Bakıda yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yaradılan işçi qrupunun ilk iclası keçirilib

 

Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 11 noyabr tarixli Sərəncamına əsasən yaradılan işçi qrupunun dekabrın 16-da ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasa sədrlik edən Baş nazirin müavini, işçi qrupunun üzvü Abid Şərifov bu sahədə mövcud problemlərin öyrənilməsi və aradan qaldırılması məqsədilə müvafiq qurumlardan rəylər alınaraq “Master Plan” hazırlandığını bildirib.

Son illər əhalinin sayının artması və dinamik inkişaf nəticəsində Abşeron yarımadasının mövcud su təchizatı və kanalizasiya sisteminin hazırkı tələbatı ödəmək gücündə olmadığını bildirən Baş nazirin müavini bunun bir sıra problemlər yaratdığını vurğulayıb. Qeyd edib ki, paytaxtın bəzi qəsəbələrində kanalizasiya sisteminin olmaması içməli su mənbələrinin çirklənməsinə gətirib çıxarır ki, bu da yoluxucu xəstəliklərin yayılması riskini artırır. Sonuncu güclü yağışlar paytaxtın Binəqədi rayonunda, Bayıl, Kürdəxanı qəsəbələrində, habelə Abşeron rayonunda bir sıra ciddi problemlər yaradıb. Bu problemlərin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi olduqca mühüm əhəmiyyət daşıyır.

A.Şərifov Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində son illərdə respublikamızın əksər bölgələrində içməli su-kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin reallaşdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, bu, eyni zamanda, dövlətimizin başçısının əhalinin sağlamlığına verdiyi önəmin göstəricisidir.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması üçün beynəlxalq təcrübəyə malik şirkətlərin iştirakı ilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla “Master Plan” hazırlanıb. Sənədin hazırlanması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Böyük Bakının Regional İnkişaf Planı”, Dövlət Statistika Komitəsinin və digər qurumların məlumatları nəzərə alınıb. Ümumilikdə 18 bölmədən ibarət olanMaster Plan” hazırlanarkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin perspektivləri, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb.

Sonra “2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçünMaster Plan”ın təqdimatı olub.

Qeyd edilib ki, “Master Plana uyğun olaraq, su təchizatı və kanalizasiya sistemi müxtəlif tullantılardan təmizlənib. Bu istiqamətdə görülən işlər nəticəsində indiyədək əsas daşıyıcı kollektorların 106 kilometrlik hissəsində təmizləmə işləri aparılıb. Buradan təxminən 12 min kubmetr həcmində bərk məişət tullantıları çıxarılıb. Bu da kollektorların su daşıma qabiliyyətinin tam bərpa olunmasını təmin edib.

Diqqətə çatdırılıb ki, Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin, su kəməri şəbəkəsinin 70 faizi istismar müddətini çoxdan başa vurduğundan böyük həcmdə su itkiləri yaranır. Nəticədə istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatında problemlər meydana çıxır, binaların zirzəmiləri su ilə dolur.

Bildirilib ki, “Master Planda Abşeron rayonunun su təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə 8100 kilometr uzunluğunda yeni su şəbəkəsi xətlərinin çəkilməsi nəzərdə tutulur. Artıq bu xətlərin 1950 kilometri çəkilib. Kanalizasiya sistemində Abşeron yarımadası üzrə tullantı sularının axıdılması üçün öz axarı ilə təbii toplanan 107 hövzə müəyyən olunub. Tullantı sularının həmin hövzələr vasitəsilə 11 əsas hövzədə toplanması layihələndirilib. Yağış sularının idarə edilməsi üçün Abşeron yarımadasındakı mövcud 150 göldən 49-dan istifadə edilməsi nəzərdə tutulub. Ümumiyyətlə, su-kanalizasiya sistemlərinin yenidən qurulması su itkisinin 2035-ci ilədək dəfələrlə azaldılmasına imkan yaradacaq.

Təqdimatdan sonra fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov və digərləri çıxış edərək rəy və təkliflərini bildiriblər.

 

Azərbaycan.- 2016.- 17 dekabr.- S.6.