Gəncədə “Nizami və dünya ədəbiyyatı” mövzusunda
beynəlxalq elmi-praktik konfrans
keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən X Yüksək Səviyyəli Toplantının iştirakçılarından ibarət nümayəndə heyəti Gəncə şəhərində keçirilən “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin üzvləri Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, Nizami Muzeyi ilə tanış olublar. Muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.
Beynəlxalq elmi-praktik konfransdan əvvəl qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib və abidə önünə gül dəstələri qoyublar.
Daha sonra Heydər Əliyev Mərkəzini ziyarət edən qonaqlar burada Nizami Gəncəvinin 875 illiyinə həsr edilmiş “Nizami yurdu - qədim Gəncə” adlı təsviri sənət əsərlərindən ibarət sərgiyə baxıblar. Sərgidə şairin seçilmiş əsərlərindən əsas səhnələr, habelə Fitnə, Xosrov, Leyli, Məcnun kimi məşhur qəhrəmanları özündə əks etdirən rəsm əsərləri, xalçalar, heykəltəraşlıq nümunələri nümayiş etdirilib. Qonaqlar dahi şairin ingilis, fransız və alman dillərinə tərcümə edilmiş əsərləri ilə də tanış olublar.
Sərgiylə tanışlıqdan sonra mütəfəkkir və filosof Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.
Konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlayaraq Nizami Gəncəvinin əsərlərinin böyük ictimai-siyasi və mənəvi məzmuna malik olduğunu söyləyib, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dahi şairin irsinin qorunması və təbliğində önəmli rol oynadığını diqqətə çatdırıb.
Daha sonra NGBM-nin həmsədrləri Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Kəşmir Universitetinin İslam Tədbiqatları mərkəzinin rəhbəri Əhməd Nasem Şah, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi mərkəzinin direktoru, professor Xəlil Yusifli, Gəncə Dövlət Universitetinin “Elm və innovasiyalar” üzrə prorektoru, deputat Pərvin Kərimzadə, AMEA-nın Gəncə bölməsinin akademik-katibi, akademik Fuad Əliyev çıxış edərək Nizami Gəncəvinin zəngin irsə malik olduğunu, dünyaca məşhur əsərlərinin humanizm, yüksək əxlaq, estetik zövq, insana məhəbbət kimi ali hissləri aşıladığını diqqətə çatdırıblar.
Konfransda Vayra Vike-Frayberqaya Azərbaycan Dövlət Aqrar Universitetinin, İsmayıl Seragəldinə Gəncə Dövlət Universitetinin “Fəxri doktoru” adlarının verilməsi elan edilib. Hər iki universitetin Elmi Şuralarının qərarları oxunub, xanım Frayberqa və Seragəldinə diplom və mantiya təqdim edilib.
Sonda qonaqlara Nizami Gəncəvi və Məhsəti Gəncəvinin rəsmləri əks olunmuş portret xalçaları hədiyyə olunub.
Azərbaycan.-
2016.- 13 dekabr.- S.6.