Xalq şairinin sərhədçi kursantlarla görüşü
xüsusi anlarla yadda qaldı
Dövlət Sərhəd Xidmətinin Akademiyasında hərbi bilik və vərdişlərin, sərhədçi peşəsinin sirlərinin dərindən öyrədilməsi ilə yanaşı, kursantların Vətənə hədsiz məhəbbət, xalqımızın tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi xüsusi diqqət mərkəzində saxlanılır. Ulu öndər Heydər Əliyevin dediyi “Mən arzu edirəm ki, hər bir sərhədçi yüksək mənəviyyatlı bir insan olsun” sözlərinin tərbiyə prosesinin əsas vəzifəsi kimi qəbul edildiyi akademiyada mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir, ölkəmizin tanınmış ziyalıları ilə görüşlər təşkil edilir, kursantlar muzeyləri, müxtəlif mədəniyyət ocaqlarını ziyarət edir, teatr tamaşalarına, sərgi və konsertlərə aparılırlar. Belə tədbirlər kursantların dünyagörüşünün genişlənməsində, onların estetik zövqünün formalaşmasında, azərbaycançılıq ideyalarına sadiq, mədəniyyət və incəsənətimizə bələd olan yüksək mənəviyyatlı zabitlər kimi yetişməsində mühüm rol oynayır.
Bu günlərdə xalq şairi Nəriman Həsənzadə ilə keçirilən görüş də gələcəyin sərhədçi zabitləri tərəfindən maraqla qarşılandı. Şairin anadan olmasının 85 illiyi münasibətilə keçirilən tədbirdə akademiyanın rəisi, general-mayor Elşən Verdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının prorektoru, tarix elmləri doktoru, professor Musa Quluzadə çıxış edərək şairin həyat və yaradıcılığı barədə geniş məlumat verdilər. Vaxtilə şairin tələbəsi olmuş, hazırda akademiyada tarix müəllimi işləyən Tahir Bayramov N.Həsənzadənin pedaqoji fəaliyyəti barədə danışdı, ona həsr etdiyi şeirini söylədi. Akademiyanın kursantları şairin şeirlərindən nümunələr səsləndirdilər.
Görüşdə xalq şairi Nəriman Həsənzadə çıxış edərək Vətən sərhədlərinin keşiyində durmağın hər bir Azərbaycan övladının ən ümdə vəzifəsi olduğunu bildirərək gənclərə tövsiyələr verdi, akademiyanın müəllim və kursant heyətinə təhsildə və şəxsi həyatda uğurlar arzuladı.
Azərbaycan.- 2016.- 10 dekabr.- S. 8.