Azərbaycan informasiya
texnologiyalarının inkişafında dünyada
öncül mövqedədir
XX əsrin sonlarına doğru informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri olmaqla gündəlik həyatımızın tərkib hissəsinə çevrilməyə başladı. Bu gün bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin verdiyi üstünlüklərdən faydalanırlar. Dünya təcrübəsi göstərir ki, İKT-dən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və bu texnologiyalar həm də əhalinin sosial-iqtisadi vəziyyətində mövcud problemlərin həll olunması üçün tutarlı vasitələrdəndir.
İnformasiya cəmiyyətinin əsas fəlsəfi mənası bütün insanların informasiya, bilik tələbatını ödəməkdən, onların arasında sosial kommunikasiya mühiti yaratmaqdan, bilik və düşüncələrini, istədikləri məlumatı ictimaiyyətə çatdırmaqdan ibarətdir. Onun əsas məqsədi informasiya bolluğunun yaradılması və bu prosesin köməyi ilə bir tərəfdən bəşəriyyətin qarşısında duran problemləri həll etmək, digər tərəfdən isə cəmiyyətin inkişafını təmin etməkdir. Yəni informasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur.
Bu mənada informasiya cəmiyyətinə istiqamətlənmiş yol bəşəriyyətin gələcəyinə gedən yoldur və dünyanı İKT-nin bəxş etdiyi yeniliklərsiz təsəvvür etmək qeyri-mümkündür. İKT-nin tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Müasir dövrümüzdə dünyanın bir çox dövlətlərində İKT-nin təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edir. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı cəmiyyətlər dünyanın qabaqcıl cəmiyyətləri sayılır. Belə cəmiyyətlərin əsas üstün cəhətləri İKT-nin kütləvi istifadəsi, qlobal informasiya mühitinin yaradılması və sairdir.
Müasir tələblər baxımından informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi hər bir dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının göstəricilərindəndir. Azərbaycan da bu mənada istisna deyil və informasiya cəmiyyətinin formalaşdırılması ölkəmizin məqsədlərindən biridir. Xatırladaq ki, hələ 2003-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” qəbul edildi. İKT-dən istifadə və onun genişləndirilməsi sahəsində dövlətin siyasətini əks etdirən Milli Strategiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etmək idi. Milli Strategiyanın və onun icrası ilə bağlı qəbul edilmiş rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər və 2010-2012-ci illər üçün dövlət proqramları (Elektron Azərbaycan) uğurla icra olundu. Bütün bunların nəticəsində gündəlik həyatımızda İKT-nin imkanlarından istifadə səviyyəsi əhəmiyyətli dərəcədə artdı. “Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara elektron xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan imkanların əsas məqsədi dövlət məmurları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir.
Hazırda həm dövlət orqanları, həm biznes qurumları, həm də vətəndaşların qarşılıqlı fəaliyyətində İKT-nin imkanlarından geniş şəkildə istifadə edilir. Təsadüfi deyil ki, İKT sektoru neftdən sonra ölkə iqtisadiyyatında ikinci prioritet sahə hesab olunur. 2013-cü ilin respublikamızda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də dövlətin bu sahənin inkişafına olan diqqətinin təcəssümü idi.
İKT-nin ölkə iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğu Prezident İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib. “Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində dinamik inkişaf edən ölkələr sırasındadır. Respublikamızda informasiya cəmiyyətinin əsaslarının qurulması yolunda mühüm addımlar atılır. Genişzolaqlı internet xidmətlərinin, ən yeni texnologiyaların istifadəsi və rəqəmli televiziya yayımı genişləndirilir, müasir idarəetmənin təmin olunması və şəffaflığın gücləndirilməsi üçün “elektron hökumət” quruculuğu istiqamətində ardıcıl iş aparılır. “Bir pəncərə” prinsipi üzrə təşkil edilmiş elektron xidmətlərin istifadəçilərinin sayı sürətlə artmaqdadır” - deyə dövlət başçısı bildirib.
Bütövlükdə son illər İKT sahəsində həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə ən son texnoloji yeniliklər tətbiq edilib, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılıb. Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilib. Evlərdə, iş yerlərində istifadə edilən kompüterlərin sayı artmışdır. Mobil sektor sürətlə inkişaf etmiş, 3G və 4G xidmətləri tətbiq olunub. İlk telekommunikasiya peyki “Azerspace-1” və Yer səthinin müşahidə peyki “Azersky” orbitə çıxarılıb və bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulub. İKT üzrə yüksək ixtisaslı kadr hazırlığı da genişləndirilib. “Elektron hökumət” üzrə xidmətlərin sayı və keyfiyyəti artırılıb. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin yaradılması da “Elektron hökumət”in formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Bunlarla yanaşı, Azərbaycanın təşəbbüskarı olduğu “Transavrasiya Böyük İnformasiya Magistralı” və “Avropa - Yaxın Şərq İnformasiya Magistralı” layihələri uğurla həyata keçirilir. Texnologiya parklarının yaradılması, qabaqcıl texnologiyaların təhsildə tətbiqi, istehsal və investisiyayönümlü innovativ layihələrə dövlət dəstəyi ölkədə və regionda yüksək texnologiyalar sektorunun inkişafına xidmət edir.
Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması sahəsində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi” hesabatlarında inkişaf dinamikasına görə ilk onluğa daxil olan dövlətlər sırasındadır. Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları - 2016” hesabatında Azərbaycan Respublikası “Şəbəkə hazırlığı indeksi” göstəricisinə görə 139 ölkə arasında 53-cü yerə layiq görülüb.
Prezident İlham Əliyevin 2 aprel 2014-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib. Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı da qəbul olunub. Proqramda Milli Strategiya ilə müəyyən edilmiş 8 istiqamətdən 7-si üzrə konkret tədbirlər nəzərdə tutulub.
Ölkəmizdə bu ilin əvvəlindən başlayan yeni iqtisadi islahatlar -həm də İKT-nin imkanlarından bəhrələnməklə həyata keçirilir. Məlum olduğu kimi, ölkədə fəaliyyət göstərən sahibkarların əhatə dairəsinin və istehsal imkanlarının artması onlara dövlət dəstəyi və dövlət təşviqi mexanizmlərinin təkmilləşdirilməsini, Azərbaycan mallarının beynəlxalq səviyyədə təbliği üçün yeni imkanların yaradılmasını və tətbiqini zəruri edir. Bu məqsədlə Prezident İlham Əliyev sentyabrın 21-də “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən internet portal yaradılacaq. Burada İKT-nin imkanlarından istifadə etməklə istehsalçılarla informasiya mübadiləsinin elektron şəkildə və daha operativ qaydada təşkil olunması, habelə istehsalçılar tərəfindən məlumatların portala daxil edilməsi və yenilənməsi məqsədilə “elektron kabinet” bölməsi fəaliyyət göstərəcək.
Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası” da ölkədə uzunmüddətli, uğurlu və dayanıqlı inkişafın təmin olunması üçün biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulmasının zəruriliyini müəyyən edib.
Bu məqsədə nail olmaq üçün qarşıda duran əsas vəzifələrdən biri müasir dəyərlərə və prinsiplərə əsaslanan informasiya cəmiyyətinin inkişaf etdirilməsidir. Ona görə qarşıdakı illərdə İKT infrastrukturu daha da inkişaf etdiriləcək, əhaliyə müasir elektron xidmətlərin göstərilməsi imkanları genişləndiriləcək. Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, mükəmməl qanunvericilik bazası, zəruri proqramların həyata keçirilməsi və ən əsası, ölkə rəhbərliyinin xüsusi diqqəti deməyə əsas verir ki, qısa zamanda Azərbaycan İKT sahəsinin inkişafına görə dünyanın ən qabaqcıl dövlətləri ilə bir sırada dayanacaq.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-
2016.- 16 dekabr.- S.1, 4.