Azərbaycanın müdafiə sənayesi ən müasir, modern və təkmil
inkişaf səviyyəsindədir
Aprel döyüşlərində düşmənin
canlı qüvvəsinin və döyüş
texnikalarının məhv edilməsində Azərbaycan
istehsalı olan hərbi təyinatlı məhsullar
mühüm rol
oynadı
XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan ötən 25 ildə şərəfli yol keçərək inkişaf edən ölkə kimi beynəlxalq münasibətlər sistemində özünün layiqli yerini tutub. Ulu öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan bütün çətinlikləri arxada qoyaraq iqtisadi inkişafın, beynəlxalq aləmdə nüfuzunun artması ilə tərəqqi dövrünə qədəm qoymuşdur.
Düşmənin hədəflərinin dəqiq müəyyənləşdirilərək
məhv edilməsi öz
istehsalımız olan müasir
növ pilotsuz uçuş aparatları vasitəsilə həyata
keçirildi
Dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, regionda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi bir dövrdə ölkəmizdə sabitlik qorunub saxlanılır, iqtisadi islahatlar getdikcə dərinləşir. Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli daxili və xarici siyasəti nəticəsində ölkədə siyasi, iqtisadi və hərbi sahədə böyük uğurlar əldə edilir. Hər bir ölkədə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran hədəflərin düzgün müəyyən edilməsidir. Əminliklə qeyd etmək olar ki, müstəqil Azərbaycanın son illər ictimai həyatın bütün sahələrində əldə etdiyi uğurlar konkret məqsədlərə yönəlmiş çevik iqtisadi siyasətin nəticəsidir. Fərəhləndirici haldır ki, aparılan islahatlar artıq öz bəhrəsini verməkdədir. Digər sahələrlə yanaşı, ordu quruculuğunda da islahatlar aparılır, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Bu gün Azərbaycan Ordusu regionda ən güclü ordular sırasındadır.
Ermənistanla təmas xəttində üstünlüyü əldə edən və düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunu aprel döyüşləri bir daha sübut etdi.
Cari ilin aprelində cəbhə xəttində erməni təxribatına cavab olaraq sarsıdıcı zərbələr endirməsi, düşmən tapdağında olan bir neçə yüksəkliyi azad etməsi Azərbaycan Ordusunun gücünün göstəricisi kimi dəyərləndirilməklə yanaşı, illərdir davam edən münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda müşahidə olunan canlanma problemin ədalətli həlli istiqamətində irəliləyiş gözləntisi də yaratdı.
Aprel döyüşləri zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində qeyd etdiyimiz kimi, Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynamışdır. Döyüşlərdə MSN-in müəssisələrində istehsal olunan silah və sursatlardan -tank əleyhinə qumbaraatanlar, minaatanlar və onların döyüş sursatları, snayper tüfəngi, universal pulemyotlar, o cümlədən AK74M tipli avtomat silahlar, müxtəlif çaplı patronlar və digər döyüş sursatları düşmənə qarşı tətbiq olunmuşdur. Eyni zamanda, düşmənin hədəflərinin dəqiq müəyyən edilib, məhv edilməsi ölkədə istehsal olunan müasir növ pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilmişdir.
Müdafiə təyinatlı məmulatların həcmində
1,6 dəfə, çeşid sayında isə
1,8 dəfə artım var
Müdafiə Sənayesi Nazirliyinin qarşısına mühüm vəzifələr qoyulmuşdur. Ölkənin müdafiə qüdrətinin yüksəldilməsi məqsədilə bir sıra yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi istiqamətində intensiv işlər aparılmışdır. Belə ki, ötən illərdən icrasına başlanılmış tikinti işləri başa çatdırılmış və istismara verilməsi nəzərdə tutulan 7 istehsalat müəssisəsində kompleks tamamlanma işlərinin yaxın zamanlarda başa çatdırılması planlaşdırılır. Qeyd olunan istehsal müəssisələri lazım olan müasir texnoloji avadanlıqlarla təchiz edilmiş və eləcə də inkişaf etmiş ölkələrin şirkət və firmalarından alınmış dəzgah, xüsusi cihaz və alətlərlə komplektləşdirilmişdir.
Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən verilmiş sifarişə uyğun olaraq müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası üzrə müqavilələr bağlanmışdır. Cari ilin 11 ayının yekunlarına görə, respublikanın güc strukturlarına ümumilikdə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə, çeşid sayında isə 1,8 dəfə artım olmuşdur.
Cari ildə ilk dəfə seriyalı istehsalına başlanılmış məhsullar sırasında xüsusi təyinatlı “Yalquzaq” snayper tüfəngi, 40 mm-lik tank əleyhinə əl qumbaraatanı üçün PG-7V tipli qumbara, 6 və 24 yerli UST-56 tipli cadır, M-6 və M-12 tipli mina partladıcılar və s. var.
Bu il ümumi məhsul istehsalının həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artım əldə olunmuşdur. İstehsal olunan məhsulun 85 faizini müdafiə və xüsusi, 15 faizini isə mülki təyinatlı məhsul təşkil edir.
Tabeli müəssisələrdə müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi və istehsalı istiqamətində də məqsədyönlü işlər aparılır. Cari ildə mülki məhsulların istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artmışdır. Yeni növ mülki məhsulların istehsalı istiqamətində aparılmış işlər öz bəhrəsini verməkdədir. Belə ki, regionlarda suya olan tələbatı ödəmək məqsədi ilə “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” səhmdar cəmiyyətlərinin sifarişləri əsasında “Dalma” tipli dərinlik su nasoslarının sınaq nümunələri hazırlanmış və onların seriyalı istehsalına başlanmışdır.
“Tufan”, “İldırım” və
“Qasırğa” milli zirehli
maşınları, “İstiqlal”, xüsusi təyinatlı “Yalquzaq”,
“Mizrak” raket sistemi...
2016-cı ildə müdafiə sifarişində yaradılma bölməsi üzrə 115 mövzu üzrə 198 mərhələnin yerinə yetirilməsi nəzərdə tutulmuş və bu sahədə işlər uğurla davam etdirilir. Nazirliyin tabeli müəssisələri tərəfindən 37 mərhələ yerinə yetirilmiş, o cümlədən TA-57 tipli səhra telefon aparatının yaradılma işləri tam başa çatdırılmış və silahlanmaya tövsiyə olunmuşdur. Digər mərhələlərin yerinə yetirilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda, xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin yaradılması işləri başa çatdırılmış və istehsal edilərək sifarişçilərə təhvil verilmişdir.
Cari ildə xüsusi təyinatlı hücum pulemyotunun, avtomat qumbaraatan kompleksinin, “İstiqlal-1T” snayper tüfənginin, soyuq atış kollimatorunun, avtomatik topun, artilleriya və tank topları üçün atəş yığımlarının, tank əleyhinə qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının və s. məmulatların müvafiq sınaqlarına başlanılmış və həmin məmulatların istehsalının mənimsənilməsi istiqamətində işlər davam edir.
Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda 2016-cı ildə 30 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilmişdir. Əsas mövzulardan müxtəlif növ təlim və döyüş aviasiya bombalarının, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi sisteminin, orta və uzaq mənzilli raket sistemlərinin və s. yaradılmasını qeyd etmək olar.
Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) 2016-cı ildə Silahlı Qüvvələrin sifarışləri əsasında müxtəlif sahələri əhatə edən 33 mövzu üzrə elmi-tədqiqat işləri aparılır. İlk növbədə, əsas diqqət müxtəlif növ döyüş modulları ilə təchiz edilmiş “Tufan” milli zirehli nəqliyyat vasitəsinin yaradılmasına yönəldilmişdir. Eyni zamanda, “İldırım” və “Qasırğa” zirehli maşınlarının ilkin nümunələri hazırlanıb “ADEX-2016” II Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilmişdir. Digər yeni layihə BRDM-2M zirehli transportyorun üzərində orta mənzilli “Mizrak” tipli tank əleyhinə idarə olunan raket sisteminin quraşdırılmasıdır. Bu döyüş maşını da qısa müddət ərzində Silahlı Qüvvələrin ixtiyarına veriləcəkdir.
10-dan çox ölkəyə Azərbaycan
istehsalı olan müdafiə təyinatlı
məmulatlar ixrac edilir
Ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə başlanılmışdır. Artıq nazirliyin müəssisələri beynəlxalq bazarlara çıxaraq müxtəlif tenderlərin qalibi olmuşdur. Bu da öz növbəsində istehsal olunan məmulatların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edən əsas şərtlərdəndir. Nəticədə müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanmış və onların icrasına başlanılmışdır. İxrac edilən məmulatlar sırasında bütün növ döyüş sursatlarını, müasir atıcı silahları, pilotsuz uçuş aparatlarını və s. göstərmək olar. Bu gün 10-dan çox ölkəyə Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatlar ixrac edilir. Növbəti illərdə də ixrac imkanlarını genişləndirmək məqsədilə yeni bazarlar axtarılması istiqamətində tədbirlər görüləcəkdir.
İxrac sahəsində əldə olunan uğurlar Müdafiə Sənayesi Nazirliyinin mütəmadi olaraq beynəlxalq müdafiə sərgilərinə qatılmasının və aparılan məqsədyönlü danışıqların nəticəsidir. Qısa müddət ərzində sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi tabeli müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatları beynəlxalq sərgilərdə nümayiş etdirməklə yanaşı, böyük təcrübə toplayaraq Azərbaycanda 2014 və 2016-cı illərdə “ADEX” adı altında beynəlxalq müdafiə sərgilərinin keçirilməsinin təşkilatçısına cevrildi. Azərbaycan iki dəfə beynəlxalq müdafiə sərgisinə evsahibliyi etdi. Keçirilən sərgilərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar Azərbaycan brendi kimi nümayiş etdirildi. Təşkil olunan sərgilərdə nümayiş etdirilən məmulatlar xarici və yerli nümayəndə heyətləri, eləcə də sadə xalq tərəfindən böyük maraqla qarşılandı.
“ADEX-2016” sərgisində 260 adda
“Made in Azerbaijan” məmulatı nümayiş etdirildi
Sonuncu sərgidə
- sentyabrın 27-dən 30-dək Bakıda keçirilən
“ADEX-2016” II Azərbaycan Beynəlxalq
müdafiə sərgisində
dünyanın 44 ölkəsindən
250-yə yaxın şirkət
və rəsmi nümayəndə heyəti
iştirak edirdi. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində
yaradılan və istehsal olunan və ilk dəfə
“ADEX-2016” sərgisində nümayiş
etdirilən məmulatlardan
mina əleyhinə “İldırım”
və “Qasırğa”
zirehli maşınlarını,
pilotsuz uçuş aparatların ən yeni tipli təkmilləşdirilmiş
variantlarını, yeni
növ atıcı silahları, tank əleyhinə
idarə olunan raketlə təchiz edilmiş “Gürzə” nəzarət patrul maşınını, döyüş
sursatları və onların partladıcı
başlıqlarını və
s. göstərmək olar.
İki il öncə keçirilən
“ADEX-2014” sərgisində Müdafiə
Sənayesi Nazirliyi tərəfindən 168 adda
məmulat nümayiş
etdirildiyi halda, sentyabrda keçirilən
“ADEX-2016” sərgisində 260 adda məmulat nümayiş etdirildi. Sərginin keçirildiyi günlərdə
hərbi-texniki əməkdaşlığın
müxtəlif istiqamətləri
üzrə razılaşmalar
əldə olunmuş,
bir sıra layihələrin reallaşdırılması
ilə bağlı fikir mübadilələri
aparılmışdır. Eyni zamanda, məmulatların ixracı üzrə
memorandum və niyyət
protokolları imzalanmışdır.
Yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları Azərbaycanın hərbi
arsenalını daha da gücləndirəcək
Ölkə rəhbəri
İlham Əliyevin xüsusi tapşırığına
əsasən, qısa
müddət ərzində
Müdafiə Sənayesi
Nazirliyinin müəssisələrində
yaradılmış yeni
növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə
xarakterli pilotsuz uçuş aparatlarının
sınaqları uğurla
başa çatdırılmış
və sentyabrın
21-də respublika Prezidenti
Ali Baş Komandanın
iştirakı ilə
təqdimatı keçirilmişdir.
Eyni zamanda, bu məmulat
“ADEX-2016” sərgisində də
nümayiş etdirilmiş
və böyük maraqla qarşılanmışdır.
Azərbaycan Silahlı Qüvvələrini
yeni növ “Zərbə” pilotsuz uçuş aparatları ilə təmin etmək üçün yaxın vaxtlarda bu məmulatın seriyalı istehsalına başlanılacaqdır. Bununla bağlı
Müdafiə Sənayesi
Nazirliyi ilə Müdafiə Nazirliyi arasında anlaşma memorandumu da imzalanmışdır.
Qeyd etmək lazımdır ki, Müdafiə Sənayesi Nazirliyi ilə respublikanın digər aidiyyəti qrumlarının rəhbərləri arasında mütəmadi olaraq keçirilən görüşlər zamanı müdafiə sənayesi üzrə İstehsal proqramının formalaşdırılması, birgə əməkdaşlıq prosesində qarşıya çıxan problemlərin operativ həlli, habelə müxtəlif istiqamətlər üzrə işgüzar müzakirələrin aparılması müsbət nəticələr vermişdir.
MSN-in müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin etmək məqsədilə 2012-2013-cü tədris ilindən başlayaraq nazirliyin sifarişi əsasında Azərbaycan Texniki Universitetində “Xüsusi texnika və texnologiyalar” fakültəsi yaradılmışdır. Hazırda fakültədə 370 tələbə təhsil alır. Tələbələrə praktiki məşğələlərin keçirilməsi üçün nazirliyin müəssisələrində hər cür şərait yaradılmışdır. Artıq bu il fakültənin ilk buraxılışı olmuşdur. Təhsilini başa vuran 73 məzuna Müdafiə Sənayesi Nazirliyi tərəfindən ixtisasları üzrə iş təklif olunmuşdur. Məzunlardan 21-i müvafiq qaydada, müsahibə yolu ilə seçilərək nazirliyin tabeli müəssisələrində işə qəbul edilmişdir.
Müdafiə Sənayesi Nazirliyi daim dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə olunur. Müdafiə sənayesi sahəsinin gələcək inkişafına təkan verən layihələrin qəbulu, işçilərin maddi rifahının yaxşılaşdırılması, habelə peşə bayramı ərəfəsində ölkə rəhbəri tərəfindən bir qrup əməkdaşa fəxri adların, yüksək dövlət təltiflərinin verilməsi hər bir müdafiə sənayesi işçisində dərin minnətdarlıq və sonsuz ehtiram hissləri doğurmaqla yanaşı, üzərinə əlavə məsuliyyət də qoyur.
Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı müvafiq sərəncamla təsis olunan 17 dekabr - Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü ərəfəsində hər il nazirliyin bir qrup əməkdaşı “Əməkdar mühəndis”, “Əməkdar dövlət qulluqçusu” fəxri adları, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilirlər. Bu il də Prezidentin müvafiq sərəncamları ilə nazirliyin bir qrup əməkdaşı təltif olunanlar sırasındadır. Bütün bu qayğı və diqqətə görə ölkə rəhbəri İlham Əliyevə Müdafiə Sənayesi Nazirliyinin kollektivi adından dərin minnətdarlığımızı bildiririk.
Yavər CAMALOV,
müdafiə sənayesi naziri
Azərbaycan.-
2016.- 17 dekabr.- S.1, 6.