Ən qədim valın kimə məxsus olduğu məlumdur

 

Musiqi tariximizdən

 

Onu yalnız bir səs yazısı ilə tanıyırıq. Dövlət Səs Yazmaları Arxivinin kataloqunda  (¹ 1068) birüzlü, qara rəngli valın 100 ildən artıq tarixi olduğu göstərilir. Riqanın (Latviya Respublikası) “Qrammofon” firması tərəfindən yazılmış bu valın tarixinin 2005-ci ildə Azərbaycana gəlmiş, respublika Milli Arxiv İdarəsinin qonağı olmuş İngiltərənin Kral kitabxanasının fono-arxiv eksperti, səs yazıları üzrə tədqiqatçı-mütəxəssis Uilyam Prentik İngiltərədə saxlanan xüsusi musiqi kataloquna istinadən 1904-cü ilə aid olduğunu bildirmişdir.

XIX əsrin sonu, XX əsrin əvvəllərində bir sıra ölkələrin səhmdar cəmiyyətləri tərəfindən qrammofon vallar fabriki təşkil olunmuşbununla da səsyazma sənayesi inkişaf etməyə başlamışdır. 1906-1910-cu illərdən RiqadaQrammofonİngilis Səhmdar Cəmiyyəti tərəfindən məşhur Azərbaycan xanəndələri - Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev,  Əbdülbaği Zülalov, Məcid Behbudov, Seyid Mirbabayev, Ələsgər Abdullayev və başqalarının səsi yazılmış qrammofon valları buraxılmışdır.

Azərbaycanın musiqi tarixində dövrünün elə ustad sənətkarları olub ki, onların  ifaları əvəzinə, yalnız adları məlumdur. Bu insanlar haqqında xatirələrdən, ayrı-ayrı adamların söhbətlərindən, bəzən də qohumlarından müəyyən məlumatlar ala bilirik. Tara yeni nəfəs verən, üzərində dəyişikliklər edərək dizinin üstündən götürüb bir övlad kimi bağrına basan məşhur tarzən Sadıqcanın çalğısının, eləcə də ifası ilə dinləyiciləri  heyrətə gətirən Bülbülcanın ecazkar səsinin həsrətində olmuşuq. Bu ustad sənətkarların ifalarının köçürülməməsinə  hələ də təəssüflənirik.

O dövrdə el  şənliklərində,  oğul-qız toylarında,  kiçik dost-tanış məclislərində iştirak edən sənətkarların ifaları musiqisevərlər tərəfindən həmişə yüksək dəyərləndirilib. Bu qəbildən olan sənətkarlardan birigeniş auditoriyalardan qaçan, xanların, bəylərin təklifini  qəbul etməyən, yalnız sadə insanların məclislərində ifası ilə ətrafındakıları feyziyab edən çənbərəkəndli, qalayçı oğlu “Qədirbala” təxəllüslü Əbdülqədir Ağacabbar oğlu Cabbarov olmuşdur.  Əbdülqədir Cabbarovun necə bir sənətkar olduğu ondan  yadigar qalan bir valından məlum olub.

Xalq artisti Bəhram Mansurovun atası Məşədi Süleymanın Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılan xatirələrindən oxuyuruq: “Badi-Kubədə Qədirbala (Əbdülqədir Cabbarov) yaxşı oxuyan olub. Özü də çənbərəkəndli (indiki Şəhidlər xiyabanı olan ərazi - A.K.) idi. Qalayçı idi. Çox güclüçox yaxşı oxumağı vardı”. Araşdırmalardan məlum olur ki, Qədirbalanın gözəl səsi ilə yanaşı, yaxşı daş yonmağı  olub. Onun yonduğu daşlar kənardan tanınarmış. O dövrdəki evlərin əksəriyyətinin tikintisində  bu gözəl sənətkarın əlindən çıxan daşlardan istifadə edilib.

Onu yaxından tanıyanlar söyləyirlər ki, Qədirbalanı  toylara, məclislərə aparıb oxutdurmaq müşkül məsələ idi. Bir az təkəbbürlü idi, oxumaq üçün yüksək rütbəli şəxslərin təklifini qəbul etməzdi. Məclisdə yüksək çinli kim isə onun oxumasını  amiranə şəkildə təkid etsə idi, o dəqiqə məclisi tərk edərdi. Sonra həmin şəxsin acığına gedib başqa bir məclisdə saatlarla oxuyardı. Qədirbalanın  nəticələri ilə söhbətdən aydın olur ki, onun səsinin yazıya alınması öncədən dostları tərəfindən hazırlanmış maraqlı birssenari” əsasında baş tutub.  Şəxsiyyətinə və sənətinə yüksək qiymət verən dostları onu gəzmək adı ilə Riqaya aparırlar. Arxivlərdə saxlanılan xatirələrdən məlum olur ki, dostları Qədirbalanı həvəsləndirməkdən ötrü özləri bir-iki ağız deyirlər. Sonra isə heç nədən xəbəri olmayan xanəndəyə oxumağı təklif edirlər. Qədirbala ətrafındakıların onu diqqətlə dinlədiklərini görüb canı-dillə “Heyratı” muğamını oxuyur. Bununla da xanəndənin Riqanın “Qrammofon - Rekord” firması tərəfindən səsi yazılmış birüzlü qara val illərlə buya başqa məkanlarda özünə yer tapsa da, son ünvanı respublika Dövlət Səs Yazmaları Arxivi olur.

Əbdülqədir Cabbarov tərəfindən ifa olunan və Dövlət Səs Yazmaları Arxivində mühafizə edilən valın C.Qaryağdıoğluna, Seyid Şuşinskiyə  aid səs yazılarından əvvəl olduğu güman edilir. Əgər bu fikirlə razılaşmalı olsaq, deməli, Azərbaycan muğam ifaçılarının ən qədim valı “Qədirbala” təxəllüsü ilə tanınmış Əbdülqədir Kərbəlayi Ağacabbar oğlu Cabbarova məxsusdur.

Muğam ifaçısı Əbdülqədir Cabbarov  30 iyun 1906-cı ildə, 35 yaşında rəhmətə gedib.

 

Aslan KƏNAN,

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini

 

Azərbaycan.- 2016.- 14 dekabr.- S. 7.