Milli kitabxanaşünaslıq sahəsinin iftixarı

 

Elm xadimləri

 

Görkəmli alim, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin fəxri professoru, tarix elmləri doktoru Abuzər Xələfov Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, ali kitabxanaçılıq-informasiya təhsilinin təşkilatçısı, elm, təhsil və mədəniyyət xadimidir. O, səmərəli elmi-pedaqoji və ictimai-mədəni fəaliyyəti ilə həm Azərbaycanda, həm də xarici ölkələrdə böyük şöhrət qazanmışdır.

Düz 85 ildir ki, Abuzər Xələfovun bu nüfuzu damla-damla, yığılır, durulur və nəsillərin iftixar mənbəyinə, güvənc yerinə çevrilir. Zaman-zaman bu elmi adları və mükafatları qazanmış Abuzər müəlimi fəxarət zirvəsinə aparan yol heçasan olmayıb. Enişli-yoxuşlu, acılı-şirinli, keşməkeşli olub.

1931-ci ilin qışında ulu Göyçədə dünyaya göz açıb. 1950-ci ildə orta təhsilini başa vuraraq Bakı Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olub. Təhsilini başa çatdıran kimi BDU-nun Kitabxanaşünaslıq və biblioqrafiya kafedrasında müəllim saxlanılıb.

A.Xələfov həmin illəri həyatının mühüm dövrü adlandırır. Belə ki, məhz o dövrdə gənc mütəxəssis kimi özünün ustalığını artırmış, elm və tədris prosesinə rəhbərlik vərdişlərinə yiyələnmiş, bir sözlə, hərtərəfli təkmilləşməyə başlamışdır. A.Xələfovun xoşbəxtliyi onda idi ki, bu illərdə o, Yusif Məmmədəliyev, Şəfaət Mehdiyev, Məmməd Arif Dadaşzadə, Cəfər Xəndan, Feyzulla Qasımzadə, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Əli Sultanlı, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Əliheydər Qəhrəmanov, Mehdixan Vəkilov, Abbas Zamanov, Pənah Xəlilov, Zülfəli İbrahimov kimi görkəmli alimlərlə, pedaqoqlarla əhatə olunmuş və onların təsiri ilə formalaşıb yetkinləşmişdi.

A.Xələfovun Azərbaycan xalqı qarşısında ən dəyərli tarixi xidmətlərindən biri akademiklər Abdulla Qarayev, Şəfaət Mehdiyevbaşqa görkəmli ziyalılarla birlikdə BDU-da Kitabxanaçılıq fakültəsinin yaradılması ilə bağlıdır. Belə ki, 1962-ci ildə BDU-nun kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilirdosent Abuzər Xələfov fakültənin ilk dekanı vəzifəsinə seçilir.

Bütövlükdə 25 il Kitabxanaçılıq fakültəsinin dekanı vəzifəsində işləyən alim özünün təşəbbüskarlıq fəaliyyəti, təşkilatçılıq bacarığı və idarəçilik metodları ilə böyük nüfuz qazanmış, yüksək ixtisaslı milli kitabxanaşünaslıq-biblioqraf kadrların hazırlanması istiqamətində səmərəli aparmışdır.

1963-cü ildə isə Kitabxanaşünaslıq və biblioqrafiya kafedrasının müdiri vəzifəsinə seçilən A.Xələfov bu dövrdən sonra paralel olaraq dekanlığın və kafedranın işinə nəzarət etmiş, idarəetmə funksiyası ilə elmi tədqiqatçılıq prosesini bir-biri ilə sıx şəkildə uzlaşdırmalı olmuşdur.

Professor Azərbaycanda kitabxana işinin çoxəsrlik tarixi ilə bağlı gərgin axtarışlar aparmış və bu mövzuya dair onlarla elmi əsər yazıb nəşr etdirmişdir. Onun əsərlərində qədim dövrlərdən başlayaraq bu günümüzədək kitabxanaların keçdiyi inkişaf yolu öyrənilmiş, bu inkişafa təkan verən amillərin fəaliyyəti araşdırılmış, qarşıdakı prespektivlər müəyyənləşdirilmişdir. Alim kitabxana işinin tarixi ilə bağlı təcrübəni öyrənməklə yanaşı, onun inkişaf qanunauyğunluqlarını da müəyyənləşdirmiş, mövcud fakt və dəlilləri dövrün ictimai-siyasi hadisələri fonunda, tarixilikelmilik prinsiplərinin tələbləri baxımından qiymətləndirmiş, müasir dövrdə kitabxana işinin təşkili və kitabxanaşünaslıq elmi ilə bağlı dəyərli fikirlər söyləmiş, nəzəri konsepsiyalar irəli sürmüşdür.

A.Xələfov 1961-ci ildə Azərbaycanda kitabxana işinin tarixinə dair ilk namizədlik, 1975-ci ildə isə ilk doktorluq dissertasiyası müdafiə etmiş, bu elm sahəsində ilk dəfə professor elmi adı almışdır.

Görkəmli alimin elmi-tədqiqat işlərinin çoxu təkzibolunmaz arxiv-sənəd bazasına əsaslanması ilə seçilir. O, sovet hakimiyyətinin ən güclü dövrlərində - 1974-cü ildə nəşr etdirdiyi monoqrafiyasında cəsarətli bir addım atır: Azərbaycan Xalq Cümhuriyyətinin mürtəce rejim olması haqqında sovet təbliğat maşınının uydurduğu fikirlərin əksinə olaraq cümhuriyyət dövründə kitabxana işinin inkişafını təsdiqləyən faktları üzə çıxarır. Eləcə də XX əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin vəziyyətinə dair yanlış təsəvvür yaradan sovet statistikasına tənqidi təhlil verir, 1919-cu ildə Azərbaycan kitabxanalarının kitabla təchiz olunmasında Türkiyənin köməyi barədə kəsərli faktlar göstərir və s. Bütün bunlar isə gənc tədqiqatçıdan təkcə elmi prinsipiallıq deyil, eyni zamanda qətiyyətli vətəndaşlıq qeyrəti tələb edirdi!..

1974-cü ildə A.Xələfovun “Azərbaycanda kitabxana işinin tarixi (1933-1958)” adlı sanballı əsəri çapdan sıxır. Monoqrafiyada 1930-1950-ci illərdə respublikamızda hərtərəfli inkişaf etmiş kitabxana şəbəkələrinin formalaşması prosesinin geniş mənzərəsi yaradılmışdır. Müəllif Azərbaycanda kitabxana quruculuğunun inkişaf dinamikasını ümumiləşdirərək, həmin mərhələdə Azərbaycanın sosial-iqtisadi və mənəvi həyatının bütün cəhətlərini qarşılıqlı əlaqədə göstərmişdir.

Həmin monoqrafiya A.Xələfovun 1975-ci ildə uğurla müdafiə etdiyi doktorluq dissertasiyasının əsasını təşkil edir. Onun 15 illik tədqiqatının nəticələrini ümumiləşdirən bu doktorluq dissertasiyası həm sovetlər birliyinin kitabxana ictimaiyyətinin, həm də mədəniyyətşünaslıq sahəsi mütəxəssislərinin diqqətini yalnız maraqlı və qiymətli elmi faktların zənginliyinə deyil, eyni zamanda, elmi nəticələrin yeniliyinə, orijinallığına cəlb etmişdir.

XX əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq kitabxana işinin tarixi, nəzəriyyəsi və metodikası sahəsində alimin elmi-tədqiqat fəaliyyəti Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi şəraitində keyfiyyətcə yeni formada meydana çıxmışdır.

Professor A.Xələfovun elmi-tədqiqat fəaliyyətində humanitar elm kimi kitabxanaşünaslığın ümumnəzəri və metodoloji problemlərinin işlənilməsi, kitabxanaların sosial funksiyalarının inkişafının araşdırılması, cəmiyyətin intellektual inkişafı prosesində, insanların mədəni-mənəvi tərbiyəsində, təhsil prosesində kitabxanaların rolunun öyrənilməsi çox böyük yer tutur. Alimin yeni əsrin əvvəllərində nəşr etdirdiyi ikicildlik “Kitabxanaşünaslığa giriş” adlı dərsliyində bütün bu məsələlər yüksək elmi səviyyədə ümumiləşdirilmişdir. Bu nəşr Azərbaycanda kitabxanaçılıq təhsili tarixində meydana çıxmış ilk dərslikdir.

“Kitabxanaşünaslığa giriş” dərsliyində bu sahənin başqa elmlərlə qarşılıqlı əlaqəsinin və qarşılıqlı təsirinin sistemli xüsusiyyətlərinin aydınlaşdırılması müəllifin xüsusi xidməti kimi qiymətləndirilir. Sovet kitabxanaşünaslığında lazımi səviyyədə işlənilməmiş bu problemi A.Xələfov “Kitabxanaşünaslıq və fəlsəfə”, “Kitabxanaşünaslıq və sosiologiya”, “Kitabxanaşünaslıq və iqtisadiyyat”, “Kitabxanaşünaslıq və riyaziyyat”, “Kitabxanaşünaslıq və informatika”, “Kitabxanaşünaslıq və psixologiya” adlı yeni bölmələrdə hərtərəfli araşdırmışdır. Dərslikdə müasir cəmiyyətdə kitabxanaların sosial funksiyalarına həsr olunmuş xüsusi fəsil də diqqəti cəlb edir.

Professorun 2006-cı ildə nəşr etdirdiyi “XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin inkişaf istiqamətləri (mülahizələr, təkliflər və proqnozlar)” monoqrafiyasında isə dünyada və Azərbaycanda kitabxanaşünaslıq fikrinin inkişaf tarixi, kitabxanaşünaslığın nəzəriyyə, metodologiya və metodikasının əsasları, elmlər sistemində kitabxanaşünaslığın yeri, kitabxanaların bir sistem kimi struktur xarakteristikası, kitabxanaların tipologiyası, kitabxanaçılıq peşəsinin, bir sözlə, kitabxanaşünaslıq elminin inkişaf problemləri və müasir vəziyyəti və s. kimi aktual məsələlər əhatə olunmuşdur.

Alimin XXI əsrin əvvəllərində xalqımızın mədəniyyət tarixinə verdiyi qiymətli töhfələrindən biri də 2004-2010-cü illərdə çap etdirdiyi üçcildlik “Azərbaycanda kitabxana işinin tarixi” adlı dərslik olmuşdur.

Görkəmli elm xadiminin elmi-tədqiqat istiqamətlərindən biriümummilli lider Heydər Əliyevin Azərbaycanda kitabxana işinin inkişafındakı xidmətlərinin təhlili, onun nəzəri irsinin kitabxanalarda təbliği məsələləri təşkil etmişdir. Onun “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” (2006) adlı fundamental monoqrafiyası mühüm tarixi elmi əsər kimi mütəxəssislərin diqqətini cəlb etmiş, həm elmi nəşrlərdə, həm də kütləvi informasiya vasitələrində çox yüksək qiymətləndirilərək, müəllifinə şöhrət qazandırmışdır.

Professor A.Xələfovun 2011-ci ildə işıq üzü görmüşKitabxana və cəmiyyət” monoqrafiyası böyük aktuallıq kəsb edir. Kitabda cəmiyyət və kitabxana, cəmiyyət və mədəniyyət, kitab və mədəniyyət, dünya kitabxanalarının Şumerdən zəmanəmizə qədər keçdiyi inkişaf yolu, kitabxanakommunikasiya, kitabxana və şəxsiyyət, kitabxanauşaq dünyası, informasiya cəmiyyəti və kitabxanas. bu kimi məsələlər geniş şərh olunmuşdur. Kitabda müasir dövrdə mühüm əhəmiyyətə malik olan kitabxana-informasiya xidməti prosesində internetin kitabxana işinə tətbiqi məsələsinə də xeyli yer verilmişdir.

Alim eyni zamanda, BDU-da kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq, və informatika üzrə bakalavrmagistr təhsilinin təşkilatçısı, bu istiqamətlər üzrə ixtisas fənlərinə dair tədris plan və proqramlarının əsas müəlliflərindən biridir. Kitabxanaçılıq-informasiya fakültəsinin magistraturasında dissertasiya tədqiqatları mövzularının işlənib hazırlanması prosesində də A.Xələfovun mühüm xidmətləri vardır.

Alim 60 ilə yaxındır ki, müntəzəm olaraq Azərbaycanda kitabxanaçılıq təhsilinin nəzəri və metodoloji məsələlərini hazırlayıb tətbiq etməklə də məşğuldur. Bu istiqamətdə yazıb nəşr etdirdiyi çoxsaylı elmi məqalə və monoqrafiyalarında, eləcə də elmi məclislərdəki məruzə və çıxışlarında o, Azərbaycanda ali kitabxanaçılıq təhsilinin müasir konsepsiyasının əsasını formalaşdırmışdır. Onun “Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı”, “Azərbaycanda ali kitabxanaçılıq təhsili” kitabları, çoxsaylı məqalələri, tədris-metodik materialları respublikada kitabxanaçılıq-biblioqrafiya təhsilinin, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının konseptual cəhətdən həllinə ciddi təsir göstərmişdir.

Professor A.Xələfov Azərbaycanda kitabxanaşünaslıq elmi sahəsində yüksək səviyyəli elmi-pedaqoji kadrların hazırlığında əvəzsiz rol oynamışdır. O, kitabxanaşünaslıq və mədəni quruculuq sahəsində geniş tədqiqatlar aparan, onu yeni müddəalar və elmi biliklərlə zənginləşdirən, xarici ölkələrdə tanınan və qiymətləndirilən elmi məktəb yaratmağı bacarmışdır. Demək olar ki, respublikamızda fəaliyyət göstərən bütün kitabxanaşünas-biblioqrafkitabşünas alimlər bu məktəbin - Abuzər Xələfov elmi məktəbinin yetişdirməsidir. Onun elmi rəhbərliyi ilə ölkəmizdə kitabxanaşünaslıq sahəsində 1 elmlər doktoru və 20-yə yaxın fəlsəfə doktoru dissertasiya işi yazaraq müdafiə edilmişdir. Professor eyni zamanda, Azərbaycanda və xarici ölkələrdə 30-dan çox gənc alimin hazırlanmasında elmi məsləhətçi və ya opponent kimi xüsusi fəallıq göstərmişdir. A.Xələfov uzun illər ərzində Moskva şəhərində fəaliyyət göstərən doktorluq dissertasiyalarının müdafiəsi üzrə vahid ixtisaslaşdırılmış şuranın üzvü kimi də səmərəli fəaliyyət göstərmişdir. O, həmçinin başqa ölkələrdə mədəniyyət, kitabxana işi quruculuğu, kitabxanaşünaslıq tarixi və nəzəriyyəsi problemləri üzrə müdafiə edilmiş bir çox namizədlik və doktorluq dissertasiyalarının opponenti, yaxud müdafiə şuralarının üzvü kimi milli kitabxanaşünaslıq elmimizi uğurla təmsil etməyi bacarmışdır.

Əmək və müharibə veteranı olan professor A.Xələfovun Vətən və cəmiyyət qarşısındakı, elm, mədəniyyət və təhsilin inkişafındakı xidmətləri dövlət tərəfindən və bir sıra ictimai təşkilatların xüsusi mükafatları, medalları və fəxri fərmanları ilə dəyərləndirilmişdir. Belə ki, o, 1969-cu ildə kadr hazırlığı sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2001-ci ildə isə kitabxanaşünaslıq elminin inkişafında böyük xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş ilk kitabxanaşünas alimdir.

Görkəmli elm xadimi A.Xələfov 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə elm və təhsil sahələrindəki xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

A.Xələfov 2001-ci ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. Dünyanın bir sıra dövlət başçılarının, görkəmli mütəxəssislərin, elm və mədəniyyət xadimlərinin də həmin beynəlxalq miqyaslı qurumun üzvü olması Azərbaycan aliminin dünyada tanınmasını bir daha təsdiq edən mühüm faktlardan biridir.

2016-cı ildə Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının qərarı ilə ilk dəfə olaraq professor A.Xələfova “Fəxri professor” adının verilməsi isə həm bu ali təhsil ocağı rəhbərliyinin, həm də universitetin çoxsaylı alim kollektivinin zəngin milli kitab mədəniyyətimizə, alimə ünvanlanmış ən dəyərli mükafatlarından biridir.

Azərbaycanda milli kitabxanaşünaslıq elminin banisi, ali kitabxanaçılıq təhsilinin təşkilatçılarından və müstəqil kitabxanaçılıq fakültəsinin yaradıcılarından biri, görkəmli elm, təhsil və mədəniyyət xadimi kimi respublikamızda və ölkəmizin sərhədlərindən uzaqlarda çox yaxşı tanınan professor Abuzər Alı oğlu Xələfovun mənalı ömür yolu nəsillərə örnəkdir. Onun zəngin həyatı, şəxsi və ictimai fəaliyyəti, insanlara məhəbbəti, qayğısı və səmimiyyəti, yeni nəsil üçün əsl nümunə məktəbidir.

 

Knyaz ASLAN,

Bakı Dövlət Universitetinin

Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2016.-18 dekabr.- S.10.