Azərbaycan idmanının böyük hamisi

 

İdman böyük qayğı və diqqət tələb edir. Hər hansı ölkədə onun kifayət qədər ardıcıl və məqsədyönlü inkişafı idman ənənəsi, idmanla məşğul olmağa şərait və imkan, idmançılara münasibət, idman mütəxəssislərinin yetişdirilməsi, yarışların təşkili və keçirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakının təmini, idmanın təbliği, kütləviləşdirilməsi kimi amillərdən çox asılıdır. Belə amillər cərgəsində dövlətin idmana münasibəti özünəməxsus yer tutur.

Müstəqilliyimizin ilk illərində ölkənin düşdüyü böhranlı vəziyyət idmandan da yan ötməmişdi. Ölkəmizin düşdüyü böhranlı vəziyyət idmanı da tənəzzülə uğratmışdı. Diqqətsizlik və laqeyd münasibət idman komplekslərinin dağılmasına, tanınmış idmançılarımızın başqa dövlətlərin bayraqları altında beynəlxalq yarışlarda iştirakına, bir sözlə, ölkənin idman potensialının məhvinə gətirib çıxarmışdı. O illərdə idman sanki unudulmuş sahələrdən birinə çevrilmişdi. Bunun obyektiv səbəbləri olsa da, subyektiv səbəbləri daha çox idi.

Amma ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından, Azərbaycan Prezidenti seçilməsindən sonra ölkədə idmana münasibət kökündən dəyişdi. Azərbaycan xaosanarxiya girdabından çıxdığı kimi, idmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Gənclər, bədən tərbiyəsi və idman sahəsində yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Heydər Əliyev idmanın xalqın və dövlətin həyatında böyük əhəmiyyət kəsb etdiyini diqqət mərkəzinə çəkərək, daim bu istiqamətdə mühüm tədbirlər həyata keçirməyin vacibliyini xatırladaraq idmanın inkişafını əsas vəzifə kimi qarşıya qoymuşdu. Ümummilli lider Azərbaycanda idmanın inkişafı üçün həyata keçirilməli əsas məsələlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsini, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsini, zəruri avadanlıqlarla təchizatını, idman klublarının açılmasını, mütəxəssislərinin yetişdirilməsini, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsini, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsini, Azərbaycanda beynəlxalq yarışların keçirilməsini, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunmasını daxil etmişdi.

Məhz Heydər Əliyevin sayəsində tezliklə Azərbaycanda idmanın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edildi. İdmançılarımız ən mötəbər yarışlardan vətənə qızıl medallarla qayıtmağa başladılar. Qısa zaman kəsiyində Azərbaycan idmançılarının əldə etdikləri qızıl medalların sayı 70 illik sovet dövründə qazandığımız qızıl medalların sayını ötüb keçdi.

Ulu öndər ölkə həyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətlər sırasında idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirirdi: “Ötən illərdə bizim itkilərimiz çox olmuşdur. Ancaq nailiyyətlərimiz də az deyildir. Bu nailiyyətlər içərisində idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtmaqdan ibarətdir”.

Azərbaycanda olimpiya hərəkatı da Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başladı və bu hərəkatın genişlənməsinin təşəbbüskarı və ilhamçısı ulu öndər idi. 1993-cü ildən ümummilli liderin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əxz edən Azərbaycanın olimpiya hərəkatı tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoydu. 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə İlham Əliyev kimi yüksək idarəçilik və təşkilatçılıq keyfiyyətləri olan bir şəxsin seçilməsi idman və gənclər siyasəti sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. MOK prezidenti İlham Əliyev ölkədə olimpiya hərəkatının genişlənməsi, idman və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Olimpiya hərəkatını sürətlə inkişaf etdirmək və onun Beynəlxalq Olimpiya hərəkatına daha fəal qoşulmasını təmin etmək məqsədilə cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı.

Mənim də idmançı kimi yetişməyimdə ulu öndər Heydər Əliyevin idmana qayğısının böyük rolu olmuşdur. Bu qayğının nəticəsi kimi, peşəkar idmana qədəm qoymuş, Heydər Əliyevin müstəqil ölkəmizə rəhbərliyi illərində ilk dəfə dünyaAvropa miqyaslı ağırlıqqaldırma yarışlarının qızıl mükafatçısı olmuşam. Ölkəmin adını beynəlxalq idman arenalarında ucaltmaqla yanaşı, özümü ona görə xoşbəxt sayıram ki, mənə də həyatda böyük öndərlə görüşmək qismət olub. Vaxtilə Heydər Əliyev təhsil aldığım İqtisad Universitetinə gəlmişdi. Həmin vaxt mənə də dahi şəxsiyyətlə şəxsən görüşmək müyəssər oldu. Heydər Əliyev qazandığım nailiyyətlərlə yaxından maraqlandı, müdrik tövsiyələrini verdi və mənə yeni qələbələr arzuladı. Bu, həyatımın ən xoş və həyəcanlı anı idi. Bu görüşdən sonra bir idmançı kimi üzərimdə daha böyük məsuliyyətin dayandığını hiss etdim.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir sahə kimi, idman da uğurla inkişaf edir. İdmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Aidiyyəti dövlət orqanları bu cür idman növləri ilə məşğul olan idmançılarımızın beynəlxalq yarışlarda iştirakını daim maliyyələşdirir, onları gələcək qələbələrə ruhlandırmaq üçün müxtəlif stimullaşdırıcı tədbirlər görürlər. Məşğul olduğum pauerliftinq qeyri-olimpiya idman növü olsa da, Azərbaycanda xeyli inkişaf edib. Fərəhli haldır ki, ölkəmiz bu idman növü üzrə beynəlxalq reytinq cədvəlində ilk yerləri bölüşür. Azərbaycanda pauerliftinq idman növü ilə vaxtilə böyük nailiyyətlər qazanmış idmançılarımız var. Onların bir qismi artıq bu idman növü üzrə veteran, bir qismi isə hələ beynəlxalq yarışlarda mübarizəsini davam etdirən və nailiyyətlərini artıran peşəkarlardır. Hər bir idmançı daim öz həyatında dövlətimizin qayğısını hiss edir. Prezident İlham Əliyev tərəfindən mənzil hədiyyəsi, habelə “Azərbaycan Prezidentinin Fəxri Diplomu” ilə təltif olunmağım idmançı kimi nailiyyətlərimə verilən ali dəyərlərdir.

Doğrudan da idmançı üçün ən böyük nailiyyət yarışın ən yüksək mükafatını almaq, ən yüksək pilləyə qalxmaqla öz ölkəsinin himnini səsləndirməsi, bayrağını ucaltmasıdır. Heydər Əliyevin biz idmançılardan gözlədiyi də məhz bu idi. Öz praktikasında dəfələrlə bu nailiyyəti yaşamış idmançı kimi, ulu öndər Heydər Əliyevin idmançılara göstərdiyi etimadı doğrultduğum üçün özümü həm xoşbəxt hesab edir, həm də mənəvi rahatlıq hissi keçirirəm.

 

Vüqar NAMAZOV,

Ağırlıqqaldırmanın pauerliftinq növü üzrə

dəfələrlə dünyaAvropa çempionu

 

Azərbaycan.- 2016.- 14 dekabr.- S.6.