Bakıda GUAM Parlament
Assambleyasının IX sessiyası
keçirilib
Dekabrın 15-də Azərbaycan Respublikası
Milli Məclisində
GUAM Parlament Assambleyasının
(PA) IX sessiyası keçirilib.
AZƏRTAC xəbər
verir ki, sessiyanı GUAM Parlament Assambleyasının sədri,
Milli Məclisin GUAM
PA-da nümayəndə
heyətinin rəhbəri
Azər Kərimli açıb. A.Kərimli əminliklə bildirib
ki, Bakı toplantısında qəbul
olunacaq qərarlar GUAM
regionunda aparılan əməkdaşlığın daha da inkişaf
etdirilməsinə, sülhün
və təhlükəsizliyin
möhkəmlənməsinə öz töhfəsini verəcək.
Tədbirdə çıxış edən
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov
GUAM-ın nüfuzunun
ildən-ilə artdığını
söyləyib. O, əminliyini bildirib ki, IX sessiyada aparılan fikir mübadiləsi, qəbul ediləcək qərarlar təşkilatın
qarşısında dayanan
vəzifələrin yerinə
yetirilməsinə kömək
edəcək. GUAM Parlament Assambleyasının
toplantısının Azərbaycanda
artıq ikinci dəfədir keçirildiyini
deyən V.Ələsgərov
bildirib ki, bu geniştərkibli toplantı təşkilatın
beynəlxalq aləmdə
nüfuzunun getdikcə
artmasının göstəricisidir.
Milli Məclis sədrinin müavini müasir dünyada parlament diplomatiyasının əhəmiyyətinin
və rolunun getdikcə artdığını
vurğulayıb. O, parlamentlərarası
əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının
ənənəvi diplomatiya
mexanizmlərini tamamlayaraq
zənginləşdirdiyini, dövlətlər arasında
mövcud olan məsələlərin həllinə,
sivilizasiyalar arasında
dialoq üçün
maneələrin aradan
qaldırılmasına səmərəli
töhfə verdiyini deyib. “Azərbaycan
Respublikasının Milli
Məclisi olaraq biz bu baxımdan GUAM Parlament Assambleyasının
əhəmiyyətini yaxşı
başa düşürük
və təşkilatın
fəaliyyətinə bundan
sonra da lazımi dəstəyi verməyə hazırıq”,
- deyə V.Ələsgərov
qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
barədə iştirakçılara
məlumat verən Milli Məclis sədrinin müavini bildirib ki, bu
münaqişənin indiyədək
həll edilməməsi
həm bölgədə
həyata keçirilən
inteqrasiya proseslərinə
mane olur, həm də beynəlxalq sülh və təhlükəsizliyi təhdid
edir. O deyib ki, GUAM dövlətlərinin
başçıları və
xarici işlər nazirləri bütün beynəlxalq tədbirlərdə
vahid mövqedən çıxış edir,
ölkələrimizin ərazisində
məlum münaqişələrlə
bağlı müxtəlif
təşəbbüslər irəli sürürlər.
“Dövlət başçılarımız dəfələrlə
bəyan ediblər ki, GUAM dövlətlərinin
ərazisində münaqişələr
yalnız ölkələrimizin
suverenliyinə, ərazi
bütövlüyünə və beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığına
riayət edilməsi əsasında həll oluna bilər. Bu vəzifənin GUAM çərçivəsində əməkdaşlığın üstün hədəflərindən
biri olduğu davamlı şəkildə
ifadə edilir. Əminik ki, göstərilən səylər
öz nəticəsini
verəcək və bütün münaqişələr
hamılıqla qəbul
edilmiş beynəlxalq
hüquq normaları və prinsipləri əsasında tez bir zamanda həll
ediləcək”, - deyə
o bildirib.
Sonra çıxış edən
Azər Kərimli Azərbaycanın GUAM PA-ya
sədrliyi barədə
söhbət açıb. Bildirib ki,
sədrlik dövründə
təşkilatın fəaliyyətinin
genişləndirilməsi ilə
bağlı Azərbaycan
tərəfi səylərini
davam etdirib. Assambleyanın hədəflərindən biri kimi beynəlxalq
əməkdaşlığın gücləndirilməsi çərçivəsində
regional və beynəlxalq
parlament təşkilatları
ilə münasibətlərin
möhkəmləndirilməsi səyləri Azərbaycanın
sədrliyi ilə davam etdirilib. O deyib: “İl ərzində müxtəlif
beynəlxalq forumlardakı
fəal iştirakımız,
xarici tərəfdaşlarla
apardığımız fikir
mübadilələri və
nəhayət, nüfuzlu
qurumların Bakı sessiyasına qatılması
onu deməyə əsas verir ki, GUAM Parlament Assambleyası öz beynəlxalq fəaliyyətini
bundan sonra da genişləndirmək əzmindədir. GUAM PA-nın
gündəliyində duran
mədəniyyət məsələsi
də bu il diqqət
mərkəzində olub.
Belə ki, bu ilin may ayında
Ukraynada təşkil edilmiş beynəlxalq incəsənət festivalında
GUAM-a üzv dövlətlər də təmsil olunub. Azərbaycan dünyada artıq sülh və əməkdaşlıq modeli
kimi tanınır.
Belə bir müsbət imicin formalaşmasında ölkə rəhbərliyinin
praqmatik xarici siyasəti müstəsna rol oynayır. Respublikada bir çox sahələrdə müşahidə
olunan inkişaf, demokratik islahatların davam etdirilməsi, dövlətimizin ümumi
strateji inkişaf kursunun prioritet xətt kimi nəzərdən keçirilməsi
Azərbaycanı qlobal
əhəmiyyətli tədbirlərin
mərkəzinə çevirib.
Azərbaycan nəinki yerləşdiyi
regionun, həmçinin
Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində mühüm
rola malikdir”.
Sessiyada çıxış edən
Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov GUAM-ın üzv ölkələrin əməkdaşlığı
üçün vacib
platformaya çevrildiyini
vurğulayıb. Nazir qeyd edib ki, GUAM təşkilatı
üzv ölkələrin
ərazisində münaqişələrin
həlli məsələsində
səylərin birləşdirilməsi
üçün vacib
rol oynayır. Belə ki, GUAM-a üzv ölkələr
- Ukrayna, Gürcüstan,
Azərbaycan və
Moldova oxşar problemlərlə
üzləşiblər.
GUAM-ın
nüfuzunun gündən-günə
artdığını deyən
nazir bu məsələdə əməkdaşlığın
effektiv olacağını
bildirib. Qeyd edib ki, üzv dövlətlər
əlaqələri gücləndirmək
üçün ilk növbədə
müstəqillik və
suverenliyini möhkəmləndirməlidir,
məruz qaldığı
işğal faktından
qurtulmalıdır. GUAM-a üzv olan
dörd ölkə demək olar ki, oxşar problemlərdən əziyyət
çəkir. Bunun üçün
də əməkdaşlıq
daha da gücləndirilməlidir.
Bütün bunlar
GUAM-a üzv ölkələrin inkişafına
və əhalisinin firavan həyatının təmin olunmasına gətirib çıxaracaq.
Nazir deyib: “GUAM-a üzv olan
dövlətlərin ərazi
bütövlüyünün pozulması ilə bağlı Azərbaycanın
müvafiq bəyanatları
mövcuddur. Biz beynəlxalq hüququn tələblərinə uyğun
olaraq ərazi bütövlüyü çərçivəsində
ölkələrin sərhədlərini
tanıyırıq. Bu
istiqamətdə səylərimizi
davam etdirəcəyik.
Azərbaycan bu mövqeyi
həm Gürcüstan,
həm də Ukrayna ilə bağlı bəyan edib. Bu prinsipə
qarşılıqlı olaraq
GUAM-ın üzvü
olan dörd dövlət hər zaman əməl etməlidir. Biz bu məsələləri
beynəlxalq tədbirlərdə
də qaldıracağıq.
Bu, real siyasətdir”.
Elmar Məmmədyarov GUAM üzvlərinin
BMT Baş Assambleyasında
həlli uzanan münaqişələr üzrə
qətnamə layihəsinin
irəli sürülməsi
ilə bağlı səyləri artırmasının
vacibliyinə diqqət
çəkib. Qeyd edib ki, ölkələrin təhlükəsizliyinin
və suverenliyinin təmin olunması, beynəlxalq səviyyədə
tanınan sərhədlər
çərçivəsində ərazi bütövlüyünün
bərpası, həmçinin
enerji təhlükəsizliyi,
beynəlxalq nəqliyyat
dəhlizi və multikulturalizm məsələləri
böyük əhəmiyyət
kəsb edir. Eyni zamanda, iqtisadi və regional təhlükəsizlik
məsələlərinə də xüsusi əhəmiyyət verməliyik.
BMT Baş Assambleyasının
münaqişələrlə bağlı xüsusi bəndi mövcuddur.
Ona görə də biz hər zaman BMT-də üzləşdiyimiz
münaqişələrlə bağlı həmin bəndə istinad edib məsələ qaldırırıq. Çünki
GUAM-a üzv olan ölkələrin hər birində ərazi bütövlüyünü
təhdid edən münaqişələr mövcuddur.
Biz sərhədlərin və ərazi bütövlüyünün pozulması,
qaçqın problemləri
ilə üzləşmişik.
Bununla bağlı birgə bəyanat vermişik.
Bu kimi məsələlərlə
bağlı GUAM-a üzv dövlətlərin
birgə addımları
çox önəmlidir.
Daha sonra çıxış
edən GUAM-ın baş katibi Altay Əfəndiyev bildirib ki, GUAM getdikcə daha cəlbedici təşkilata çevrilib. O, GUAM ərazisində
mövcud olan münaqişələrin həlli
istiqamətində səylərin
birləşdirilməsinin və
müasir dünyada ölkələrin üzləşdikləri
təhlükələrin qarşısının
alınmasının vacibliyini
vurğulayıb.
“GUAM regional təşkilat
olaraq siyasi platformaya malikdir və bu təşkilat
çərçivəsində üzv ölkələr bir çox məsələlərdə, xüsusilə
də digər ölkələr tərəfindən
üzv ölkələrin
ərazilərinin işğal
olunması faktı ilə bağlı vahid mövqedən çıxış etməlidirlər”,
- deyə A.Əfəndiyev
əlavə edib.
Sonra GUAM PA-da Gürcüstan parlament nümayəndə heyətini təmsil edən Kaxaber Kutçava, Moldova parlament nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən Anatolie Zaqorodniy, Ukrayna Ali Radası nümayəndə heyətinin rəhbəri Anatoli Matviyenko, Baltik Assambleyasının prezidenti Yanis Vutsans, Çexiya parlamenti Deputatlar Palatası sədrinin müavini Voytex Filip, Polşa Seyminin xarici əlaqələr komitəsinin sədr müavini Malqojata Qasievska, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, TürkPA-nın baş katibi Jandos Asanov GUAM Parlament Assambleyası çərçivəsində həyata keçirilməsi vacib olan məsələləri diqqətə çatdırıblar. Bildirilib ki, GUAM PA siyasi və iqtisadi sahələrdə problemlərin həlli üçün əlavə platforma rolunu oynayır və bu platformadan səmərəli şəkildə istifadə olunmalıdır.
Nahar fasiləsindən sonra sessiyada Milli Məclisin deputatları Qüdrət Həsənquliyevin, Əli Məsimlinin və millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin “Parlamentlərarası əməkdaşlıq regional təhlükəsizliyin möhkəmləndirilməsində vasitə kimi”, “Regionda nəqliyyat layihələrinin reallaşdırılmasında GUAM-a üzv dövlətlərin parlamentlərinin rolu”, “Multikulturalizm zamanın zəruri inkişaf meyli kimi: parlament ölçüsü” mövzularında məruzələri dinlənilib, bu mövzularda müzakirələr aparılıb. Müzakirələrin sonunda yekun sənədlər qəbul olunub.
Azərbaycan.- 2016.- 16 dekabr.- S.5.