Azərbaycan səfirliyi əsas yəhudi təşkilatları ilə birgə Vaşinqtonda tolerantlıq və müxtəliflik bayramı qeyd edib

 

Vaşinqton şəhərində Azərbaycanın ABŞ-dakı səfirliyi və yəhudi icmasının nüfuzlu Amerikanın Əsas Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının birgə təşkilatçılığı ilə dini azadlıq və müxtəliflik rəmzi hesab edilən Hanukkah bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirin məqsədi müxtəlif dini inancları olan xalqların həmrəyliyinin birgə qeyd edilməsi olub.

Tədbirdə ABŞ Konqresinin üzvləri, tanınmış ictimai xadimlər, Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tanınmış yəhudi təşkilatlarının rəhbərləri, eləcə də Azərbaycan və yəhudi icmalarının təmsilçiləri iştirak ediblər.

Səfir Elin Süleymanov tədbirdə çıxış edərək Azərbaycan səfirliyinin yəhudi təşkilatı ilə birgə keçirdiyi tədbirdə Fələstin səfirinin ilk dəfə iştirakını mühüm addım kimi qiymətləndirib. O, Fələstin və yəhudi xalqlarının tezliklə sülh şəraitində ləyaqətlə yaşamasına ümidini ifadə edib.

Elin Süleymanov ölkəmizdə tolerantlıq və multikulturalizm, habelə müxtəlif xalqların və dini icmaların dinc şəraitdə birgəyaşayış ənənələri barədə danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinə istinadən ölkəmizin Qərblə Şərq arasında həm coğrafi, həm də mənəvi körpü rolu oynadığını vurğulayıb. Səfir bu günlərdə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana etdiyi səfərə toxunub, Prezident İlham Əliyevin onunla uğurlu görüşünü, iki dövlət arasında sənədlərin imzalandığını, Baş nazirin Bakıda yəhudi məktəbində şagirdlərlə görüşdüyünü və həmin görüşdə onun Azərbaycanı sevdiyi ilə bağlı fikir səsləndirdiyini xatırladıb. Bunların bir daha praktikada Azərbaycanın tolerantlıq və multikulturalizm dəyərlərinə sadiqliyinin təcəssümü olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Amerikanın Əsas Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının

sədr müavini, yəhudi icmasının tanınmış liderlərindən biri Malkolm Hoenlein Azərbaycandakı zəngin tolerantlıq və multikulturalizm ənənələrindən danışıb, Azərbaycanın bu tədbirin təşkilatçılarından biri olmasını bunun göstəricisi kimi qiymətləndirib. O, yəhudi icmasının nümayəndəsi kimi Azərbaycanda olarkən hər zaman yaxınlıq hiss etdiyini və Azərbaycanla İsrail arasında sıx münasibətlərin olduğunu deyib.

İsrailin ABŞ-dakı səfiri Ron Dermer çıxışında dini azadlığın və müxtəlifliyin qorunmasının vacibliyini qeyd edib, Azərbaycanın bu xüsusda nümunəvi rolunu vurğulayıb. O, Azərbaycan tərəfinin AƏYTPK ilə birgə bu tədbiri təşkil etməsini bunun bariz göstəricisi kimi dəyərləndirib. Səfir Baş nazir Benyamin Netanyahunun Azərbaycana səfərini İsrail və müsəlman ölkələri arasında uğurlu əməkdaşlığın nümunəsi adlandırıb.

Amerikanın Əsas Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının sədri Stefen Qrinberq və sədr müavini Malkolm Hoenlein bu yaxınlarda İsraildə baş vermiş genişmiqyaslı yanğınların söndürülməsində iştirak etmiş ölkələrin, o cümlədən Fələstin Azadlıq Təşkilatının, Rusiya və Türkiyənin səfirlərini mükafatlandırıb.

Tədbirdə müxtəlif xalqların həmrəyliyinin təcəssümü olaraq xarici dövlətlərin səfirliklərinin nümayəndələri, o cümlədən Azərbaycan, İsrail, Türkiyə, Rusiya, Bolqarıstan, Çexiya və Tacikistanın, Fələstin Azadlıq Təşkilatının səfirləri həmrəylik cərgəsinə qoşulublar. İsrail və Fələstin Azadlıq Təşkilatının səfirlərinin cərgədə yanaşı durmaları bu həmrəyliyin təcəssümü olub.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlara dünya mətbəxi nümunələrindən ibarət ziyafət verilib. Həmrəylik və bərabərlik mesajını gücləndirmək üçün tədbir Vaşinqtondakı “Trump International HOTEL”in quldarlığı ləğv etmiş ABŞ prezidenti Linkolnun adına zalda keçirilib.

Bir daha vurğulanmalıdır ki, Azərbaycan tərəfinin AƏYTPK ilə birgə təşkil etdiyi bu tədbirdə İsraildə baş vermiş yanğınların söndürülməsində iştirak etmiş xarici dövlətlərin nümayəndələri mükafatlandırılıb, habelə İsrail və Fələstin səfirləri həmrəylik nümayiş etdiriblər. Bu da Azərbaycanın dünyada tolerantlıq, multikulturalizm ənənələrinə sadiqliyinin daha çox tanınmasının göstəricisidir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 16 dekabr.- S.8.