Azərbaycan hərbi hazırlığına və təminatına
görə dünyanın ilk
onluğundadır
Azərbaycan Ordusu tarixi təməl üzərində sürətlə inkişaf edərək Cənubi Qafqaz regionunun qüdrətli silahlı qüvvələrinə çevrilib. Güclü Silahlı Qüvvələrimiz Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradır.
Ordunun kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev orduda islahatların davam etdirilməsini, daha müasir metodlara üstünlük verilməsini, Silahlı Qüvvələrin gücləndirilməsini, döyüş hazırlığının müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirib. Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında göstərir. Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb və Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi 2017-ci il dövlət büdcəsi xərclərinin də prioritet istiqamətlərindəndir. Bu məqsədlə müdafiə xərclərinə 2017-ci il dövlət büdcəsi xərclərinin 16,7 faizi həcmində vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 2,9 faiz çoxdur.
Azərbaycanın qüdrətli Silahlı Qüvvələrə malik olmasına işğalçı tərəf, eləcə də dünya ictimaiyyəti ötən illərdə keçirilən hərbi paradlarda bir daha şahid oldular. Hələ iki il öncə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimlərinin keçirilməsi ordumuzun möhtəşəmliyini bir daha göstərdi. Ümumilikdə təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilmişdi. İrimiqyaslı birgə əməliyyat-taktiki təlimlərində qarşıya qoyulan məqsədlərə nail olundu, bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirdi.
Cari il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələri ağır hərbi texnikadan istifadə etməklə təmas xəttində təxribat xarakterli hərəkətlər edərək açıq-aşkar danışıqlar prosesini pozmaq niyyətlərini göstərdilər. Düşmənin təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində cavab tədbirləri görüldü. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən azad olundu.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə adlandırılan yüksəklik də hərbi bölmələrimizin nəzarəti altına keçdi. Aprelin 5-də Azərbaycan tərəfi sülhpərvərlik nümayiş etdirərək atəşkəsə razılıq verdi. Azərbaycanın Müdafiə Nazirliyi bəyan etdi ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə, düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaq. Azərbaycan Ordusunun dördgünlük müharibə zamanı ən müasir silahlardan istifadə etməsi düşmən tərəfini, eləcə də onun havadarlarını lərzəyə saldı. Qısa müddət ərzində 2 min hektar ərazini düşməndən azad edən müzəffər Azərbaycan Ordusu hərbi üstünlüyünü bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlər bu gün güclü Silahlı Qüvvələrimizə düşmənə sarsıdıcı zərbə vurmağa imkan verir. Dekabrın 12-də cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatının Azərbaycan Ordusu tərəfindən atəşlə məhv edilməsi də bunu bir daha sübuta yetirdi. Azərbaycan tərəfi bununla göstərdi ki, istənilən düşmən təxribatının qarşısı dərhal alınacaq və vurulan zərbə öldürücü olacaq!
Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnika və döyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır.
Bakıda cari ilin sentyabrında II Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2016” sərgisi keçirildi. “ADEX” sərgisində dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, eləcə də 21 ölkədən 29 rəsmi nümayəndənin iştirakı tədbirin mühüm əhəmiyyət kəsb etdiyini göstərdi. “ADEX 2016” sərgisində hərbi-sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikaların ən son nümunələri, sənaye-nəqliyyat üçün təhlükəsizlik sistemləri, informasiya və rabitənin mühafizəsi, yanğın təhlükəsizliyi vasitələri və bir sıra digər məhsulları nümayiş etdirildi. Sərgidə Azərbaycanın milli müdafiə sektorunun güc və qüdrətinin nümayişi kimi təqdim edilən hərbi məhsullar tədbir iştirakçılarında böyük maraq yaratdı. “ADEX 2016” sərgisi çərçivəsində son illər ərzində ölkəmizdə istehsal edilmiş yüngül və ağır hərbi texnika təqdim olundu. Bunların arasında müxtəlif kalibrli atıcı silahla təchiz edilmiş “Gürzə” universal avtomobili, raket döyüş başlıqları, müxtəlif çaplı silahlar, eləcə də “Tufan” və “İldırım” ağır hərbi texnikası yer almışdı. Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “AZAD Sistemlər” müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik “Zərbə” pilotsuz uçuş aparatlarının da təqdimatı böyük marağa səbəb oldu.
Azərbaycan tərəfi “ADEX 2016” beynəlxalq müdafiə sərgisində yeni nəsil pilotsuz uçuş aparatlarını da nümayiş etdirdi. Bunlar “Orbiter 3” və “Orbiter 4” pilotsuz uçuş aparatlarıdır. Bundan əvvəl istehsal olunan “Orbiter 2” 5 saat və “Aerostar” 12 saat müddətində havada qala bilirdisə, “Orbiter 3” 6 saat, “Orbiter 4” isə 24 saat havada qalmaq imkanına malikdir. “Orbiter 4” pilotsuz uçuş aparatının bir qanadından digər qanadına qədər olan uzunluğu 5,4 m, çəkisi 50 kq, yük götürmə qabiliyyəti 12 kq, maksimal sürəti 70 kts-dir. “Orbiter 4” 150 km məsafəyə kimi gedib qayıda bilir. “Orbiter 3” və “Orbiter 4” pilotsuz uçuş aparatları radara düşmür.
Azərbaycanın yeni snayper tüfəngi də dünyanın aparıcı silah istehsal edən ölkələrində böyük marağa səbəb olub. İriçaplı NST - 14,5 mm snayper tüfənginin çəkisi 19 kq, atış məsafəsi 2000 m, hədəfi məhv etmə məsafəsi 1600 metrdir. Darağı 5 güllə tutumuna malik olan snayper tək atışlı sistemə malikdir. Həmçinin yeni snayper tüfənginin optik nişangahı yerli məhsuldur. Ölkəmiz ən müxtəlif hərbi texnika istehsalını ildən-ilə genişləndirərək bu məqsədlə aparıcı dövlətlərlə uğurlu əməkdaşlıq edir.
Prezident İlham Əliyev ölkəmizin müdafiə potensialının qüdrətlənməsi istiqamətində ötən müddətdə böyük işlər həyata keçirmişdir. Ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca orduya ayrılan vəsaitin həcmi də buna adekvat olaraq yüksəldilir. Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə tam qadirdir.
Elnur HACALIYEV,
Azərbaycan.-
2016.- 15 dekabr.- S.1, 3.