Rusiyada azərbaycanlı şərqşünasın məktubları
çap edilib
Rusiyada şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə Mirzə Cəfər Topçubaçov, Mirzə Kazımbəy, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və başqa azərbaycanlı mütəfəkkirlər haqqında bir sıra dəyərli əsərlər yazılıb. Təsadüfi deyil ki, bu alimlərin elmi yaradıcılığı bəzi tədqiqatçılar tərəfindən hətta “Rusiya şərqşünaslığında Azərbaycan məktəbi” kimi dəyərləndirilir.
Həqiqətən, XIX əsrin ilk onilliklərində Şimali Azərbaycan torpaqlarının Rusiya imperiyasının tərkibinə qatılması ilə vətənimizin tarixində mahiyyətcə yeni dövr başlamışdır. Məhz bu zamandan etibarən xalqımızın ictimai və mədəni həyatında olduqca önəmli və dərin dəyişikliklər meydana gəlmişdir. Son dərəcə mürəkkəb xarakter daşıyan bu hadisələrə birmənalı şəkildə yalnız mənfi və ya müsbət qiymət vermək mümkün deyil. Təbii ki, xalqın öz siyasi müstəqilliyini itirməsi əsl faciə idi. Onun minillik ənənəvi həyat tərzinin qısa bir zaman kəsiyində köklü transformasiyaya uğraması da ağrılı proses olmuşdur. Ancaq bu proses həm də tarixin obyektiv qanunlarına uyğun olaraq Azərbaycanda yeni dünyagörüşü, çağdaş mədəniyyət və milli kimliyin formalaşmasına şərait yaradırdı.
Azərbaycanın müasirləşməsinin müjdəçiləri yeni yaranan milli ziyalı təbəqəsinin yuxarıda adları sadalanan ilk nümayəndələri olmuşdur. Onların arasında Mirzə Kazımbəyin (1802-1870) xüsusi yeri var. İstedadlı və məhsuldar alim, Rusiya şərqşünaslıq elminin banilərindən biri, Kazan Universitetində türk-tatar dilləri müəllimi və Sankt-Peterburq Universitetində Şərqşünaslıq fakültəsinin dekanı vəzifələrini tutmuş Mirzə Kazımbəy dünya şöhrəti qazanmış ilk müasir tipli Azərbaycan alimi sayıla bilər.
Eyni zamanda o, dövrünün bütün ziddiyyətlərini öz taleyində sınamış bir insan idi. Onun babası Quba hakimi Fətəli xanın xəzinədarı, atası Məhəmməd Qasım Kazımbəy isə Dərbənd şəhərinin tanınmış ruhanilərindən idi. Məhəmməd Qasım Kazımbəy rus hakimiyyəti tərəfindən şəhərin qazısı vəzifəsinə təyin edilmiş, lakin bir müddətdən sonra ailəsi ilə birlikdə Həştərxan şəhərinə sürgün olunmuşdu. Burada şotlandiyalı missionerlərə fars dilindən dərs deyən gənc Mirzə Kazımbəy missioner təşkilatının təsiri ilə xristianlığı qəbul etmişdir.
Kazımbəyin gələcək həyatını tamamilə dəyişən bu fakta istər öz dövründə, istərsə də bu gün verilən qiymət birmənalı olmamışdır. Onu öz dini və milli köklərindən dönməkdə ittiham edənlər az deyil. Lakin bütün bu tənqidi görüşlərə baxmayaraq, Mirzə Kazımbəyin böyük bir alim kimi yetişməsi, Rusiya və dünya şərqşünaslığında layiqli nüfuz qazanması və bunların sayəsində Şərq xalqlarının, xüsusilə türkdilli xalqların və Azərbaycan xalqının mədəni irsini tədqiqat mövzusu kimi dünya elminə təqdim etməsi onun adını əbədi olaraq Azərbaycan tarixinə həkk etmişdir.
Yalnız bunu demək kifayətdir ki, Kazımbəy tarixdə ilk dəfə olaraq Azərbaycan dilinin qrammatikasını elmi şəkildə tədqiq etmişdir. İlk dəfə “Azərbaycan dili” məfhumunu da dünya elminə gətirən məhz o olmuşdur. Bu baxımdan böyük alimin elmi yaradıcılığı hər zaman həm Azərbaycanda, həm də xaricdə tədqiqatçıların diqqət mərkəzindədir. Onun zəngin irsinin üzə çıxarılması və öyrənilməsi sahəsində atılan son mühüm addımlardan biri Mirzə Kazımbəyin akademik Frenə ünvanladığı məktublarının Rusiyada nəşri olmuşdur.
Alman əsilli alim Xristian Martin fon Fren (1782-1851) XIX yüzilliyin birinci yarısında rus şərqşünaslığının inkişafında mühüm rol oynamış, Kazan Universitetində Tarix-filologiya fakültəsinin, 1818-ci ildə isə Rusiya Elmlər Akademiyası Sankt-Peterburq Asiya Muzeyinin (keçmiş Kunstkamera, bu gün - Rusiya EA Sankt-Peterburq Əlyazmaları İnstitutu) ilk direktoru vəzifəsində işləmişdir. Akademik Fren gənc Mirzə Kazımbəyin elmi taleyində iz buraxmış, onun dünya şöhrətli alim kimi yetişməsinə təsir etmiş insanlardan biridir. Bunu Kazımbəyin 1831-1846-cı illərdə akademik Frenə ingiliscə yazdığı məktublar da təsdiq edir. 33 məktubdan ibarət olan və Rusiya EA Arxivinin Sankt-Peterburq filialında qorunub saxlanan həmin kolleksiya bu yaxınlarda tanınmış tatar tarixçisi R.Valeyevin redaktəsi ilə bir sıra tatar və rus alimlərinin səyləri nəticəsində Kazanda ilk dəfə olaraq nəşr edilmişdir. Kitabda məktubların fotosurətləri, orijinal ingiliscə mətnləri, rusca şərhli tərcümələri və naşirlərin giriş məqalələri yer alır.
12 iyun 1831-ci ildə yazılmış elə ilk məktubunda Mirzə Kazımbəy özünün Kazan Universitetinin şurası tərəfindən adyunkt-professor vəzifəsinə tövsiyə edildiyini, bunun üçün fars dilində islamdanöncəki ərəb tarixi və ədəbiyyatı ilə əlaqədar dissertasiya yazmalı olduğunu bildirir. Akademik Frenin bu tədqiqat işinə verdiyi müsbət qiymət haqqında dövrün qəzetlərindən xəbər alan Kazımbəy ona öz dərin təşəkkürünü bildirir, ehtiramla onun elmi nüfuzu qarşısında baş əyərək, onu ərəbcə “müctəhid”, özünü isə “müqəlləd”, yəni hələ yüksək elmi səviyyəyə yüksəlməmiş bir tələbə adlandırır. Məlum olur ki, akademik Frenin müsbət rəyi gənc azərbaycanlının Kazan Universitetindəki elmi karyerasına yol açmışdır. Ona görə Kazımbəy öz iş planlarını bölüşərək, hazırda Krım tarixinə həsr edilmiş bir əsəri və Sədinin “Gülüstan”ının rus dilinə tərcüməsini başa çatdırdığını söyləyir. Elə bu məktubdan peşəkar elmə yeni qədəm qoymuş bir gəncin nə qədər səy və həvəslə çalışdığı aydın görünür.
Məktublardan Mirzə Kazımbəyin öz elmi fəaliyyətində türk xalqlarının tarixi və dili məsələlərinə nə dərəcədə yüksək diqqət yetirdiyi hiss edilir. Onun türkoloji yaradıcılığında böyük bir mərhələ təşkil edən işi Səid Məhəmməd Rzanın 1737-ci ildə qələmə aldığı “Əs-səb əs-səyyar fi əxbar-i müluk-i tatar” əsərinin nəşri və tədqiqi olmuşdur. XV-XVIII yüzilliklərdə Krım xanlığının tarixinə həsr olunmuş bu mühüm qaynaq haqqında Kazımbəy akademik Frenə ünvanladığı məktublarında dəfələrlə məlumat verir və bəzi məsləhətləşmələr aparır. O, bu kitaba yazdığı geniş giriş sözünü akademik Frenə göndərərək, rəyini bildirməsini və gərəkli düzəlişlərin edilməsini xahiş edir. Eyni zamanda Kazımbəy əsərdə adı çəkilən bəzi şəxsiyyətlər və terminlər haqqında onun fikrini öyrənmək istəyir. Tanınmış şərqşünas İ.N.Berezinin qeyd etdiyi kimi, bu əsərin ilk dəfə elmi dövriyyəyə daxil edilməsi tezliklə Kazımbəyə elm aləmində layiq olduğu şöhrəti qazandırmışdı. Almaniyanın şərqşünaslıq jurnalı bu tarixi mənbənin Kazımbəy tərəfindən öyrənilməsinə qədər Avropada bilinmədiyini yazırdı.
Kazan Universitetində Kazımbəy uzun müddət türk-tatar dilləri müəllimi vəzifəsini tutmuş və bu sahədə tədris işləri və elmi araşdırmalarla məşğul olmuşdur. 1839-cu il iyunun 28-də yazdığı məktubda Kazımbəy akademik Frenə özünün “Türk-tatar dilinin qrammatikası” kitabının nəşrdən çıxdığını və onlardan beş nüsxə Sankt-Peterburqa göndərdiyini bildirir (bunlardan biri M.C.Topçubaşov üçün idi). Bu tədqiqat işi, əslində, bütün azərbaycanşünaslıq elminin bünövrəsini təşkil edən ən önəmli əsərlərdən biridir. Kazımbəyin “Qrammatika”sı Azərbaycan dilinin və dilçiliyinin inkişafında bir çevriliş yaratmışdır. Bu əsərdə tarixdə ilk dəfə olaraq dilimizin bütün fonetik, sintaktik və morfoloji quruluşu və qaydaları digər türk dilləri ilə müqayisədə dolğun elmi və sistemli şəkildə tədqiq edilmişdir. Və yüzillərlə mövcud olan bu dil dünya elmində ilk dəfə məhz Mirzə Kazımbəy tərəfindən “Azərbaycan dili” adlandırılmışdır.
Təsadüfi deyil ki, Kazımbəy artıq “Azərbaycan dili” ifadəsini həm elmi ədəbiyyatda, həm də öz məktublarında dəfələrlə işlədir. Məsələn, akademik Frenə 1841-ci ildə ünvanladığı məktubda o, “Dərbəndnamə” əsərinin üzərində işlədiyini söyləyərək onun “Azərbaycan dilində” yazıldığını qeyd edir. Beləliklə, “Türk-tatar dilinin qrammatikası”nın nəşrindən sonra “Azərbaycan dili” ifadəsi dünya elmində vətəndaşlıq hüququ qazanmış və istifadə edilməyə başlamışdır. Akademik B.A.Dorn 1841-ci ildə yazdığı rəydə bildirirdi ki, Mirzə Kazımbəyin “Türk-tatar dilinin qrammatikası” kitabına qədər nəinki Azərbaycan dilinin qaydaları, hətta o dilin mövcudluğu barədə Avropa şərqşünaslığında məlumat yox idi. Bu məlumatı elmə gətirən ilk alim məhz Mirzə Kazımbəy oldu.
Mirzə Kazımbəyin Kazan dövrü elmi yaradıcılığından danışarkən onun islamşünaslıq sahəsində yorulmaz fəaliyyətini gözardı etmək mümkün deyil. Kazımbəy özü akademik Frenə göndərdiyi məktublarda Quranda mövcud olan bütün sözlərin izahlı lüğətinin (Konkordans) tərtibi ilə ciddi məşğul olduğunu yazır. Kazımbəydən əvvəl belə bir ağır işin öhdəsindən yalnız alman ərəbşünası Flügel gələ bilmiş və 1842-ci ildə onun lüğəti Leypsiqdə çap olunmuşdur. Kazımbəy öz “Konkordans”ı üzərində 25 il ərzində gərgin iş aparmış və nəhayət, 1859-cu ildə öz əsərini nəşr etdirmişdir. Akademik Frenə yazdığı məktubların birində o, lüğətin tərtibində Flügeldən fərqli olaraq, fransız alimi Krudenin hazırladığı Bibliyanın Konkordansında əməl olunan prinsipləri əsas götürdüyünü qeyd edir. 1845-ci il fevralın 15-də yazılan məktubda Kazımbəy akademik Frenə bu əsərin ona göndərilən əlyazması haqqında hökumətə müsbət rəy bildirdiyi üçün öz dərin təşəkkürünü ifadə edir. Həqiqətən, Mirzə Kazımbəyin islamşünaslıq sahəsində hazırladığı bu misilsiz əsər hələ nəşr edilmədən öncə Rusiya Elmlər Akademiyası tərəfindən yüksək dəyərləndirilmiş, onun müəllifi isə İran şahının fərmanı ilə I dərəcəli “Şir-i xurşid” ordeninə layiq görülmüşdür.
Məktublarda Kazımbəyin elmi iş üslubu ilə əlaqədar maraqlı faktlar mövcuddur və onlardan biri ondan ibarətdir ki, Kazanda yaşadığı zaman o, bir sıra nadir və önəmli əlyazmaların surətlərini çıxartdırmaqla məşğul olmuş və bu işi hər zaman tanıdığı yaşlı bir tatar mollasına həvalə etmişdir. Məsələn, məlum olur ki, 1835-ci ildə həmin molla XV əsrin məşhur osmanlı tarixçisi və şairi Əhmədinin türkcə “İsgəndərnamə” poemasının əlyazmasını Kazımbəyin tapşırığı ilə hazırlamışdır. Kazımbəy həm də akademik Frenin xahişi ilə XVII əsr osmanlı tarixçisi Hüseyn Hezarfen əfəndinin “Tənqih təvarix əl-müluk” əsərinin üzünü köçürtdürərək, onu Kazan Universitetinin rektoru, tanınmış riyaziyyatçı Lobaçevskinin vasitəsilə Peterburqa göndərdiyini məktubunda bildirir. Yeri gəlmişkən, Kazımbəyə xoş münasibət bəsləyən Lobaçevskinin adı bu məktublarda bir neçə dəfə xatırlanır.
Məktubların önəmli cəhəti həm də ondan ibarətdir ki, bəzən təsvir edilən məişət səhnələrində alimin özü haqqında verdiyi maraqlı məlumatlara rast gəlmək olar. Məsələn, bu mətnlərdən məlum olur ki, Orenburq general-qubernatoru Mirzə Kazımbəyi Orenburqa dəvət edərək ona illik 5000 rubl həcmində məvaciblə xüsusi tapşırıqlar üzrə məmur vəzifəsi təklif etmişdir. Məsələnin müsbət həlli üçün hətta Rusiyanın xarici işlər naziri təhsil nazirinə müraciət etmiş, ancaq təhsil naziri buna icazə verməmişdir. Maddi sıxıntı keçirən Mirzə Kazımbəy akademik Frenə 1836-cı ilin oktyabr ayında yazdığı məktubda bu qərardan məyus olduğunu bildirir və məsələnin müsbət həll olunmamasında Kazan Universitetinin himayədarı Musin-Puşkinin ona xeyirxah olmayan münasibətinin də rol oynadığını etiraf etməyə məcbur olur. Kazımbəy məktubunda qeyd edir ki, bu işlə əlaqədar universitetin himayədarına bir daha müraciət etməyə “özümdə cəsarət tapmıram və “Ağlamayan uşağa süd verməzlər” atalar sözünün həqiqət olduğunu görürəm”. Bu atalar sözünün ingiliscə yazılan məktubda ərəb əlifbası ilə Azərbaycan dilində verilməsi maraqlı məqamdır.
Görünür ki, Kazımbəy Kazan Universitetində qaynar elmi və pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, daha geniş bir mühitə, imperiyanın paytaxtı Sankt-Peterburq şəhərinə köçməyə, orada akademiyada işləyib Şərq dilləri ilə məşğul olmağa can atırdı. Bu məsələdə akademik Fren ona yardım göstərsə də, uzun müddət bu, mümkün olmamışdı. Kazımbəy məktublarının birində artıq Kazan mühitində darıxdığını, “çox yerlər və insanlar haqqında eşidib, onların yalnız az hissəsi ilə tanış ola bilmə imkanından” artıq usandığını yazır, ancaq taleyi ilə barışdığını və səbirli olduğunu əlavə edir.
1836-cı ilin əvvəlində Kazımbəy akademik Frenə böyük sevinclə özünün Rusiya İmperator Elmlər Akademiyasının müxbir üzvü seçilməsi barədə xəbər aldığını bildirir. Bu işdə o, öz hamisinin (yəni Frenin) ona qarşı xeyirxah münasibətinin xüsusi rol oynadığını və bunun üçün öz səmimi təşəkkürünü ifadə edir.
Mirzə Kazımbəy bir şərqşünas alim kimi artıq öz müasirləri tərəfindən yüksək qiymət almışdır. Sankt-Peterburq Universitetinin tarixini yazan V.V.Qriqoryev 1870-ci ildə onu yalnız Rusiyada deyil, bütün Asiya və Avropada tanınmış bir şəxsiyyət, dərin müsəlman təhsili almış, Avropa elmi ilə əsaslı şəkildə tanış olmuş, ərəb, fars, türk, ingilis, fransız və rus dillərini eyni dərəcədə yaxşı bilən və bu dillərdə əsərlər yazan bir “asiyalı” alim adlandırmışdır.
Beləliklə, Mirzə Kazımbəyin elmi irsinin araşdırılması və nəşri humanitar və ictimai elmlərimizin qarşısında duran mühüm vəzifədir. Bu baxımdan Kazanda azərbaycanlı alimin məktublarının çap olunması təqdirəlayiq bir hadisədir və şübhəsiz ki, onların dilimizə tərcümə edilməsi azərbaycanşünaslıq elmimizə layiqli töhfə olardı.
Şahin MUSTAFAYEV,
AMEA-nın müxbir üzvü, professor
Azərbaycan.- 2016.- 14 dekabr.-
S.7.