İqtisadi islahatların qanunvericilik əsasları təkmilləşdirilir

 

Antiböhran tədbirləri yeni makroiqtisadi şəraitə uyğunlaşdırılır

 

Milli Məclisdə qəbul olunmuş dövlət büdcəsi ölkəmizin xərcləri və onların ödənilməsi mənbələri üzrə illik maliyyə planıdır. Məqsədi dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini, iqtisadi, sosial və digər strateji proqramların maliyyələşdirilməsini təmin etməkdir. Büdcə həm də iqtisadi-sosial inkişaf proseslərini tənzimləyən maliyyə vasitəsidir. Ona görə hər bir ölkənin iqtisadi siyasətində və bütövlükdə inkişaf kursunda mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri dövlət büdcəsində qarşıya qoyulan vəzifələrdir.

 

Qlobal iqtisadi çağırışlar ölkəmizdən də yan keçmir

 

Təsadüfi deyil ki, dövlət büdcəsinin layihəsinin və bununla bağlı digər məsələlərin müzakirəsi hər bir ölkədə diqqətlə qarşılanır. Azərbaycanda da dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasında ətraflı müzakirə olundu. Görünən odur ki, dövlət büdcəsinin tərtibi zamanı milli iqtisadiyyatda, eyni zamanda, dünya maliyyə bazarlarında baş verən bütün meyillər diqqətlə təhlil edilib və nəzərə alınıb.

Məlum olduğu kimi, bu il də dünyanın əksər ölkələrinin iqtisadiyyatında inkişaf templəri azalıb, makroiqtisadi göstəricilər zəifləyib. Azərbaycan da dünya birliyinə, beynəlxalq iqtisadi sistemə geniş inteqrasiya etdiyindən qlobal miqyasda baş verən proseslərin ortaya qoyduğu reallıqları bölüşən iştirakçısına çevrilib. Ona görə bu, reallıqlar zəminində dünya iqtisadiyyatında baş verən yeni iqtisadi təlatümlər və çağırışlar sözsüz ki, ölkəmizdən də yan keçmir. Xüsusən dünya bazarında xam neftin qiymətində kəskin dəyişikliklər baş verib, “qara qızıl” üç dəfədən çox ucuzlaşıb, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası baş verib. Təbii ki, bu, Azərbaycana da təsirsiz ötüşməyib və xarici valyuta daxilolmalarının azalmasına səbəb olub.

Azərbaycanın gələn ilki dövlət büdcəsinin tərtibi zamanı bütün bunlar bir daha təhlil edilib. Söhbət qeyd etdiyimiz kimi, dünyadakı maliyyə böhranı və onun nəticələrindən, o cümlədən neftin qiymətinin aşağı düşməsindən gedir. Azərbaycan hökuməti bu reallığı nəzərə alıb və ona görə də baş verə biləcək risklərin təsirini azaltmaq üçün gələn ilin büdcəsinin tərtibinə ehtiyatla yanaşıb. Xatırladaq ki, Tarif Şurasının qərarı ilə bir sıra enerji məhsulları üzrə tariflərin diferensiallaşdırılmasından sonra 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin artırılması zərurəti yarandı və elə Milli Məclisin plenar iclasında gəlirlərin 16 milyard 255 milyon manat məbləğində proqnozlaşdırılması elan olundu.

2017-ci ilin dövlət büdcəsinin xərcləri 16 milyard 900 milyon manat təşkil edəcək. Növbəti ildə dövlət və icmal büdcələrin xərclərinin azalması fonunda xərclərin daha səmərəli istifadəsi ön plana çəkilib və optimallaşdırılmasına diqqət yetirilib. Gələn il büdcədə sosial müdafiə və ona bərabər tutulan məqsədlər üçün ayrılan, habelə məqsədli dövlət proqramlarına yönəldilən vəsait istisna olmaqla, digər xərclərdə ixtisarlar olacaq. Lakin ölkənin müdafiə qüdrətinin, milli təhlükəsizliyinin gücləndirilməsi üçün büdcədən lazımi qədər vəsait ayrılıb. Bu baxımdan büdcə siyasətinin xərclər üzrə əsas istiqamətləri nəzərdə tutulan bütün sosial öhdəliklərin yerinə yetirilməsi, xüsusən əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi, əsas dövlət proqramları və mühüm investisiya layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatının yaradılması dövlət büdcəsində əksini tapıb.

Milli Məclisdə müzakirələr zamanı deputatlar bildiriblər ki, 2017-ci ilin dövlət büdcəsi mövcud reallıqlar, neft gəlirlərinin azalması, dünyada dərinləşən maliyyə-iqtisadi böhranın təsirləri nəzərə alınmaqla tərtib olunmuş büdcədir. Peşəkarlıqla hazırlanmış bu maliyyə sənədi növbəti ildə iqtisadiyyatın inkişafına və sosial müdafiənin təmin edilməsinə imkan verəcək. Büdcənin sosialyönümlülüyü sayəsində hər bir ailə dövlət qayğısı ilə əhatə olunacaq. Büdcədə sosial xərclərin 40,3 faiz təşkil etməsi sosial rifahın yaxşılaşdırılmasının dövlətin diqqət mərkəzində olduğunu bir daha sübut edir.

 

Vergi yükü azaldılır, vergi inzibatçılığı sadələşdirilir

 

Təbii ki, 2017-ci ilin dövlət büdcəsi ölkəmizdə həyata keçirilən yeni iqtisadi islahatların uğurla reallaşmasına təkan verəcək. Bununla yanaşı, iqtisadi islahatların digər istiqamətlərdə də qanunvericilik əsaslarının təkmilləşdirilməsi diqqət mərkəzindədir.

Milli Məclisdə Vergi, Mülki Prosessual, Cinayət, İnzibati Xətalar məcəllələrində, habelə “İcra haqqında”, “Dövlət rüsumu haqqında”, “Elektron ticarət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Nəşriyyat işi haqqında”, “Lotereyalar haqqında”, “Təhsil haqqında”, “İcbari sığortalar haqqında” qanunlara edilən dəyişikliklər, eləcədə “Nağdsız hesablaşmalar haqqında” yeni qanunun qəbulu göstərir ki, antiböhran tədbirləri yeni makroiqtisadi şəraitə uyğunlaşdırılır. Belə ki, qanunvericiliyə edilən dəyişikliklər son illərdə neftin ucuzlaşmasının, qlobal sarsıntıların ölkəmizə təsirlərini azaltmağa, davamlı inkişafa xidmət edir.

Dəyişikliklər və yeni qanun nağd hesablaşmaların məhdudlaşdırılması, elektron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədinə xidmət edir. Məsələn, Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik edilib. Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsini, uçot-qeydiyyatın asanlaşdırılmasını, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsini, 8 maddə vergi yükünün azaldılmasını, azadolma və güzəştlərini əhatə edir.

Vergi Məcəlləsinə əsasən, ticarət şəbəkələri satış üzrə ümumi dövriyyədən ƏDV hesablamalı olurdular. Bu da pərakəndə satışda bahalaşmaya səbəb olurdu. Qeyd edilənləri nəzərə alaraq, kiçikorta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV-nin həmin məhsulların satış qiyməti ilə onların alış qiyməti arasındakı fərqdən, yəni, ticarət əlavəsindən hesablanması ilə bağlı müddəalar məcəlləyə daxil edilib.

Dəyişikliklərə əsasən, icbari tibbi sığorta və səhiyyə, tibb xidmətləri göstərən səhiyyə qurumlarının gəlirlərinin mənfəət vergisindən müddətsiz, buğdanın istehsalının və satışının buğda ununun istehsalının və satışının, quş ətinin isə satışının üç il müddətinə ƏDV-dən azad edilməsi ilə bağlı müddəalar məcəllədə əksini tapıb. Həmçinin banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti beş ilə qədər, yəni, 2021-ci ilin fevralınadək artırılır.

Vergi Məcəlləsinə edilən digər dəyişikliklərə əsasən, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar sadələşdirilmiş vergi ödəyicisi olacaqlar. Bu fəaliyyət növləri üzrə fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ, yəni, 30 manat ödəyəcəklər. Bundan başqa, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 30 manat ödəyəcəklər. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan çəkməçilər, pinəçilər isə sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 5 manat ödəyəcəklər.

Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, eləcə də fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalarauşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlərlə məşğul olanlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 10 manat ödəyəcəklər. Naqqaşlıq emalatxanalarının fəaliyyəti üzrə fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 20 manat ödəyəcəklər.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2016.- 20 dekabr.- S.1, 4.