Bakıda IV İslam Həmrəylik
Oyunlarına hazırlıqla bağlı şef-de-missionların
seminarı başlayıb
Gələn il ölkəmizdə
keçiriləcək IV İslam Həmrəylik Oyunlarına
hazırlığa dair son məlumatlarla tanış olmaq məqsədilə
dünyanın 50-dən çox ölkəsindən Bakıya
gəlmiş şef-de-missionlar dekabrın 8-də müzakirələrə
başlayıblar.
Oyunların keçirildiyi müddətdə idmançılar və komanda rəsmiləri üçün cavabdehlik daşıyacaq missiya rəhbərləri Bakıda olduqları ikigünlük səfər çərçivəsində müxtəlif görüşlər keçiriblər. Onlar həmçinin idmançıların qalacaqları yerlər, akkreditasiya məsələləri, mərasimlər və nəqliyyat əməliyyatları daxil olmaqla, bir çox mövzular üzrə silsilə seminarlarda iştirak ediblər.
IV İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimovun sədrliyi ilə keçən tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, baş katibin müavini Said Abdulqaffar Huseyn və baş direktor Xalid Abdulla Bin Al-Şeyx daxil olmaqla rəhbər üzvlər iştirak ediblər.
Seminarda çıxış edən Azad Rəhimov deyib: “IV İslam Həmrəylik Oyunlarına hazırlıq işlərinin görülməsi istiqamətində mühüm məsələlərin müzakirəsi üçün missiya rəhbərlərinin Bakı toplantısı böyük əhəmiyyət kəsb edir. Əminəm ki, 50-dən çox ölkədən Bakıya gələn missiya rəhbərləri oyunlara qalan qarşıdakı beş ayda tamamlanması nəzərdə tutulan işlərin qısa müddətdə gerçəkləşməsi istiqamətində səylərini əsirgəməyəcəklər. Seminarın ikinci günündə missiya rəhbərlərinin idman arenaları ilə tanışlığı bizim üçün önəmli məqamlardan biridir. Əminəm ki, idman arenaları ilə tanışlıq Azərbaycanın oyunlara yüksək səviyyədə, məsuliyyətlə və peşəkarlıqla hazırlaşmasını bir daha diqqətə çatdırmış olacaq”.
İkigünlük tədbirin tərkib hissəsi kimi şef-de-missionlar dekabrın 9-da Bakı Olimpiya Stadionu və Milli Gimnastika Arenası, eləcə də Atletlər kəndi daxil olmaqla, “Bakı-2017” IV İslam Həmrəylik Oyunları zamanı istifadə ediləcək bir sıra məkanlarda olacaqlar.
AZƏRTAC
Azərbaycan.-
2016.- 9 dekabr.- S.10.