“Cənub qaz dəhlizi” buradan başlayır...

 

3500 kilometr məsafə qət edəcək “Cənub qaz dəhlizi” Səngəçal terminalının ərazisindən başlayır. 2006-cı ildən fəaliyyət göstərərək “Şahdəniz-1” qazını nəql edən Cənubi Qafqaz Boru Kəməri (CQBK) genişləndirilməsi sona çatandan sonra növbəti mərhələ çərçivəsində çıxarılan mavi yanacağı da qəbul edəcək. “Şahdəniz-2” qazı Azərbaycanda və Gürcüstanda 691 kilometr məsafə boyu uzanan CQBK ilə Türkiyə sərhədinə çatdırılacaq.

Türkiyə ərazisində qazı 1850 kilometrlik TANAP (Transanadolu Qaz Boru Kəməri) daşıyacaq.  “Cənub qaz dəhlizi”nin ikinci seqmenti olan TANAP ölkənin 20-dən çox bölgəsindən keçəcək və Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi məntəqəsində TAP-la (Transadriatik Qaz Boru Kəməri) birləşəcək. Şərqdən Qərbə istiqamət götürən kəmərin uzunluğu təxminən 870 kilometr olacaq. Bu məsafənin 550 kilometri Yunanıstandan, 210 kilometri Albaniyadan, 105 kilometri Adriatik dənizinin altından keçəcək və qalan bir neçə kilometrlik hissəsi İtaliya torpağında yerləşəcək. Burada kəmər qaz istismarı şəbəkələrinə qoşulacaq.

“Cənub qaz dəhlizi”nin bu uzun yolu Bakının yaxınlığındakı Səngəçal terminalından başlanır. Terminal Bakıdan 55 kilometr cənubda, Xəzərin sahilinə yaxın ərazidə yerləşir. Bu, dünyanın ən böyük neft-qaz terminallarından biri, regionun karbohidrogen ixracı mərkəzidir. Belə ki, bir neçə neftqaz ixracı xətti, o cümlədən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri öz başlanğıcını Səngəçal terminalından götürür.

2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20 ili tamam olan gün Səngəçal terminalı daha bir möhtəşəm hadisənin şahidi oldu. Burada “Cənub qaz dəhlizi”nin təməli qoyuldu. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın, Türkiyənin, Yunanıstanın, Bolqarıstanın, Albaniyanın, İtaliyanın, Monteneqronun, Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının, ABŞ-ın yüksək rütbəli rəsmi şəxsləri, layihənin iştirakçılarının səlahiyyətli nümayəndələri  iştirak edirdilər. Burada onlar həmin tarixi gündən yadigar olaraq xüsusi qəliblərin üzərində əl izlərini qoydular. Sonra dəhlizin təməlini təşkil edəcək ilk borunu imzaladılar.

Hazırda Səngəçal terminalında “Cənub qaz dəhlizi” ilə nəql olunacaq “Şahdəniz-2” qazını qəbul etmək üçün yeni qurğular tikilir. Bununla yanaşı, terminal öz fəaliyyətini ahəngdarlıqla davam etdirir, “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından çıxarılan karbohidrogenlər sualtı kəmərlərlə buraya ötürülür. Terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG-nin səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.

Qeyd edək ki, bu ilin ilk 9 ayında terminaldan 219 milyon bareldən artıq neft kondensat ixrac olunub. BTC- 194 milyon bareldən çox, QİBK-ə (Qərb İxrac Boru Kəməri) 23 milyon bareldən çox neft vurulub. Terminaldan təqribən 2 milyon barel kondensat da ixrac edilib.

Qaz terminaldan əsasən CQBK ilə terminalın qaz emalı obyektləriniAzəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən, SOCAR-a məxsus kəmərlə nəql olunur.

İlin ötən üç rübü ərzində terminaldan həmçinin gündə orta hesabla 29,1 milyon standart kubmetr (1 milyard 27 milyon standart kubfut) “Şahdəniz-1” qazı ixrac edilib.

“Şahdəniz-2”dən hasilata başlanandan sonra terminaldan nəql olunan qazın həcmi xeyli çox olacaq. Başqa sözlə, Səngəçal terminalı bir qədər genişlənəcək.

2002-ci il fevralın 20-də həmin vaxtadək İlkin Neft Layihəsi çərçivəsində fəaliyyət göstərən terminalın genişləndirilməsinə start veriləndə obyektin təməlinə basdırılanZaman kapsulu”nda gələcək nəsillərə ünvanlanmış inam qətiyyət dolu bu sözlər yazılmışdı: “İndi başladığımız bu layihə Azərbaycanın Şərq-Qərb dəhlizində aparıcı rolunun təsdiqlənməsinə əsas verəcək, onun beynəlxalq nüfuzunu gücləndirəcəkdir... Biz ümidvarıq ki, üç ildən sonra Səngəçal neftin qazın nəqli üzrə bir neçə nəhəng boru kəmərini birləşdirən enerji daşıyıcılarının nəqli sisteminin dünya miqyaslı regional mərkəzi Xəzərlə dünya bazarı arasında körpü olan bir obyektə çevriləcək”.

Bu gün ölkəmiz, doğrudan da, Şərq-Qərb enerji dəhlizinin yaranmasında aparıcı mövqe tutur. Səngəçal terminalı isə Xəzərdən çıxarılan Azərbaycan qazı ilə dünya bazarı arasında bir körpüyə çevrilib.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2016.- 9 dekabr.- S.11.