İnsanlıq və ziyalılıq nümunəsi

 

Aqil Əlirza oğlu Əliyev 1926-cı il dekabr ayının 10-da Azərbaycanın qədim elm və mədəniyyət mərkəzi olan Naxçıvan şəhərində sadə və zəhmətkeş bir ailədə dünyaya göz açmışdır.

Görkəmli alimin həyat yolu çətin və keşməkeşli olmuşdu. O, daim zəhmətə qatlaşmağa, özünə, əməyinə güvənməyə, insanlara qayğı və həssaslıqla yanaşmağa, imkansız və kimsəsizlərə arxa olmağa, onlara kömək etməyə və əl tutmağa, sadə bir həyat sürməyə üstünlük vermiş, şan-şöhrətdən və bayağılıqdan uzaq olmuşdur.

Bu keyfiyyətlər onu adi institut laborantlığından iqtisad elmləri doktoru, professor, kafedra müdiri vəzifəsinə və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlüyünədək yüksəltmişdir. A.Əliyev 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tarix fakültəsini bitirmiş, elm sahəsinə və tədris işinə olan marağı onu əvvəlcə EA-nın A.Bakıxanov adına Tarix İnstitutunda, Azərbaycan Politexnik İnstitutunun Siyasi iqtisad kafedrasında işləməyə, sonradan isə Azərbaycan Dövlət Tibb Universitetinin Siyasi iqtisad kafedrasında çalışmağa gətirib çıxarmışdır. Tədris işinə, böyük elmə qovuşmaq həvəsi və ürəkdən bağlılığı onu bütün ömrünü ali məktəbdə müəllimlik etmək, gənclərin təlim-tərbiyəsi ilə məşğul olmaqelmi tədqiqatlar aparmaq kimi çox çətin, mürəkkəb bir vəzifənin yerinə yetirilməsinə sövq etmişdir. Aqil Əliyev 1964-cü ildə namizədlik, 1983-cü ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1979-cu ildə ona professor elmi adı verilmiş, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Bu illər ərzində böyük vəzifələr almaq imkanına, qabiliyyəti və bacarığına baxmayaraq, o, həmişə alim ömrü yaşamağı tərc etmiş, elmi-tədqiqat işləri ilə məşğul olmağı və öz intellektual səviyyəsini artırmağı qarşısına məqsəd qoymuşdur. Müəllimliyə böyük dəyər vermişdir. Professor A.Əliyev 53 il Azərbaycan Tibb Universitetində çalışmışdır. Əvvəlcə Siyasi iqtisad kafedrasında kabinet müdiri, müəllim, dosent, professorkafedra müdiri vəzifəsində işləmiş, sonra isə İqtisadi nəzəriyyə və hüququn əsasları kafedrasına rəhbərlik etmişdir. Bütün bu illər ərzində görkəmli elm xadiminin rəhbərliyi ilə böyük elmi-tədqiqat işləri aparılmış, tədrisdə bir çox yeniliklərə imza atılmışdır. Təsadüfi deyil ki, Azərbaycan Tibb Universitetinin Siyasi iqtisad kafedrası uzun illər boyu “ən yaxşı kafedra” adına layiq görülmüşkollektivin işi əsl nümunə məktəbinə çevrilmişdir. Lakin bütün bunlara baxmayaraq, vaxtilə ulu öndər Heydər Əliyevin çörəyini yeyib, onun hesabına yüksək vəzifə kürsülərinə yiyələnmiş bəzi nankor adamlar böyük rəhbərin vəzifədən uzaqlaşdırıldığı illərdə Aqil Əliyev də haqsızlıqlarla üzləşmişdi. Bu hadisələr hamımızın yaxşı yadındadır. 1987-ci ildə Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən pensiyaya çıxması adı ilə vəzifəsindən uzaqlaşdırıldıqdan sonra şər qüvvələr gizli hücumlarını açıq şəkildə həyata keçirməyə başladılar. Bu şər qüvvələr bütün Əliyevlər nəslinə hücuma keçdilər. Həmin hücumlarda ən mərkəzi nöqtə - akademik Cəlal Əliyev olsa da, onun böyük qardaşlarından biri olan Aqil Əliyev də nəzərdən qaçmamışdır. Belə ağır dövrdə heç bir əsas olmadan respublikamızın tarixində ilk dəfə olaraq 62 yaşlı professor Aqil Əliyev Siyasi iqtisad kafedrasının müdirliyindən çıxarıldı və təqaüdə getməsi adı ilə istefaya göndərildi. Ancaq bu haqsızlıqlar Aqil Əliyev şəxsiyyətini sındıra bilmədi. Burada onu da xatırlatmağı borc bilirik ki, həmin illərdə (1988-ci ilin ikinci yarısı və 1990-cı ilin ilk ayında) Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləmiş Ə.X.Vəzirov bir məsələ ilə əlaqədar olaraq məni öz yanına dəvət etmişdi. Mən 19 oktyabr 1989-cu ildə onunla görüşərkən professor Aqil Əliyevə qarşı edilmiş bu haqsızlığı onun nəzərinə çatdırdım və qeyd etdim ki, sizin də üzərinizdə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əməyi var. Böyük rəhbərin indiki durumunda onun qardaşlarına qarşı edilən bu haqsızlıqlar bütünlükdə millətimizə başucalığı gətirmir. O, qətiyyətlə qeyd etdi ki, bunlardan onun xəbəri yoxdur və kimlərsə adımdan istifadə edir. Onda mən xahiş etdim ki, lazımi tədbirlər görsün. Sonrakı hadisələr göstərdi ki, onun səmimiyyətinə inanmaq olmazmış. Ancaq çox keçmədi ki, haqq gəlib öz yerini tapdı və Aqil Əliyev yenidən əvvəlki yerinə qayıtdı. Ancaq bu dəfə kafedra müdiri kimi deyil, professor kimi. Çünki artıq Siyasi iqtisad kafedrasının da adı dəyişdirilmişdi. Bir neçə ildən sonra həmin kafedraİqtisadi nəzəriyyə və hüququn əsasları” adı altında yenidən bərpa edildiAqil Əliyev həmin kafedraya müdir seçildi. Professor Aqil Əliyev yenidən əvvəlki işgüzarlıqla kafedraya rəhbərlik etməyə və səmərəli elmi-tədqiqat işləri ilə məşğul olmağa başladı.

Professor A.Əliyevin apardığı tədqiqat işləri çoxşaxəli olsa da, onun elmi yaradıcılığında əsas yeri sosial-iqtisadi problemlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, şəhər və kənd əhalisinin yaşam tərzinin bir-birinə yaxınlaşması, onun qanunauyğunluqları və yollarının öyrənilməsi, ərzaq və təchizat problemlərinin həlli, səhiyyənin iqtisadiyyatı, əhalinin sağlamlığının sosial-iqtisadidemoqrafik inkişaf aspektlərinin tədqiqi və s. tutur. Bu problemlər görkəmli alimin 190-dan çox elmi-tədqiqat əsərlərində, o cümlədən 18 sanballı monoqrafiya və kitabında, 6 dərslik və dərs vəsaitində, 6 tədris-metodik göstəricidə öz əksini tapmışdır.

Professor Aqil Əliyev 1979-1989-cu illərdə Azərbaycan Respublikasında elmi-texniki tərəqqi və onun sosial-iqtisadi nəticələri üzrə “Əhalinin sağlamlığının qorunması” komissiyasının sədri olmuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yerinə yetirilmiş tədqiqat işləri SSRİ-də hazırlanmış elmi-texniki tərəqqi və onun sosial-iqtisadi nəticələrinin kompleks proqramına daxil edilərək Moskvada və Bakıda nəşr olunmuşdur. Alimin bir çox əsərləri iqtisad elmi ilə məşğul olan mütəxəssislərin, müəllim və tələbələrin stolüstü kitabına çevrilmişdir. Professorun əsərlərinin xeyli bir qismixarici ölkələrdə çap edilmişdir.

Görkəmli elm xadiminin kitabları Moskvada, Sankt-Peterburq, Çexiya, Slovakiyabaşqa ölkə və şəhərlərdə yaşayan iqtisadçı alimlərin diqqətini cəlb etmişonun əsərlərinə çoxlu istinadlar edilmişdir. Professor Aqil Əliyevin çap etdirdiyi elmi araşdırmalar arasında müasir dövrbazar iqtisadiyyatına keçidlə bağlı tədqiqatlar xüsusi yer tutur. Bu sahədə onun 80-ə yaxın əsəri çapdan çıxmışdır. Bu tədqiqatlar arasında çapdan çıxmış “Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu”, “Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri”, “İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur”, “Səhiyyənin iqtisadiyyatı”, “Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri”, “Naxçıvan qədim diyardır”, “Milli iqtisadiyyatımızın aktual problemləri”, “Demokratikləşmə - milli iqtisadiyyatımızın inkişafının əsasıdır”, “Naxçıvan Muxtar Respublikası (nailiyyətlər və problemlər)” adlı iki cildlik ensiklopedik əsər və s. xüsusi yer tutur. Yeri gəlmişkən onu da qeyd etmək istərdim ki, professor Aqil Əliyevin doktorluq dissertasiya işi kimi müdafiəyə təqdim etdiyionun müdafiəsindən xeyli əvvəl rus dilində nəşr olunmuşİnkişaf etmiş sosializm şəraitində şəxsi istehlak problemləri (Regional inkişafın nəzəriyyə və praktikası)” adlı monoqrafiyası (Bakı “Azərnəşr”, 1982-ci il) bu günçox aktualdır və öz elmi-nəzəri əhəmiyyətini itirməmiş, dəyərli tədqiqat kimi mütəxəssislərin və elmi işçilərin stolüstü kitabı olmuşdur.

Aqil Əliyev bir sıra beynəlxalq və respublika əhəmiyyətli elmi-praktiki konfranslarda, simpoziumlardaseminarlarda fəal iştirak edərək, Azərbaycan iqtisad elmini layiqincə təmsil etmişdir. Onun kadr hazırlığı sahəsində böyük xidmətləri vardır. Professorun bilavasitə rəhbərliyi və köməyi ilə iqtisad elmi sahəsində xeyli sayda elmlər doktoru və elmlər namizədi hazırlanmışdır. Görkəmli alim Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Elmi Şurasının və burada fəaliyyət göstərən ixtisaslaşdırılmış Doktorluq Dissertasiya Şurasının, habelə Azərbaycan Tibb Universitetinin Elmi Şurasının üzvü, Beynəlxalq Ekoenerji Akademiyasının, Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü və Beynəlxalq İqtisadçılar İttifaqının üzvü, Respublika Ziyalılar Cəmiyyəti İdarə Heyətinin və YAP-ın Siyasi Şurasının üzvü olmuşdur. Elmi fəaliyyəti və yüksək ixtisaslı tibb kadrları hazırlığındakı xidmətlərinə görə dövlətimiz tərəfindən “Qırmızı Əmək Bayrağı”, “Şöhrət” ordenləri, “Səhiyyə əlaçısı” döş nişanı, bir sıra medal, fəxri fərman və tərifnamələrlə təltif olunmuşdur. 1981-ci ildə Aqil Əliyevə elmi-pedaqoji sahədəki xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı verilmişdir.

Görkəmli iqtisadçı alim A.Əliyev 2008-ci ilin baharında ömrünün müdriklik çağında - 80 yaşının tamam olmasına 6 ay qalmış dünyasını dəyişmişdir. O, olduqca sadə, səmimi, xalqına, ailəsinə, dostlarına və həmkarlarına bağlı olan mərd bir insan, əsl azərbaycanlı kişisi idi. AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Aqil Əliyevin əməli işləri onun tələbələri və ardıcılları tərəfindən layiqincə davam etdirilir. Aqil müəllim, Tanrının hər kəsə bəxş etmədiyi böyük ürəyə, insanlığın ən yüksək göstəricisi olan sadəliyə və mərdliyə, hamını dinləmək bacarığına malik idi. Son dərəcə xeyirxah, qayğıkeş və səmimi dost, yoldaş, gözəl həmkar idi. Əsl ziyalı və böyük vətəndaş-alim idi.

 

Şahbaz MURADOV,

AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru,

professor, əməkdar elm xadimi

 

Azərbaycan.- 2016.- 10 dekabr.- S.7.