Gürcüstan Azərbaycanla strateji
tərəfdaşlığa sadiqdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, ilk rəsmi səfərini Azərbaycana etməsini ölkələrimiz arasında yaxın münasibətlərin təzahürü kimi dəyərləndirən Levan İzoria ikitərəfli əməkdaşlığımızın inkişafında mühüm rol oynamış xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi. Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyini bildirən nazir Azərbaycanın da öz növbəsində Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Gürcüstanın müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasının vacibliyini vurğulayaraq bildirdi ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir. Levan İzoria ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğuladı.
Gürcüstanın
müdafiə nazirinin ilk
rəsmi səfərini Azərbaycana etməsinin ölkələrimiz
arasında münasibətlərin yaxşı göstəricisi
olduğunu deyən Prezident
İlham Əliyev strateji
dostluq əlaqələrinin müxtəlif
istiqamətlərdə, o cümlədən
təhlükəsizlik sahəsində uğurlu inkişafından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü
daim dəstəkləyib. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
toxunan dövlətimizin
başçısı qeyd etdi ki, Minsk
qrupunun həmsədr ölkələri dəfələrlə
status-kvonun qəbuledilməzliyini və onun dəyişilməsinin vacibliyini
bəyan ediblər və bu, münaqişənin
nizama salınmasının əsasını
təşkil etməlidir. Prezident İlham Əliyev ölkələrimizin
müdafiə nazirlikləri arasında əməkdaşlığın
bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar
olduğunu bildirdi.
Azərbaycan.-2016.-
17 dekabr.- S.1.