İTMİŞ
VƏ YA İTİRİLMİŞ QƏHRƏMAN
Soyuq qış günlərinin
bir cəhəti də odur ki, o, yalnız insanı
üşütmür. Həm də əl-ayağını
çöl-bayırdan yığır. Axı
yağışlı-çiskinli, soyuq, küləkli havada
kim küçədə gəzməyə, yaxud parklarda oturub
“hava udmağa” həvəs göstərər?
Evə dönəndə
isə hamımızın bir “əsas” yeri var: mavi ekranın
qarşısı! Günün istənilən vaxtı əlimizdə
pult kanalları ələk-vələk edirik -
aşağıdan yuxarı və yuxarıdan
aşağı! Təəssüf ki, çox nadir hallarda
(reklam çarxları imkan verəndə)
marağımızı təmin edən veriliş tapa bilirik.
Hər hansı bir kanalda
“xəbərlər” proqramına baxanda (cüzi istisnalarla
hamısı bir-birinin eynidir) ölkədə nə baş
verdiyini bilirsən.
Bəs sonra?
Sonra yenə kanallarda kino, yaxud serial
axtarırsan. Əcnəbi qeyri-həyatı, şişirdilmiş
qəhrəmanların qeyri-real macəralarından bəhs edən
filmlər də, yerli süni və qurama ssenarilər əsasında
çəkilən əttökən seriallar da insanı
bezdirir.
Yenə kanalları çək-çevir
edirsən...
Yenə bezirsən...
Təkcə mavi ekran bu gündə deyil! Qəzetlər
də basmaqəlib formada bir-birini inadla təkrarlayır:
manşetdə yalançı bir sensasiya, ucdantutma kriminal xəbərlər,
eyni mənbələrdən götürülmüş
informasiyalar, oxucuya təzə heç nə deməyən
“mütəxəssis” “şərhləri və
açıqlamaları”, şou əhlinin “sevgi macəraları”ndan
bəhs edən “həyəcanlandırıcı” xəbərlər
və s. Əksər qəzetlər bir yerdə səhifələnib,
“bir əldən” çıxdıqlarına görə hətta
zahirən belə bir-birlərinə bənzəyirlər!
Sanki sahiblərinin boynuna “qəzet buraxmaq
yükü” qoyulub və bunu o qədər həvəssiz
çəkirlər ki...
Əlbəttə, bir kanal, yaxud bir qəzet
hamının zövqünü oxşayacaq qədər
veriliş və material verə bilməz! Əslində, bu,
mümkün də deyil! (sovet
dövründə cəmi iki kanal vardı və hamını
qane edirdi. Bəs bu nə paradoks idi?) Amma cəm halda ondan çox kanala və iyirmidən
çox qəzetə baxıb tələbini ödəyəcək
heç nə tapmayasan, buna nə ad vermək olar?
Niyə belə olub?
Niyə mənəvi tələbatını
ödəməkdən ötrü axtardığını
tapmırsan?
Niyə bezirsən?
Axı rejissor Ramiz Həsənoğlunun
Üzeyir bəyin və mollanəsrəddinçilərin qələmindən
çıxan, bəzən müasir dramaturqların
yazdıqları əsərlər əsasında
hazırladığı tamaşalara, sovet dövründə
çəkilmiş bir neçə bədii filmə dönə-dönə
baxsan da (filmləri ifrat dərəcədə təkrar
göstərərək səni bezdirmək istəsələrdə)
yenə baxa bilirsən, usanmırsan...
Sirr nədədir?
İndi niyə belə tamaşalar və
verilişlər yoxdur?
Ümumi səviyyəmi enib?
Maraqlı və dəyərli ssenarilərmi
yazılmır?
Aparıcı səriştəsiz və
dayazdırmı?
Peşəkarlıqmı yoxa
çıxıb?
Olmaya ölüm-itim xəbərlərindən,
şou əhlinin şit duzsuz hərəkət və
danışıqlarından doymuşuq deyə daha ekrandan
zövq almırıq?
Bəlkə ekran və qəzetlərdə
əvvəlki tək mənəvi qida tapa bilmirik?
Hər halda
düşündürücüdür!
Düşünüb tapmaq üçün
isə bir daha tənqidi şəkildə nəzərdən
keçirməliyik.
“NÜMUNƏVİ
QƏHRƏMAN”SIZ KEÇİNMƏK OLARMI?
Uşaqlar özlərini hansısa qəhrəmana
bənzətməyi, onu təqlid etməyi sevirlər və
zaman-zaman onların “sevimli qəhrəman”ları olur və hətta
həmin qəhrəman dəyişikliyə də
uğrayır!
Gənclər “Leyli və Məcnun” kimi
sevmək istəyirlər və daim “qəfil gələn,
ülvi və fədakar” məhəbbətin həsrətini
çəkirlər!
Yaşlılar isə daha çox mənəviyyata,
əsərlərdəki həyatiliyə və dəyərlərə,
haçansa qiymətli sayılan keyfiyyətlərə meyil
edirlər.
Bu deyilənlər də “resept” deyil və
bütün maraqları əhatə etmir.
Əgər istədiyimizi tapa bilmiriksə,
onda gəlin yoxa çıxanların nə olduğunu
aydınlaşdırmağa çalışaq!
***
Kim deyər ki, həyatda yaxşılar
yoxdur, yaxud qəhətə çəkilib!
Mümkün deyil, çünki həyat
da, dünya da yaxşıların üstündə qərar
tutub, onların sayəsində yaşayır!
Bəs elə isə “nümunəvi qəhrəman”lar niyə gözə görünmür?
Axı uşaq da, yeniyetmə də, gənc
də kiməsə özünü oxşatmalıdır və
hökm deyil ki, bu onun atası, yaxud anası olsun!
Onda bəs kimə? Bəlkə belələri
yoxdur?
Adətdir, yaxşıların sayı həmişə
az olur (yoxsa onlar yaxşı
sayılmazdı) və indi görünür bazar
iqtisadiyyatı münasibətlərinin və bir də
qaçqınçılığın fəsadlarının
təsirindən onlar bir qədər də azalıb!
Nə vaxtsa artacağına isə zərrə
qədər də şübhə yoxdur! Çünki
yaxşıların tükənməsi həyatın, həm
də dünyanın sonunun çatması demək olardı!
Allah o günü bizə göstərməsin!
QƏHƏTƏ
ÇIXAN NƏDİR?
1941-1945-ci illər müharibəsinin
ağrı-acısını yaşamış anam həmişə
deyərdi ki, müharibədən və ondan sonrakı
aclıq dövründən insanlar bir-birinə həyan
durması, kömək göstərməsi nəticəsində
salamat çıxdı. Ailələrin çoxu başıpapaqsız
qaldığından əksəriyyət eyni vəziyyətdə
idi və dolanışıq çox ağır keçirdi.
Amma hamı bir-biri ilə mehriban idi, imkanlı
imkansıza təmənnasız əl tuturdu. Bir torba unu
olan onu gizlətmirdi! Ondan qonşusuna bir ovuc
verirdi ki, yetim qalmış uşaqlarına horra bişirsin.
Hamı çətinliklə də olsa,
övladını böyüdüb bir tərəfə
çıxartdı.
İndi əksəriyyətinin hər
şeyi var. Dövlətimiz də ilbəil qüdrətlənir,
vətəndaşının rifahını daha da yüksəldir. Xüsusi mülkiyyətə
yol verildiyindən bir neçə yerdə evi, bir neçə
minik avtomobili olanlar da (sovet dövründə belə hal
mümükün deyildi, hətta qanunla cəzalandırılırdı)
kifayət qədərdir.
Təəssüf ki, insanlar bir-birindən
bir qədər soyuyub, uzaqlaşıblar!
Vaxt var idi ki, kənddə qonum-qonşu
yığışar, evi olmayana, yaxud bədbəxt hadisə
nəticəsində evi uçana, sel aparana, yanana iməcilik
qaydasında - palçıqdan kərpic kəsməklə,
küləşlə dam örtməklə, palçıqla
suvamaqla yeni daxma tikərdilər. İndi çoxları öz gücünə
yaxşı, müasir ev tikmək
imkanındadır və tikir də!
Amma əvvəlcə hasar çəkərək
özünü qonşulardan ayırır, sonra hasarı o qədər
qaldırır ki, bir-birini görə bilməsinlər!
Niyə?
Axı heç kəs başqasının
olanını zorla əlindən ala bilməz! Ən azı ona
görə ki, bu cinayət məsuliyyəti yaradır!
Bəs niyə yanaşı
yaşadıqlarımızı görmək istəmirik, niyə
qınımıza çəkilməyə
çalışırıq?
Həm də əvvəllər belə
olmamışıq axı!
Bineyi-qədimdən Bakı
bağlarında hasar olmayıb. Heç tikanlı çəpər
də (respublikanın digər kənd rayonlarında olduğu
kimi) çəkilməyib. Abşeron
bağlarının ləzzəti gün batandan sonra
insanların (qonşuların) bir yerə toplaşıb
söhbətləşməsi, arvadların isə
“mırtlaşması” olub. Kimin də evində nəyi
olubsa, qonşuya ondan pay verib! İndi
görün daş hasarsız bir bağ, həyət, villa
taparsınız?! Yox!!!
Məsələ təkcə “qonşunu
görməmək istəyi” ilə bitsəydi, nə vardı
ki! Bu itirilən keçmiş dəyərlərdən
yalnız biridir!
Həm də təkcə biri deyil!
***
Çap və elektron KİV-də hər
gün rast gəldiyimiz mövzulardır:
- Dələduzluq yolu ilə insanların
pulunu əlindən alıb;
- Sahibkar bir mənzili bir neçə adama
satıb;
- Ata oğlunu bıçaqlayıb;
- Oğul atasını qətlə yetirib;
- Qız anasını döyərək
öldürüb;
- Ər arvadının başını kəsib;
- Arvad ərini, qardaş
qardaşını öldürüb və s...
Bu xəbərlər oxucuya nə verir?
Könül xoşluğu?
Sevinc hissi?
Bəs nə öyrədir?
Doğmalarına, əzizlərinə əl
qaldırmağı?
Sənə ən yaxın insanların
qanını axıtmağı?
Nəyə təhrik edir?
Cinayətə?
Sözün çəp gəldiyi adamla
mübahisədə kimliyinə baxmayaraq, bıçağa və
baltaya əl atmağa, onu həyatdan məhrum etməyə?
Bəlkə belə hadisələrə
nifrət etməyə, ondan çəkinməyə?
Xeyr!
Çünki həmin yazılar əsasən
kriminal informasiyalar olduğundan onlarda nə qınaq olur, nə
hadisəyə mənfi münasibət bəslənən
mövqe, nə də çəkindirici hüquqi və mənəvi
maarifləndirmə məqamları!
Ən nəhayət,
yaxşılığa, qəhrəmanlığa,
xeyirxahlığa, humanizmə, sədaqət və etibara, inam
və dəyanətə... bütün yüksək dəyər
və keyfiyyətlərə yönəldən nümunələr
görünmür!
Adətən müsbət nümunə
müsbət qəhrəmanın timsalında təbliğ
olunur!
Mətbuat da, əbəbiyyat da, müxtəlif
sənət növləri də həmişə
çalışıblar ki, insanları müsbət nümunələr,
hadisələr və qəhrəmanlar timsalında tərbiyə
etsinlər!
Bəs bu gün həmin “müsbət qəhrəman”lar (nümunələr), niyə yoxa
çıxıb (çıxarılıb), yaxud onların
yerini kimlər tutub?!
MÜSBƏT İDEALA
XİDMƏT EDƏN MƏNFİLƏR
Müəyyən dövrdə Azərbaycan
ədəbiyyatında (o cümlədən milli mətbuatında)
tənqidi realizm üslubu güclü olub. Bu, dövr və zamandan irəli
gələn məsələdir. Mirzə
Ələkbər Sabir, Cəlil Məmmədquluzadə kimi
dühalar hər iki sahənin tanınmış və
yüksək istedadlı qələm sahiblərindəndir.
Adətən ədəbiyyatda tənqid (eyni zamanda mənfi qəhrəman
da) müsbət ideala xidmət edə bilər və edir! Əvvəla, ədəbi janrlar buna imkan verir. İkincisi, ədəbi əsərlərin həcmi
yazıçı və ya şairin manevr imkanlarını
genişləndirir (daha doğrusu onu sıxmır). Ən nəhayət, hər mənfi qəhrəmanın
qarşısına bir müsbətini də qoymaq, yaxud
müsbət idealı göstərərək müqayisə
etmək və birinciyə üstünlük vermək
imkanı mövcuddur.
KİV-də isə məsələ belə
deyil! Əvvəla, jurnalistikanın janrları
buna imkan vermir. İkincisi,
yazıçıyla müqayisədə jurnalistin təsvir və
təhkiyə imkanları məhduddur. Ən nəhayət,
təbliğat müsbət nümunəni sevir və tələb
edir!
Burada kimsə (yeni “demokrat”lardan) etiraz edib
deyə bilər ki, mətbuat təbliğat vasitəsi deyil! Bu, sovet dövründən, Lenindən qalan
yanaşmadır.
Yaxşı olar ki, bu cür
düşünənlər ABŞ-ın (Hollivudun) çəkdiyi
tarixi və müasir mövzulardakı filmlərə bir daha,
həm də açıq nəzərlə baxsınlar! Diqqət
yetirsinlər: amerikalı qəhrəman (“Vətənpərvər”,
“Rembo” və s. bədii filmlərdəki baş qəhrəmanlar)
kimdir. Onlar necə humanist, uşaqların və
qadınların müdafiəçisi, haqq-ədalət tərəfdarı,
zəifi müdafiə edən, dünyanı terror təhlükəsindən
və nüvə müharibəsindən xilas edən və s.
“müsbət keyfiyyət”
daşıyıcılarıdır. Sonra
Vyetnam və Əfqanıstanda, hazırda isə ərəb
dövlətlərində törədilənləri
xatırlasınlar.
Niyə hər dəfə ABŞ hərbi əməliyyatlarda
iştirak edəndə mətbuata güclü senzura nəzarəti
qoyulur, jurnalistlərə yalnız “filtr”dən
keçirilmiş informasiyalar ötürülür!
Mətbuat da (elektron və çap
versiyası), televiziya da, kino da təbliğat vasitəsidir,
bütün faktlar kimlərinsə marağı əsasında
toplanaraq məqsədyönlü şəkildə istifadə
edilir, yayılır, “müsbət qəhrəman”lar isə bəzən mənfur niyyətlərin
pərdələnməsi üçün uydurulur. Terrorçuya münasibətdə ikili
standartların mövcudluğu, onların “yaxşı” və
“pis”ə bölünməsi dediklərimizə əyani
misaldır.
Jurnalistikada müsbət nümunə (qəhrəman)
vacibdir, hər bir millətə məxsus olan yüksək dəyərlər
və keyfiyyətlər onların timsalında nümayiş
edilərək təbliğ olunur, belə təbliğatın
təsir və sirayətedici gücü isə daha
üstün sayılır!
Elə isə bizim “müsbət qəhrəman”ımız,
yaxud müsbət ideallara xidmət edən bədii və ya
publisistik obrazımız niyə qəzet səhifələrindən,
yaxud televiziya ekranlarından itib, yaxud itirilib?!
Bu təsadüfdürmü?!
MEYDANI KİMLƏRƏ
VERMİŞİK
Məşhur bir atalar sözü var: sən
nə çalırsan çal, mən “Heyvagülü”
oynayacam!
Dəfələrlə televiziya
kanalları, orada nümayiş etdirilən verilişlər,
aparıcılar barədə kifayət qədər, həm də
samballı və peşəkar insanlar tərəfindən tənqidi
fikirlər səsləndirilib, ağıllı məsləhətlər
verilərək düzgün yol göstərilib!
Amma yenə görüb-eşitdiyimiz
“Heyvagülü” havasıdır! KİV-in
İnkişafına Dövlət Dəstəyi Konsepsiyası
qəbul edildikdən, Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi Fondu yaradıldıqdan və onun
vasitəsilə müxtəlif layihələr
reallaşdırıldıqdan (proses indi də davam edir), habelə
müxtəlif yaradıcılıq müsabiqələrinin
keçirilməsi yolu ilə çap mediasında müəyyən
dəyişiklik yaranıb. Artıq dövlətin
marağında olduğu mövzular və məsələlər
qəzet səhifələrində daha tez-tez görünməkdədir.
Amma “rəsmi”, “quru yazılar” təsiri
bağışlayır! Daxildən gələn
yaradıcılıq həvəsinin bəhrəsi olan
materialları təsadüfi hallarda görürük! Elə
bil ki, jurnalistlər təklif olunan (və
mükafatlandırılan) mövzularda yazı yazarkən əllərinə
əlcək geyinirlər! Son dövrlərin dəbi sayılan
sensasiya yaratmaq (stəkanda fırtına qoparmaq) istəyi sanki
onların bütün yaradıcılıq eşqini yoxa
çıxarıb!
Ürəkdən və beyindən su
içməyən yazı isə kiminsə nə qəlbinə,
nə də şüuruna təsir göstərər!
Ölkəmizdə mətbuat və söz
azadlığının bərqərar olması bizi
senzuranın buxovlarından qurtarıb. İndi kim nədən,
necə yazmaq, nəyi necə təqdim etmək istəyirsə,
bunda tam sərbəstdir və kimsə ona mane olmur! Qalıb
öz istedad, bacarıq və vicdanına! Bir də ürəyində
gizlətdiyi niyyətə!
Sözün azadlığa
buraxılmasının iki fəsadı da olub:
Əvvəla, Azərbaycan xalqının
jurnalistlərə olan hörmət və məhəbbətindən
bəhrələnmək istəyən bəzi ünsürlər
bu sahəyə axışaraq “reket jurnalistikası”
formasında özlərinə çirkin biznes qurublar və
beləliklə, jurnalistikanı və azad sözü
nüfuzdan salıblar!
İkincisi, söyüş, təhqir
“azadlığı” başlayıb, insanlara utanmadan şər-böhtan
atılır, nəticədə sözün məsuliyyətini
unudanlar çox asanlıqla açdıqları qəzetin səhifələrini
məsuliyyətsiz söz meydanına çevirirlər!
Bir tərəfdən dövlətin mətbuata
nəzarətdən imtina etməsi, digər tərəfdən
qeyri-ixtisas sahiblərinin, diletantların jurnalistikaya
axını müxtəlif fəsadlar törədib. Məsələn, “yeni jurnalistlər”
(onlar özlərini “demokrat” sayır və mətbuata “yeni
rakursdan” baxırlar) belə hesab edirlər ki, jurnalist
üçün ixtisas təhsili vacib deyil, əsas
“istedad”ın olmasındadır?! Əlbəttə, bu
yanaşmanı ciddi saymırıq, hətta bəzən sahənin
“nüfuzlu nümayəndələri” tərəfindən səsləndirilsə
də belə! Sokratın məşhur fikridir: nə qədər
oxumamışdım, elə bilirdim ki, hər şeyi bilirəm.
Elə ki oxudum, gördüm dünyadan xəbərim yox
imiş! O, insanlar ki, jurnalistika fakültələrində gələcək
qələm sahiblərinə nə öyrədildiyindən
bixəbərdirlər, onlar elə bilirlər ki, xüsusi təhsilə
ehtiyac yoxdur! Azərbaycan xalqının da məşhur misalı var: hər oxuyan Molla Pənah, hər
qatırçı Murad olmaz! Mənası odur ki, hətta
oxuyanların hamısı belə kamil mütəxəssis ola bilmir! Sözsüz, təhsil də vacibdir,
istedad da!
Xüsusi təhsilə biganəlik
jurnalistikanı özünə “çörək
ağacı” seçənlərin ən azı onun vacib
prinsip, qayda, janr və bu sahədəki milli ənənələri
öyrənmələrinə maneçilik törədir. Kiminsə zəif qələm sahibi
olması elə də böyük faciə deyil! Amma
bütövlükdə milli mətbuatın səviyyəsinin
aşağı düşməsi və tarixi ənənələrin
unudulması son dərəcə ziyanlı və xoşagəlməz
haldır!
“Yeni yanaşma”nın
digər mənfi məqamlarına da diqqət yetirək.
Jurnalist peşəkarlığı
haqqında çox bəsit düşüncə
formalaşıb: əgər yazı yaza bilirsə və mətbu
orqanında işləyirsə, deməli “peşəkar
jurnalist”dir! Hətta “universitetlər peşəkar
jurnalistlər hazırlayırlar” kimi bəsit fikir səsləndirənlərə
də təsadüf edilir. Onlar bilmirlər ki, ali təhsil müəssisələri
“ixtisaslı kadrlar” hazırlayırlar. Peşəkarlıq
isə uzun müddətli gərgin əməyin və
yaradıcı axtarışların nəticəsində
qazanılır. Həm də hamı bu səviyyəyə
yüksələ bilmir! Nə qədər stajı və
titulları olsa da belə!
Bir ara “reket
jurnalistika”ya qarşı mübarizənin səngiməsi (hətta
onların bir qisminə “bəraət” verilməsi) bu sahədə
qazanılan əvvəlki uğurları da heç etdi. Belə
əməl sahibləri özlərini “düzəltmək” əvəzinə
internet saytlarına transfer etdilər. Bu gün
“reket saytlar” “reket qəzetlər”i xeyli üstələyiblər.
Məmur himayədarlığı onlara
qol-qanad verir!
Artıq informasiya toplayıb yaymaqla yox,
“ifşaedici çəkilişlər” aparmaqla şantaj şəbəkəsi
qurublar və bundan heç də az pul
qazanmırlar!
Jurnalistikanın nüfuzdan düşməsi
və çoxunun jurnalistlərdən qaçmağa can
atması, telefon zənglərinə cavab verməməsi günümüzün
acı reallığıdır.
Milli mətbuatın Həsən bəy Zərdabidən
başlayan ənənələri itməkdədir!
Qəzet və sayt rəhbərləri
üçün milli maraqlar arxa plandadır!
Antiazərbaycan fəaliyyəti göstərənlərə
qarşı mətbuatda bir “dözümlülük”,
loyallıq müşahidə olunur! Elə bil maraqları
tapdalanan, şər və böhtana, ikili standartlara məruz
qalan hamının vətəni sayılan müstəqil Azərbaycan
deyil!
Vətənpərvərlik tərbiyəsi
sistemli və ardıcıl, məqsədyönlü şəkildə
aparılmır, milli-mənəvi dəyərlərin
qorunmasına biganəlik göstərilir, ailə institutunun ləğv
edilməsi uğrunda qızğın və barışmaz
mübarizə gedir!
Söz o qədər ucuz və məsuliyyətsiz
olub ki, alıcısı yoxdur! Yeni qəzet köşkləri
isə (paytaxtın ən gur və işlək yerlərində
qoyulan, əsas təyinatı isə qəzet satmaq olan) əvvəlkilər
kimi “mini-bazar” funksiyası daşıyır!
Deyilənləri ümumiləşdirsək,
çap mediasının qabarıq görünən
nöqsanlarını aşağıdakı kimi
qruplaşdıra bilərik:
Əsl peşəkar jurnalist muzey
eksponatı kimi nadir tapılan peşə sahibinə
çevrilib: universitetlərin müvafiq şöbə və
ixtisaslarını bitirənlər praktik baxımdan qəzetdə
işləməyə yaramır, başqa sahələrdən
gələnlər isə əvvəla, bilmədiklərini
bilmirlər, ikincisi isə öyrənmək niyyətində
deyillər!
Sözün qədrini bilən və məsuliyyətini
dərk edən, mətbuat və söz azadlığı ilə
bahəm insanın şərəf və ləyaqətini uca
tutmağı bacaranlar getdikcə tükənirlər!
Jurnalistikanın janrları qəzet səhifələrindən
yoxa çıxıb, araşdırma və təhlili
materialları yazanlar isə yox dərəcəsindədirlər!
Qəzetin funksiyasını yalnız
“informasiya, xəbər çatdıran” kimi başa
düşənlər mətbuatın maarifçilik
funksiyasının da olduğunu sanki unudublar!
Qəzetlərdən elektron mediaya transfer
edənlər bəzi qorxaq “sifarişçilərin” və
üzdəniraq məmurların sayəsində “reket
jurnalistika”nı hələ də qoruyub saxlayırlar!
Mənəviyyat, müstəqillik, vətənpərvərlik,
qaçqın və məcburi köçkün həyatı,
azərbaycançılıq ideyası, diaspor quruculuğu və
digər vacib mövzular yalnız dövlətdən qrant
alanda yada düşür!
Çox az qism
redaktorlar nömrənin manşetini düzgün müəyyənləşdirə
bilirlər!
***
Televiziyanın mətbəxində isə
nələrin baş verdiyini söyləməkdə çətinlik
çəkirik. Çünki bizim gördüyümüz yalnız
verilişlər və onların aparıcılarıdır.
Ən çox göstərilənlər isə
şou-proqramlardır. Xarici kanallardan baha qiymətə
alınıb gətirilən “nimdaş layihələr” milli-mənəvi
dəyərlərə zidd olmaqla bərabər, onlarda əsas
ağırlıq dava-dalaşa,
qaraqışqırığa, iştirakçıların
bir-birinə kobud, hörmətsiz münasibətinə, “mənəvi
kriz”lərin üzərinə salınır.
Həftəlik və aylıq proqramları
təhlil etdikdə nə görürük?
Özəl telekanallar adları müxtəlif
olsa da, əslində, bütün günü eyni qəlibdən
çıxan verilişləri verirlər. Onlar aşağıdakı
mövzulardadır:
- “xörəkbişirmə elmi”nin tədrisi;
- özəl
klinikaların tanınmamış həkimlərinin “müalicə
məharətləri”nin təbliği;
- toy müğənnilərinin
bitib-tükənməyən qalmaqalları;
- xalqımızın mənəviyyatsızlığını
“ifşa edən” “yerliləşdirilmiş” layihələrin
saatlarla nümayişi.
Bütün bunları seyr edəndən
sonra düşünürsən:
Doğrudanmı Azərbaycanda heç kim xörək bişirə bilmir və onu
yalnız televiziyadan öyrənmək mümkündür?
Doğrudanmı ən yaxşı həkim
və ən yaxşı müalicə yalnız özəl
klinikalardadır və Azərbaycan vətəndaşları
bundan xəbərsizdirlər?
Doğrudanmı Azərbaycanda “ən səviyyəli
insanlar” toyda oxuyanlardır və “ən çətin məsələlərin
həllində” onlar məsləhətçi
olmalıdırlar?
Görəsən nə vaxtadək
kişilər (kişi aşpazlar) arvadlara
xörəkbişirmə dərsi keçməlidirlər ki,
arvadlar bir şey öyrənsinlər?
Görəsən nə vaxtadək özgə
ölkələrdən gəlmiş (gətirilmiş)
tanınmamış həkimlər (yaxşı həkim
olsaydılar, öz xəstələrini vətənlərində
qoyub dərbədər düşməzdilər) yerli həkimlərdən
üstün tutulacaqdır?
Görəsən nə vaxtadək toy
müğənnisinin dedikləri telekanallar üçün
ziyalı, mütəxəssis, yazıçı və zabit
sözündən üstün tutulacaqdır?
Vətənpərvərlik tərbiyəsi
ilə kim məşğul
olmalıdır?
Yalnız dövlətə məxsus
kanallar və mətbu orqanları? Axı vətən belə
bölünmür ki, onun təbliği və tərənnümü
də mövcud imkan və vasitələr arasında
paylansın!
Nə vaxtadək milli-mənəvi dəyərlərin
qorunması, yaşadılması və təbliği məsələləri
mətbəx, özəl klinika və şou proqramlarından
aşağı və dəyərsiz tutulacaqdır?
Onsuz da həmin proqramları yaradanlar və
yaşadanlar məqsədlərinə çatıblar!
Böyük əksəriyyət yerli kanallardan üz
çevirib! Kabel televiziyaları vasitəsilə xarici
telekanallara baxırlar!
Axı maarifləndirici funksiyasını
unudan, yaradıcılıqdan uzaq düşən, yalnız
primitiv əyləndirici verilişlər verən kanallara kim baxar?
Bezdirir!
***
Telekanalların aparıcıları
haqqında ayrıca danışmağa dəyər. Çünki bu gün telekanalların “məşhur
siması” aparıcı olub: kanallarda nə redaktor mətni
hiss olunur, nə rejissor dəstxətti görünür.
Müasir aparatların yaratdığı
imkanlar isə daha “operator məharəti”nə yer qoymayıb.
Bəs verilişdə “hər şeyin
sahibi” olan aparıcı nə aparır və özünü
necə aparır?
Birbaşa söyləsək,
aparıcı çox zaman veriliş aparmır, əslində,
baş aparır: istədiyi qədər danışır,
müsahibinin sözünü istədiyi vaxt kəsir, dəvət
etdiyi qonağın öz fikrini axıradək söyləməsinə
imkan vermir və s.
Eyni zamanda:
Aparıcı şpaqat açır!
Aparıcı verilişdə
nümayişkaranə şəkildə pul cırır!
Orijinallıq xatirinə unitazda oturaraq məhsulu
“reklam” edir!
Hətta özünü elə aparır
ki, qonağı onu itələyərək yerə
yıxır!
Sovet dövründə televiziya
üçün aparıcıların (diktorların)
seçilməsinə son dərəcə ciddi və məsuliyyətlə
yanaşırdılar. Bir
neçə mərhələdən ibarət olan seçim
müsabiqəsində diktorun:
- səsinin ekrana (efirə)
düşməsi, müvafiq tembrdə olması;
- Azərbaycan dilini (həm də rus dilini)
təmiz bilməsi, vurğuları düz qoyması və dəqiq
intonasiyası;
- ali təhsili,
dünyagörüşü və ümumi səviyyəsi;
- Azərbaycan xalqının milli zahiri
görkəminin simasında qabarıq görünməsi
(yaraşıqlı və cəlbedici olması);
- sifətində əyrilik
və ciddi (görünən) qüsurların olmamasına da
xüsusi fikir verilərdi.
İndi bu sənət o qədər dəyərdən
düşüb ki, hamı aparıcı olmaq istəyir və
istəyinə (müxtəlif vasitələrlə)
çatır da!
Artıq aparıcılarda nitq
qüsurları, cır və bezdirici səs, ləhcə ilə
danışıq, insanlarda ikrah yaradan “çayxana səviyyəsi”,
vurğuları hecaya düzgün qoymağı bacarmaması,
vulqar ifadələr, açıq-saçıq geyim, millətini
təyin etməyə imkan verməyən ifrat makiyaj, üzdə
əyrilik və digər ciddi qüsurların mövcudluğu
adi hala çevrilib! Onlara veriliş etibar ediləndə
heç bir müsabiqə filan keçirilmir.
Gözümüzün qabağına gətirək:
indiyədək kimlərdən aparıcı olmayıb və
bu gün kimlər aparıcılıq etmir?!
Azərbaycan balaca ölkə olduğundan
hamı-hamını yaxşı tanıyır! Üstəlik,
sosial şəbəkələr və telekanalların özlərinin
“həvəslə” yayımladıqları qalmaqallar
örtülü heç nə qoymayıb! Bu mənbələrə
istinadən və gördüklərimizə əsasən tərəddüdsüz
deyə bilərik:
Tərbiyəsi naqislər əxlaq qarovulçusu
rolunu oynayır;
Mənəviyyatsızlar verilişinə gətirdiyi
“mənfi qəhrəman”ının ittihamçısına
çevrilir;
Ömründə ailəsi olmayanlar ailədaxili
münasibətlərin yaranmasından və münaqişələri
nizamlamaqdan dərs keçirlər;
Boşananlar “qayınana-gəlin münasibətlərində
mehribançılıq” üzrə ekspertlik edirlər;
Oriyentasiyası şübhəlilər
verilişlərdə “kişi razborka”ları (kişi
söhbəti) zamanı heç kimə söz deməyə
imkan vermir, yaxa cırırlar!
Maraqlı burasıdır ki, başqa sahədə
uğur qazanmayanlar aparıcılığa gəlirlər:
Yarımçıq müğənni
aparıcı olur!
Yarımçıq aktyor aparıcı
olur!
Aparıcı qayıdıb “toy müğənnisi”nə
çevrilir və yenə aparıcılıq edir!
Elə bilirlər ki, ən asan işlərdən
biri aparıcılıqdır!
Elə sanırlar ki, hamı aparıcı
ola bilər!
Görünür onlara etibar edən kanal rəhbərləri
də bu fikirdədirlər!
Amma belə deyil!
Aparıcıdan xüsusi qabiliyyət,
bacarıq, hazırlıq, hətta istedad tələb olunur!
Saqqalı sinəyə düşən,
ölçüsü əndazədən çıxan,
plastik əməliyyatların yeri açıq-aydın
görünən, bir çimdik duzu olmasa da, “zarafat”
verilişlərini aparan, sifəti ekrana sığmayanlar meydan
sulayırlar.
Bunlardımı Azərbaycan qadın və
kişilərinin (həm daxili, həm zahiri əlamətlərinə
görə) təmsilçiləri? Axı bir çox kanallar xarici ölkələrdə
yayımlandığından ekrandakılar həm də xalqımızın
simasının təmsilçisi də sayılırlar!
Bəlkə də bütün bu
biabırçılıqlara dözmək olardı! Amma
aparıcılar artıq özlərini telekanalların
“müsbət qəhrəmanı”na
çeviriblər və utanmadan itmiş, yaxud itirilmiş həmin
qəhrəmanın yerini tutublar!
İTƏNİN
YERİNDƏ BİTƏNLƏR
“Müasir” aparıcı təkcə
“sensasiya” yaratmır. O, həm
də “müsbət qəhrəman”dır: itənləri
tapır, tapılanları vətənə qaytararaq
doğmaları ilə görüşdürür, həmin
görüşlər zamanı “dramatik anlar” yaşayır (az qala ağlayanların göz yaşları
içində boğulur), zərərdidələrin
haqqını bərpa edir, onlara ev tapır, iş düzəldir,
hətta bəzən ərə verir (evləndirir) və s.
Özünü “müsbət qəhrəman”
qiyafəsində təqdim edən aparıcı bəzən
prokurorsayağı “amansız ittihamçıya”
çevrilir, bəzən “müdrik hakim” kimi “müttəhimi”
- verilişdəki “mənfi qəhrəman”ı ifşa edir, bəzən
rəhmdil vəkilə dönərək qurbanını
studiyadakı “ekspert-hücumçular”ın təzyiqindən
müdafiə edir.
“Aparıcı - müsbət qəhrəman”
daim verilişdə qonaqlar tərəfindən çəpik
çalınaraq alqışlanır, “yağlı sözlərlə”
(təşkil olduğu dərhal sezilir) gen-bol təriflənir,
regionlara gedəndə isə “maç-maç, quc-quc” ara vermir... Onların hər verilişinə də
“bütün Azərbaycan xalqı” (özlərinin dediyinə
görə) baxır!
Yazıq xalq, görəsən on
kanalın hamısına eyni vaxtda necə baxır?
Aparıcı “müsbət qəhrəman”qismində
çıxış etdiyindən, şübhəsiz,
verilişdə “mənfi qəhrəman” da olmalıdır. Bu gün ekranları başına alan “mənfi qəhrəman” bolluğu da məhz
buradan yaranır!
Kimdir o “mənfi qəhrəman”lar?
Adətən onlar psixi cəhətdən
problemli, hüquqi cəhətdən savadsız insanlar olur. Hərdən özlərinə
baş ucalığı gətirməyən və şəxsi
həyatlarına aid olan müzakirələrin bu sayaq - insan
kimi aşağılanaraq keçirilməsinə necə
razılıq vermələri adamı olduqca təəccübləndirir.
Bəlkə də (əksərən belə olur) kimdənsə
qisas almaq, hayıf çıxmaq üçün televiziyaya gəlirlər!
Amma alçaltmaq istəyəndə özlərinin də
alçaldığını dərk etmirlər!
Belələrinin əməl və hərəkətlərinin
müzakirəsi insanlarda ikrahdan başqa hansı hissləri
doğura bilər?!
Başqa bir məqam da var: mənfiliklərin
çox deyilməsi və göstərilməsi bəzən
onların reklamına çevrilir və belə hərəkətləri
adiləşdirir!
Adiləşmiş iyrəncliklər daha təhlükəli
deyildirmi?!
“Müsbət qəhrəman”ı əvəz
edən aparıcılar belə “reytinqli” şoularla xalqın
mənəvi dəyərlərinə necə ağır zərbə
vurduqlarının fərqində deyillər! Özlərini “zəmanəmizin
qəhrəmanı” kimi aparmaqla bəlkə də “qəhrəmanlıq”
göstərdiklərinə özlərini də
inandırıblar...
Bu sahədəki
nöqsanları isə aşağıdakı kimi
qruplaşdırmaq olar:
Əksər televiziya kanallarında
yaradıcı mühit görünmür;
Veriliş ssenarisiz,
iştirakçıların davranış və
cavablarından asılı olan axarda inkişaf edir;
Köhnə, kiflənmiş layihələr
Avropadan, Türkiyədən, Rusiyadan gətirilərək
primitiv formada (yamsılamaqla) “təzə mal”,
“yaradıcılıq məhsulu kimi” tamaşaçılara
sırınır;
“Hamı aparıcılıq edə bilər”
prinsipi verilişlərin təsadüfi, bu funksiyanın qayda,
prinsip və tələblərindən bixəbər olanlara
etibar edilməsinə yol açır;
İştirakçılara danışmaq
imkanı verməyənlərə, sualı da, cavabı da
özü söyləməyə çalışanlara
aparıcılıq missiyasının
tapşırılması mədəni, abırlı və
savadlı qonaqları verilişlərdən qaçaq
salıb;
Bəzən aparıcılar nəzəri
və praktiki cəhətdən bilmədikləri,
ağızdan eşitdikləri məsələ və problemlər
barədə telediskussiyalara “ağsaqqallıq” edir, nəticədə
gülməli sualları və gülünc tezisləri ilə
mütəxəssislərin təbəssümünə, xəbərsiz
insanların isə “təəccübünə” səbəb
olurlar;
Artıq bir sıra kanallarda
aparıcılar zahiri görkəmləri, nitq qabiliyyəti və
polemikanı idarəetmə “məharətləri”, “mədəni
davranışları” ilə “fərqlənərək” millətimizin
tipik təmsilçisi yox, ekranların simasızlıq
simvoluna çevriliblər!
“MÜSBƏT
QƏHRƏMAN” AXTARIŞINDA
Telekanallardakı belə nöqsan və
çatışmazlıqları söyləməklə Amerikanı
yenidən kəşf etdiyimizi düşünmürük!
MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmlinin
noyabr ayında APA-ya verdiyi müsahibədən iki məqamı
diqqətə çəkmək istəyirik: “... Təəssüf ki, hələ də şou
xarakterli verilişlərdə bayağılıq, sosial
problemli insanların üzərində şou yaratmaq
halları qalır. Bu, bizi çox narahat
edir”. Şura sədri məsələnin çətinliyini
də vurğulayıb: “Bizim hüquqlarımız çərçivəsində
nə mümkündürsə, biz onu edəcəyik ki,
efirimizdən utanmayaq. Amma bu, çox çətindir”.
Bəli, səylər birləşdirilməsə,
dəyişiklik yaratmaq asan olmayacaq!
Müstəqilliyin 25 ili
ərzində bütün çətinlik və məhrumiyyətlərə
baxmayaraq, çox şeyə nail olmuş, bütün
parametrlər üzrə sürətlə inkişaf
etmişik. Həll edə bilmədiyimiz bircə problem var: Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi!
Hər bir jurnalist müstəqil dövlətin
vətəndaşı olduğunu unutmamalıdır - onun
uğuruna sevinməli, çatışmazlıqların aradan
qaldırılmasına yardım göstərməlidir!
Təbii, inkişaf olan yerdə,
nöqsanlar da olur!
Amma gəlin “yaxşı” ilə “pis”in
nisbətinə baxaq və yazılarımızda, verilişlərdə
həmin nisbəti qoruyaq!
Gəlin ətrafımıza baxaq, əvvəlcə
yaxşıları, müsbət nümunəyə
çevrilə bilənləri qələmə alaq!
Niyə həsrətini
çox çəkdiyimiz, böyük çətinliklər
və qan bahasına əldə etdiyimiz müstəqilliyimiz
gündəlik “müsbət qəhrəman”ımıza
çevrilməməlidir?
Məgər müstəqillik
dövründə təkcə şou-biznes inkişaf edib?
Nəyə görə
“yüksək reytinq” (hələ onu kim, necə və nə məqsədə
müəyyən edir, bilinmir) xatirinə (deməli, həm də
reklam və pul xatirinə) mənəvi dəyərlərimizi
zərbə altında qoymalıyıq? Axı müstəqil
Azərbaycan dünyaya həm də mənəvi dəyərləri
- qeyri-maddi mədəni irsi və multikultural ənənələri
ilə çıxır və nümunə göstərir.
Axı biz yoxsul deyilik ki, pula (reklama) görə mənəviyyata
arxa çevirək!
Müharibə şəraitində
olduğumuzdan bizim üçün vətənpərvərlik
və hərbi vətənpərvərlik tərbiyəsi son dərəcə
vacibdir!
Hər şəhidlik bir
vətənpərvərlik nümunəsi
sayılmırmı?
Hər əsgər və
zabit canlı vətənpərvər deyilmi?
Başqa reallıqlar da
var:
Bu gün əməli fəaliyyəti
ilə Azərbaycana xidmət edən, onun maraqlarını
dünyanın hər bir nöqtəsində qoruyan gənc əsl
Azərbaycan vətənpərvəridir!
Bu gün xalqın milli-mənəvi
dəyərlərinin daşıyıcısı və
qoruyucusu olan hər bir insan vətənə bu yolla hörmət
gətirən vətənpərvərdir!
Onları biz
tanımalı və tanıtmalıyıq - biz jurnalistlər!
Onlar qəzet, ekran və
internet saytlarının daimi qonaqları və qəhrəmanları
olmalıdırlar!
Və bunu biz etməliyik!
Yaxşı nə varsa,
ilk növbədə onları müsbət qəhrəmana
çevirməliyik!
Bəxtiyar
SADIQOV
Azərbaycan.- 2016.- 13
dekabr.- S.4, 6.