Azərbaycan tolerant ölkə kimi tanınır

 

Müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycan son illər həm də tolerantlıq sahəsində əldə etdiyi mühüm nailiyyətlərlə dünyanın diqqətini cəlb edir. Tarixən müxtəlif etnosların və dinlərin qovuşduğu, müxtəlif millətlərin dinc yanaşı yaşadıqları bu məkanda formalaşmış tolerantlıq mühiti beynəlxalq miqyasda həm təqdir edilir, həm də alqışlanır.

Tolerantlıq qədim zamanlardan bugünədək insanlarda bir-birinin fərqli baxışlarına, fikir və düşüncələrinə dözümlü yanaşma mədəniyyəti kimi formalaşmağa başlamış, zaman keçdikcə hər bir cəmiyyətdə sivil harmoniyanın təmin olunmasında həlledici amilə çevrilmişdir. Bir qayda olaraq təkcə mənəvi deyil, həm də siyasi və hüquqi tələbat kimi özünü göstərən tolerantlıq insan hüquq və azadlıqlarının etirafı əsasında formalaşmış düşüncə sərbəstliyidir. O, insanın başlanğıc və sonradan qazanılmış hüquqlarının pozulmasına heç bir halda bəraət qazandırmır, eyni zamanda hər kəsin qanun qarşısında bərabərliyi prinsipini əsas tutur. Məhz dözümlü yanaşma sayəsində cəmiyyətdə sivil birgəyaşayış normaları, habelə fikir və əqidə müxtəlifliyi, siyasi plüralizm təmin olunur, demokratik ideyaların praktik şəkildə gerçəkləşməsinə imkan yaranır.

Tolerantlıq mahiyyətcə insanın ali şüur və düşüncə tərzi ilə bağlı olan fenomenal anlayışdır. Hansısa bir insanı fiziki cəhətdən ram etmək, varlığına hakim kəsilmək, azadlığını məhdudlaşdırmaq mümkündürsə də, onun fikir və düşüncələri, baxışları üzərində qələbə çalmaq qeyri-mümkündür. Tolerantlıq bir fikrin, baxışın, yanaşmanın digərlərinə zorla qəbul etdirilməsini tamamilə yolverilməz sayır. Onun üçün həm də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi xarakterikdir. Hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, onun fikirlərinə dözümlü münasibət bəsləmək tolerantlığın fəlsəfəsini təşkil edir. Bu mənada, tolerantlıq həm də fərdin özünüifadə və özünütəsdiq əzmini gerçəkləşdirən mühüm meyardır. Ən tolerant insan belə, nəyinsə və ya kiminsə xatirinə öz fikir və ideyalarından geri çəkilmir, sadəcə, qarşısındakı şəxsi səbirlə dinləmək, ona dözümlü yanaşmaq mədəniyyəti nümayiş etdirir. Qarşıdakını olduğu kimi qəbul etmək insana yüksək dəyər verməkdir.

Ağır müharibə və münaqişələr əsri kimi dəyərləndirilən XX yüzilliyin gerçəklikləri bir daha təsdiqləmişdir ki, tolerantlığı inkişaf etdirmədən ayrı-ayrı xalqların vahid sosium kimi sivil birgəyaşayışı, habelə insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması mümkün deyildir. Tolerantlıq düşüncəsinin inkişafında Birləşmiş Millətlər Təşkilatının 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”si mühüm əhəmiyyətə malik olmuşdur. Bəyannamədə göstərilirdi ki, “İnsan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir”.

Avropa Şurasına üzv dövlətlərin rəhbərlərinin 1993-cü il oktyabrın 8-9-da Vyanada keçirilmiş zirvə toplantısında isə irqçiliyin yüksəlişi, xaricilərə qarşı qərəzli münasibət və antisemitizm, dözümsüzlük mühitinin inkişafı, əsasən, mühacirlərə və mühacir mənşəli insanlara qarşı zorakılıq aktlarının artması, aqressiv millətçilik və etnomərkəzçilik formasında əcnəbilərə qarşı yeni qərəzli münasibətin inkişafı ilə bağlı həyəcan təbili səslənmişdir. Bunun nəticəsi olaraq deyilən halların baş verməməsi üçün xüsusi Fəaliyyət Planı qəbul olunmuşdur.

1995-ci il noyabrın 16-da keçirilmiş UNESCO-nun Baş Konfransının 28-ci sessiyasında isə “Tolerantlıq prinsiplərinə dair bəyannamə” qəbul edilmişdir. Həmin bəyannamədə göstərilir ki, “Dözümlülük, ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir”. Eyni zamanda sənəddə vurğulanır ki, “Dözümlülük, insan hüquqlarına dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır”.

Qloballaşan dünyada tolerantlıq bir tərəfdən bütün insanların qanun qarşısında bərabərliyini və məsuliyyətini önə çəkməklə hüquqi, digər tərəfdən yüksək əxlaqi keyfiyyətlər, mədəniyyət, dözümlülük, geniş savad və dünyagörüş aspektlərini də ifadə etməklə mənəvi məzmun daşıyır. Lakin təəssüf ki, dərisinin rənginə, irqinə, cinsinə, dilinə, dininə, siyasi əqidəsinə, milli, sosial mənşəyinə görə diskriminasiya hallarına müasir dövrdə də geniş rast gəlinir. BMT-nin irqçiliklə bağlı hesabatlarında belə hallara qarşı dözümsüzlük tənqid edilir.

Azərbaycan 70 il sovet imperiyasının tərkibində yaşamalı olsa da, bu dövrdə ittifaq mərkəzinin qondarma “vahid sovet xalqı” formalaşdırmaq məqsədinə xidmət edən beynəlmiləlçilik ideologiyası digər respublikalarda olduğu kimi, ölkəmizdə də etnik tolerantlığın güclənməsinə təkan vermişdir. Lakin ateizm siyasəti yürüdən imperiya ayrı-ayrı xalqların mental dəyərlərinin, mədəniyyətinin, dininin inkişafına yol verməmiş, milli identikliyə qarşı dözümsüzük nümayiş etdirmişdir. Həmin illərdə respublikada məscidlər bağlanmış, din xadimləri sıxışdırılmış, islami dəyərlərin yayılmasına qarşı sərt tədbirlər həyata keçirilmişdir. Bununla belə, 70 illik totalitar sovet rejimi xalqın tolerantlıq düşüncəsinə hakim kəsilə, onu öz milli-mənəvi, dini dəyərlərindən, adət-ənənələrindən ayıra bilməmişdir. Onu da xüsusi vurğulamaq lazımdır ki, ötən əsrin 70-80-ci illərində məhz ulu öndər Heydər Əliyevin himayəsi altında onlarla məscid tarixi abidə adı altında qorunub saxlanılmış, əsaslı təmir edilmiş, xalqa qaytarılmışdır.

1990-cı illərdə Sovet İttifaqının dağılması və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı ilk dövrlərdə respublikada müxtəlif amillərlə əlaqədar etnik-milli tolerantlıq sahəsində müəyyən problemlərin baş qaldırdığını da açıq etiraf etməliyik. Respublikada mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaradırdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən idi. Erməni separatizminin ideoloqları Qərbə və Rusiyaya belə bir fikri təlqin etməyə çalışırdılar ki, guya Azərbaycanda “islam fundamentalizmi” mövcuddur. AXC-Müsavat cütlüyünün iqtidarı dövründə isə müəyyən xarici dövlətlər gənc müstəqil respublikamızı çökdürmək üçün milli ədavəti gücləndirməyə çalışır, azlıqları süni şəkildə ərazi separatizminə sövq edirdilər. Onu da bildirək ki, bu vəziyyət yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra aradan qaldırılmışdır.

Ümummilli liderin dövlətçilik qarşısında tarixi xidmətlərindən biri kimi ərsəyə gəlmiş Azərbaycan Konstitusiyasında vətəndaşların vicdan azadlığı da qırmızı xətlə keçir. Ulu öndərin rəhbərliyi altında 6 ay müddətində hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiya ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyanın bilavasitə din və dövlət münasibətlərini tənzimləyən 18-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Əsas Qanunun 48-ci maddəsində isə vətəndaşların vicdan azadlığı təsbit olunmuşdur.

Dini sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi məqsədilə 2001-ci ildə Dini İşlər üzrə Dövlət Komitəsinin yaradılması dövlət-din münasibətlərinin tənzimlənməsində keyfiyyətcə yeni mərhələ açmışdır. Komitə ölkədə vicdan azadlığının təminatına xidmət edən normativ-hüquqi aktları - o cümlədən 20 avqust 1992-ci il tarixli “Dini etiqad azadlığı haqqında” qanunu əsas tutaraq münasibətlərin sivil şəkildə tənzimlənməsinə çalışmışdır. Sözügedən qanun dövlət və dini qurumlar, din və məktəb, dini icma, dini idarə və mərkəzlər, dini təhsil, dini qurumların dövlət qeydiyyatına alınması, onların ləğvi, dini qurumların mülkiyyəti, istehsal və təsərrüfat fəaliyyəti, dini ayin və mərasimlərin keçirilməsi, ümumiyyətlə, din və onunla əlaqəli olan təsisatlar arasındakı münasibətləri tənzimləyir.

Ümummilli lider Heydər Əliyev ölkədə mütərəqqi, islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. 1999-cu ildə katolik icması dövlət qeydiyyatına alınmış, əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə lazımi şərait yaradılmışdır. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina ayrılaraq kilsəyə çevrilmişdir. Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Roma katolik kilsəsi inşa olunmuşdur. Kilsənin başçısı II İohann Pavel 2002-ci ilin may ayında Azərbaycanda səfərdə olmuş, dövlət rəsmiləri, ictimaiyyətin nümayəndələri ilə görüşərək ölkədəki mövcud tolerantlığı yüksək qiymətləndirmişdir: “Azərbaycanda dinlər arasındakı tolerantlıq münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər”.

Hələ andiçmə mərasimində “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”-deyən Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də çağdaş dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısı hesab edir ki, müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda fantastik nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin mədəni və dini-mənəvi irsə müəyyən təhlükə meyilləri də özünü qabarıq göstərir.

Prezident İlham Əliyev son illərdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən də dini ziyarətgahların əsaslı təmirinə və yenidənqurulmasına xüsusi diqqət ayırmışdır. Ölkə başçısının bu məqsədlərlə bağlı sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Son 10 ildə Bibiheybət, Təzəpir, Əjdərbəy, Nardaran, Mir Möhsün ağa və digər məscid və ziyarətgahlar əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. 2014-cü ilin dekabrında Bakının Binəqədi rayonu ərazisində Cənubi Qafqazın ən böyük ziyarətgahının - Heydər Məscidinin istifadəyə verilməsi də bu baxımdan xüsusi vurğulanmalıdır.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onlara həssaslıqla yanaşması, müxtəlif dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində mühüm rol oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün respublikamızda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə İslam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Son illərdə ölkədə 500-dən artıq dini icmanın dövlət qeydiyyatından keçməsi də tolerantlığın bariz təcəssümü sayıla bilər.

Əslində, bu gün dünyada mövcud olan problemlərin böyük əksəriyyəti məhz tolerantlıq prinsipinə riayət olunmamasından irəli gəlir. Bəzi hallarda dünyada terrora, qarşıdurmalara, münaqişələrə rəvac verən başlıca amillərdən biri də tolerantlığın lazımi səviyyədə inkişaf etməməsidir. Azərbaycan Prezidenti İlham Əliyev V Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında tolerantlıq prinsipindən danışarkən multikulturalizmin mühüm əhəmiyyət daşıdığını da diqqətə çatdırmışdır: “...Bu gün əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində multikulturalizmlə bağlı fərqli, bədbin fikirlər səslənir. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, bəziləri, ümumiyyətlə, hesab edir ki, belə bir meylə yol vermək olmaz, bu, zərərlidir. Bu, çox təhlükəli fikirlərdir, yanaşmalardır. Çünki gəlin baxaq, multikulturalizmə alternativ nədir, varmı bu alternativ? Əlbəttə ki, var, amma necə alternativdir? Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir. Biz tarixdə bir neçə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır. Ona görə, bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir. Burada birmənalı mövqe nümayiş etdirilməlidir”.

Bir müddət əvvəl Roma Papası Fransiskin “Hamımız qardaşıq” şüarı altında Bakıya səfərə gəlməsi də ölkəmizin dini tolerantlıq sahəsində əldə etdiyi uğurların bəşəri miqyasda etirafıdır. Səfər çərçivəsində Roma Papası öncə Bakıdakı katolik kilsəsində dini ayin keçirmiş, rahiblərlə görüşmüş, daha sonra Heydər Məscidində olmuşdur. Roma Papası Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ölkəmizdə dini tolerantlıq sahəsində mövcud olan vəziyyəti yüksək dəyərləndirmişdir: “Bu günə qədər keçdiyiniz yol dövlətin iqtisadi və vətəndaş cəmiyyətinin inkişafına şərait yaratmaq və təsisatları gücləndirmək üçün göstərilmiş mühüm səyləri aydın şəkildə göstərir. Bu yol hamıya, xüsusən zəiflərə daim diqqətin göstərilməsini tələb edir. Bu yol multikulturalizmin və mədəniyyətlərin bir-birini lazımi qaydada tamamlanmasının müsbət cəhətlərini tanıyan cəmiyyət sayəsində mümkündür. Bu, vətəndaş cəmiyyətinin müxtəlif komponentləri və fərqli dini konfessiyalara mənsub olan şəxslər arasında qarşılıqlı əməkdaşlıq və hörmət münasibətlərinin yaranması üçün edilir”.

Roma Papası ilə görüş çərçivəsində Azərbaycan Prezidenti demişdir ki, hazırda müasir dünyada ikili standartların ən bariz təzahürlərindən biri də dondurulmuş münaqişələrdir. Beynəlxalq münaqişələrin dondurulması son nəticədə bununla bağlı mənfi presedentin formalaşmasına, ədalətsizliklərin artmasına səbəb olur. BMT-nin üzvü olan dövlətin ərazi bütövlüyünün pozulmasına biganə münasibət göstərmək, işğal faktının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görməmək, ilk növbədə, beynəlxalq hüquqa qarşı yönəlmiş qəsddir: “1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bizim vətəndaşlarımız - bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Torpaqlarımızın 20 faizi işğal altındadır, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır... Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib. Biz isə Bakıdakı erməni kilsəsini bərpa etdik. Bu kilsədə erməni dilində beş mindən çox kitab saxlanılır. Bax, fərq bundan ibarətdir. Bu, onların hərəkətləri, bu da bizim münasibətimiz. Ona görə, təsadüfi deyil ki, Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi tanıyırlar”.

Təcavüzkar Ermənistandan fərqli olaraq ölkəmizdə mövcud olan etnik-dini tolerantlıq hazırda bəzi inkişaf etmiş ölkələrə də örnək göstərilir. İnsan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda müxtəlif dini sivilizasiyalar arasındakı münasibətlərin yüksək səviyyədə olduğu, dini azlıqların maraq və mənafelərinin qorunduğu razılıqla bildirilir. Respublikamızda rusların, yəhudilərin və digər milli azlıqların öz ana dillərində təhsil alması üçün çoxsaylı məktəblərin mövcudluğu da tolerantlığın əyani göstəricisidir. Bütün bunların nəticəsi olaraq respublikamız bu gün regionda iqtisadi əməkdaşlıq, dialoq və dini tolerantlıq mərkəzi kimi tanınır.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2016.- 13 dekabr.- S.7.