Yol xəritələri Azərbaycanın postneft
dövründə yeni inkişaf
strategiyasıdır
Azərbaycanda neft erası
başa çatıb. Bu, istəsək də, istəməsək
də, reallıqdır.
Reallıq olan həm də ölkə iqtisadiyyatının, bəlkə
də bütünlükdə
Azərbaycanın postneft
dövrünə qədəm
qoyması ilə üzləşdiyi yeni şərait və bu şəraitdən doğan yeni tələblərdir. O şərait
və tələblər
ki, yaratdığı
problemlərin həllində
tələsmədən gecikməməyi,
sınaqdan çıxmış
təcrübədən istifadəni
və kreativliyi, təmkin və qətiyyəti gündəmə
gətirib. Bunları reallaşdırmaq üçünsə, təbii
ki, ilk növbədə
indiki mürəkkəb
zamanda bütün məsuliyyəti üzərinə
götürməkdə tərəddüd
etməyən, sadalanan
keyfiyyətlərə malik
olan lider, başqa sözlə desək, rəhbər lazımdır.
Orta əsrlərin tanınmış italyan mütəfəkkir N.Makiavelli
insanları iki qrupa ayırmışdır:
tarixi yaradanlar və tarixi yaşayanlar. Adi insanlardan üstün
düşüncə tərzinə,
qabiliyyətə malik
olanlar tarixin, bir növ, yaradıcısı
rolunda çıxış
edirlər. Çevik və
novator təfəkkürə
malik olan belə insanlar mövcud vəziyyəti yeni yanaşma tərzi ilə təhlil etməyi, bu və digər
problemə ən müxtəlif tərəflərdən
yanaşmağı bacarırlar.
Bu cür şəxslərin rəhbərlik etdiyi dövlət,
eləcə də iqtisadi sistem insanlara öz
istedadlarını üzə çıxarmağa, innovativ
keyfiyyətlərini realizə etməyə imkan verir.
Biz N.Makiavellinin bu fikirlərini təsadüfən xatırlatmadıq. Məsələ bundadır ki, italyan mütəfəkkirin tarixi yaradanlar qrupuna aid etdiyi şəxsiyyətlər hər xalqa, hər ölkəyə lazımi zamanda nəsib olmur. Bu mənada xalqımızı və ölkəmizi ötən əsrin 90-cı illərinin ortalarından bəri lider və rəhbər sarıdan bəxti gətirən hesab etmək mümkündür. Çünki istər siyasi müstəqilliyini bərpa edən Azərbaycanın yeni iqtisadi münasibətlər sisteminə keçməsi ilə bağlı yaranan saysız-hesabsız çətinliklərin aradan qaldırılmasında ovaxtkı lider Heydər Əliyevin zəhməti, istərsə də dövlətin və dövlətçiliyin möhkəmlənməsində, ölkədə bütün sahələrin inkişafının təmin edilməsində indiki rəhbər İlham Əliyevin rolu danılmazdır. Məhz hamıda müşahidə olunmayan keyfiyyətlərə malik bu iki liderin - rəhbərin vaxtında verdikləri düzgün qərarlar, atdıqları addımlar və bir də siyasi iradələri hesabına Azərbaycan indi təkcə regionda yox, bütün dünyada sayılıb-seçilən, səsi eşidilən, mövqeyi nəzərə alınan ölkələrdən biridir. Təkcə Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın iştirakını vurğulamaq kifayətdir ki, ölkəmizin müasir dünyada hansı çəkiyə malik olduğu etiraf edilsin. Bu çəkinin səbəbkarları isə, sözsüz, həmin lider rəhbərlərdir.
Bu gün Azərbaycan yeni strategiya əsasında inkişafa qərar verib. Müəllifi Prezident İlham Əliyev olan bu strategiyanın əsas məğzi və məqsədi ölkənin postneft dövründə inkişafını təmin etməkdir. Dövlət başçısı bu istiqamətdə fəaliyyətə hələ neftin hasilatının və qiymətinin ən “pik” vaxtında başlamışdı. Ölkənin dağılmış infrastrukturunun bərpası və yenidən qurulması, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, qeyri-neft sektoruna aid müasir müəssisələrin istifadəyə verilməsi və s. çoxsaylı belə tədbirlər indiki postneft dövrünə hesablanmış addımlar idi. Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi”ndən tutmuş radikal islahatlaracan həyata keçirilən bütün tədbirlər Azərbaycanın böhrandan çıxıb inkişaf yoluna qədəm qoymasına istiqamətləndiyi kimi, İlham Əliyevin də təşəbbüsü və müəllifliyi ilə atılan bu addımlar ölkəmizin postneft dövründə inkişafına hədəflənmişdi. Məhz bunun nəticəsində karbohidrogen ehtiyatlarından asılı olmamağa qərar verən Azərbaycanın növbəti mərhələdə yeni inkişaf strategiyası üçün “start meydançası” artıq hazırdır. Qalır ondan səmərəli istifadə etmək.
Dövlət başçısı tərəfindən son vaxtlar bu istiqamətdə verilən qərarlar, imzalanan sənədlər, yaradılan təzə qurumlar göstərir ki, həmin çərçivədə də işlər kifayət qədər sürətlə gedir. Təkcə qısa zamanda bu məqsədlə görülən işlərin siyahısına nəzər salmaq yetər ki, onların həcmi və əhəmiyyəti məlum olsun. Həmin siyahıya isə struktur islahatlarından başlamış yeni təfəkkür mərkəzlərinin və müasir xidmət qurumlarının yaradılmasınacan daxildir. Üstəlik, qeyri-neft sektorunun inkişafına xidmət edən əvvəlki tədbirlərin davamı da səngimir - sahibkarlara hərtərəfli maddi və əməli dəstək verilir, aqrar sektorda gəlir verən ənənəvi sahələrin dirçəldilməsi üçün konkret işlər görülür, ixracyönlü məhsulların istehsalı stimullaşdırılır, regionların potensialından maksimum istifadə üçün yerli və xarici sərmayələr cəlb olunur, turizm inkişaf etdirilir və s. Amma dövlət başçısı bütün bunlarla kifayətlənmir, o, ölkənin qarşısında duran əsas hədəfə çatmaq - imkan daxilində qısa müddətə inkişaf etmiş dövlətlər sırasına daxil olmaq üçün yeni yollar, təzə vasitələr axtarır və həmişə olduğu kimi, tapır da.
Xəbər verildiyi kimi, Prezident üç gün əvvəl - dekabrın 6-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalamışdır. Əvvəlcədən qeyd edək ki, bu yol xəritələrinin hazırlanması haqqında söhbətlər bir müddət idi ki, gedirdi (Prezident bu il martın 16-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin başlıca istiqamətləri”ni təsdiq etmiş və inkişaf planlarını hazırlamaq üçün işçi qrupu yaratmışdır). Eyni zamanda həmin sənədlərin hazırlanmasında xarici ekspertlərin iştirak etdikləri barədə informasiyalar var idi və onu da bildirək ki, bu fakt fərmanda öz təsdiqini tapmışdır. Təkcə bunun özü sözügedən sənədlərə ən yüksək səviyyədə göstərilən münasibətdən və onların həmin səbəbdən irəli gələn əhəmiyyətindən xəbər verir.
Fərmanda qeyd olunduğu kimi, ölkənin 11 əsas sektoru (neft və qaz sənayesi; kənd təsərrüfatı məhsullarının istehsalı və emalı; kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı; ağır sənaye və maşınqayırma; ixtisaslaşmış turizm sənayesi; logistika və ticarət; uyğun qiymətə mənzil təminatı; peşə təhsili və təlim; maliyyə xidmətləri; telekommunikasiya və informasiya texnologiyaları; kommunal xidmətlər) üzrə hazırlanan strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək dövr üçün uzunmüddətli, 2025-ci ildən sonrakı dövr üçün isə hədəf baxışları özündə ehtiva edir. Strateji yol xəritələri hazırlanarkən onların layihələri açıq müzakirəyə verilmiş və yekun sənəd tərtib olunarkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınmışdır. Onu da qeyd edək ki, sözügedən fərmana əsasən, strateji yol xəritələrində nəzərdə tutulan vəzifələrin icrasına ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının postneft dövrünə qədəm qoyması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşan və reallaşdırılması nəzərdə tutulan qlobal tədbirlər təkcə bugün üçün yox, həm də yaxın gələcək üçün hesablanmışdır. Dövlət başçısının fərmanı ilə həyata vəsiqə almış strateji yol xəritələrində sadalanan həmin tədbirlərin əhatə etdiyi sahələrin isə sayı çox, coğrafiyası geniş olsa da, məqsəd birdir: yeni strategiya hesabına Azərbaycanın inkişafını davam etdirmək.
Raqif MƏMMƏDOV,
Azərbaycan.- 2016.- 9 dekabr.- S.1.