AZƏRTAC IV İslam Həmrəyliyi
Oyunlarının rəsmi media tərəfdaşı
olub
Dekabrın 15-də Azərbaycan
Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat
Komitəsi (AİSGOC) arasında rəsmi media tərəfdaşlığı
haqqında müqavilə imzalanıb.
Müqaviləni AZƏRTAC-ın
Baş direktoru Aslan Aslanov və AİSGOC-un korporativ direktoru
Elçin Səfərov imzalayıblar.
Əməkdaşlıq müqaviləsinə əsasən, AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının loqosunu və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Rəsmi Xəbər Agentliyi” nişanını öz xəbərlərində, foto və videomateriallarında istifadə etmək və yayımlamaq hüququ əldə edir. AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə işıqlandırmaq və təbliğ etmək üçün təcrübəli idman jurnalistlərini, həmçinin fotomüxbir və operatorlarını cəlb edəcək. Agentliyin Oyunlarla bağlı informasiyaları oxuculara 7 dildə, videoxəbərləri isə Azərbaycan və ingilis dillərində təqdim olunacaq. Oyunlarla bağlı bütün xəbərlər AZƏRTAC-ın saytında “Bakı-2017” bölməsində yerləşdiriləcək. Eyni zamanda, AZƏRTAC yarışlarda iştirak edən yerli və xarici idmançılar haqqında materiallar, yarışlardan reportajlar hazırlayacaq.
İmzalanma mərasimindən sonra AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və AİSGOC-un korporativ direktoru Elçin Səfərov mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.
Baş direktor Aslan Aslanov müqavilənin imzalanmasının agentliyin həyatında daha bir əlamətdar hadisə olduğunu bildirərək deyib: “AZƏRTAC ilə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi arasında imzalanan müqavilə yüksək qiymətə layiqdir. Biz bu tərəfdaşlıq müqaviləsinin imzalanmasından böyük məmnunluq duyur və buna görə Əməliyyat Komitəsinin rəhbərliyinə, agentliyimizlə yaxından əməkdaşlıq edən Gənclər və İdman Nazirliyinə, xüsusən nazir Azad Rəhimova dərin minnətdarlığımı bildirirəm”.
Son illər Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etdiyini vurğulayan Aslan Aslanov qeyd edib ki, AZƏRTAC həmin yarışları, o cümlədən ötən il dünya idman tarixində ilk dəfə keçirilən birinci Avropa Oyunlarını, bu ilin iyununda Formula-1 Avropa Qran-prisini, sentyabrda 42-ci Ümumdünya Şahmat Olimpiadasını yüksək səviyyədə işıqlandırıb və bu sahədə lazımi təcrübə toplayıb. Təsadüfi deyil ki, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin rəhbər şəxsləri də Oyunların yüksək səviyyədə işıqlandırılmasında AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndiriblər. İslam Həmrəyliyi Oyunları da mühüm idman hadisəsidir. Bu Oyunlarda dünyanın 50-dən çox İslam ölkəsindən 4 minədək idmançı mübarizə aparacaq. AZƏRTAC bu idman tədbirinin də yüksək səviyyədə işıqlandırılması üçün əlindən gələni edəcək.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu müasir müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində əldə etdiyi uğurların dünyaya çatdırılmasının AZƏRTAC-ın əsas missiyası olduğunu vurğulayan Baş direktor bildirib ki, agentlik bu gün 7 dildə informasiya və 5 dildə videomaterial hazırlayaraq öz kanalları ilə dünyanın hər yerinə yayır. Eyni zamanda, 130-dan çox xarici xəbər agentliyi ilə informasiya mübadiləsi aparır, dünyanın ən böyük media alyanslarında yüksək səviyyədə təmsil olunur. AZƏRTAC-ın həyatında ən böyük uğurlardan biri ötən ay beynəlxalq aləmdə çox nüfuzlu media toplantıları kimi qəbul edilən Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının – OANA-nın XVI Baş Assambleyasına ev sahibliyi etməsi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi ilə keçirilən bu tədbirlərin əhəmiyyətini göstərmək üçün təkcə bir faktı demək kifayətdir: Konqresin tarixində ilk dəfə idi ki, dünyanın bütün qitələrindən - 80 ölkədən 130 xəbər agentliyini təmsil edən 200 nümayəndə iştirak edirdi. Həmin toplantılarda Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik AZƏRTAC-a keçdi.
“Biz
hazırda həmin təşkilatların saytlarını da idarə edirik. Bu, daha bir mühüm
xəbər resursudur. OANA-da dünyanın 35 ölkəsindən 44 nüfuzlu
informasiya agentliyi təmsil olunur. Dünya üzrə ümumi xəbər axınının
təxminən üçdə
ikisi bu təşkilatın üzvü
olan agentliklərin payına düşür.
OANA-ya üzv ölkələrin ictimai,
siyasi, mədəni, idman həyatında baş verən ən mühüm yeniliklər barədə xəbərlər, foto və videomateriallar gün ərzində bu qurumun saytında
yerləşdirilir”, - deyə
Baş direktor bildirib.
AZƏRTAC-ın
xarici ölkələrdəki
müxbir şəbəkələrinin
coğrafiyasının da
ildən-ilə genişləndiyini
qeyd edən baş direktor deyib ki, hazırda
agentliyin 21 ölkədə
müxbir məntəqələri
fəaliyyət göstərir. AZƏRTAC-ın sahib olduğu bütün bu imkanlar və resurslar IV İslam Həmrəylik Oyunlarının
dünya miqyasında geniş təbliği işində mühüm rol oynayacaq, bununla bağlı xəbərlərin daha böyük məkanda yayılmasına şərait
yaradacaq.
Genişmiqyaslı idman tədbirlərinin təbliğində medianın
mühüm rol oynadığını vurğulayan
IV İslam Həmrəyliyi
Oyunları Əməliyyat
Komitəsinin korporativ
direktoru Elçin Səfərov Azərbaycanda
və dünyada etibarlı xəbər mənbəyi kimi tanınan AZƏRTAC-ın
“Bakı-2017” IV İslam Həmrəyliyi
Oyunlarının rəsmi
media tərəfdaşı olmasından məmnunluğunu
ifadə edib. “Bu əməkdaşlıq
“Bakı-2017”nin işıqlandırılması
ilə yanaşı, Oyunların Azərbaycana verəcəyi faydaların
təbliği baxımından
da möhtəşəm
platforma olacaq”, - deyə Elçin Səfərov vurğulayıb.
Yerli mətbuat qurumları ilə ilk tərəfdaşlıq
müqaviləsinin AZƏRTAC ilə imzalandığını
diqqətə çatdıran
Elçin Səfərov
bildirib ki, AİSGOC bununla istər yerli, istərsə də beynəlxalq mediaya çıxış
əldə edir. Bu gün IV İslam Həmrəyliyi Oyunlarına
geniş hazırlıq
işləri görülür.
Yarışların və tədbirlərin
keçiriləcəyi məkanlar,
nəqliyyat və digər məsələlərlə
bağlı məlumatların
cəmiyyətə çatdırılmasında
mətbuatın, xüsusən
media tərəfdaşının rolu mühüm əhəmiyyətə malikdir.
Bu günədək
Azərbaycanda təşkil
olunan böyük idman və konsert
tədbirlərində könüllülərin
xidmətindən geniş
istifadə olunduğunu
qeyd edən Elçin Səfərov deyib: “Biz açılış
və bağlanış
mərasimi üçün
könüllülərin qeydiyyatını
aparmışıq. Bu, təxminən 4400-dən artıq
könüllü deməkdir.
Bundan başqa, əməliyyat könüllüləri olmaq
istəyən 12 mindən
çox gənc qeydiyyatdan keçib.
Sevindirici haldır ki,
onların 75 faizi birinci Avropa Oyunlarında iştirak etmiş, 25 faizi isə yeni könüllülərdir.
Qeydiyyatdan sonra onların
hər biri ilə fərdi müsahibə olacaq.
Daha sonra onların bacarığına, dünyagörüşünə
uyğun olaraq, 16 idman obyektində və 9 qeyri-idman obyektində könüllülərin
xidmətindən istifadə
edəcəyik”.
IV İslam Həmrəyliyi Oyunlarının
başlanmasına 150 gündən
az vaxt
qaldığını bildirən
Əməliyyat Komitəsinin
korporativ direktoru məlumat verib ki, hazırlıq işləri plana uyğun gedir. Birinci Avropa Oyunlarından Azərbaycana çoxlu idman qurğuları qalıb. Yarışların keçiriləcəyi 16 idman obyektindən 9-u birinci Avropa Oyunlarında istifadə olunub. Qalan obyektlərdə təftiş işləri
aparılır və onlar da tezliklə
yarışlara hazır
vəziyyətə gətiriləcək.
İdmanın xalqlar arasında körpü rolunu oynadığını
diqqətə çatdıran
Elçin Səfərov
IV İslam Həmrəyliyi
Oyunlarının ölkəmizin
tarixini, mədəniyyətini,
qədim ənənələrini
təbliğ etmək
baxımından əla
imkan olduğunu bildirib. O, Oyunların ölkə
iqtisadiyyatına, turizminə, mədəni həyatına
müsbət impuls verəcəyinə əminliyini
ifadə edib.
Azərbaycan.-
2016.- 16 dekabr.- S.7.