“Televiziya və radio
yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununu “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 27-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 10, maddə 583; 2004, ¹ 1, maddə 10; 2005, ¹ 4, maddə 278, ¹ 6, maddə 469; 2006, ¹ 11, maddə 932, ¹ 12, maddə 1005; 2007, ¹ 6, maddə 560, ¹ 8, maddə 749, ¹ 11, maddə 1053; 2009, ¹ 6, maddə 394; 2010, ¹ 7, maddə 600; 2011, ¹ 2, maddə 70; 2015, ¹ 4, maddə 354) aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilsin:
“Maddə 12-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi
12-1.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.
12-1.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.
12-1.3. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr
2016-cı il
Azərbaycan.-
2016.- 14 dekabr.- S.3.