Azərbaycan strateji baxımdan
ABŞ üçün çox
əhəmiyyətli ölkədir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dekabrın 16-da ABŞ-ın nəqliyyat
komandanı general Darren MakDyunun başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyunun Azərbaycana səfərinin ölkələrimiz arasında müdafiə sahəsində, xüsusilə nəqliyyat komandanlığı ilə yaxşı tarixə malik əməkdaşlığın möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev ABŞ-ın nəqliyyat komandanlığı ilə sıx təmasların və əməkdaşlıq əlaqələrinin olduğunu qeyd etdi, general Darren MakDyunun səfəri zamanı görülmüş işlərin nəzərdən keçirilməsinin və gələcək planların müzakirəsinin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində etibarlı tərəfdaş olduğunu bildirdi.
Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin Əfqanıstanda sülhyaratma missiyasında ilk iştirak edənlərdən olduqlarını və 15 ildir orada fəaliyyət göstərdiklərini vurğulayaraq bunun Azərbaycan-ABŞ və Azərbaycan-NATO əməkdaşlığının əhəmiyyətli hissəsi olduğunu dedi. Əfqanıstana həsr olunan NATO Sammitində iştirakına toxunan dövlətimizin başçısı bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev son illərdə Azərbaycan ilə Əfqanıstan arasında çox uğurlu əməkdaşlıq həyata keçirildiyini qeyd edərək Əfqanıstan Prezidentinin iki dəfə ölkəmizə səfər etdiyini, onunla görüşlər keçirdiyini və ölkələrimiz arasında çox yaxşı işgüzar əlaqələrin qurulduğunu bildirdi.
ABŞ-ın nəqliyyat
komandanı general Darren
MakDyu Azərbaycanın strateji
baxımdan çox əhəmiyyətli bir ölkə olduğunu qeyd etdi. O, güclü əməkdaşlıq əlaqələrinə
görə Prezident İlham
Əliyevə minnətdarlıq edərək bunun
təkcə öz ölkəsi üçün deyil,
Əfqanıstana dəstək verən bütün
ölkələr üçün mühüm əhəmiyyət
daşıdığını dedi.
General Darren MakDyu
Əfqanıstana Qətiyyətli Dəstək
Missiyasının komandanının Prezident
İlham Əliyevə Azərbaycan hərbçilərinin
Əfqanıstanda iştirakına və eləcə də hərbçilərimizin
peşəkar xidmət göstərdiklərinə görə
təşəkkürünü çatdırdı.
Azərbaycan.-
2016.- 17 dekabr.- S.2.