hesabatını əldə etmək üçün kredit
tarixçəsi subyektinin razılığını almaq (bu
qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş mənbələrdən
əldə olunmuş məlumatın alınmasına istisna
olmaqla);
13.3.2. kredit tarixçəsi
subyektlərinə kredit tarixçələri ilə
bağlı hüquqları barədə yazılı şəkildə
məlumat təqdim etmək;
13.3.3. kredit
hesabatını almaq üçün müvafiq kredit
tarixçəsi subyektinin razılığının
alınması faktını kredit bürosu üçün
bu qanunun 15.7-ci maddəsində müəyyən edilmiş
qaydada təsdiq etmək;
13.3.4. kredit tarixçəsini
təşkil edən məlumatı üçüncü
şəxslərə açmamaq;
13.3.5. kredit
hesabatını yalnız bu qanunla müəyyən edilmiş
məqsədlər üçün istifadə etmək;
13.3.6. kredit
hesabatını təqdim etmiş kredit bürosu haqqında
kredit tarixçəsinin subyektinə məlumat (adı,
ünvanı və digər zəruri rekvizitləri) vermək;
13.3.7. kredit
hesabatını almaq üçün kredit bürosuna müəyyən
edilmiş xidmət haqqını ödəmək (bu qanunun
18.2-ci maddəsinin ikinci cümləsində və 18.4-cü
maddəsinin birinci cümləsində nəzərdə
tutulmuş halda istisna olmaqla).
13.4. Bu qanunun 13.2.3-cü maddəsində nəzərdə
tutulmuş məlumat istifadəçiləri kredit
hesabatını təqdim etmiş kredit bürosu haqqında məlumatı
kredit tarixçəsinin subyektinə onun sorğusu əsasında
verir.
Maddə
14. Kredit tarixçəsi subyektinin
hüquqları
14.0. Kredit tarixçəsinin subyekti
aşağıdakı hüquqlara malikdir:
14.0.1. kredit tarixçəsinin
tərtib edilməsi üçün neqativ və pozitiv məlumatların
kredit bürosuna təqdim edilməsinə (bu qanunun 12.3-cü
maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları
tərəfindən və bu qanunun 23.2-ci maddəsində nəzərdə
tutulmuş halda neqativ məlumatların təqdim edilmə
halları istisna olmaqla) razılıq vermək;
14.0.2. məlumat istifadəçisinə
(bu qanunun 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə
tutulmuş məlumat istifadəçilərinə istisna
olmaqla) öz kredit tarixçəsini təşkil edən məlumatın
kredit bürosundan alınmasına (bu qanunun 6.4-cü maddəsində
nəzərdə tutulmuş mənbələrdən əldə
olunmuş məlumatın alınmasına istisna olmaqla)
razılıq vermək;
14.0.3. kredit
bürosundan özü haqqında kredit hesabatını almaq;
14.0.4. yanlış
hesab etdiyi məlumatın yoxlanılması və həmin məlumatda
müvafiq düzəlişlərin edilməsi barədə
kredit bürosuna və məlumat təchizatçısına
müraciət etmək;
14.0.5. özü barəsində
kredit tarixçəsindəki məlumatların məhv edilməsini
(bu qanunun 10.2-ci maddəsində nəzərdə tutulmuş tələb
nəzərə alınmaqla) tələb etmək;
14.0.6. özü barəsində
kredit tarixçəsindəki məlumatların
toplanılmasının, işlənilməsinin və verilməsinin
hüquqi əsaslandırılmasını tələb etmək,
bu məlumatların toplanılmasının, işlənilməsinin
və verilməsinin (bu qanunun 13.2.2-ci və 13.2.3-cü maddələrində
nəzərdə tutulmuş məlumat istifadəçilərinə
verilməsi halları istisna olmaqla) onun üçün
hansı hüquqi nəticələrə səbəb
olacağı barədə məlumat almaq;
14.0.7. bu qanunun 14.0.1-ci
və 14.0.2-ci maddələrinə uyğun verilmiş
razılığı pozitiv məlumatlara aid hissədə
geri götürmək.
Maddə
15. Kredit tarixçəsi subyektinin
razılığı
15.1. Bu qanunun 14.0.1-ci və 14.0.2-ci maddələrində
nəzərdə tutulmuş hallarda kredit tarixçəsi
subyektinin razılığı yazılı formada (o cümlədən
gücləndirilmiş elektron imzalı elektron sənəd
formasında) rəsmiləşdirilir. Yazılı
razılığa aşağıdakılar daxil edilməlidir:
15.1.1. kredit tarixçəsi
subyektinin kimliyini müəyyənləşdirməyə
imkan verən məlumatlar;
15.1.2. kredit tarixçəsinin
subyektindən razılıq alan qurumun kimliyini müəyyənləşdirməyə
imkan verən məlumatlar;
15.1.3. məlumatın
toplanılması və işlənilməsi məqsədi;
15.1.4. kredit tarixçəsinin
subyekti tərəfindən bu qanunla müəyyən
edilmiş məqsədlər üçün
toplanılmasına və işlənilməsinə
razılıq verilmiş məlumatlar və onların işlənilmə
əməliyyatlarının (o cümlədən məlumatın
transsərhəd ötürülməsinə və bu qanunun
11.3-cü maddəsində nəzərdə tutulmuş halda
başqa kredit bürosuna verilməsinə münasibət)
siyahıları;
15.1.5. kredit tarixçəsi
subyektinin razılığının qüvvədə olma
müddəti və onun geri götürülməsi şərtləri;
15.1.6. məlumatın
saxlanma müddəti başa çatdıqdan və ya kredit
tarixçəsi subyektinin ölümündən sonra onun barəsində
toplanılmış məlumatın məhv edilməsi və
ya arxivləşdirilməsi şərtləri.
15.2. Kredit tarixçəsi subyektinin
razılığı hər bir borc və ya digər hal
üzrə ayrıca verilir. Kredit tarixçəsi
subyektinin razılığı borc öhdəliyinə xitam
verilənədək, digər hal üzrə isə
razılığın qüvvədə olma müddəti bitənədək
və ya o geri götürülənədək öz qüvvəsini
saxlayır. Kredit tarixçəsinə
daxil edilmiş məlumat bu qanunun 10.1-ci maddəsində nəzərdə
tutulmuş müddətdə kredit bürosunda
saxlanılır və müvafiq qaydada istifadə olunur.
15.3. Kredit tarixçəsi subyektinin
razılığının qüvvədə olma müddəti
və onun geri götürülməsi şərtləri məlumat
təchizatçısı (istifadəçisi) ilə kredit
tarixçəsinin subyekti arasında qarşılıqlı
razılaşma əsasında müəyyən edilir.
15.4. Məlumat təchizatçıları
və istifadəçiləri yazılı razılıq
alarkən kredit tarixçəsinin subyektinə özlərinin
bu qanunla müəyyən olunmuş vəzifələri və
kredit tarixçəsi subyektinin bu qanunla müəyyən
olunmuş hüquqları barədə məlumatı mütləq
bildirməlidirlər.
15.5. Kredit tarixçəsinin subyekti bu
qanunun 14.0.1-ci və 14.0.2-ci maddələrinə nəzərdə
tutulmuş hallarda razılığını vermədikdə,
onunla kredit təşkilatı arasında borc öhdəliyinin
yaranmasına dair müqavilə bağlana bilməz.
15.6. Kredit tarixçəsinin subyekti vəfat
etdikdə, ölmüş elan edildikdə, xəbərsiz
itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan
hesab edildikdə, habelə yetkinlik yaşına
çatmadığı, özü razılıq vermək
iqtidarında olmadığı hallarda bu qanunla tələb
olunan razılıq müvafiq olaraq onun vərəsələri,
qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən
biri tərəfindən verilir.
15.7. Kredit tarixçəsi subyektinin (o
cümlədən bu qanunun 23.2-ci maddəsində nəzərdə
tutulmuş halda) razılığının alınması,
bu qanunun 12.4.6-cı və 13.3.3-cü maddələrində nəzərdə
tutulmuş hallarda razılığın alınması
faktının kredit bürosu üçün təsdiqi
qaydasını nəzarət orqanı müəyyən edir.
Maddə
16. Kredit bürosuna təqdim edilən məlumat
16.1. Məlumat təchizatçıları
kredit bürosuna aşağıdakı məlumatları təqdim
edirlər:
16.1.1. borcun ilkin məbləği;
16.1.2. cari borc məbləği;
16.1.3. borcun məqsədi;
16.1.4. müqavilə
üzrə borcun yaranması və ödənilməsi (əsas
borcun və faizlərin) tarixləri, borc üzrə
aparılmış ödənişlər;
16.1.5. vaxtı
keçmiş borc məbləği (əsas borc və/və
ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi
müqavilədə nəzərdə tutulmuş müddətdən
30 təqvim gündən artıq gecikdirilmiş borc);
16.1.6. borcun ödənilməsi
müddətinin uzadılması;
16.1.7. borc öhdəliyinin
təminatı;
16.1.8. borcun təminat
hesabına ödənilməsi;
16.1.9. balansdan
silinmiş ümidsiz borc;
16.1.10. ödənilməli olan cərimənin
və digər sanksiyanın, alimentin, vergilərin və sosial
sığorta haqlarının, digər icbari ödənişlərin,
dəbbə pulunun, sığorta haqqının, notariat qaydada
təsdiq olunmuş borc müqavilələrdən irəli gələn
borcun, kommunal borcların məbləği və onun ödənilmə
müddəti;
16.1.11. kredit tarixçəsi
subyektinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin
icra intizamının qiymətləndirilməsinə təsir
edən hər hansı digər məlumat, bu şərtlə
ki, həmin məlumatların kredit tarixçəsinə daxil
edilməsi qanuna zidd olmasın.
16.2. Kredit tarixçəsi subyektinin kredit
tarixçəsində eyniləşdirilməsi
üçün tələb olunan məlumatın həcmini nəzarət
orqanı müəyyən edir.
16.3. Kredit tarixçəsində kredit
tarixçəsinin subyekti olan fiziki şəxs haqqında
“İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən əldə
olunmasına məhdudiyyətlər qoyulan şəxsi (maliyyə
əməliyyatları barədə məlumatlar istisna olmaqla)
və ailə həyatına dair məlumatların yerləşdirilməsi
qadağandır.
Maddə
17. Kredit tarixçələrini təşkil
edən məlumatın kredit bürosuna təqdim edilməsi
17.1. Məlumat təchizatçısı
kredit bürosuna kredit tarixçələrini təşkil edən
məlumatı kredit bürosu ilə bağladığı
müqaviləyə əsasən təqdim edir. Məlumat
təchizatçısı bir və ya bir neçə kredit
bürosu ilə müvafiq məlumatın təqdim edilməsi
barədə müqavilə bağlaya bilər.
17.2. Məlumat təchizatçısı
kredit bürosuna kredit tarixçələrini təşkil edən
məlumatı bu qanunun 14.0.1-ci maddəsində nəzərdə
tutulmuş razılığın alınması
faktını təsdiq etməklə kredit bürosuna təqdim
etməlidir. Məlumat təchizatçısı kredit
tarixçəsi subyektlərinin razılıqlarını, hər
bir borc və ya digər hal üzrə son məlumatın
kredit bürosuna təqdim edilməsi tarixindən 5 il müddətində öz arxivində
saxlayır.
17.3. Məlumat təchizatçısı
kredit bürosu ilə bağlanmış müqavilədə
müəyyən olunmuş müddətdə, lakin dəyişiklikliyin
baş verdiyi gündən 30 gündən gec olmayaraq borcun vəziyyəti
(və ya digər hal üzrə son vəziyyət) barədə
məlumatı kredit bürosuna təqdim etməlidir.
17.4. Kredit bürosuna kredit tarixçələrini
təşkil edən məlumatlar elektron formada təqdim edilir.
17.5. Bu qanunun 16.1.10-cu və 16.1.11-ci maddələrində
nəzərdə tutulmuş neqativ məlumatlar fəaliyyətlərinə
aid olan hissədə məhkəmələr (Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi
istisna olmaqla), məcburi icra orqanları və notariuslar tərəfindən
müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə, Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi,
müvafiq icra hakimiyyəti orqanı (o cümlədən strukturuna
daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların
adından), Azərbaycan Respublikasının Mərkəzi
Bankı, nəzarət orqanı və Milli Televiziya və
Radio Şurası tərəfindən isə birbaşa
“Elektron hökumət” portalında yerləşdirilir. Həmin məlumatların “Elektron hökumət”
portalında yerləşdirilməsi, yenilənməsi və
kredit büroları tərəfindən əldə edilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə
18. Kredit tarixçəsində düzəlişlərin
edilməsi barədə müraciət
18.1. Kredit tarixçəsinin subyekti öz
kredit hesabatını təşkil edən məlumatın
yanlış olmasını aşkar etdikdə, düzgün
olmayan məlumatın aradan qaldırılması
üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına
müraciət edə bilər. Müraciətə
məlumatın düzgün olmamasını təsdiq edən
sənədlərin surətləri əlavə edilməlidir.
18.2. Kredit bürosu, kredit tarixçəsi
subyektinin müraciətini aldıqdan sonra növbəti iş
günündən gec olmayaraq kredit tarixçələrinin məlumat
bazasının müvafiq hissəsinə “dəqiqləşdirilir”
qeydini daxil edir və məlumatın
düzgünlüyünün yoxlanılması
üçün məlumat təchizatçısına
sorğu göndərir. Müraciət kredit tarixçəsində
olan bu qanunun 6.4-cü maddəsində göstərilən məlumatla
bağlı olduqda, kredit bürosu 2 iş günü müddətində
məsələni araşdırır və nəticəsindən
asılı olaraq səhvi düzəldir və səhv kredit
hesabatını almış məlumat istifadəçilərinə
xidmət haqqı tələb edilmədən yeni kredit
hesabatını verir, məlumatın düzgün olduğunu
müəyyən etdikdə isə kredit tarixçəsinin
subyektinə müraciətin baxılmasının nəticələri
barədə əsaslandırılmış cavab verir.
18.3. Məlumat təchizatçısı
sorğunu aldığı gündən 3 iş günü
müddətində kredit tarixçəsinin subyekti
haqqında kredit bürosuna verdiyi məlumatın
düzgünlüyünü yoxlayır, məlumatın
düzgün olması və ya aşkar edilmiş səhvin
aradan qaldırılması barədə kredit bürosuna
müvafiq məlumat göndərir.
18.4. Səhvin aradan qaldırılması
barədə məlumat daxil olduğu gündən kredit
bürosu 2 iş günü müddətində kredit
tarixçəsində səhvi düzəldir, səhv kredit
hesabatını almış məlumat istifadəçilərinə
xidmət haqqı tələb edilmədən yeni kredit
hesabatını verir. Bu qanunun 18.3-cü maddəsinə
uyğun olaraq məlumatın düzgün olması barədə
məlumat daxil olduğu gündən kredit bürosu 2 iş
günü müddətində kredit tarixçəsinin
subyektinə müraciətin baxılmasının nəticələri
barədə əsaslandırılmış cavab verir.
18.5. Bu qanunun 18.2-ci maddəsinin birinci
cümləsinə uyğun olaraq müvafiq qeyd daxil edildiyi
andan bu qanunun 18.2-ci maddəsinin ikinci cümləsinə və
18.4-cü maddəsinin birinci cümləsinə uyğun olaraq
yeni kredit hesabatı və ya əsaslandırılmış
cavab verilənədək kredit bürosu müvafiq kredit
tarixçəsindən kredit hesabatını “dəqiqləşdirilir”
qeydi ilə məlumat istifadəçilərinə verməlidir.
18.6. Şikayətin
araşdırılması nəticəsində məlumat təchizatçısı
kredit bürosuna verdiyi məlumatın düzgün olduğunu
müəyyən edərsə və kredit tarixçəsinin
subyekti bu nəticə ilə razılaşarsa, kredit
tarixçəsində heç bir dəyişiklik edilmir.
18.7. Kredit tarixçəsinin subyekti
araşdırmanın nəticələri ilə razı
olmadıqda, kredit bürosu kredit tarixçəsində bu barədə
qeyd aparır. Bu zaman kredit tarixçəsinin
subyektinə narazılığının səbəblərini
izah edən qeydlərin qısa olaraq kredit tarixçəsində
yerləşdirilməsi üçün imkan
yaradılmalıdır.
18.8. Kredit tarixçəsinin subyekti
araşdırmanın nəticələri ilə razı
olmadıqda, nəzarət orqanına və məhkəməyə
şikayət verə bilər.
Maddə
19. Kredit tarixçələrinin məlumat
bazasının tərkibi
19.0. Kredit tarixçələrinin məlumat
bazasında saxlanılan hər bir kredit tarixçəsinə
ən azı aşağıdakı məlumat daxildir:
19.0.1. bu qanunun 16.1-ci
maddəsində nəzərdə tutulmuş məlumatlar;
19.0.2. kredit tarixçəsini
formalaşdıran məlumat təchizatçıları
haqqında məlumat;
19.0.3. məlumat
“Elektron hökumət” portalından və ya bu qanunun 6.4-cü
maddəsində göstərilən mənbələrdən əldə
edildiyi halda, bu barədə məlumat;
19.0.4. kredit
hesabatının alınması üçün müraciət
etmiş şəxslər (qurumlar) və məlumat istifadəçiləri
haqqında məlumat, habelə kredit hesabatlarının verilməsi
tarixi;
19.0.5. bu qanunun 18.2-ci və
18.7-ci maddələrində nəzərdə tutulmuş məlumatlar.
Maddə
20. Kredit hesabatının verilməsi
20.1. Məlumat istifadəçisi kredit
hesabatının alınması üçün müraciətində
fiziki və hüquqi şəxslərin kredit tarixçələrinin
məlumat bazasında eyniləşdirilməsi
üçün bu qanunun 16.2-ci maddəsinə uyğun olaraq
tələb olunan məlumatları göstərməli və
bu qanunun 14.0.2-ci maddəsində nəzərdə tutulmuş
razılığın alınması faktını təsdiq
etməlidir.
20.2. Məlumat istifadəçisinə
verilən məlumatlar müraciətdə göstərildiyi həcmdə
verilir. Kredit bürosundan verilən məlumata məlumat
təchizatçısının adı yalnız kredit
bürosu ilə məlumat təchizatçısı
arasında bağlanmış müqavilədə buna icazə
verildiyi halda daxil edilir.
20.3. Kredit tarixçəsi subyektinin
müraciətində digər hal nəzərdə
tutulmadıqda, kredit tarixçəsinin subyektinə verilən
kredit hesabatına həmin subyekt haqqında kredit tarixçəsinin
məlumat bazasında olan bütün məlumatlar daxil edilməlidir.
20.4. Kredit bürosu kredit
hesabatlarının verilməsi üçün daxil olan
sorğuların və verilmiş kredit hesabatlarının
uçotunu aparır.
20.5. Kredit hesabatı elektron formada və (və
ya) kağız daşıyıcısında verilir.
20.6. Kredit bürosu müvafiq sorğunu
aldığı gündən kredit hesabatını 3 iş
günündən gec olmayaraq təqdim etməlidir.
Maddə
21. Xidmət haqqı
21.1. Kredit bürosu kredit tarixçələrinin
məlumat bazasından istifadəyə görə haqq təyin
edir. Xidmət haqqının məbləği müvafiq
informasiyanın hazırlanması və təqdim edilməsi
üçün çəkilən xərcdən artıq ola bilməz. Xidmət
haqqının ödənilməsi qaydası və şərtləri
məlumat istifadəçisi ilə kredit bürosu arasında
qarşılıqlı razılaşma əsasında müəyyən
edilir.
21.2. Kredit bürosu kredit tarixçəsinin
subyektinə onun haqqında məlumatları sorğu əsasında
hər təqvim ili ərzində ən
azı 2 dəfə ödənişsiz olaraq təqdim etməlidir.
21.3. Kredit tarixçəsinin subyekti kredit
bürosunun təyin etdiyi haqqı ödəməklə bu
qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş
şərtlərdən asılı olmayaraq, özü
haqqında kredit hesabatını istənilən vaxt almaq
hüququna malikdir.
21.4. Məhkəmə, istintaq və təhqiqat
orqanları, məcburi icra orqanları, əməliyyat-axtarış
fəaliyyətinin subyektləri, nəzarət orqanı və
kredit tarixçəsi subyektinin vərəsələri (varisləri)
tərəfindən kredit bürosundan məlumatın
alınmasına, həmçinin bu qanunun 18.2-ci maddəsinin
ikinci cümləsində və 18.4-cü maddəsinin birinci
cümləsində nəzərdə tutulmuş halda kredit
hesabatının verilməsinə görə haqq tutulmur.
4-cü fəsil
YEKUN MÜDDƏALARI
Maddə
22. Məsuliyyət
22.1. Kredit bürosu bu qanunun 5.8-ci maddəsinə
uyğun olaraq müvafiq məlumatı tam şəkildə və
vaxtında nəzarət orqanına təqdim etmədikdə, 18.5-ci
maddəsinə uyğun olaraq kredit hesabatını müvafiq
qeydsiz verdikdə, 12.4.6-cı və 13.3.3-cü maddələrində
nəzərdə tutulmuş hallarda kredit tarixçəsi
subyektinin razılığının alınması
faktının məlumat təchizatçısı və
istifadəçisi tərəfindən təsdiq edilib-edilmədiyini
yoxlamadan məlumatı kredit tarixçəsinə daxil etdikdə
və kredit hesabatını verdikdə qanunla müəyyən
edilmiş qaydada məsuliyyət daşıyır.
22.2. Kredit bürosu və onun əməkdaşları
kredit tarixçəsini təşkil edən məlumatın
qanunsuz istifadə edilməsinə və
açıqlamasına, habelə məlumat təchizatçılarından
daxil olmuş məlumatın təhrif edilməsinə görə
qanunla müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
22.3. Kredit bürosu məlumat təchizatçısının
kredit bürosuna verdiyi məlumatın yanlış olması nəticəsində
kredit tarixçəsinin subyektinə dəyən zərərə
görə məsuliyyət daşımır (bu qanunun 18.5-ci
maddəsinə nəzərdə tutulmuş vəzifəni
yerinə yetirdiyi halda).
22.4. Məlumat təchizatçısı
və istifadəçisi bu qanunla tələb olunan kredit
tarixçəsi subyektinin razılığını almadan
onun barəsində məlumatı kredit bürosuna verdikdə
və ya kredit hesabatı aldıqda qanunla müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
22.5. Məlumat
təchizatçıları düzgün olmayan məlumatı
kredit bürosuna təqdim etdikdə və ya həmin məlumatı
vaxtında yeniləmədikdə, həmçinin bu qanunun
17.5-ci maddəsinə nəzərdə tutulmuş məlumat təchizatçıları
aidiyyəti məlumatı müvafiq qaydada “Elektron hökumət”
portalında yerləşdirmədikdə və ya
vaxtında yeniləmədikdə qanunla müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə
23. Keçid müddəaları
23.1. Kredit təşkilatlarının
borcalanları barədə mərkəzləşdirilmiş
kredit reyestrində olan bütün məlumatlar bu qanunun
qüvvəyə mindiyi gündən iki il müddətində
fəaliyyətə başlayan istənilən kredit
bürosuna onun müraciəti əsasında birdəfəlik
və ödənişsiz verilir.
23.2. Bu
qanunun 23.1-ci maddəsinə uyğun olaraq kredit bürosuna
verilmiş məlumatlarda sonrakı dəyişikliklər barədə
məlumat kredit təşkilatları tərəfindən bu
qanunla müəyyən edilmiş qaydada (neqativ məlumat verilərkən
kredit tarixçəsi subyektinin razılığı
alınmadan) həmin kredit bürosuna verilməlidir.
23.3. Bu qanunun 23.1-ci maddəsində
göstərilmiş müddət bitdiyi gündən mərkəzləşdirilmiş
kredit reyestrindən kredit təşkilatlarına və kredit
bürolarına məlumatın verilməsi
dayandırılır. Müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə bu maddənin birinci
cümləsində nəzərdə tutulmuş məlumatın
verilməsi bərpa edilir və yenidən
dayandırılır.
23.4. Maliyyə
bazarlarına nəzarət haqqında müvafiq qanun qəbul
edilənədək kredit bürolarının fəaliyyətinin
yoxlanılması və onlara qarşı təsir tədbirlərinin
həyata keçirilməsi qaydasını nəzarət
orqanı müəyyən edir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 oktyabr 2016-cı il
Azərbaycan.- 2016.- 9
dekabr.- S.3, 4.