Rəqabətqabiliyyətliyin yüksəldilməsində
universitetlərin rolu
Hazırda Azərbaycan qeyri-neft sektorunun aparıcı rola malik olduğu innovativ iqtisadi inkişaf modelinə keçid dövrünü yaşayır. Elmi və texnoloji inkişaf səviyyəsi nəzərə alınmaqla mahiyyət etibarilə aqrar sektor da artıq, demək olar ki, sənayeyə çevrilmişdir. Bu, təxminən son 130 il ərzində üçüncü, müstəqillik əldə edildikdən sonra isə ilk belə transformasiyadır. Biz həqiqətən də uğurlu gələcək baxımından geniş imkanlara malik olduğumuz heyrətamiz bir dövrdə yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir”.
Azərbaycan öz tarixində əvvəlki hər üç sənaye inqilabını yaşamışdır. Birinci inqilab zamanı su və buxar enerjisi əl əməyinin mexanikləşdirilməsinə imkan yaratmış, enerji mənbəyi kimi odun və daş kömür çıxış etmişdir. İkinci sənaye inqilabı elektrik enerjisi ilə bağlı texnologiyalardan istifadə hesabına mümkün olmuşdur. Bu, kütləvi istehsalın yaradılmasına imkan vermiş, istehlak bazarları formalaşdırmışdır. Kömürdən əlavə, əsas enerji mənbəyi karbohidrogen yanacağı olmuşdur. Üçüncü sənaye inqilabı elektronika və informasiya texnologiyaları ətrafında inkişaf edib postsənaye və ya informasiya dünyası adlandırılan fenomeni doğurmuşdur. Bu istehsalın avtomatlaşdırılması ilə nəticələnmiş və öz növbəsində də sənayedə məşğul olan işçilərin sayını sürətlə azaltmışdır. “Rəqəmsal” adlandırıla bilən dördüncü sənaye inqilabı yalnız istehsal və istehsalın idarəedilməsi sahələrindən yox, həmçinin avtonəqliyyat kimi sahədə də insanların rolunu minimuma endirəcək. Avtomatlaşdırma və robotlaşdırma fiziki, rəqəmsal və bioloji obyektlər arasında olan sərhədləri silir. Azərbaycan, digər ölkələr kimi, bir tərəfdən çoxsaylı imkanlar yaradan, digər tərəfdən isə qeyri-peşəkarlığa, qeyri-effektifliyə, qeyri-rəqabətliyə amansızcasına yanaşan qloballaşan dünya şəraitində yaşayır. Bundan əlavə, dünya Qərbin yenidən sənayeləşməsi dövrünü yaşayır, indi sənaye Asiyadan Avropaya və ABŞ-a “qayıtmağa” başlayır. Yuxarıda göstərilənləri nəzərə alaraq demək olar ki, Azərbaycanda üçüncü neft bumu “tam zamanında başa çatır”. Bu isə o deməkdir ki, ölkəmiz öz sənaye siyasətinin formalaşmasında müasir dünya proseslərini nəzərə ala biləcək.
Amerikalı alim Devid Autor 1980-2005-ci illəri əhatə edən dövrdə ABŞ sənayesinin müxtəlif sahələrində işçilərin ixtisasından asılı olaraq əmək bazarının dəyişməsini araşdırmışdır. Onun tədqiqatları göstərmişdir ki, aşağı və yüksək ixtisaslı işçilər arasında məşğulluq artmış, orta ixtisaslı işçilər arasında isə azalmışdır. Bunun əsas səbəbi ilk növbədə orta çətinlikli işlərin avtomatlaşdırılmış həllinə geniş yer verilməsidir. Həmin işlərdə kifayət qədər şablon elementlər var ki, bu da onların asanlıqla avtomatlaşdırılmasına imkan verir. Bundan başqa, bu işlərə görə yüksək əməkhaqqı verilməsi onların avtomatlaşdırılmasının biznes sahibləri üçün iqtisadi baxımdan cəlbedici olmasını şərtləndirmişdir.
Beləliklə, hazırda dünyada növbəti sənaye inqilabı baş verir və bu sənaye inqilabı istehsalın və idarəetmənin avtomatlaşdırılmış və robotlaşdırılmış vasitələrinə əsaslanır. Buna görə də iqtisadi səmərəlilik prioritet olaraq ön plana çıxır və milli şirkətlərin beynəlxalq rəqabətdən qorunmasında dövlət olduqca məhdud imkanlara malikdir. Həmişə olduğu kimi, idarəçiliyin keyfiyyəti hər bir uğur və uğursuzluğun təməlində dayanır.
Məqsəd və ona çatmağın yolları müəyyən edildikdən sonra idarəçiliklə bağlı istənilən tapşırığın yerinə yetirilməsi zamanı resursların (maliyyə, insan, təbii və digər) məhdudluğu faktoru üzə çıxır. Bu məhdudiyyətləri aradan qaldırmağın yeganə yolu mövcud imkanların genişlənməsinə və qarşıya qoyulmuş məqsədlərə nail olunmasına imkan verən istiqamətlər üzrə resursları səfərbər etməkdir. Bu baxımdan innovasiya sahəsində intellektual resursların səfərbər edilməsinin vacibliyi əhəmiyyətli dərəcədə artır.
Beynəlxalq standartlara əsasən, innovasiya bazara çıxarılan yeni və ya təkmilləşdirilmiş məhsul, yeni və ya təkmilləşdirilmiş texnoloji prosesdə təcəssüm olunan innovativ fəaliyyətin son nəticəsidir. İnnovasiyanın texniki və ya hər hansı bir maddi formada olması mütləq deyidir. Marketinq texnologiyası, maliyyə məhsulları kimi nümunələri yada salmaq kifayətdir. Məhsul və xidmətlərin istehsalının keyfiyyətinin yüksəldilməsinə xidmət edən innovasiyalar şirkətlərin bazarda yerini möhkəmləndirir və onun inkişafını sürətləndirir. Bir çox hallarda isə hər hansı bir innovasiya ətrafında yeni şirkətlər meydana çıxır. Şirkətlərin bu cür yaranmasına dair nümunələr göstərməyə ehtiyac yoxdur, belə ki, bu barədə məlumatı internetdən asanlıqla əldə etmək mümkündür. Yeri gəlmişkən, internet də bir zamanlar innovasiya idi!
Dünya
bazarında bir çox
təbii resursların qiymətinin kəskin azalması ölkələrin
resursyönümlü inkişaf
modelindən innovativ inkişaf
modelinə keçməsini stimullaşdırır. Bu inkişaf modelində başlıca komponentlərdən
biri “start up” şirkətlərdir. Bu terminin bir neçə
formada izahı var. Lakin mahiyyət ondan ibarətdir ki, ideyalar öz
müəllif və ya müəlliflərinə
rahatlıq vermir, onları fəalyyət göstərməyə, bu
ideyaların işlənməsi,
istifadə edilməsi
və satış yollarını axtarmağa
vadar edir. Təcrübə göstərir ki,
ideyaya malik olan və ya
axtarışda olan insanları bir yerə yığmaqla gəlir gətirən şirkətlərin yaradılması
prosesini əhəmiyyətli
dərəcədə sürətləndirmək
olar.
Sənaye bir çox hallarda bir-birinə müxtəlif növ xidmətlər göstərən
bütöv şirkətlər
qrupunun yerləşdiyi
coğrafi regionda cəmləşməyə, başqa
sözlə, klasterləşməyə
meyilli olur. Klasterləşmə klasterdə birləşmiş
şirkətlərin rəqabət
üstünlüyünün reallaşmasını təmin
etməklə yanaşı,
həm də burada şirkətlərin
öz müstəqilliyini
saxlaya bilir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən ölkədə
pambıqçılığın inkişaf etdirilməsi və Mingəçevir şəhərində bu qiymətli xammalın emal edilməsi üçün müəssisənin
yaradılmasına dair
irəli sürülən
ideya klaster təşəbbüsüdür. Bu siyasət iqtisad
elmi baxımından əsaslı, məntiqli, məqsədəuyğun və
mövcud çağırışlara
tam adekvatdır.
Azərbaycanda sənayenin inkişaf siyasəti elmi tədqiqatlara olan tələbi artıracaq, kəşflər və sahibkarlığın inkişafı
üçün əlverişli
mühit yaradacaq. Eləcə də
ölkənin iqtisadi həyatında başlayan
dəyişikliklər həm
də universitetlər
üçün yeni imkanlar yaradacaq.
Universitetlərin başlıca funksiyası
təhsildir. Universitet həmçinin tədqiqatla,
elmi fəaliyyətlə
məşğul olur.
Bu, ikinci funksiyadır.
Digər
bir funksiyanı - sahibkarlıq funksiyasını
qeyd etmək istərdik. Universitetlər birbaşa olaraq
sənaye klasterinin formalaşması prosesinin
başladığı regionun
iqtisadi inkişafını
stimullaşdıra bilərlər.
İstənilən universitet biliklərin,
texnologiyaların, sahibkarlıq
və innovasiyaların
yaranması və ötürülməsi mərkəzinə
çevrilə bilər.
İnnovativ, elmi və sahibkarlıq
fəaliyyəti üçün
mühitin yaradılmasına
yönəlmiş xidmətlər
universitet ətrafında
tədris, elmi və maliyyə resurslarının cəmləşməsinə
imkan verəcək. Artıq qeyd
edildiyi kimi, sənaye dar ixtisaslaşma çərçivəsində
cəmləşməyə meyillidir və bunun səbəbi A.Marşalın dediyi kimi, “biliklərin axını” effektidir.
Biliyə tələbin olduğu yerdə təhsil və elmə də tələb olacaqdır. Azərbaycanda universitetlər ənənəvi
olaraq sənayenin inkişaf etdiyi regionlarda yerləşir.
Sovet İttifaqı dağıldıqdan
sonra sənayenin böyük bir hissəsi obyektiv səbəblərdən inkişafdan
qaldı və ya bütövlükdə
sıradan çıxdı.
İnkişafın resursyönümlü
modelinin tükəndiyi
və ölkənin gələcək inkişafının
əsasən sənaye
ilə bağlı olduğu bir vaxtda ali
təhsil sistemi cəmiyyət üçün
xüsusi bir dəyər kəsb edir. Prezident İlham Əliyevin sədrliyi ilə 7 oktyabr 2016-cı il
tarixində keçirilən
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin iclasında təhsil naziri Mikayıl Cabbarovun dediyi kimi: “Azərbaycanın yeni iqtisadi modeli
bizim milli iqtisadiyyatımızın rəqabətqabiliyyətliyinin
insan kapitalının
keyfiyyətinin artırılması
yolu ilə yüksəldilməsini tələb
edir. Yeni təhsil klasterlərində
yaradılacaq onlarla yeni ixtisaslar iqtisadi subyektlər və müəssisələrlə
sıx əməkdaşlıq
etməlidirlər”.
Təhsil sistemi insan kapitalının
keyfiyyətinə təsir
edən yeganə amil deyil. Lakin məhz
o, cəmiyyətin intellektual
elitasını formalaşdırır.
Təhlillər göstərir
ki, ali təhsilli
məşğul əhalinin
payı orta hesabla Avropa İttifaqı ölkələrində
22%, İqtisadi Əməkdaşlıq
Təşkilatı ölkələrində
(OECD) 27%, ABŞ-da 33%, Rusiya
Federasiyasında 54%-dir. Azərbaycanda
bu göstərici 17% təşkil edir. Beləliklə, etiraf etmək lazımdır ki, Azərbaycanda ali təhsilli
insanların sayının
artması potensialı
yüksəkdir. Azərbaycan
son dövrlərdə dünya
əmək bölgüsü
çərçivəsində aşağı əməkhaqqı
olan ixtisasları, yəni “kasıblıq üzrə ixtisaslaşma”nı
deyil, “varlılıq üzrə ixtisaslaşma”nı
seçdiyi üçün
bu sahədə vəziyyətin köklü
şəkildə dəyişəcəyini
proqnozlaşdırmaq olar.
Hesab edirik ki, ölkəmizin bir sıra regionlarının
müasir texnopolislərə
çevrilməsi prosesinin
mərkəzində universitetlər
dayanmalı və bu proses daha
da sürətlənməlidir.
Artıq Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran belə potensiala malikdir. Azərbaycanın digər regionlarında
da kifayət qədər potensial var. Formalaşan klasterlərə
universitetləri daxil etmək və onların bazasında elmi və sahibkarlıq
fəaliyyətini təşkil
etmək olduqca vacibdir.
Universitetlər insanlara təhsil verməklə yanaşı,
həm də gələcək alimləri,
istedadlı sahibkarları,
komanda liderlərini formalaşdırmağa yardım
edirlər. Düşünürük ki, regionlar arasında klasterlər formalaşdıran sənaye
sahələrinin inkişafı
sahəsində rəqabət
güclənəcək. Burada üstünlük regionun təhsil, elmi, innovasiya və mədəni mərkəzinə
çevrilməyə hazır
olan universitetin yerləşdiyi regiona verilməlidir. Bu
isə, öz növbəsində, Azərbaycanın
rəqabətqabiliyyətliyini birmənalı olaraq
artıracaqdır.
Ədalət MURADOV,
Azərbaycan Dövlət
İqtisad Universitetinin
rektoru, professor,
Fərhad ƏMİRBƏYOV,
Azərbaycan Respublikası
təhsil nazirinin müşaviri
Azərbaycan.- 2016.- 9 dekabr.-
S.10.