Azərbaycan Cənubi Qafqazın şəriksiz iqtisadi lideridir

 

Ölkəmizin dövlət büdcəsi Ermənistandakından 4 dəfə, Gürcüstandakından isə 2,5 dəfə artıqdır

 

Davamlı iqtisadi inkişaf yolunda olan ölkələr qarşıda duran strateji hədəfləri düzgün müəyyənləşdirərək uğurlu nəticələr əldə edirlər. Məhz bu cür məqsədyönlü, uzaq perspektivlərə hesablanmış strategiya iqtisadi sahədə qazanılan uğurların ardıcıllığını təmin edərək əhəmiyyətli qlobal layihələrin reallaşdırılmasına imkan verir. Bu gerçəkliyə nəzərən əminliklə demək olar ki, müstəqil Azərbaycanın son illər ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər də konkret məqsədlərə yönəlmiş çevikpraqmatik iqtisadi siyasətin nəticəsidir.

Prezident İlham Əliyev ötən 13 ildə modernləşməyə xidmət edən islahatları uğurla həyata keçirib. Dövlət başçısı keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini, tam müstəqil siyasət yürüdərək inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib. 2016-cı ilin ötən 9 ayının sosial-iqtisadi yekunları da Azərbaycanın davamlı inkişaf yolunda olduğunu bir daha təsdiqləyir. Ötən müddətdə ölkədə həyata keçirilən siyasət iqtisadiyyatın davamlı inkişafı üçün zəmin yaradıb, makroiqtisadi tarazlığı təmin edib. Əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb.

Dünya Bankı bu yaxınlarda biznesin qeydiyyatdan keçirilməsinin sadə olmasını, kreditlərin əlverişliliyini və digər bir sıra amilləri nəzərə alaraq sahibkarlıq üçün planetin ən yaxşı və pis ölkələrinin reytinq siyahısını tərtib edib. “Business Insider” portalı biznesə başlamaqonu inkişaf etdirməyin çox asan olduğu 17 ölkədən ibarət siyahını dərc edib. Sorğuda 139 ölkədən 130 min şirkət iştirak edib. Məlumatda bildirilir ki, “0”dan başlayaraq biznes qurmaq həmişə çətin olub, lakin dünyada elə yerlər və ölkələr var ki, orada şirkət yaratmaq digərləri ilə müqayisədə asandır: “Azərbaycanda şirkətin qurulması zamanı sizin, çox güman ki, onu kommunal şəbəkələrə qoşmaqla bağlı probleminiz yaranmayacaq”.

Davos Dünya İqtisadi Forumu da Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görüb. Dünyada iqtisadi-maliyyə böhranının davam etdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatı yüksək qiymət alıb. Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında isə Azərbaycan 65-ci pillədə qərarlaşıb. Azərbaycan dünyada üçdaha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, “Xarici ticarətin aparılması” göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxalixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, “Vergilərin ödənilməsi” göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ötən il ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmiz hesabatda bir sıra göstəricilər üzrə mövqeyini daha da yaxşılaşdırıb.

Belə ki, ölkəmiz “Biznesə başlama” göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), “Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı), “Xarici ticarətin aparılması” göstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü) və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 105-ci (əvvəlki hesabatda 110-cu) pilləyə yüksəlib. Bundan başqa, “Doing Business-2017” hesabatının “Biznesə başlama” göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib. “Əmlakın qeydiyyatı” (22), “Kiçik investorların maraqlarının qorunması” (32), “Vergilərin ödənilməsi” (40), “Müqavilələrin icrasının təmin edilməsi” (44) göstəriciləri üzrə Azərbaycan öz mövqelərini yaxşılaşdıraraq 190 ölkə arasında ilk əllilikdə qərarlaşıb.

MDB məkanında da ölkəmiz liderliyini qoruyub saxlayır. Qırğızıstanın ca-news portalı bu yaxınlarda MDB Statistika Komitəsinin saytına istinadən birlik dövlətləri üzrə son 20 ilin makroiqtisadi göstəriciləri ilə bağlı material yayıb. Ölkələr üzrə göstəricilər bir qrafikə yığılıb ki, oxucu son 20 ilin nəticələrini görə bilsin. Siyahıya iqtisadiyyatı son 20 ildə 5 dəfədən çox artan, neftlə zəngin Azərbaycan mütləq liderlik edib.

Davamlı inkişafın barometri sayılan büdcənin real göstəriciləri və artım səviyyəsi istənilən dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı əmsalını dəyərləndirməyə imkan verir. Müstəqil Azərbaycanın son illər davamlı inkişaf yolunda olması ilk növbədə onun dövlət büdcəsində yer alan makroiqtisadi göstəricilərində real əksini tapır. İqtisadi mahiyyətinə görə dövlət maliyyəsi dövlətin və dövlət müəssisələri və təşkilatlarının pul vəsaitləri fondlarının yaradılması və onların geniş təkrar istehsalının davam etdirilməsi; əhalinin sosial-mədəni ehtiyaclarının ödənilməsi; ölkənin müdafiəsinin təmini; cəmiyyətin idarə edilməsi məqsədilə milli daxili məhsulun və milli sərvətin bir hissəsinin bölüşdürülməsi və yenidən bölüşdürülməsi ilə əlaqədar pul münasibətlərindən ibarətdir. Dövlət büdcəsi əsas gəlir və xərcləri özündə ehtiva etməklə yanaşı, dövlətin hüquqi qüvvəyə malik olan əsas maliyyə planını təcəssüm etdirir. Büdcə vasitəsilə dövlət və bələdiyyə orqanları öz üzərlərinə düşən vəzifə və funksiyaları yerinə yetirirlər.

Azərbaycan Konstitusiyanın 95-ci maddəsini rəhbər tutan Azərbaycan Respublikasının Milli Məclisi hər il dövlət büdcəsi layihəsini müzakirəyə çıxarır. Sosial məsuliyyət prinsipini rəhbər tutan ölkə iqtidarı dövlət büdcəsinin mədaxil və məxaric hissəsini vətəndaşların mənafeyi baxımından qurmağa və yüksək sosial rifaha nail olmağa çalışır. Milli Məclisdə müzakirə edilən “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi də respublikamızın qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən ölkə olduğunu bir daha təsdiqlədi. “Büdcə sistemi haqqında” qanuna, habelə Nazirlər Kabinetinin “Dövlət büdcəsinin tərtibi və icrası qaydaları”na uyğun olaraq hazırlanmış ali maliyyə sənədinin strateji hədəfləri qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsi, ixrac qabiliyyətinin artırılması, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılmasıdır.

Ali maliyyə sənədi dünyadakı və regiondakı iqtisadi inkişaf meyillərinə, artan regional geosiyasi gərginliyin qonşu dövlətlərə, dolayısı ilə ölkəmizə və onun sosial-iqtisadi inkişafına ehtimal olunan mənfi təsirləri qiymətləndirilməklə, büdcədə adekvat həcmdə ehtiyatlar yaradılaraq tərtib edilmişdir. Bu zaman büdcə layihəsində sosial məsələlərin, aztəminatlı əhali təbəqəsinə dövlət dəstəyinin ənənəvi olaraq prioritetliyi saxlanılmış, dövlətimizin müdafiə qüdrətinin bundan sonra da möhkəmləndirilməsi üçün maliyyə təminatının yaradılmasına üstünlük verilmişdir.

2017-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri isə 16 milyard 900 milyon manat təşkil edir. Müqayisə üçün bildirək ki, 2017-ci ildə Azərbaycanın dövlət büdcəsi Ermənistandakından 4 dəfə (2,6 milyard dollar), Gürcüstanın dövlət büdcəsindən isə 2,5 dəfə (4,3 milyard dollar) çoxdur.

Büdcə zərfinə əsasən 2017-ci il və növbəti üç il ərzində ölkə iqtisadiyyatında real iqtisadi artım proqnozlaşdırılır. Bu artımın əsas amili iqtisadiyyatın neftdən asılılığını tədricən zəiflətmək yolu ilə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi olacaq. Əvvəlki illərdə olduğu kimi, 2017-ci il dövlət büdcəsi də sosialyönümlüdür. Gələn il büdcədə sosial müdafiə və ona bərabər tutulan məqsədlər üçün ayrılan, habelə məqsədli dövlət proqramlarına yönəldilən vəsait istisna olmaqla, digər xərclərdə ixtisarlar nəzərdə tutulur. Bununla bərabər, ölkənin müdafiə qüdrətinin, milli təhlükəsizliyinin gücləndirilməsi üçün büdcədən lazımi qədər vəsait ayrılıb. Növbəti ildə dövlət büdcəsi xərcləri optimallaşdırılaraq səmərəliliyin daha da artırılması, əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi, ölkənin müdafiə və təhlükəsizliyinin təmin edilməsi, mühüm investisiya layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, xarici öhdəliklərinin tam və vaxtında yerinə yetirilməsi əsas hədəflər kimi dövlət büdcəsi layihəsində qəbul edilib, buna müvafiq maliyyə təminatının yaradılması nəzərdə tutulub.

Dünyada baş verən mürəkkəb geosiyasiiqtisadi proseslər, neftin qiymətinin kəskin şəkildə azalması, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası və digər mənfi amillər Azərbaycan iqtisadiyyatına öz təsirlərini göstərib, ixrac gəlirlərini azaldıb, manata təzyiqi artırıb, üzən məzənnəyə keçid elan edilib, problemli kreditlər və xarici valyutalarda öhdəliklər manat ifadəsində artıb. Belə şəraitdə neftin qiymətinin dinamikası, Dövlət Neft Fondunun ehtiyatlarının qorunması ilə məhdudlaşdırılmış makro-fiskal çərçivə, habelə iqtisadiyyatın şaxələndirilməsi və struktur islahatlarının sürətləndirilməsi üzrə tədbirlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif ssenarilər təhlil edilərək proqnozlar hazırlanıb. Neftin dünya bazarı qiymətləri üzrə beynəlxalq təşkilatların proqnozları təhlil edilib, 2017-ci il və növbəti illər üçün neftin büdcədə qiyməti 40 dollar qəbul olunub.

Neft-qaz gəlirlərindən asılılığın azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan hökuməti son illərdə qeyri-neft sektorunun inkişafı və biznes mühitinin liberallaşdırılması sahəsində mühüm irəliləyişlərə nail olmuşdur. Rəqabətədavamlı istehsalemal müəssisələrinin fəaliyyətinə geniş imkanların yaradılması yolu ilə yerli istehsalın stimullaşdırılması, habelə sənaye potensialının möhkəmləndirilməsi tədbirləri inkişafın təmayülünü qeyri-neft sektorunun xeyrinə dəyişmişdir. Nəticədə qeyri-neft sektorunun artım dinamikası neft-qaz sənayesini əhəmiyyətli dərəcədə üstələmişdir.

Gələn ilin dövlət büdcəsinin sosialyönümlü xarakter daşıması da təsadüfi deyildir. Son illərdə ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləmişdir. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan vermişdir.

Hökumətin müxtəlif kateqoriyaları əhatə edən vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasəti ümumən insan amilinin inkişafına təkan verir. Respublikanın dövlət büdcəsinin strukturuna əsasən, obyektiv səbəblərdən çalışmaq və zəhmətdən gəlir əldə etmək imkanından məhrum olmuş vətəndaşların problemləri xüsusi diqqət mərkəzində saxlanılır. Hökumət azad iqtisadi münasibətlərə, azad rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də nəzərdən qaçırmır.

Ümumilikdə Azərbaycanın dövlət büdcəsinin strukturu ölkəmizin davamlı inkişaf etdiyini göstərir. Bütün bunlar həm də onu göstərir ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü islahatlar kursu hər bir ölkə vətəndaşının yüksək rifah halının təmin olunmasına yönəlmişdir. Bu siyasət isə hər bir ölkə vətəndaşı tərəfindən birmənalı bəyənilir və dəstəklənir. Əminliklə demək olar ki, 2017-ci ildə də hökumət uğurlu fəaliyyətini davam etdirəcək, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyəcək.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2016.- 16 dekabr.- S.1, 4.