Qız qalası yaxınlığındakı abidə

 

Bakıda Qız qalası ətrafında ikimərtəbəli karvansaray yaxınlığında yerləşən, istifadəsiz qalmış bir abidə müəyyən zamanlardaAlban kilsəsi”, “Erməni kilsəsi” və yaxud “Müqəddəs Varvara” kilsəsi kimi tanınmışdır. XIX əsrin II yarısında kilsənin qarşısındakı keçmişVarvarevskaya” küçəsi də (indiki H.Rzayeva küçəsi) bu kilsənin o dövrdəki adı ilə adlandırılmışdır. Ümumiyyətlə, Qafqazda, RusiyadaAvropada “Müqəddəs Varvara” adlı kilsələr çoxdur. Bu kilsələr, bütpərəst ailəsində doğulub, daha sonra xristianlığı qəbul etdiyi üçün 306-cı ildə öldürülmüşsonradan müqəddəslik almış Varvaranın şərəfinə ucaldılmışdır.

Mənbələrdən aydın olur ki, Qız qalası ilə ikimərtəbəli karvansarayın arasında, XVII əsrə aid olduğu ehtimal edilən kvadratşəkilli zala malik, məhəllə məscidi olaraq karvansaray kompleksinə aid edilərək xalq arasında “Meydan məscidi” kimi tanınmışdır.

Orta əsrlərdə bu məhəllədə bəzzaz dükanları var idi. İndiki A.Zeynallı küçəsi XX əsrin əvvəllərinə kimi Minarəli (Minaretskaya) küçəsi adlanırdı. Bu küçə karvan ticarət yolu üzərində olduğu üçün İçərişəhərin əsas memarlıq abidələri - məscidlər, karvansaraylar, hamamlar, aşağı və yuxarı bazar meydanları, həmçinin onlarla abidə məhz bu ərazidə yerləşirdi. Qız qalası yaxınlığında fəaliyyət göstərən iki meydan məscidinin biriVarfolomey kilsəsinin qalıqlarının yerində olmuşdur. Engelbert Kempfer yol qeydlərində bu məscidlər haqqında məlumat verir. Müasirlərinin açıqlamalarına görə, 1960-cı illərdə bu məscidin mehrabını görənlər olub. Məscidin varlığına dair B.Dorn və S.Aşurbəylinin əsərlərində də məlumat var. Hətta B.Dorn yazır ki, məscidin giriş qapısının üzərindəki epiqrafik yazı oxunmur.

Abidənin vaxtilə məscid kimi inşa edilməsini, onun çöl tərəfdən tinlərində memarlıq bəzəyi sayılan stalaktitsiz açılmış kəsikləri də sübut edir. Biz orta əsr məhəllə tipli məscidlərin timsalında bunu fərq edirik. Çünki tipik xristian abidələrində belə kəsiklər olmur. Belə stalaktitli kəsikləri XVI əsrə aid Xacə Bani məscidinin tinlərində də görmək olar. Bəhs olunan abidə 1971 - 1992 - 1996-cı illərdə qəza vəziyyətində olduğu üçüntarixi şəraitdən asılı olaraq qismən sökülmüş, sadəcə, abidənin və zəng qülləsinin aşağı hissələri qalmışdır. Məscidin aşağı hissəsi hazırda torpaq altındadır. Məscid ilə zəng qülləsi arasında inşaat texnikası cəhətdən fərq vardır. Zəng qülləsi yonularaq cilalanmış daşlardan tikilmiş, məscid isə yonulmamış daşlardan inşa olunmuşdür. Bundan belə nəticə çıxarmaq olar ki, zəng qülləsi daha sonrakı dövrdə inşa olunmuşdur.

Beləliklə, təqribən XIX əsrin II yarısında müsəlman məscidinin damında bəzi dəyişikliklər edilərək (məscidin damında dəlik açılaraq qübbə ucaldılmışdır) tipik xristian kilsəsinə çevrilmışdir. Zəng qüllələri kilsələrin yanında inşa olunurdu. Sovmələr (xristianlıqda kiçik məhəllə tipli ibadət yerləri) yanında zəng qülləsi tikilmirdi. Demək, sonradan məscidin şimal hissəsində üç hissədən ibarət zəng qülləsi də ucaldılmışdır. Zəng qülləsinin inşası o dövrdə çəkilmiş fotoda aydın görünür. 1871-ci ildə inşa olunmuşParapet” bağındakı erməni kilsəsinin və İçərişəhərdə 1857-ci ildə inşa olunmuş Qoşa qala qapıları yaxınlığındakı müqəddəs Nikolay kilsəsinin zəng qüllələri bir-birinə oxşardır.

Bu abidənin tarixini araşdırarkən əsli Moskvanın hərbi-tarixi mühəndislik muzeyində saxlanılan bir xəritə diqqəti cəlb edir. 1796-cı ildə mühəndis-polkovnik Kovalerov Xristian Truzson tərəfindən tərtib edilən xəritədə bəhs olunan məscid “erməni kilsəsi” kimi qeyd olunmuşdur. Bu, hər halda yaxınlıqda yerləşən Qasım bəy və övladlarına bağışlanılmış ikimərtəbəli karvansarayın sonradan - erməni karvansarayı və həmin kompleksə aid olan məscidin qübbəsində dəyişiklikdən sonra erməni kilsəsi adını alması ilə əlaqədardır. Truzsonun xəritəsində Qız qalası yanında məscid və sıratağlı dini-memarlıq kompleksi də aydın təsvir olunur.

1861-ci ildə rus hidpoqrafı kapitan-leytenant Ulskiy tərəfindən tərtib edilən Bakı və ətrafı xəritəsində maraqlıdır ki, İçərişəhər ərazisindəki memarlıq abidələrinin mükəmməl izahı verildiyinə baxmayaraq, ikimərtəbəli karvansaray yanında heç bir abidə və yaxud kilsə təsvir olunmur.

1906-cı ildə Bakıda çap olunmuşİssledovanie serkvey i prixodov Bakinskoy qubernii” kitabında A.İ.Onitskiy Qız qalası yaxınlığında 1815 və 1865-ci illərdə inşa olunmuş iki kilsə haqqında məlumat verir. Bu kitabda kilsələrdən birinin adı göstərilir (Varfolomey), lakin digərinin adı haqqında məlumat yoxdur. Kitabda bu kilsələrin yerli əhalidən yığılmış vəsait hesabına inşa olunduğuna dair məlumat da vardır. Bu barədə tədqiqatçı Ə.Paşazadənin də əsərlərində məlumat verilir.

Engelbert Kempferin 1683-cü ildə qələmə aldığı və 1712-ci ildə çap olunan “Bakı” qrafik rəsmini, həmçinin onun bu barədə yazdığı çöl gündəliyini araşdırarkən məlum olur ki, bu dövrdə Qız qalası yaxınlığında heç bir kilsə olmayıb, əksinə, iki məscidin olduğu aydınlaşır. Qız qalası qarşısında 1998-ci ildə arxeoloji qazıntılar nəticəsində arxeoloq F.İbrahimov tərəfindən tapılan və IX əsrə aid olunduğu ehtimal edilən məscid aşkarlanmışdır. Lakin indiyə qədər Qız qalası qarşısında minarənin olduğu bizə məlum deyildi. E.Kempferin “Bakı” qrafik rəsmini diqqətlə araşdırarkən buradakı məscidlərdən birinin minarəli olduğu aydınlaşır. E.Kempferin əsərlərinin tədqiqatçısı, alman alimi, doktor Lottar Veysin məlumatlarına əsasən, E.Kempferin Bakı xəritəsi və Azərbaycan haqqındakı qeydləri hələ lazımi dərəcədə araşdırılmamışdır. Bu qrafik rəsm və qeydlər öyrənildikdən sonra bəhs etdiyimiz abidə haqqında daha dolğun məlumatlar əldə etmək mümkün olacaq.

Məlumatlardan belə nəticə çıxarmaq olar ki, Bakıda 1724-cü ilə kimi ermənilər yaşamamışlar. Tədqiqatçıların araşdırmalarına görə, 1724-cü il I Pyotrun ermənilər haqqında verdiyi xüsusi Bəyannamədən sonra Bakıya ilk 11 erməni ailəsi (bəzi mənbələrdə 100 nəfərə yaxın) köçürülür. Bu ailələrin əksəriyyəti tacir idilər. Bəyannamədəki müddəalardan məlum olduğu kimi, I Pyotrun ermənilər üçün yaratdığı şəraitdən istifadə edərək onlar İçərişəhərdə bir neçə ticarət obyektini, o cümlədən ikimərtəbəli karvansarayı satın alırlar. Daha sonra Dumaya müraciət edib Bakıda onlara aid ibadət yerlərinin olmadığını qeyd edərək erməni kilsəsi tikmək istəklərini bildirirlər. Lakin Duma buna razılıq vermir. O zaman ikimərtəbəli karvansarayın yanında yerləşən bu kompleksə aid olan, lakin uzun zaman istifadəsiz qalmış məscidin damında dəlik açaraq kilsəyə xarakterik qübbə tikirlər. Beləliklə, məscid bir müddət erməni kilsəsi kimi fəaliyyət göstərir. XIX əsrin əvvəllərində abidə “Müqəddəs Varvara” kilsəsi adını almışdır.

Əslində, ərazidəki dini abidələrin inşasından daha öncə bu yerdə atəşpərəstlik məbədinin fəaliyyət göstərdiyi ehtimal olunur. Bəhs etdiyimiz abidə ilə əlaqəsi olmayan 10 hücrənin varlığı da bu ərazidə vaxtilə atəşpərəstlik məbədinin fəaliyyətdə olduğunu sübut edir. Zəng qülləsinin yerində isə atəşpərəstlik məbədinə aid səcdəgahın olması ehtimal edilir. Buna 1964-cü ilin mart ayında arxeoloji qazıntılar nəticəsində Qız qalası qarşısında sıratağlı dini-memarlıq kompleksi ərazisindən aşkar olunan, atəşpərəstlik dininə aid üçsəkili səkkizguşəli postament üzərindəki üst hissəsi neft töküb yandırılmaq üçün ovulmuş sütun da sübutdur. Bu ərazidə, əslində, müxtəlif dövrlərdə inşa olunmuş üç dinin (atəşpərəstlik məbədi, islam dövrü məscidi və xristian provoslav sovməsi) abidələrinin olduğu bəllidir.

İkimərtəbəli karvansaraya bitişik, təyinatsız qalmış və tarixi tam öyrənilməmiş bir abidənin aqibətini araşdırmaq üçün 12 sentyabr 2011-ci il tarixdən etibarən bu ərazidə xilasedici arxeoloji kəşfiyyat və torpaq təmizlik işlərinə başlanılmışdır.

1970-ci illərdə mülki-müdafiə anbarı kimi istifadə olunan bu bina daha sonra banka çevrilmişdir. Bir müddət istifadəsiz qaldıqdan sonra, 1991-ci ildə abidənin yuxarı hissəsi sökülərək içi torpaqdaşla doldurulmuşdur.

İlk vaxtlar işə başlayarkən bu ərazidə 1727-1796-cı illərdə inşa edildiyi ehtimal edilən bir kilsənin öncə tikilmış digər daha qədim dini abidənin üzərində olduğu güman edilirdi. Əldə olunan bir sənəddə isə qazıntı aparılan sahədə yerləşən erməni qriqoryan kilsəsinə aid olan və yanında yerləşən 13 otaqdan ibarət ikimərtəbəli binanın rus-müsəlman məktəbinə kirayə verildiyi bildirilir. Bununla bərabər arxivdən ayrı-ayrı dövrlərdə Bakının müxtəlif ərazilərində erməni qriqoryan kilsələrinin tikilməsi barədə sənədlər və digər yazışmalar da əldə olunmuşdur.

Sentyabr ayının ikinci yarısında abidə ərazisində təmizləmə apararkən kilsənin döşəmə səviyyəsindən 2 metrə yaxın dərinlikdə torpaq qatındakı mədəni təbəqədən son orta əsrlərə aid maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Bu maddi mədəniyyət nümunələri içərisində saxsı qab qırıqları, polixrommonoxrom gil məişət qablarının fraqmentlərinə rast gəlinirdi.

Ümumiyyətlə, düzbucaqlı şəkildə inşa olunmuş kilsənin ümumi sahəsi 100 kvadratmetrə yaxındır. Qazıntı sahəsində təqribən 1 metr dərinlikdə, abidənin şərq tərəfində, şimal və cənub tərəfdən 80 sm. ölçüdə pillələri olan, kərpicdən tikilib üzərinə mərmər suvaq çəkilmiş 4.75x1.60x0.85 ölçüdə minbər aşkar olunmuşdur. Minbərin şimal və cənub tərəflərində 2x2 metr ölçüdə iki kiçik otaq da var. Minbərdən 1.2 metr aşağıda isə üzəri asfalt qatı ilə örtülmüş döşəmə aşkarlanmışdı. Kilsənin vaxtilə simal və cənub tərəfdən 1.75 metr enində qapıları üzə çıxmışdı. Kilsənin qərb tərəfində 1.60x1.30 metr ölçüdə pəncərə yeri var.

Qazıntı sahəsində torpaq qatının aşağı düşməsi tikili daxilində dörd iri daş sütunun olduğunu üzə çıxardı. Bu sütunlar abidənin mərkəzində deyil, qərb tərəfə yaxın paralelsimmetrik yerləşdirilmişdir. Daş sütunların üzərinə kəcdən suvaq çəkilmişdir. Sütunların arasındakı məsafə bərabər olub, 4.3 metrdir. Qazıntı sahəsində şimal-qərb tərəfdə yerləşən sütunun dibindən heyvan buynuzları, XX əsrin əvvəllərinə aid məişət əşya tullantıları və XVII-XVIII əsrlərə dair gil qab qırıqları aşkar olunmuşdur.

Kilsənin daxilindəki sütunların döşəməaltı hissəsinin qayada deyil, torpaq üzərində tikildiyi aydın olur. Sütunların oturduğu döşəmənin altı qazıntı zamanı material vermədi. Buna istinadən ehtimal etmək olar ki, kilsənin döşəməsinin altındakı təbəqə tökmə torpaqdır.

Sütunlar iki hissədən ibarətdir. Kilsənin döşəməsinin üzərindən qalxan sütunlar iriyonulmuş daşlardan dördkünc formada, səliqəli tikilmişdir. Bu sütunların inşası zamanı yaxşı yonulmuş iri bud daşlarla bərabər, hər halda müsəlman qəbiristanlığından gətirilmiş sinə daşlarından da istifadə olunmuşdur. Bu sinə daşlarının yan tərəfləri kəsilərək sütunun formasına uyğunlaşdırılmışdır. Bu sütunlar, hər halda, kilsənin qübbəsini saxlamaq məqsədilə inşa olunmuşdur. Döşəmə altından bu sütunların kobud daşlarla səliqəsiz davam etdiyi müşahidə olunurdu. Döşəmənin altındakı bu tikili, çox güman ki, döşəmə üstündəki sütunların möhkəmliyini qorumaq məqsədi ilə torpaq qatı üzərində tikilmiş tumba rolunu oynayırmış. Döşəmə altındakı 1,5 metr hündürlüyündə olan sütunaltı tumbalar isə döşəməüstü tumbalardan daha böyükkobud daşlardan səliqəsiz tikilmişdir.

Arxeoloji kəşfiyyat zamanı sahənin mərkəzindən daha bir yanı və üz hissələrində ərəb qrafikası ilə yazılmış sinə daşı aşkar olunmuşdur. Daşın üzərində “Qurani Kərim”in “Bəqərə” surəsinin 256-cı ayəsindən bəzi sətirlər (Allahın tərifi) həkk olunmuşdur. Qəbir daşı XV-XVI əsrlərə aid olunur. Qəbir daşını araşdırarkən maraqlı fakt aşkar oldu: daş sütunlardan birinə uyğun yan tərəflərinin kəsilib sütunun inşasında istifadə olunduğu ortaya çıxdı.

Şimal-şərqdə yerləşən sütunun dibindən XVII əsrin sonlarına aid ağzı və lüləyi qırılmış çıraq tapıldı. Narın qumlu gildən bişirilmiş və açıq-qırmızı rəng almış çıraq maraqlı və təkmil formaya malikdir.

Bu ərazidən cənub-qərb sütununa yaxın təqribən döşəmə üstündən 70x50x40 ölçülü daş aşkar olundu. Daşın üzərindəki yazının son sətrində ərəb rəqəmlərilə 1793 yazısı aydın oxunur. Bundan nəticə çıxararaq ehtimal etmək olar ki, kilsə məhz 1793-cü ildə inşa edilmişdir.

Döşəmə səviyyəsindən 30 sm. aşağıda 50x50 ölçüdə kobud daşlarla tikilmiş quyuya bənzər tikili aşkar edildi. Tikilinin yaxınlığından, kilsə döşəməsindən təqribən 2 metr dərinlikdə mərkəzində oyuq olan uzunsov daş tapıldı. Daşda yanıq izləri yox idi. Onun təsərrüfatda həvəng daşı kimi istifadə edildiyi ehtimalı var.

Ərazidə orta əsrlərə aid xeyli sayda dulus məmulatı da tapıldı. Ərazinin mərkəzində atılmış şurfun təqribən 2-2,5 metr dərinliyindən polixrommonoxrom qab qırıqları, qalın divarlı küpün oturacaq hissəsi aşkar olunmuşdur. Bəzi qabların səthi kremya rəngli anqobla yaxşıca örtülmüşdü. Üzərində yayğın yaşıl mina ləkələri vardı. Bu ləkələr şəffaf mina altında sarımtıl-narıncı fon yaradırdı. Nimçə fraqmentlərinin kənarları və yanlarının yaşıl və sarı minası axarlı idi. Bəzi qab qırıqlarının oturacağının mərkəzi çoxləçəkli güllərlə bəzədilmişdi. Belə güllər, adətən daxili dairənin boş sahəsinə çəkilirdi. Camların isə yanları krem rəngli anqob fonunda, dairə boyu dalğavari oyma naxışla bəzədilmişdir. Bu qabları XIV-XV əsrlərə aid etmək olar.

Sahədən açıq və tünd rəngli iki ədəd kaşı qırığı da aşkar olunmuşdu. Bakıda, orta əsrlərdə kaşılardan adətən ictimai binaların bəzədilməsində istifadə edilirdi. Ümumiyyətlə, bina üzlüyündə iri ölçülü, ulduzvari və çoxbucaqlı naxışlı kaşıların hazırlanması böyük ustalıq tələb edir. İçərişəhərdə Məhəmməd məscidinin həyətində və Hacı Qayıb hamamının qarşısında belə çoxşaxəli kaşı qırıqları aşkar edilmişdi.

Ərazidən həmçinin xeyli miqdarda metaldan korroziyaya uğramış inşaat ləvazimatı da aşkar olunmuşdur. Onların çoxu qoyun və keçilərə aiddir. Sümüklər içərisində it kəllə sümüyünə də rast gəlinir. Bu sümüklər bəzən bir yerə yığılmış halda olurdu. Ehtimal etmək olar ki, müəyyən dövrdə yaxınlıqda yerləşən ikimərtəbəli karvansarayda qalan qonaqlar üçün kəsilmiş heyvanların sümükləri məhz yaxın olduğu üçün bu sahədə basdırılmışdır.

Qız qalası rayonunda yerləşən bütün abidələr müstəsna elmi əhəmiyyətə malikdir. Ərazidə turizmə xidmət edən ekspozisiyanın və info tabloların qoyulması məqsədəuyğundur. Bu tarixi məkanda aparılacaq daha geniş arxeoloji qazıntı işləri abidənin torpaq altında yatan gizli sirlərini aşkara çıxaracaq, məscidin içinin təmizlənməsinə, mehrabının üzə çıxmasına və bu abidə kompleksinin yaxın gələcəkdə konservasiya edilməsinə zəmin olacaq, həmçinin onun müasir turizm obyekti kimi təqdim olunmasına şərait yaradacaqdır.

 

Kamil İBRAHİMOV,

professor

 

Azərbaycan.- 2016.- 11 dekabr.- S.7.