Bakı Slavyan Universiteti 70 illik tarixində böyük uğurlar qazanıb
Dekabrın 16-da respublikamızda
elm və təhsilin inkişafında, müstəqil
Azərbaycanın humanitar
ixtisaslar üzrə yüksəkkeyfiyyətli mütəxəssis
hazırlığında, beynəlxalq
əlaqələrimizin qurulmasında
və milli-mənəvi
dəyərlərimizin dünyada
təbliğində xüsusi
yeri olan Bakı Slavyan Universitetinin (BSU) 70 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər
verir ki, əvvəlcə tədbir
iştirakçıları Fəxri xiyabana gələrək müasir
müstəqil Azərbaycan
dövlətinin memarı
və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı
önünə əklil
qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı
üzərinə güllər
düzülüb.
Yubiley tədbiri universitetin akt zalında davam etdirilib.
Tədbirdə Türkiyə, Rusiya, Ukrayna, Bolqarıstan,
Belarus, Çexiya və
digər ölkələrdən
gəlmiş qonaqlar iştirak ediblər.
BSU-nun rektoru,
professor Nurlana Əliyeva
on illər boyu respublikamız üçün
unikal ixtisaslar üzrə mütəxəssis
hazırlığı aparan
universitetin keçdiyi
tarixi yoldan, bu ali məktəbin gənc nəslin təlim-tərbiyəsindəki
rolundan, Azərbaycanın
milli-mənəvi dəyərlərinin
dünyaya tanıdılmasında
səmərəli fəaliyyətindən
danışıb.
Qeyd olunub ki, Bakı Slavyan
Universitetinin təməli
1946-cı ildə ikiillik
M.F.Axundov adına
Azərbaycan Dövlət
Müəllimlər İnstitutu
kimi qoyulub,
1952-1953-cü tədris ilində
isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili
və Ədəbiyyatı
İnstitutu adlandırılıb.
1959-cu ildə bu ali məktəb Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ilə birləşdirilərək
Azərbaycan Pedaqoji Dillər İnstitutuna çevrilib. Lakin rus dili və
ədəbiyyatı müəllimlərinə
ehtiyacın artması
səbəbindən 14 ildən
sonra, yəni 1972-ci ildə ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə
bu ali
təhsil müəssisəsi
yenidən M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus Dili və
Ədəbiyyatı İnstitutu
kimi fəaliyyətini
bərpa edib.
Ümummilli lider Heydər Əliyevin 2000-ci
il 13 iyun
tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus Dili və
Ədəbiyyatı İnstitutunun
bazasında Bakı Slavyan Universiteti yaradılıb.
Universitetin qarşısına
Rusiya, bütövlükdə
MDB məkanı, Şərqi,
Mərkəzi və Cənubi Avropa, böyük slavyan-yunan dünyası ilə təhsil, ədəbi-mədəni,
siyasi-diplomatik və sosial-iqtisadi əlaqələri
inkişaf etdirmək vəzifəsi qoyulub.
Hazırda Bakı
Slavyan Universiteti respublikamızın böyük
elmi-pedaqoji potensiala malik ali
təhsil ocaqlarındandır.
Universitetin pedaqoji heyətinə
50-dən çox elmlər
doktoru, professor, 200 elmlər
namizədi, dosent və 200-dən çox baş müəllim və müəllim daxildir. Ondan çox ölkənin
dövlət və hökumət başçıları,
siyasi və dini xadimlər BSU-nun fəxri doktorlarıdır.
Universitetdə bakalavriat səviyyəsində
11, magistratura səviyyəsində
35 ixtisas üzrə mütəxəssis hazırlığı
həyata keçirilir.
BSU-da beş fakültə - filologiya və xarici dil müəllimliyi,
pedaqoji, Azərbaycan filologiyası və jurnalistika, beynəlxalq münasibətlər və
regionşünaslıq, tərcümə
fakültələri, əlavə
təhsil, magistratura, doktorantura və qiyabi təhsil şöbələri, Məktəb-Lisey
Kompleksi, 25 kafedra, bir idman klubu,
beş elmi-tədqiqat
laboratoriyası, 12 tədris-mədəniyyət
mərkəzi, Dissertasiya
Şurası və digər strukturlar fəaliyyət göstərir.
Universitet tərəfindən
BSU-nun elmi əsərləri
(Dil və ədəbiyyat, İctimai
elmlər seriyaları),
Azərbaycanda rus dili və ədəbiyyatı
jurnalı, Humanitar elmlərin öyrənilməsinin
aktual problemləri və Tağıyev oxuları elmi məcmuələri, Tələbə
dünyası qəzeti
nəşr edilir.
Hazırda universitetdə xarici ölkələrdən hazırlıq
qruplarında, bakalavriat,
magistratura və doktorantura səviyyələrində
200-dək əcnəbi vətəndaş
təhsil alır.
Son dövrdə universitetin fəaliyyəti, burada qısa müddətdə görülən işlər barədə ABŞ, Polşa, Bolqarıstan və Rusiyanın ən nüfuzlu mətbuat orqanlarında məqalələr dərc edilib.
Sonra Bakı Slavyan Universitetinin fəaliyyətini
əks etdirən film nümayiş olunub.
Tədbirdə təhsil
naziri Mikayıl Cabbarov BSU-nun Azərbaycanda
yüksək ixtisaslı
kadr hazırlığında
rolunu, ölkəmizin
Rusiya, bütövlükdə
MDB məkanı, Şərqi,
Mərkəzi və Cənubi Avropa, böyük slavyan-yunan dünyası ilə təhsil, ədəbi-mədəni,
siyasi-diplomatik və sosial-iqtisadi əlaqələrinin
inkişafında əhəmiyyətli
fəaliyyətini diqqətə
çatdırıb.
Nazir ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən
qətiyyətlə həyata
keçirildiyini vurğulayıb. Dövlət başçısının apardığı
məqsədyönlü siyasətin
uğurlu nəticələrindən
danışan nazir Azərbaycanın sürətlə
inkişaf etdiyini, dünya ölkələri
arasında özünə
layiqli yer tutduğunu bildirib.
M.Cabbarov cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu qeyd edərək, ölkəmizdə bu sahə üzrə səmərəli islahatların aparıldığını, proqram və layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. Nazir vurğulayıb ki, gənclər vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə olunmalıdırlar.
BSU-nun inkişaf mərhələlərindən söz açan M.Cabbarov ümummilli lider Heydər Əliyev tərəfindən bu ali məktəbin fəaliyyətinə yüksək qiymət verildiyini xatırladıb. BSU-nun elm və təhsilimizə verdiyi töhfələrdən bəhs edən nazir yüksəkixtisaslı, bacarıqlı mütəxəssislərin hazırlanmasında bu ali məktəbin xüsusi rolunu diqqətə çatdırıb.
Nazir əlamətdar gün münasibətilə universitetin kollektivini təbrik edib, daha böyük uğurlar arzulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 14 dekabr tarixli sərəncamları ilə Bakı Slavyan Universitetinin bir qrup əməkdaşının təhsilin inkişafındakı xidmətlərinə görə mükafatlandırıldığını diqqətə çatdıran M.Cabbarov dövlət başçısına minnətdarlığını bildirib.
Mükafatlar sahiblərinə təqdim edilib.
Bolqarıstan Respublikasının vitse-prezidenti Marqarita Popova, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Milli Məclis Sədrinin müavini Bahar Muradova, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Çexiyanın Brno Texniki Universitetinin professoru İvan Meznik, Minsk Dövlət Linqvistik Universitetinin elmi işlər üzrə prorektoru Anatoli Qorlatov, Moskva Dövlət Linqvistik Universitetinin Morisa Tereza adına Xarici Dillər İnstitutunun direktoru Qalina Voronina və başqaları elm və təhsilin inkişafında Bakı Slavyan Universitetinin xidmətləri ilə bağlı fikirlərini bölüşüb, müəllim və tələbələrə uğurlar arzulayıblar.
Müxtəlif ölkələrdən BSU-nun ünvanına göndərilən təbrik məktubları oxunub.
Sonra BSU-nun rektoruna Rusiya Xarici İşlər
Nazirliyi yanında Rossotrudniçestvo
agentliyinin fəxri fərmanı təqdim
olunub.
Azərbaycan.-
2016.- 17 dekabr.- S.5.