Şəhid Rüstəm Əhmədovun medalı
valideynlərinə təqdim olunub
Aprel döyüşlərində
şəhid olan Azərbaycan Ordusunun hərbçisi, müddətdən
artıq xidmət keçən hərbi qulluqçu,
kiçik çavuş,
1983-cü il təvəllüdlü
Əhmədov Rüstəm Oruc oğlu ölümündən sonra
“Hərbi xidmətdə fərqlənməyə görə”
3-cü dərəcəli medalı ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, Mingəçevir
şəhərindəki Şəhidlər xiyabanında dəfn
edilən Rüstəm Əhmədovun təltif olunduğu
medal şəhərdəki Heydər Əliyev Mərkəzində
ailə üzvlərinə təqdim edilib.
Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin kollektivi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak edib, qəhrəman hərbçinin ruhuna dualar oxunaraq, ona Allahdan rəhmət diləyiblər.
Çıxış edənlər bildiriblər ki, işğal altındakı torpaqlarımız Silahlı Qüvvələrimiz tərəfindən tezliklə azad olunacaq və şəhidlərimizin ruhu o zaman rahatlıq tapacaq.
Mərasimdə şəhidin hərbçi yoldaşları Rüstəm Əhmədovun aprel döyüşlərində göstərdiyi qəhrəmanlığından söz açıblar.
Görüşdə Azərbaycan Ordusunun cəbhədəki uğurlarından danışılıb, şəhidlərin qanının yerdə qalmayacağına və işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına inam ifadə edilib.
Rüstəm Əhmədovun ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı valideynlərinə təqdim olunub.
Qeyd edək
ki, Rüstəm Əhmədov aprelin 14-də cəbhənin Tərtər-Ağdərə
istiqamətində, Azərbaycan-Ermənistan
qoşunlarının təmas xəttində düşmənin
növbəti təxribatı zamanı açılan atəş
nəticəsində şəhid olub.
Azərbaycan.-
2016.- 20 dekabr.- S.7.