“Zima” Uşaq Estrada Musiqisi Festivalı: Bu, necə oldu

 

Dekabrın 17-də ölkənin baş səhnəsində -  Heydər Əliyev Sarayında “Zima” Uşaq Estrada Musiqisi Festivalı böyük uğurla başa çatdı.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Bu, təsadüfi deyildi. Leyla Əliyeva maraqlı aksiyaları və tədbirləri ilə istedadlı gəncləri həmişə dəstəkləyir, çox vaxt irimiqyaslı maraqlı layihələrin təşəbbüskarı və təşkilatçısı rolunda çıxış edir. Xüsusi qeyd edək ki, “Zima” festivalının ideyası məhz Leyla xanımın oğullarına - 8 yaşlı Əli və Mikayıla məxsusdur.

Festivalın təşkilatçısı - “BEAT GROUP” şirkəti bakılılara əsl musiqi bayramı bəxş edib. Əsas qala-konsert, parlaq, rəngarəng şou və yüzlərlə uşaq təbəssümü şənliyin qonaqlarının və iştirakçılarının yaddaşlarından uzun müddət silinməyəcək. Festival Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.

Məlum olduğu kimi, arzu edən hər bir istedadlı uşaq bu festivalın iştirakçısı ola bilərdi. Bunun üçün sevimli mahnını ifa etmək, onu videoməlumat kimi yazmaq və təşkilat komitəsinə göndərmək yetərli idi. Münsiflər heyətinin ciddi seçimindən sonra finala cəmi 22 gənc istedad keçdi. Qala-konsertdə səhnəyə Aysel Əfəndiyeva, Aytən Hacıyeva, Aliyə Əliyeva, Atilla Məmmədov, Bahar Babazadə, Lalə Zeynallı, Məryəm Mayqari, Nəzrin Əsədova, Nərgiz Əliyeva, Nemət Tağıyev, Nigar Bayramlı, Nigar Rəhimova, Nuru Qasımov, Rüstəm Kərimov, Rüfət Məmmədov, Səbinə Abbasbəyli, Səbinə Quluzadə, Sevil Əsədullayeva, Suada Ələkbərova, Timur Nərimanov, Fərid HüseynovFidan Hüseynova çıxdılar. Məxsusi olaraq şou iştirakçılarını dəstəkləmək üçün Sankt-Peterburqdan gəlmiş “Qolos. Deti” layihəsinin finalçısı Azər Nəsibov festivalın ulduz qonağı oldu.

Layihə üzərində bir qrup istedadlı mütəxəssis işləyib. “Zima”nın rejissoru əməkdar incəsənət xadimi Ülviyyə Könüldür. Şounu Ranar MusayevSuel Heybətova aparıblar. Layihənin musiqi prodüseri Rüstəm Rzayev, vokal üzrə pedaqoq Ukraynanın əməkdar artisti Rimma Şapovalovadır. Uşaqların obrazları üzərində dizayner Zümrüd Mirzəliyeva işləyib, icraçı prodüser rolunda Yelena Rıbalko çıxış edib.

Festivalın özünəməxsus musiqili əhvalat olan hər bir nömrəsinin ifaçısı tədbirin qonaqları tərəfindən sürəkli alqışlarla qarşılanıb və yola salınıb. Çıxışlar başa çatandan sonra iştirakçılara festivalın xatirə diplomu təqdim edilib. Nəzrin Əsədovaya Paris “Disneylənd”inə yollayış verilib.

Bu şənliyi görə bilməyənlərin diqqətinə çatdırırıq ki, “Zima” festivalı yaxın vaxtlarda Azərbaycan Televiziyasında nümayiş etdiriləcək.

 

Azərbaycan.-2016.- 20 dekabr.- S.3.