Azərbaycanda yaşayan bütün xalqlar
arasındakı əlaqələr multikulturalizmin, bir-birinin ənənələrinə
və dininə hörmətin bariz nümunəsidir
Dekabrın 13-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Baş nazir.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Cənab Baş nazir, Sizi Azərbaycanda
bir daha salamlayıram. Sizi ölkəmizdə qəbul etməyə
çox şadıq. Siz demək olar ki, 20 il bundan əvvəl Azərbaycanda səfərdə
olmusunuz və indi Sizin ikinci səfərinizdir. Qısa
səfər olmasına baxmayaraq, çox məhsuldardır.
Sözsüz ki, bu səfər ölkələrimiz
arasında ikitərəfli əlaqələri genişləndirəcək.
Biz bir çox sahələrdə
əməkdaşlıq edirik. Bu gün
imzalanmış sənədlər əməkdaşlığımız
üçün çox böyük potensialın olduğunu
açıq-aydın göstərir. Sənədlərin
hamısı çox vacibdir. Mən
onların arasında ikitərəfli əməkdaşlığın
çox səmərəli mexanizmi olan birgə iqtisadi
komissiyanı yaratmağa imkan verəcək sənədin əhəmiyyətini
vurğulamaq istərdim. Əminəm ki,
bu, ticarət dövriyyəsini artırmağa və onu
şaxələndirməyə kömək edəcək.
Ticarət dövriyyəsi yaxşı səviyyədə
olsa da, bu, əsasən Azərbaycandan İsrailə neft
ixracına görədir. Biz bunu şaxələndirmək
və artırmaq üçün işləməliyik.
Bu gün biz ikitərəfli
əlaqələrimiz, regional inkişaf ilə bağlı
çox geniş spektrli məsələləri müzakirə
etdik. Müzakirələr çox açıq, dostluq
şəraitində keçdi. Bu
müzakirələr bizə ikitərəfli əlaqələrimizi
gücləndirməyə kömək edəcək.
Bizim kənd təsərrüfatı
sahəsində əməkdaşlıqda çox yaxşı
perspektivlərimiz var. Biz bunu cənab Baş nazirlə
müzakirə etdik. İsrail çox müasir texnologiyalara malikdir, biz
onların bəzilərindən istifadə edirik, bəziləri
ola bilsin ki, Azərbaycana bir müddət
sonra gətiriləcək. Bu sahədə əməkdaşlıq
üçün yaxşı perspektivlər var.
Turizm potensial inkişaf
üçün əsas sahələrdən biridir. Əminəm
ki, İsrail ilə Azərbaycan arasında birbaşa
uçuşlar hər iki istiqamətdə turistlərin
sayının artmasına kömək edəcək. Təhsil sahəsində əməkdaşlığın
çox böyük potensialı var.
Biz, həmçinin
müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq
edirik və bu əməkdaşlıq artıq bir neçə
ildir davam edir.
Bu əməkdaşlığın nə dərəcədə
geniş olduğunu göstərmək üçün bir rəqəmi
diqqətinizə çatdıracağam. İndiyədək
Azərbaycan və İsrail şirkətləri tərəfindən
müdafiə avadanlığının alınması ilə
bağlı imzalanmış müqavilələrin dəyəri
5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850
milyon dollardır. Bu müqavilələrin
çox böyük hissəsi artıq həyata
keçirilib. Biz hələ də bunun
üzərində işləyirik və bu əməkdaşlığın
səviyyəsindən çox razıyıq.
Biz xalqlarımız
arasındakı əlaqələr barədə
danışdıq. Bu, bizim ikitərəfli əməkdaşlığımızın
mühüm hissəsidir. Çünki Azərbaycandakı
yəhudilər və İsraildə əsasən Azərbaycandan
olan yəhudilərdən ibarət Azərbaycan diasporu ikitərəfli
əlaqələrimizin mühüm amilidir. Əsrlər boyu Azərbaycanda yəhudilər ilə
azərbaycanlılar sülh və dostluq şəraitində
yaşayıblar və yaşamaqda davam edirlər. Azərbaycandakı yəhudi icması cəmiyyətimizin
çox fəal hissəsidir. Onlar
müasir Azərbaycanın inkişafına çox töhfələr
verirlər. Xalqlarımız
arasındakı sıx əlaqələr ikitərəfli əlaqələrimizdə
çox mühüm amildir. Məlumat üçün
bildirmək istərdim ki, Azərbaycanda beşi Bakıda
olmaqla 7 sinaqoq, yəhudi məktəbləri var. Siz onlardan
birinə, 2010-cu ildə açılmış “Xabad Or-Avner” Yəhudi
Təhsil Mərkəzinə baş çəkəcəksiniz.
Mən həmin günü xatırlayıram,
çünki mərasimdə iştirak edirdim. Mərhum
Prezident Şimon Peres bizə videomüraciət
ünvanlamışdı. Mən şadam ki, cənab
Baş nazir bu Təhsil Mərkəzinə baş çəkmək
və yəhudi icmasının nümayəndələri ilə
görüşmək üçün sıx qrafikində
vaxt tapıb.
Yəhudilərlə azərbaycanlılar
arasında əlaqələr hər zaman, tariximizin
bütün dövrlərində çox yaxşı olub və
yəhudilər əsrlərdir ki, Azərbaycanda
yaşayırlar. Bu, onların evidir, onlar burada özlərini
evlərindəki kimi hiss edirlər və ölkəmizi
gücləndirmək üçün çox işlər
görürlər. Bu, çar Rusiyası
dövründə - Azərbaycan Rusiya imperiyasının tərkib
hissəsi olanda da, Sovet İttifaqı dövründə də
belə olub, indi də - 25 illik müstəqillik dövründə
də belədir. Azərbaycanda yaşayan
bütün xalqlar arasındakı əlaqələr
multikulturalizmin, qarşılıqlı hörmətin, bir-birinin
ənənələrinə və dininə hörmətin
bariz nümunəsidir. Mən hər zaman
deyirəm ki, öz dininə və ənənələrinə
hörmət, qonşunun dininə və ənənələrinə
olan hörmətdən başlayır. Yeri gəlmişkən,
demək istərdim ki, bu il Azərbaycanda
“Multikulturalizm ili” elan olunub və Azərbaycan dünyada
multikulturalizmin beynəlxalq mərkəzlərindən biri kimi
tanınır. Şadam ki, hazırda İsraildə
yaşayan bizim keçmiş vətəndaşlarımız
Azərbaycan ilə yaxın əlaqələrini qoruyub
saxlayırlar. Onlar bizə kömək
edir, bizi təbliğ edirlər. Bizim bir
çox ölkələrdə diaspor təşkilatlarımız
var. Lakin yalnız İsraildə bizim diaspor yəhudi əsilli
insanlardan ibarətdir. Bu da yəhudilərlə
azərbaycanlılar arasında olan birliyi nümayiş etdirir.
Bizim münasibətlərimiz
çox geniş, şaxələnmiş münasibətlərdir,
bir çox sahələri əhatə edir. Mən onlardan
bəzilərini qeyd etdim. Əminəm ki,
cənab Baş nazirin səfəri bizə yeni əməkdaşlıq
sahələrini müəyyən etməyə imkan verəcək.
Biz çox yaxın dostluq münasibətləri
qurmuşuq və Baş nazirin səfəri bunun yaxşı
göstəricisidir.
Cənab Baş nazir, Sizi Azərbaycanda
bir daha salamlamaq və Azərbaycanda yaxşı vaxt
keçirməyinizi arzulamaq istərdim. Ümidvaram
ki, növbəti səfəriniz 20 ildən tez baş tutacaq.
Baş nazir
Benyamin Netanyahunun bəyanatı
-Çox sağ
olun, Prezident Əliyev. Siz haqlısınız,
bunu 20, daha dəqiq desək 19 ildən bir yox, daha tez-tez etməliyik.
Sizə dediyim kimi, buraya ilk ziyarətimi çox
yaxşı xatırlayıram. Gecə yarısı idi, Sizin rəhmətlik atanız gəlib bizi
qarşıladı. Bu, böyük dostluğun
nişanəsi idi. Bu dostluq bu günə qədər
davam və inkişaf edir. Deməliyəm
ki, bu gün gündüz vaxtı buraya gələrkən, təyyarədən
də Azərbaycandakı ötən iki onillikdə baş verən
inanılmaz dəyişikliyi, inanılmaz inkişafı
görə bildim. Əlbəttə, hava
limanında yerə endikdə, maşına mindikdə şəhərdə,
Bakı ətrafında bunu daha aydın görə bildik.
Burada çox böyük irəliləyiş əldə
edilib. Mən Sizin rəhbərliyinizi
alqışlayıram. İsrail ilə Azərbaycan
arasındakı tərəfdaşlığı və bunu gələcəyə
doğru irəliləyişin bir parçası olaraq görməyinizə
görə alqışlayıram.
Bu gün Sizin dediyiniz və
imzaladığımız sənədlərdə
xalqlarımızın mənafeyi naminə əməkdaşlıq
etdiyimiz və əməkdaşlıq edə biləcəyimiz
bir çox sahələr var. Aydındır ki, bizim energetika
sahəsində möhkəm əlaqələrimiz var. Bu
gün sadəcə ölkəmizin neft idxalının ciddi
bir hissəsi olan, Azərbaycanın İsraili təchiz etdiyi
neftin satışı barədə yox, həm də təbii
qazın ixracı üçün birgə müəssisələrimizdən
istifadə haqqında danışırıq. Bu
gün biz burada danışarkən İsrailin qaz
idxalının Azərbaycandan Türkiyəyə inşası
davam edən böyük boru xəttinə
calaşdırılmasından söhbət edirik. Şübhəsiz, bu, hər iki ölkənin
iqtisadiyyatını gücləndirə biləcək bir
istiqamətdir. Düşünürəm
ki, bu, daha böyük bir xidmət olacaq. Energetika
bizim sıx şəkildə əməkdaşlıq etdiyimiz
sahələrdən yalnız biridir.
Cənab Prezident, qeyd etdiyiniz
bütün digər sahələr də mövcuddur. Kənd təsərrüfatı, təhsil, informasiya
texnologiyaları və istənilən digər sahədə
birlikdə möcüzələr yarada biləcəyimizə
inanırıq. Bu cür əməkdaşlığı
alqışlayırıq. Çünki
düşünürük ki, nəticə etibarilə malik
olduğumuz ən böyük resurs budur. Bu,
konseptual məhsul resursudur, bütün sənaye istiqamətlərini
daha da səmərəli etmək bacarığıdır.
Bir misal olaraq süd məhsullarını
göstərə bilərəm. Ölkəmizin
dünyada ən məhsuldar inəklərə sahib olması
ilə öyünürəm. Bizim inəklər
Fransa, Hollandiya, hətta Amerika inəklərindən daha məhsuldardır.
Bu hal bir çox sahələrdə təkrarlanır.
Bu əməkdaşlığı
xalqlarımıza daha aydın bir gələcək bəxş
etməsi üçün alqışlayırıq.
Lakin düşünürəm
ki, əlaqələrimiz mövzusunda nadir olan xüsusiyyət
başqa bir şeydir. İsrail bir yəhudi dövlətidir.
Azərbaycan müsəlman ölkəsidir və
əhalisinin əksəriyyəti müsəlmandır. Burada hər iki ölkənin daha parlaq gələcəyini
təmin etmək üçün yəhudilərlə müsəlmanların
birgə işləməsinin şahidi oluruq. Bu, indiki dövrdə tolerantlığın,
qarşılıqlı hörmətin olmaması fonunda
çox parlaq bir nümunədir. İllər
boyunca Azərbaycanda yəhudilərə qarşı göstərmiş
olduğunuz qarşılıqlı hörmət, gözəl
yanaşma bu əlaqələri, Azərbaycana olan rəğbətimizi
və heyranlığımızı daha da gücləndirir.
İsraildə Azərbaycandan
olan 70 min yəhudi, “insan körpüsü” yaşayır. Bundan
başqa, dünyaya göstərə biləcəyimiz
başqa bir şey var. Dünya çoxlu dözülməzlik,
çoxlu zülmət görür. Burada isə müsəlmanlar
ilə yəhudilərin arasında əlaqələrin necə
ola biləcəyinin, necə
qurulmasının bir nümunəsi var.
Cənab Prezident, Sizinlə təkbətək
görüş vaxtı ifadə etdiyim kimi, deməliyəm
ki, müsəlman dünyasının bir çox hissəsində,
xüsusi olaraq ərəb ölkələrində müşahidə
etdiyimiz bir dəyişiklik var. Əgər gələcəyin
necə ola biləcəyini görmək
istəyirlərsə, Azərbaycana gəlib İsrail ilə
Azərbaycan arasındakı dostluq və tərəfdaşlığı
görə bilərlər. Bu, sadəcə hər
iki ölkə və xalq üçün yaxşı əlaqələrlə
bərabər, həm də bütün region və dünya
üçün faydalıdır.
Bizi günün ortasında xoş qarşıladığınız üçün Sizə yenə təşəkkür etmək istəyirəm. Gecə də gəlirik, gündüz də gəlirik.
Əlbəttə, mən
də Sizi İsrailə dəvət edirəm. Sizin
üçün uyğun və rahat vaxtda Sizi orada qəbul etməyə
ümid edirəm. Bizə göstərdiyiniz dostluq və qonaqpərvərliyə
görə təşəkkür etmək istəyirəm.
Çox sağ olun.
Azərbaycan.-
2016.- 14 dekabr.- S. 2.